Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4611/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətçinin qanuni hüquqlarının pozulmasının aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzil sahəsinə müdaxilənin Cavabdeh MMC-yə qadağan edilməsi, 30000 manat maddi, 100000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 1 ünvanında tikinti və söküntü işlərinin aparılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Aytən Novruzova). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın verilməsinə dair mübahisəyə səbəb İddiaçı məxsus, xüsusi mülkiyyətdə olan ünvan 3 ünvanda mövcud 9 saylı mənzilin və həmin mənzilin yerləşdiyi 2 saylı yaşayış binasının, əmlakının əvəzi verilmədən, iradəsinə zidd Cavabdeh MMC tərəfindən sökülməsinə başlanması olmuşdur. İddianın təmin edilməsinə dair ərizə ilə müraciət edilməsinə məqsəd, cavabdehin iddiaçının iradəsinə zidd əmlakının sökülməsinə yönələn hərəkətin qarşısının müvəqqəti, mübahisə ilə bağlı qətnamənin qanuni qüvvəyə minənə kimi alınması olmuşdur. Mənzili, eleəcə də mənzilin yerləşdiyi bina söküləndən sonra, məhkəmənin iş üzrə qəbul edəcəyi qətnamə heç nəyə yaramaz olur. Ona görə ki, iddianın predmeti iddiaçıya məxsus əmlakına (mənzilinə) cavabdehin müdaxiləsinin qadağan edilməsidir. Bundan başqa mənzilin sözügedən binanın 1-ci və 2-ci mərtəbəsində yerləşir. Binanın ayrılmaz tərkib hissəsidir. Binanın hər hansı hissəsinin, mərtəbəsinin sökülməsi, mənzilə fiziki xələl gətirən hərəkət olduğu bəllidir. Bunun özü artıq iddianın təmin tədbirinin həyata keçirilməsi üçün kifayət qədər yetərli zərurilik meyarıdır. Lakin məhkəmə iddianın təmini barədə ərizəyə baxarkən, mübahisənin yaranmasını şərtləndirən hallara, mənzilə müdaxilə ilə bağlı iddianın predmetinə diqqət verməmişdir. Əslində göründüyü kimi ərizədə xahiş edilən söküntünün dayandırılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin edən tədbirin olduğu aşkar haldır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 30.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Məmmədli və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni rədd edərkən qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan mənzil barəsində iddianın təmini tədbiri görülməsini deyil, ünvan 4 ünvanı üzrə söküntü və tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunmasını tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən səbəbdən təmin tədbiri barədə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının iddia təmin tədbiri ilə bağlı ərizə verməsində məqsədi ona məxsus mübahisəli mənzilin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək yerləşdiyi binanın sökülməsinin qarşısını almaq yolu ilə həmin mənzilin fiziki cəhətdən mövcudluğunu qorumaqdan ibarətdir. Çünki, mübahisəli mənzilin sökülməsi hazırda həmin mənzil barəsində olan mülki mübahisənin düzgün həllinə bilavasitə təsir edir. Kollegiya birinci instansiya məhkəməsinin iddia təmin tədbiri barədə ərizənin mübahisəli mənzil barəsində deyil, binada söküntü işlərinin aparılmasının qadağan olunmasına yönəlməsindən ibarət mövqeyinə münasibətdə qeyd edir ki, qeyd edilən binanın söküntüsü iddiaçıya məxsus mənzilin də sökülməsi ilə nəticələnəcəyindən iddiaçının həmin mənzilə dair mövcud və gözlənilən hüquqlarına təsir edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi kollegiya iclasında verdiyi izahatında həmin binanın hazırda sökülmədiyini bildirmişdir. Qeyd edilən xüsusatlara əsasən kollegiya hesab edir ki, mübahisənin obyektiv və ədalətli həlli, tərəflərin əmlak hüquqarının təmin edilməsi və gələcəkdə qəbul ediləcək məhkəmə qərarının səmərəliliyinin təmin edilməsi kimi hallar nəzərə alınaraq, birinci instansiya məhkəməsi tərəflərin iştirakını təmin etməklə iddiaçının ərizəsində və şikayətində qeyd etdiyi dəlilləri araşdırmaqla qərar qəbul etməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4611/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4611/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver