Məhkəmə qərarları › İş №2(103)-4605/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4605/2022

22.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4605/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir xərci olaraq 20.000 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında rayon məhkəməsində iki işə baxılıb qətnamələr qəbul edilib, hal-hazırda hər iki iş üzrə qətnamələrdən şikayət verilib və apellyasiva məhkəməsinin icraatındadır, tərəflər arasında 2(011)-3797/2021 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixil qətnamənin predmeti cavabdehin iddiaçıya olan pul borcu olmuşdur, yəni mübahisə sırf pul öhdəliklərindən əmələ gələn mübahisədir, ikinci mübahisə isə 2(011)-5314/2021 nömrəli is üzrə baxılan və qəbul edilən xx.xx.2021-ci il tarixli qətnamənin predmeti isə sırf ünvan 1 ünvanında olan qeyri-yasayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı münasibətlərdir, hazırkı iddia iddiaçının həmin əmlakdan istifadə etdiyi müddət ərzində həmin qeyri-yaşayış sahəsinə çəkdiyi təmir xərclərinin ödənilməsi ilə bağlıdır, faktiki olaraq həmin daşınmaz əmlak cavabdeh tərəfindən iddiaçıya satılmışdır, lakin əmlak həmin vaxtı bankın girovunda olduğundan və həmin vaxt rəsmiləşmənin mümkün olmaması səbəbindən cavabdeh bu qeyri-yaşayış sahəsini iddiaçıya 2015-ilin may ayında 20.000 ABŞ dollarına mülki etibarnamə əsasında faktiki satmışdır, iddiaçı, həmin əmlakın girovdan məhkəmə qaydasında çıxarılması üçün bütün məhkəmə xərclərini öz üzərinə götürmüşdür, qeyd edilən faktlar Xətai rayon Polis İdarəsinin 37-ci X1 əsaslandırma hissəsində əks olunmuşdur, iddiaçı faktiki olaraq həmin əmiaka, istifadəyə başlayan kimi müxtəlif vaxtlarda ümumilikdə 20.000 manat təmir xərci çəkmişdir, hazırda qeyri yaşayış sahəsinin rəsmi olaraq mülkiyyətçisi olan cavabdeh həmin qeyri-yaşayış sahəsinə iddiaçını buraxmır və çəkilən təmir xərclərini ödəməkdən yayınmaqla bərabər ona məxsus olaraq avadanlıqları verməkdən imtina edir, təmir izlərini məhv etməyə çalışır, bu da hazırda içəri baxış keçirib müstəqil qiymətləndiricidən rəy almaq və işə əlavə sübutlar təqdim etmək imkanından məhrum edir, həmçinin həmin şəxs qeyd edilən əmlakı başqasına satacağını bəyan edir, obyektə demək olar ki, hər gün müxtəlif potensial müştərilər baxış keçirir, banka qarşı iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə mindiyinə görə həbsin götürülməsi yalnız texniki məsələdir, əvvəllər cavabdeh ordan anbar kimi istifadə edirdi və çox köhnə vəziyyətdə idi, iddiaçı tərəfindən isə həmin yer şirniyyat dükanı kimi istifadə edilib, həmin əmlak daxilində 5 il ərzində müxtəlif təmir işləri, avadanlıqların quraşdırılması ilə bağlı müxtəlif kommunal xətlərin çəkilməsi və səkinin təmiri ilə bağlı digər işlər görülmüşdür, lakin 2021-ci ilin ortalarından başlayaraq cavabdeh və oğlanları həmin qeyriyaşayış sahəsinin qapılarını qıraraq zorla ora daxil olmuşlar bir sıra avadanlıqlar yararsız hala düşmüşdür, həmçinin təmir edilən hissələr məhv edilmiş və obyekt dağınıq vəziyyətə gətirilmiş və yenidən səliqəsi şəkildə anbar kimi istifadə edilmişdir, sübutlardan göründüyü kimi, həqiqətən də tərəflər arasında mülki etibarnamə əsasında həmin yerin iddiaçıya 20.000 ABŞ dolları müqabilində verilməsi faktı olmuşdur, cavabdeh tərəfindən iddiaçıdan əlavə pul almaq qarşılığında ona verilmiş etibarnamələr ləğv edilmiş və pulu aldıqdan sonra həmin daşınmaz əmlakdan istifadə və sərəncam verməklə bağlı etibarnamələr verilmişdir bütün bu faktlar sübutlarda əksini ətraflı olaraq tapmışdır, indi həmin qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsi ehtimalı kifayət qədər güclüdür, hazırda da həmin obyekti kimin dağıtmağı barədə araşdırma gedir, həmin obyekt 1-2 il əvvəl təmirli vəziyyətdə idi və fəaliyyət göstərirdi, cavabdeh tərəf hazırda əsassız olaraq varlanmışdır, ora çəkilmiş xərclə bağlı ekspertiza təyin olunmalıdır ki, nə qədər xərc çəkdiyi müəyyən olunsun. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsində X2 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı cavabdehdən əvvəlcə mübahisəli obyektin sağındakı obyekti almış, lakin sonra iddiaçıya satdığı obyekti cavabdeh tamam ayrı adama satmışdır, indiki obyekt isə 2016-cı ildən iddiaçıdadır, əvvəl həmin yer şirniyyat yeri olmuşdur, onlar da həmin qaydanı pozmamış və elə şirniyyat yeri kimi oranın fəaliyyətini davam etdirmişlər, əvvəllər orada türklər işləmişdir, Eldardan həmin yeri almış və təmirə başlamışdırlar, oranı təhvil verəndə təmir sıfır vəziyyətində idi, avadanlıqlar isə işlək halda idi, lakin, cavabdeh avadanlıqlara görə başqasına borclu idi, cavabdehdən həmin avadanlıqları pul ilə almışdırlar, obyektin qapısına, lambrinə, oboyuna, alçipana xərc çəkərək oranı dəyişdirmişdirlər, bu saydıqları əvvəl də var idi, lakin çox pis gündə idi, obyektdə yalnız kafel dəyişməyib, oboyun yerinə emulsiya idi, bərbad halda idi, əlavə olaraq işıq sistemi də iddiaçı tərəfindən dəyişilib, təmirə 8000 pul qoyulub, onun 4000 soyuducu üçündür, 470 manat da qapının alınmasına xərc çəkilib, hətta bütün bu təmir işləri obyekt işlək olan halda həyata keçirilib, obyekti cavabdehin oğlu dağıdıb, ora gələndə şoka düşmüşlər, çünki oboy, alçipan, qapı, lambrin və kondisioner obyektdə yox idi, bununla bağlı 37-ci polis bölməsinə də müraciət etmişlər, iddiaçı obyektə gələrkən obyekt işlək vəziyyətdə idi, bəzi şeylər yox idi və obyektin təmiri yox vəziyyətində idi, obyekt pandemiyaya görə işləmədi, işçilərin pulun verə bilməmişlər, obyektin içərisində olan ağacın kəsilməsinə görə 800 manatı da cavabdeh iddaçıdan almşdır, iddiaçı orada arendator olduğu üçün oranı təmir elətdirmişdir, orada olarkən 6 dam işləyirdi lakin, su və qapı yox idi. Birinci instansiya məhkəməsində X3 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı tərəfin sürücüsü olmuşdur, hər bir təmir üçün malları özü alıb gətirmişdir, materiallar maşını ilə daşınmışdır, 2016-cı ildə iddiaçı tərəf oranı arendaya götürmüşdür, lambrin və alçipanlar alınıb, dəyişdirilib, ona pulu Aynurə xanım vermiş, özü isə malları almışdır, iddiaçı tərəf obyekti götürəndə oranın təmirə ehtiyacı var idi, pis gündə idi, ona görə iddiaçı oranı remont elətdirmişdir, lakin karantinə görə işləməmişdir, iş dayanmışdır, haırda obyekt pis gündədir, oranı o günə kim salıb məlumatı yoxdur, obyektdə 3-4 ədəd peç, 2 dənə soyuducu, 2 mərtəbəli, qaz peçi, perojşki bişirən, çörək bişirən və xəmir aparatı olub, qutab aparatı, qril aparatı olmayıb, lambrin olmuşdur, amma saralmışdı, ona görə təzəsi alındı, emulsiya alınıb, 4-5 qa, hərəsi 20 litrlik, onlar da 2 qat vurulmuşdur, təmirə nə qədər xərc çəkildiyi bilmir, tərəflərin arasında sonradan nə olduğundan məlumat yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh İsmayıl oğlu şahid qismində ifadə verərək bildirmişdir ki, ustadır, 2016-cı ildə mübahisəli obyektdə 2 ay işləmişdir, şifer, reyka, mil pis vəziyyətdə olduğu üçün özü dəyişmişdir, ora gələndə təmir səviyyəsi sıfır olmuşdur, 30 ədəd şifer dəyişmiş, obyektin qarşısını artırmışlar, astar, üz, oboy, qapı, alçipan, naqil, laminat, işıq, tualet, motor və s. dəyişmək üçün 2 ay işləmişdir, həmin zaman orada avdanlıqlar da olmuşdur, lakin təmir üçün onları kənara qoymuşlar, hazırda ora dağılıb, pəncərə qırıqdır, qapı yoxdur, təmirdən sadəcə boya və reklam plakatı qalmışdır, təmir üçün 4 vedrə rəng işlətmişdir, materialları özü almamışdır, yalnız alınan materiallardan istifadə etmişdir, əmlakın indiki halı əvvəlkindən də pisdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsi açarları ilə birlikdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqısı ilə bağlı şifahi razılıq əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə 20.000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Sonradan alqı-satqı baş tutmadığına görə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 19 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 21633 ABŞ dollarının və məhkəmə xərclərinə 530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla təsdiq edilir ki, qeyd edilən qətnamənin icra edilməməsi faktına görə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh tərəfindən icra edildiyinə görə həmin işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1441/2021 saylı xx.xx.2021 tarixli Qərarı ilə işin hallarından görünür ki, Cavabdeh ona məxsus olan ünvan 2 ünvanında qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və ipoteka ilə yüklülüyü təsdiq edən 14 oktyabr 2013-cü i tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nərimanov Rayon Məhkəməsi 12 noyabr 2019-cu il tarixli qətnaməsi rədd edilmişdir, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və reyestr orqanından verilmiş 14 oktyabr 2013-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(103)- 2373/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. İş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur, həmin əmlak 2016-2021-ci il tarixlərdə faktiki olaraq iddiaçının istifadəsində olmuş və onun tərəfindən təmir olunmuşdur, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin faktiki alqı-satqısı üzrə pul tələbinə dair iddiası eyni hüquqi əsaslarla tələb olunan pul məbləğinin cavabdeh tərəfindən ödənilməsi sübutlarla (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə) təsdiq olunduğundan təmin edilməmiş, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq S.Abbasova qaytarılması qət edilmişdir, hazırki iddia tələbi həmin qeyri-yaşayış sahəsinə iddiaçı tərəfindən 2016-2021-ci illərdə çəkilmiş təmir xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddiasının əsaslılığına dair kifayət qədər mötəbər sübutlar tədim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə əmlaka xərc çəkilməsi ilə cavabdehin əsassız varlanması, o cümlədən mübahisəli əmlaka çəkilmiş təmir xərci hesabına hazırda onun dəyərinin artırılmasını təsdiq edən, əmlakın dəyərinin aşağı salınmasında bilavasitə cavabdehin aidiyyətinə, əmlakın cavabdehlə təhvil-təslim olunmasına dair hallar müəyyən edilməmişdir. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçı mübahisəli sahədən 2016-cı il tarixdən 2021-ci il tarixədək istifadə etmiş və hazırda həmin əmlak təmirsiz vəziyyətdədir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar