Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnamədən cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MTK-nın vəkili (nümayəndəsi) X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK-dan aldığı və MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllədə inşa edilmiş 63 saylı binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən 9 nömrəli mənzilə görə MTK-nın ondan artıq aldığı pulun əvəzinin ödənilməsi məqsədi ilə 5.602 manatı, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin dekabr ayında iddiaçı ilə cavabdeh MTK razılığa gəlmişlər ki, iddiaçı, iddia ərizəsində qeyd edilən mənzili MTK-dan alır. MTK-nın şərtinə görə mənzilin ölçüsü 121 kv.metr, mənzilin qiyməti isə 95.000 ABŞ dolları idi. İddiaçı bu şərtlər ilə razılaşaraq 95.000 ABŞ dollarını nağd şəkildə 15.12.2009cu il tarixdə MTK-ya ödəmiş və MTK bu barədə iddiaçıya "xxxx" vermişdir. MTK-nın həmin tarixdə keçirtdiyi “Kooperativin üzvlərinin ümumi yığıncağında” (protokol № 12) qərara alınmışdır ki, iddiaçı payçı kimi Kooperativə üzv qəbul edilməlidir. Bir müddətdən sonra mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda mənzil iddiaçının istifadəsindədir. İddiaçı, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və həmin Xidmət tərəfindən iddiaçıya 30.09.2019-cu il tarixdə “Çıxarış” verilmişdir. "xxxx" qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 113,40 kv.metrdir. Göründüyü kimi, MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ölçüsündə 7,6 kv.metr fərq var. Nəzərə alınsa ki, mənzilin hər bir kv.metrinin qiyməti 786 ABŞ dolları təşkil edir, onda müəyyən edilir ki, MTK iddiaçıdan 5.973,6 ABŞ dolları məbləğində pulu artıq almışdır. 1 ABŞ dollarının 1 Azərbaycan manatına məzənnəsinin hazırda artmasını nəzərə alınsa müəyyən edilir ki, həmin məbləğ təxminən 10.124 Azərbaycan manatı təşkil edir. Buna baxmayaraq iddiaçı həmin məbləğinin yarısını, yəni 5.062 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulmasını xahiş edir. MTK iddiaçı ilə razılığa gəlmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.02.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisə predmeti olan mənzilin 15.12.2009-cu il tarixli 12 saylı protokolda göstərilən sahəsi (121 kv.m) onun təmirsiz halda olan vəziyyətini, 30.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən sahəsi (113,40 kv.m) isə mənzilin təmirdən sonrakı vəziyyətini əks etdirir. Sözügedən sənədlərdə mənzilin sahəsi ilə bağlı fərqin səbəbi bununla əlaqədar olmuşdur. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə cavabdeh MTK arasında əldə olunmuş razılığa görə, MTK, onunla iddiaçı arasında əldə olunmuş razılığa əsasən 15.12.2009-cu il tarixdə keçirtdiyi “Kooperativin üzvlərinin ümumi yığıncağında” (protokol № 12) iddiaçını payçı kimi Kooperativə üzv qəbul edilməsini, iddiaçının sahəsi 121 kv.metr olan mənzilə münasibətdə payçısı olmasının təsdiqlənməsi qərara almışdır. İddiaçı cavabdeh MTK razılığa gəlmişlər ki, iddiaçı, mübahisəli mənzili MTK-dan alır. MTK-nın şərtinə görə mənzilin qiyməti 95.000 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı qiymətlə razılaşaraq 95.000 ABŞ dollarını nağd şəkildə 15.12.2009-cu il tarixdə MTK-ya ödəmiş və MTK bu barədə iddiaçıya həmin tarixdə 27-A saylı "xxxx" vermişdir. Bir müddətdən sonra mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda mənzil iddiaçının istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçıya verilmiş və qeydiyyata nömrəsi **********, qeydiyyata tarixi isə 30.09.2019-cu il tarix olan "xxxx" görünür ki, mənzilin ümumi sahəsi 113,40 kv.metrdir. İddiaçı bildirir ki, MTK tərəfindən ona təhvil verilmiş mənzilin ölçüsündə 7,6 kv.metr fərq var. Nəzərə alınsa ki, mənzilin hər bir kv.metrinin qiyməti 786 ABŞ dolları təşkil edir, onda müəyyən edilir ki, MTK ondan 5.973,6 ABŞ dolları məbləğində pulu artıq almışdır. Buna baxmayaraq o, daha aşağı məbləğin, yəni 5.062 manat məbləğində pulun MTK-dan onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh MTK-nın iddiaya qarşı və iddianın əsaslı hesab edilməsi barədə Rayon Məhkəməsinin mövqeyinə qarşı etirazı ondan ibarətdir ki, mənzilin 15.12.2009-cu il tarixli, 12 saylı protokolda göstərilən sahəsi (121 kv.m) onun təmirsiz halda olan vəziyyətini, 30.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən sahəsi (113,40 kv.m) isə mənzilin təmirdən sonrakı vəziyyətini əks etdirir. Sözügedən sənədlərdə mənzilin sahəsi ilə bağlı fərqin səbəbi bununla əlaqədar olmuşdur. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh MTK-ya qarşı irəli sürdüyü iddia tələbini MTK-nın onun qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi, bunun nəticəsində isə ona ziyan vurması ilə əsaslandırır və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2. və 385.1-ci maddələrinin tələblərinə istinad edir. Buna görə də Məhkəmə bildirir ki, Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə tərəflərin hansının dəlillərinin əsaslı olub-olmamasını araşdırılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2021-ci il tarixli, 10/3292 saylı rəydə görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzil hazırda təmirli vəziyyətdədir. Mənzilin təmirdən əvvəl layihə əsasında (MTK tərəfindən iddiaçıya təhvil verilən zaman) ümumi sahəsi 121,8 kv.metr olmuşdur. Mənzilin əvvəlki (layihə üzrə) 121,8 kv.metr və hazırki 118,6 kv.metr faktiki sahələrindəki yaranmış 3,2 kv.metr fərq təmir-tikinti işləri nəticəsində əmələ gəlmişdir. Beləliklə də müəyyən edilir ki, cavabdeh MTK iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçıya 121 kv.metr ölçülü mənzili təhvil verməli olduğu halda, hətta sahəsi bir qədər çox olan mənzili iddiaçıya təhvil vermişdir. Belə olan halda müəyyən edilir ki, iddia əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi əsassız olan iddianı təmin etmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Rayon Məhkəməsinin nəticəsi səhvdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Odur ki, 385-ci maddəsinin tələblərini və işin hallarını nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia ərizəsi əsassız, apellyasiya şikayəti isə əksinə əsaslı hesab edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumları, habelə iş üzrə keçirilmiş ekspertizanın xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları, habelə iş üzrə keçirilmiş ekspertizanın xərci iddiaçıya aid edilsin. Bu məqsədlə İddiaçı 15 (on beş) manat məbləğində pul Cavabdeh Mənzil Tikinti Kooperativinin, 100 (yüz) manat məbləğində pul isə dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2021
12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver