Məhkəmə qərarları › İş №2(103)-461/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-461/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-461/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(005)-522/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına 142532.5 manat maddi zərərin, 150000 manat mənəvi zərərin əvəzinin, cəmi 292532,5 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 10.02.1987-ci ildən 03.09.1993-cü il tarixədək və 08.04.1994-cü ildən 12.01.1999-cu il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında - DİN Banditizm və terrorizmlə mübarizə Baş idarəsinin baş əməliyyat müvəkkili kimi xidmət etmiş, polis kapitanı olmuşdur. Ona qarşı irəli sürülmüş əsassız ittihamlar nəticəsində, barəsində Bakı şəhər Prokurorunun 12 yanvar 1999-cu il tarixli qərarı ilə həbsdə saxlamaq qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİll-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) 3 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2000-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi qərara alınmış, Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2001-ci il tarixli qərardadı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmağı qərara alınmışdır. 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixə kimi qanunsuz və əsassız olaraq cəza çəkmişdir. 12 yanvar 1999-cu ildən Daxili İşlər orqanlarından xaric edilmiş və məhkum edilməsi səbəbindən sonradan həmin orqanlarda xidmətə bərpa edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 iyul 2007-ci il tarixli 8c-2/07 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİİİ-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü onun haqqında bütövlükdə ləğv edilmiş, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hazırlıq İclasının 28 avqust 2007-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: Təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət isinin baxılmasına xitam verilsin və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın hissəvi ləğv edilməsi haqqında” 29 dekabr 2007-ci il tarixli qərarı ilə qərarında Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və digər maddələri rəhbər tutularaq, qərara alınmışdır ki: Cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə 23 fevral 2001-ci il tarixli qərarın İddiaçı aid hissəsi ləğv olunsun. Cinayət işinin İddiaçı aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilsin.” Bundan əlavə, cəzasını çəkdikdən sonra da, onun barəsində bəraət qərarı çıxan tarixə qədər, yəni, 29 dekabr 2007-ci il tarixədək daxili işlər orqanlarında xidmətə bərpa olunmaq imkanından məhrum olmuşdur. Həbs edilən tarixə vəzifə maaşı 250 manat təşkil etmişdir. 12 yanvar 1999-cu ildən 29 dekabr 2007-ci il tarixə kimi olan müddət, yəni 108 ay ərzində almalı olduğu vəzifə və rütbə maaşlarından, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş əlavə müavinətlərdən məhrum olmuşdur. 1987-ci ildən, yəni 22 yaşından daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, öz həyatını və gələcəyini yalnız dövlətə xidmət etmək kimi çətin və şərəfli xidmət sahəsi ilə bağlamışdır. Xidmət etdiyi dövrdə yüksək peşəkarlıq, intizam nümayiş etdirmiş, 1990-cı ildə ezam edildiyi aktiv hərbi əməliyyatlar gedən Gədəbəy rayonunun Ermənistanla sərhəd olun Şınıx, Arabaçı, Mor-Mor, Gövəkli və digər kəndlərində yerli əhalinin erməni işğalçılarının hücumlarından müdafiə olunmasında və mürəkkəb əməliyyat şəraiti olan bölgədə asayişin təmin olunmasında fəal iştirak etmiş və ona rəhbərlik tərəfindən dəfələrlə şifahi təşəkkürlər elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(005)- 522/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 5000 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı qətnamənin iddianın təmin edilməyən hissələrində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, iddianın təmin edilməyən hissəsində qətnamə qanunsuz və əsassızdır. Cavabdeh tərəfin isə şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək, şikayət belə əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə mənəvi zərərlə bağlı hər hansı təsdiqedici sənədə istinad etməmişdir, iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. Məhkəmə baxışı zamanı mənəvi ziyanın müəyyən edilməsi üçün hər hansı faktlar göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - maddi zərər tələbinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilməli, mənəvi zərərə aid hissədə isə dəyişdirilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 29.12.2007-ci il tarixli məktubun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, “bildirilir ki, 105668 nömrəli cinayət işinin barənizdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilə qədər qüvvədə olmuş CM-nin 168-ci maddəsinin 2 hissəsi ilə olan hissəsi üzrə icraata 28 dekabr 2007-ci il tarixli qərarla xitam verilmişdir. Cinayət işinin materialları ilə 29.12.2007-ci il tarixdən vaxt məhdudiyyəti qoyulmadan ünvan ünvanda yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tanış ola bilərsiniz. Həmin iş üzrə qərarın surəti Sizə verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət verə bilərsiniz.” Azərbaycan Respublikası Baş Prokurorluğunun «cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında» 29 dekabr 2007-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işinin ona aid hissəsi üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən İddiaçı ünvanlanmış 29.12.2007-ci il tarixli məktubun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, “bildirilir ki, 68643 nömrəli cinayət işinin barənizdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilə qədər qüvvədə olmuş CM-nin 167-ci maddəsinin 1 və 2 hissələri. 168-ci maddəsinin 2 hissəsi. 172-ci maddəsi ilə olan hissəsi üzrə icraata 29 dekabr 2007-ci il tarixli qərarla xitam verilmişdir. Cinayət işinin materialları ilə 30 12.2007-ci il tarixdən vaxt məhdudiyyəti qoyulmadan ünvan ünvanda yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tanış ola bilərsiniz. Həmin iş üzrə qərarın surəti Sizə verildiyi vaxtdan 10 (on) gün müddətində prokurora və ya məhkəməyə şikayət verə bilərsiniz.” İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavinin «cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə qərarın hissəvi ləğv edilməsi haqqında» 29 dekabr 2007-ci il tarixli qərarın surətindən görünür ki, cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə 23 fevral 2001-cı il tarixli qərar İddiaçı aid hissəsi ləğv olunmuş, cinayət işinin ona aid hissəsi üzrə icraata əməlində cinayət tərkibinin olmaması əsasına görə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 iyul 2007-ci il tarixli 8c- 2/07 saylı qərarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/V111-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü İddiaçı haqqında bütövlükdə, X2 və X1 haqqında qismən, yəni CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə məhkum olunmalarına dair hissədə (1996-cı ildə Ş.Muradzadə və qeyrilərinə qarşı fiziki zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) ləğv edilməsi, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 avqust 2007-ci il tarixli A-1001/07 saylı Hazırlıq iclasının qərarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri, 168-ci maddəsinin 2-ci hissəsi və 172-ci maddələri ilə, İ.Q.Rzayev və G.F.Orucovun barələrində CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 11.12.2020-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilinin vəzifə maaşı 1999-2001-ci illərdə 110 000 (bir yüz on min) köhnə AZN manatı, polis kapitanının rütbə maaşı 1999-cu ildən 2000-ci ilin 01 iyul tarixinə qədər 32000 köhnə AZN manatı, 2000-ci ilin 01 iyul tarixindən 2001-ci ilin sonuna qədər 70000 köhnə AZN manatı olmuşdur. Hazırda iddiaçı cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi 5000 manat məbləğində mənəvi zərər tutmuş, maddi zərər hissəsində isə iddianı təmin etməmişdir. Maddi zərərə aid hissədə məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ona dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı mötəbər sübut növü təqdim etməmişdir, digər tərəfdən göstərmişdir ki, iddiaçının iddia ərizəsinin əsaslandırıcı hissəsində əmək haqqının indeksləşdirilməsi ilə bağlı göstərilənlərə münasibətdə qiymət verilməsi mümkün deyil və tələbdə hesablanmış pul vəsaitinin iddiaçının xeyrinə tutulması göstərildiyindən, məhkəmənin isə əmək haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə digər sübutlar təqdim edilmədiyindən, iddia əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya hesab edir ki, maddi zərərə aid hissədə iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Məcəllənin 58.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Məcəllənin 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nətcəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır. Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 12 yanvar 1999-cu ildən 17 mart 2001-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi (1960-cı il redaksiyasında) ilə təqsirli bilinərək 2 il 2 ay 5 gün azadlıqdan əsassız olaraq məhrum edilmişdir. O, azadlıqdan məhrum edildiyi 12.01.1999-cu il tarixə qədər Daxili İşlər orqanlarında – DİN Banditizm və terrorizmlə Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, polis kapitanı olmuşdur. İddiaçının bu hissədə tələbi qismən əsaslıdır. Belə ki, o, tələbində bəraət qərarı çıxarılan 29.12.2007-ci il tarixə qədər hesablanmış maddi zərəri tələb etsə də, Kollegiya qeyd edir ki, iddiaçının azadlıqdan məhrum edildiyi 12 yanvar 1999-cu ildən 17 mart 2001ci il tarixədək olan müddət ərzində (2 il 2 ay 5 gün) almalı olduğu əmək haqqı hesablanaraq ona ödənilməlidir, çünki həmin vaxtdan sonra iddiaçı işləmək imkanında olmuşdur. Kollegiya tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğuya cavab olaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həmin İdarədə polis kapitanı rütbəsində, baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparan əməkdaşın hazırki əmək haqqı barədə Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş sənəddə göstərilmişdir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışan əməkdaşın hazırki əmək haqqı məbləği 915,00 manat təşkil edir. Əməkdaşın vəzifə maaşı 595,00 manat, xüsusi rütbə maaşı 146,00 manat, fasiləsiz xidmət illərinə görə əlavə 20% - 148,20 manat, məharət dərəcəsi görə əlavə 15% - 75,74 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiya isə 64,00 manatdır. Belə olan halda iddiaçıya əsassız azadlıqdan məhrum edildiyi 2 il 2 ay 5 gün üçün 23.942,5 manat (23790 (26 ay üçün 26x915) + 152,5 (5 gün üçün)) məbləğində maddi zərər ödənilməlidir. Birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş mənəvi ziyana görə onun xeyrinə 5000 manat tutulmasını qanuni hesab edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən bu zaman mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir. İddiaçı 26 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymır və hesab edir ki, həmin məbləğ hər ay üçun 1000 manat olmaqla 26 ay üçün 26000 manat məbləğində müəyyən olunmalıdır. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilməmiş maddi zərərə aid hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 23.942,5 manat İddiaçı xeyrinə tutulsun. Həmin qətnamə mənəvi zərərə aid hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 26000 manat məbləğində müəyyən edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar