Məhkəmə qərarları › İş №2(103)-4614/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4614/2022

24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4614/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh MMC-yə qarşı QƏTNAMƏSİ (Açar sözlər: ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı X3 Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs: Xəlil-zadə Rövşən Sabir oğlu) maddi və mənəvi zərərin ödənilməsi tələbinə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-113/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları : İddiaçı xərçəng xəstəsi olan anasının 2018-ci may ayında ayaq, bel və kürək nahiyələrində yaranan ağrılarla bağlı “Baku Clinic” tibb müəssisəsinə müraciət etmiş, həkim Rövşən Xəlilzadəyə yönləndirilmişdir. Daha sonra anasını osteoporoz diaqnozu qoyulduğu üçün əməliyyat etmişlər. İddiaçı anasını vəziyyətinin pisləşməsi səbəbilə dəfələrlə “Baku Clinic” tibb müəssisəsinə müayinə üçün apardığını, həkimin düzgün olmayan diaqnozu qoyduğunu və həmin əməliyyatın fəsadı kimi anasının vəfat etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X7 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-yə aid “Baku Clinic” tibb müəssisənin həkimi Rövşən Xəlilzadənin təqsiri üzündən sağlamlığını itirən anası Xatirə Qasımovanın ölümü nəticəsində vurulmuş maddi zərərin əvəzinin 12.460 manat və mənəvi zərərin əvəzinin 100.000 manat olaraq cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 xx.xx.2008 tarixdə Milli Onkologiya Mərkəzində "Soltərəfli RM" cərrahi əməliyyatı olunmuş və 6 kurs kimyaterapiya müalicəsi almışdır. 2015-ci ildə sağ ağ ciyərdə solitar metastaz aşkar olunmuşdur və xx.xx.2015 tarixdə "sağ ağ ciyərin yuxarı payının pazvari rezeksiyası" əməliyyatı aparıldıqdan sonra, xx.xx.2015 tarixdən xx.xx.2016-cı il tarixədək 6 kurs TC sxemi ilə PKT aparılmışdır. 2018-ci ilin may ayında anası kürək və bel nahiyələrində və ayaqlarında ağrılar olduğunu demiş və bir gün yenidən anasının şiddətli ağrıları başlamışdır. Atası ilə birlikdə anasını Gənclik metrostansiyası yaxınlığında yerləşən Bakı klinikasına, neyrocərrah Rövşən Xəlilzadənin müayinəsinə aparmış, R.Xəlilzadənin göstərişi ilə anası qan analizi və MRT müayinəsinə göndərilmişdir. R.Xəlilzadə anasının ağrılarının səbəbinin bel fəqərəsində olan osteoporoz ilə bağlı olduğunu və aparacağı əməliyyat (metal fiksatorlar) vasitəsi ilə normal həyata qayıdacağını söyləmiş, hansı ki, MRT müayinəsində anasının L5 fəqərəsində ağ ciyərdən sıçrayan metastatik şiş olduğu aşkarlandığı haqqında onlara heç bir məlumat verməmiş və həmin gün evə qayıtdıqdan sonra, həkim ona zəng edərək, əməliyyata nə vaxt gələcəklərini soruşmuşdur. xx.xx.2018ci il tarixdə R.Xəlilzadənin göstərişi ilə Bakı klinikasınin kassasına 3.600 manat ödədikdən sonra, anası əməliyyata alınmış və əməliyyatdan 2 gün sonra xx.xx.2018 tarixində evə yazılmış, daha sonra yenidən ağrıları şiddətlənməyə başlamışdır. İddiaçı bu barədə Xəlilzadəyə məlumat vermiş, hər dəfəsində həkim onları MRT, Tomoqrafiya müayinəsinə göndərərək, cavablara baxarkən, heç bir problem olmadığını deyərək, Tramadol tərkibli psixotropik dərman və iynələr resepti ilə onları evə yola salmış, bundan əlavə olaraq “Zolendrovaə kislota” adlı preparatı hər ay 1 dəfə 5 ay müddətində, vurulmasını məsləhət görmüşdür. Daha sonra iddiaçı yazılan dərmandan şübhələnməyə başlamışdır. Anasının sümüklərində osteoporozun yaranmasına səbəb, aldığı kimyaterapiya kursları idi, sümükləri incəlmişdi, üstünə də özünü "neyrocərrah həkim" adlandıran Rövşən Xəlilzadənin özünün dediyinə görə, sementləyib qoyduğu dəmir metallar onun onurğasına ağırlıq edirdi və bundan başqa, xəbərsiz olduqları L5 fəqərəsində metastaz verən şiş anasının sinirlənirini sıxaraq dəhşətli ağrılara məruz qoyurdu. İddiaçı anasının ağrılarına görə hər növ ağrıkəsicidən istifadə etsə də, heç biri təsir etməmişdir. Əməliyyatdan sonrakı müddətin bir ilə yaxınlaşmasına bir ay qalmiş, aprel ayında atası Bakı klinikasına Rövşən Xəlilzadənin otağına daxil olub ağrıların səbəbini soruşmuş, X5 tələb etdiyi zaman, Rövşən Xəlilzadənin rəngi sap-sarı saralmış, halı çox pisləşmişdir. Həkimdən Epikrizi və müayinəyə aid digər sənədləri alaraq başqa bir neyrocərraha göstərmiş, o, əməliyyatdan öncə MRT müayinəsindən keçdiyi filmlərə baxıb, anasının onurğasında şiş olduğunu və əməliyyatın səhv aparıldığını demişdir. Həkimin əməliyyatdan əvvəl xəstənin xərçəng olduğunu nəzərə alaraq, şişdən nümunə götürdükdən sonra, analizə göndərməli olduğunu bildirmişdir. İddiaçı daha sonra anasını Onkologiya Mərkəzinə müayinəyə aparmış, xx.xx.2019-cu il tarixdə PET/KT raportundan görüldüyü kimi xərçəngin anasının bütün bədəninə yayıldığı qeyd edilmişdir. Rövşən Xəlilzadənin səhv diaqnozları nəticəsində xərçəng bütün bədənə yayılmış, həkimin bunların hamısını pul qazanmaq məqsədi ilə etdiyini, anasını dözülməz, əzabverici ağrılara məruz qoyduğunu qeyd etmişdir. İddiaçı əməliyyat üçün ödədiyi pulu geri istəyəndə baş həkim L.Abdullayeva onları təhqir edərək, hədələmişdir. PET K/T müayinəsindən sonra Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyev tərəfindən evlərinə anası üçün xüsusi həkim onkoloq göndərilmiş, həkim anasının onurğasında olan şişin Milli Onkologiya Mərkəzində müalicə ilə aradan qaldırmağın mümkün olduğunu bildirmişdir. Rövşən Xəlilzadə onurğaya əməliyyat bıçağı vurduğuna görə, onun özünün EPİKRİZDƏ qeyd etdiyinə görə L5 fəqərəsindəki şiş 1 il ərzində bütün sümüklərə, eləcə də, digər orqanlara yayılmışdır. Həkim onkoloq anası üçün 600 manat dəyərində müalicə kursu təyin etmiş, lakin bu müalicə metastazı dayandıra bilməmişdir. Metastaz ağrıları gün keçdikcə daha da dözülməz hədd çatmışdır. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyev tərəfindən göndərilmiş həkimin məsləhəti ilə alqoloqa müraciət etmiş, xx.xx.2019-cu il tarixində X15 həkim sinir ağrılarını dərman vasitələri ilə tədricən aradan qaldıracağını demiş və əlavə olaraq, sümük sınması və xərçəng əleyhinə olan “Zometa” preparatını sistem şəklində anasına, hər ay vaxtlı-vaxtında köçürülməsini, incələn sümüklərin, onurğaya yüklənən metal implantın və yayılan xərçəngin sümük sınmasından və iflic olma təhlükəsindən qorunması üçün mütləq olduğunu bildirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə X12-blok-X9 əməliyyatı üçün X14 kassasına müxtəlif tarixlərdə ödənişlər etmişdir, çünki anasının onurğa sütunu, ayaqları, qolları xərçəng olduğundan çox dəhşətli ağrıyırdı. Bütün bunlar ilə yanaşı 2019-cu ilin iyul ayından 2020-ci ilin iyul ayına kimi sümüklərin sınmasının qarşısının alınması üçün dəyəri 220 manat olan Zometa preparatının sistem şəklində anasına köçürülməsi ilə yanaşı, sinir ağrılarına qarşı yuxuverici təsiri olan “ALYSE” preparatı alqoloq həkim tərəfindən təyin edilmişdir. Həmin preparat sayəsində anası az da olsa, yuxuya gedə bilirdi və “Zometa” preparatı da sümüklərin sinmasının qarşısının alırdı. 2020-ci ilin mart ayından başlayaraq vəziyyəti daha da ağırlaşdı, yataq xəstəsinə çevrildi, bütün bədəni düyün-düyün idi, ayaqları şişib, qanayırdi, qarnında da böyük şiş əmələ gəlmişdir, ağrılara dözə bilmirdi, imkansızlıqdan baxıcı tuta bilmədikləri üçün işdən ayrılmaqla yanaşı, nüfuzlu şirkətdən aldığı iş təklifini rədd etmişdir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında anası 2 il 4 ay çəkdiyi dəhşətli ağrılardan sonra dünyasını dəyişmişdir. Bakı klinikasının kassasına ölüm ilə nəticələn, fəsadverici əməliyyat üçün ödədiyi məbləğ 3.600 manat təşkil edir. Bakı klinikasının təyin etdiyi dəyəri 170 AZN, 5 ay ərzində ayda 1 dəfə köçürülən “Zolendrovaə kislota” preparatı - ümümilikdə 850 manat təşkil edir. Bakı klinikasının vurduğu ziyan nəticəsində Milli Onkologiya Mərkəzinin Nüvə Təbabət şöbəsində PET müayinəsinə ödədiyi məbləğ 1500 manat təşkil edir. Milli Onkolgiya Mərkəzinin həkimi tərəfindən təyin edilmiş preparatlar 600 manat təşkil edir. X16 klinikasında aparılan alqoloji əməliyyatlar 300 manat, 500 manat, 600 manat, 800 manat, ümumilikdə - 2.200 manat təşkil edir. X15 alqoloq həkim tərəfindən təyin edilmiş “ALYSE” preparatı 2019-cu iyun ayından - 2020-ci ilin sentyabr ayına kimi, hər ay 150 mq dəyəri 42 manat, ümumilikdə - 630 manat təşkil edir. Alqoloq həkim tərəfindən təyin edilmiş 1 ədədi 220 manat 2019-cu ilin iyun ayından 2020-ci ilin sentyabr ayına kimi sistem şəklində köçürülən “Zometa” preparatı ümumilikdə 3.080 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 113/2022 nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.

4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz aparılan Məhkəmə Tibbi Ekspertizasının saxta rəyinə əsaslanaraq qətnamə qəbul etmiş, hakim tərəfindən tibbi ekspertizaya göndərilməsi üçün təqdim etdiyi tibbi sənədlərin vaxtında göndərilməsi təmin edilməmişdir. X10 və “Baku Clinic”in Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Onkoloji xəstələrin qəbulu, müayinə və müalicəsi haqqında qərarı (lisenziya), klinika və xəstə arasında ikitərəfli razılıq (müqavilə) bağlanmamasına dair sənədi olmamış, eyni zamanda məhkəmədə həkimin iştirakı təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8”nin xx.xx.2021-ci il tarixli 776/KEŞ saylı rəyinə əsasən müəyyən edilir ki, X6 xx.xx.2018-ci il tarixdə “Baku Clinic” tibb müəssisəsinə müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “L5 fəqərəsinin törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xəstə üzərində “L5 fəqərəsinin dekompressiv laminektomiyası, Nevral elementlərin dekompressiyası. L3-L4 və S, fəqərələrinin posterior transpedunkulyar fiksasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2018-ci il tarixdə sahə nevroloqun və onkoloqun nəzarətinə evə yazılmışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən, X6 onkoloji xəstəliklərdən əziyyət çəkmiş, müxtəlif vaxtlarda müayinə və müalicələrdə olmuşdur. Onkoloji xəstəliklərin orqanizmdə yayılmasını (MTS) nəzərə alaraq bu patologiyanın xx.xx.2018-ci il tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir;

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8”nin xx.xx.2021-ci il tarixli, 668 nömrəli komisyon rəyinə əsasən əməliyyatdan öncə aparılmış müayinələr nəticəsində xəstənin digər orqanlarında əməliyyata əks göstəriş ola biləcək patologiyalar aşkar edilməmişdir. Xəstənin şikayələri isə yalnız L5 fəqərəsindəki patoloji proseslə bağlı olmuşdur. X1 üzərində icra edilmiş cərrahi əməliyyatdan sonra baş vermiş fəsadlar cərrahi müdaxilənin texnika və xüsusiyyətləri ilə bağlı deyildir, bu yalnız mövcud olan xəstəliyinin inkişafından asılı olan bir prosesdir.

24. Apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillər də nəzərə alınaraq, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3823 saylı məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X2 “L5 fəqərəsinin şişi” aşkar edilmişdir. Orqanizmdə məlum bir yaş həddindən sonra onurğada rast gəlinən şişlərin böyük əksəriyyəti bədxassəli şişlər və metastatik şişlərdir. “L5 fəqərəsinin total spondiloektomiya” (yəni fəqərənin tam xaric edilməsi) əməliyyatı olduqca mürəkkəb və ağır əməliyyatdır (bunun səbəblərindən biri L5 fəqərəsinin vücudun ağırlıq mərkəzində yerləşməsidir). Sözügedən işdə Xatirə Qasımovanın üzərində əməliyyat vücudun ağırlıq mərkəzini stabilləşdirmək, möhkəmlətmək, lokal ağrını aradan qaldırmaq və şiş prosesini lokallaşdırmaq məqsədi ilə texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Xatirə Qasımovaya aparılmış əməliyyat öncəsi diaqnostik müayinələr və adekvat müalicələr onkoloji xarakterli olmamışdır. Cərrahiyyə əməliyyatından sonra xəstənin onkoloji müayinəsi və müalicəsi onkoloq tərəfindən müəyyənləşdirilir və bunlar müvafiq müəssisələrdə həyata keçirilir.

26. Kollegiya qeyd edir ki, iddianın faktiki əsası kimi iddiaçı cavabdeh müəssisə tərəfindən səhv müayinə və müalicənin aparılmasına istinad etdiyindən, yaranmış vəziyyətdə tibbi ekspertizanın rəyləri bu iddianın əsaslılığını təsdiq edə biləcək mötəbər sübutlar kimi nəzərə alınmalıdır.

27. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

29. Hazırkı iş üzrə tərtib edilmiş ilkin, komisyon və təkrar məhkəmə tibbi ekspertizanın rəyləri ilə iddiaçının anasının vəfatına səbəb olan xəstəliklə cavabdeh tibb müəssisəsində aparılmış cərrahi əməliyyat arasında səbəbli əlaqə müəyyən edilməmişdir.

30. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın təmin olunmasına əsas verən hal kimi qiymətləndirilə bilməz.

31. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-113/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar