Məhkəmə qərarları › İş №2(103)-4615/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4615/2025

15.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4615/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinin bölünməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 16.06.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı həqiqətən də F.Ağazadə küçəsi, ev 16 ünvanında 2007-ci ildən, qohumluq əlaqələri nəticəsində ona pay verilmiş fərdi yaşayış sahəsində bügünədək yaşayır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 1594/2015 saylı qətnaməsi ilə ərizəçi İddiaçı üçüncü şəxs Sadıqova (Nəcəfova) Səriyyə Cəfər qızı və maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və X2rşı daşınmaz əmlaka sahiblik və istifadə etmək faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsindəki 16 saylı fərdi yaşayış evinin 2 otaqdan ibarət köməkçi sahəsinə sahiblik və istifadə etmək faktı müəyyən olunmuşdur.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mülkiyyət hüququ 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı paylı mülkiyyətdə olan “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı evdə ona qohumları tərəfindən miras qalmış torpaqda maneəsiz yaşaması və sözügedən torpaqda bölgü işlərinin aparılması, Cavabdeh2 sözügedən torpaq sahəsində birgə bölgünün aparılmasının tapşırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xocasən qəsəbəsi 16 ünvanında torpaq sahəsinin üzərində yerləşən evdə anadangəlmə nitq qüsuru olan İddiaçı daimi qeydiyyat üzrə yaşayır. Həmin torpaq üzərində digər evdə yaşayan Cavabdeh2, iddiaçıya məxsus torpaq sahəsini satmaq istədiyinə görə iddiaçının həmin torpaqda yaşamasına mane olur və iddiaçını sözügedən torpaq sahəsindən çıxartmaq istəyir.

6. Cavabdeh2 iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, Xocasən qəsəbəsi, F.Ağazadə küçəsi, ev 16 ünvanında ev onun mülkiyyətindədir. Adı çəkilən torpaq sahəsi də ona aiddir. İddia edilən torpaq sahəsinin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı israr edir ki, həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ev iddiaçıya qohumları tərəfindən miras qalmışdır. Rəhmətlik atası 1941-ci ildən 2013-cü ilə qədər adı çəkilən ünvanda yaşamışdır. O, 1993-cü ildən bu günə kimi adı çəkilən ünvanda yaşayır. Bilmək istəyir ki, iddiaçının dediyinə görə iddiaçıya miras qalan ev və torpaq sahəsi hansı qohumu tərəfindən iddiaçıya miras qalmışdır? İddiaçının 2010-cu ildən yaşadığı ev onun həyətindəki boş tövlə olub, texniki paportda da tövlə kimi göstərilmşdir. Hazırda iddiaçı ona aid olan torpaq sahəsini zəbt etmək istəyir.

7. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-47/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsinin daxilində iki tikili var və tikililər ayrı-ayrılıqda tərəflərin istifadə və sahibliyindədir. Həmçinin, məhkəmə tərəfindən torpaq sahəsinin bölgüsünun düzgün aparılmasının təmin edilməsi məqsədilə ekspertizalar təyin edilmiş, ekspertizaların nəticələrindən də göründüyü kimi, həmin torpaq sahəsinin bölgüsü texniki cəhətdən mümkün deyildir və həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi (Binəqədi oyl) olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 223.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının 2007-ci ildən istifadəsində və sahibliyində olan evə daxil olmaq, istifadə etməyə maneələr yaradılır, yolu kəsilir. Lakin cavabdeh özbaşına olaraq iddiaçının evinə və ətraf sahəyə qanunsuz müdaxilələr edərək iddiaçının faktiki yerində mövcud olan evinə girişi – çıxışı məhdudlaşdırır ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı iddianın əsası olan hər hansı bir sübut təqdim etməmişdir. Bildirir ki, iddiaçı 2007-ci ildən hal-hazıradək həmin evdə yaşayır və o, həmin ünvana pasport qeydiyyatı əsasında istifadə hüququ mövcuddur. Məkəmə qətnamədə qeyd etmişdir ki, cavabdehin mülkiyyət sənədləri mövcuddur. Lakin Məhkəmə ekspert rəyində qeyd olunan halları, yəni istifadədə olan torpaq sahəsinin bir hissəsinin Neft fonduna aid olmasını nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Binəqədi rayonu Xocasən bələdiyyəsi isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia tələbi rədd edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin mübahisələndirilməyən aşağıdakı hallarını nəzərə alır.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli saylı ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən (iddia edilən) hissə 88,0 kv.m, cavabdeh tərəfindən isə göstərilən (iddia edilən) hissə 72,0 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsi digər sahə ilə ümumi sərhəd daxilindədir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin üzərində həyət tikilisi mövcuddur. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı və cavabdehin göstərdiyi sahələr eynilik təşkil etməklə (az sahə fərq ilə) **********26-10301 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyatdan küçmiş sahənin baş planının bir hissəsidir. İddiaçıya aid heç bir sənəd təqdim edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin, göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi oyl).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli saylı ekspert rəyinəndən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0503 ha torpaq sahəsində tikililərin mövcud olduğunu, həmin tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin proporsional (bərabər) bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

22. Kollegiya belə nəticəyə gəlir ki, mübahisələndirilən torpaq sahəsinin daxilində iki tikili var və tikililər ayrı-ayrılıqda tərəflərin istifadə və sahibliyindədir. Həmçinin, məhkəmə tərəfindən torpaq sahəsinin bölgüsünun düzgün aparılmasının təmin edilməsi məqsədilə ekspertizalar təyin etmiş, ekspertizaların nəticələrindən də göründüyü kimi həmin torpaq sahəsinin bölgüsü texniki cəhətdən mümkün deyildir. Digər tərəfdən, ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi (Binəqədi oyl) hesab edilir.

23. Məhkəmə kollegiyası işin müəyyən olunmuş məhz bu hallarına əsaslanaraq mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsinə dair iddiaçının vəsatətini təmin etmədi.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 29 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar