Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4620/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 Hümbət oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, hüquqi yardım üçün xərcin və dövlət rüsumunun tutulması, sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən, İddiaçı özünə məxsus ünvan 1 ünvanında 599,7 m2 torpaq sahəsində yerləşən evin “Q” hissəsini – yaşayış sahəsi 17,9 m2, qeyri-yaşayış sahəsi 11,8 m2 olan bir otaqlı yaşayış evini Cavabdeh satmışdır.
2. 29.09.2001-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43,1 m2 yaşayış sahəsi, 60,1 m2 ümumi sahəsi olan 42 saylı fərdi yaşayış evinin “Q” tikilisi (1 otaq, 17,9 m2, köməkçi sahə 11,8 m2) Cavabdeh; “A” tikilisi (1 otaq, 25,2 m2, köməkçi sahə 5,2 m2) isə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
3. İddiaçı X8 qarşı “evdən çıxarılma” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68 ünvanında ona məxsus torpaq sahəsini üç nəfər ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxslərdən biri olan Hüseynova 2,20 sot torpağı orta hissədə 1900 ABŞ dollarına satmışdır. Bu haqda xx.xx.1999-cu il tarixdə tərəflər arasında şahidlərin iştirakı ilə müqavilə bağlanmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı X4 qarşı “mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş ünvan 2 ünvanda yerləşən 380,0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kollegiyasının 23 iyun 2008-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus “A” tikilisini və torpaq sahəsini 1999-cu ildə Hüseynov Qardaşlarına satdığı vaxtdan 8 il ərzində həmin əqdin etibarsız sayılmasının tələb etmək hüququndan istifadə etməyərək iddia müddətini keçirmiş, eyni zamanda 1999-cu ildə bağlanmış əqdə əsasən mübahisəli torpaq sahəsini sahiblik edən cavabdehə həmin sahəyə hüquqları yarandığı məhkəmə araşdırması zamanı təsdiq olunmuş, həmçinin iddiaçı özü məhkəmə iclasında 6 sot mübahisəli torpaq sahəsini bütövlükdə cavabdehə satdığını etiraf etmişdir.
5. X5 X2 və X13 qarşı “özbaşına tikilinin sökülməsi tələbi” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 13 fevral 2008-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 sentyabr 2008-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı Həsən oğlu “A” tikilisini 2,20 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq H.Hüseynova, “B” tikilisini təxminən 6 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq Əliş Orucova satmışdır.
6. İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.
7. Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında Asif Orucov barəsində toplanılmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.
8. İddiaçı X13 və digərlərinə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” barədə ilkin, X1 və X6 İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, tikililərin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, mənəvi zərərin tutulması” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, ilkin və qarşılıqlı iddiaların rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır.
10. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, torpaq sahəsinin naturada ayrılması” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, ünvan 5 ünvanda yerləşən, paylı mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında inşaat norma və qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması və İddiaçı dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulub Cavabdeh ödənilməsi qət olunmuşdur.
11. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - maddi zərər tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. ünvan 6 ünvanında “Q” tikilisinə X7, “A” tikilisinin 1/2 hissəsinə X5 və “A” tikilisinin 1/2 hissəsinə Nümayəndə1 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 6 ünvanında ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 80 000 manat, mənəvi ziyana görə 15 000 manat olmaqla cəmi 95 000 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 100 manatın, dövlət rüsumu olaraq ödədiyi 376 manatın xeyrinə tutulması, sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 1108 saylı sərəncamı ilə ona fərdi yaşayış evinin inşası üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3 fərdi yaşayış evi tikilməsi məqsədilə kvadratı 49 rubldan hesablanmaqla ümumilikdə 90 000 rubl qiyməti olan, ayrı-ayrılıqda hər biri 600 kv.m 3 torpaq sahəsi ayrılmış, torpaq sahələrinin dəyərini ödəmişdir. Ayrılmış torpaq sahəsi üzərində 1 darvaza, 1 qaraj qapısı və 1 giriş qapısı 3 hissəyə ayrılaraq, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 30/867 saylı xx.xx.1998-ci il tarixli reyestr nömrəsi ilə qeydiyyata alınmış, 32 832 030 manat məbləğində dəyərləndirilmişdir. Qeyd olunan tikililər xx.xx.1998-ci il tarixli 30/225 saylı qeydlə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 1998-ci ildə həyətində təsərrüfat və tikinti işləri ilə məşğul olduğu zaman qonşusu - ünvan 8 ünvanda yaşayan polis əməkdaşı X10 tanımadığı 2 nəfər şəxslə ona yaxınlaşaraq, ona torpaq sahəsi və ya otaq satmasını tələb etmiş, əks halda peşman olacağını bildirmişdir. Həmin şəxs paspotunu məcburi şəkildə ondan alaraq, xx.xx.1998-ci il tarixli qeydlə yazılmış, imzası olmayan saxta kağız parçasını əldə rəhbər tutaraq Ələkbərova (Hümbətova) Elnarə Nazim qızı adına mülkiyyət sənədini əldə etmişlər. xx.xx.1999-cu il tarixdə tələblərinin davamı olaraq, notarius vasitəsilə ona alqı-satqı müqqaviləsinə imza atmağa məcbur etmiş, əmlakı təhvil-təslim etmədən müqaviləni götürüb getmiş və onunla bütün əlaqələri kəsmişlər. 2002-ci ilədək həyətdə mövcud olan B və Q literli tikililərə müdaxilə etmədən mülkiyyətində qalan 480x880 ölçüdə A literli tikiliyə 720x900 kv.m ölçüdə tikili əlavə etmiş (90 kv.m ölçüdə 2 otaq və 1 yardımçı sahədən ibarət, 10x11 ölçüdə 110 kv.m-lik 1 otaq, 7x6 ölçüdə 42 kv.m-lik 2 mərtəbəli, 2 otaq və 2 yardıımçı sahədən, ümumilikdə 84 kv.m sahədən ibarət tikililər), verilmiş sərəncamlara qismən uyğun tikililər tikmişdir. Ailə üzvlərindən 2 nəfər hərbçi olduğu üçün, tikililərdən vaxtında mütəmadi istifadə edə bilməmişlər. 2003-cü ilədək mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşamışdır. Mülkiyyətində olan əmlaklar Ələkbərova (Hümbətova) Elnarə Nazim qızı və yaxınları tərəfindən zəbt olunduğundan, əmlakının vaxtında qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, B literli tikili, yəni qaraj da qeyriqanuni sənədləşdirilərək satılmışdır. Hər bir vətəndaş özünün şəxsi əmlakından, həmçinin ata-baba mirasında olan əmlakdan və dövlət mülkiyyətində olan əmlakdan istifadə etmək hüququna malikdir. 2003-cü ildə ata-baba mülkündə yaranmış problemlərlə bağlı olaraq, şəxsi əmlakı müvəqqəti olaraq nəzarətsiz qalmışdır. Bundan istifadə edən Cavabdeh əmlakını bütövlükdə mənimsəyərək zəbt etmiş, saxtalaşdırlmış əlyazmalar təşkil edərək əmlakını satmışdır. Uzun müddətdən sonra, yəni 2016-cı ildə cavabdehlə əlaqə saxlayaraq görüşmüş və mülkiyyətlə bağlı ona məxsus sənədləri təqdim etməyini tələb etmişdir. Səbəb olaraq isə, giriş-çıxışı bir qapıdan ibarət olan əmlakını, ona məxsus A literli tikilini sökərək yerinə darvaza qoyulmasını bildirmişdir. Aidiyyatı sənədləri cavabdehə təqdim etməkdən imtina edərək əmlakını yoxlamağa getmiş, həqiqətən də, 90 kv.m sahədən ibarət A literli tikilinin sökülərək, yerində istifadədə olan qaz xəttindən hündür iri 1 ədəd darvaza qoyulmasının şahidi olmuşdur. Bu barədə bir sıra dövlət idarələrinə müraciətlər etmiş, nəticədə həmin ərazi üzrə sahə müvəkili mayor Zaur Orucovun rəhbərliyi və iştirakı ilə sökülmüş əmlakının bərpa edilməsi məqsədilə qeyri-qanuni qoyulmuş darvazanın asma qıfılını kəsmişdir. Həmin zaman əmlakını qanunsuz əldə edən sakinlər tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Qeyd olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş, müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar çıxarılmışdır. Beləliklə də mülkiyyəti qanunsuz sökülərək ona xeyli miqdarda ziyan vurulmuşdur.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, darvaza götürülməli və əmlakına cavadeh tərəfindən vurulmuş ziyan ödənilməlidir. Belə ki, 2016-cı ildə Elnarə Hümbətova giriş və çıxışı ayırmaq üçün onun əmlakını sökərək yerinə darvaza qoyduğunu etiraf etmişdir. A tikilisi və B tikilisinə 1999-cu ildə 11 000 ABŞ dollarına yaxın qiymət qoyulmuşdur. O, 2002-ci ilə qədər A tikilisinə artırma edərək 90 kv.m etmiş, onun qeydiyata alınmasına əmlakı zəbt edən şəxslər tərəfindən imkan yaradılmamışdır. 2018-ci ildə qapının kilidini kəsib əmlakından istifadə etmək istəmiş, lakin ailəlikcə üzərinə hücum olunmuşdur. Bu barədə 4-cü Polis Bölməsinə şikayət etmiş və şikayət təmin olunmamışdır. Cavabdehin poçt ünvanını bilmədiyindən vaxtında məhkəməyə müraciət etməmişdir. A tikilisinin yerinə darvaza qoyulmuş, bacı və qardaşı hərbçi ailəsi olduğu üçün mülklərdən istifadə edə bilməmiş və əmlak tərəfindən idarə olunmuşdur. Elnarə Q tikilisinin ölçüsünü göstərməmişdir. 2003-cü ilə qədər əmlakdan istifadə etmişdir. 2016-cı ildə Elnarə ilə görüşdükdə Elnarə 2014-cü ildə əmlakı sökdüyünü ona etiraf etmişdir. 2018-ci ildə tikinti işlərinə başlamış, Elnarə isə məhkəmədə iddia qaldırmışdır ki, guya onun əmlakında söküntü işləri aparılmışdır. 2014-cü ilə qədər torpaq sahəsində 84 kv.m sahəsi olan 2 mərtəbəli ev, qaraj, sahəsi 110 kv.m olan 3 otaqlı ev, sahəsi 90 kv.m olan 3 otaqlı ev mövcud olmuşdur. İcra Hakimiyyətinin sərəncamı olmadığından həmin sahəni qeydiyyata almaq mümkün olmamışdır. A tikintisini o, həyat yoldaşına bağışlamışdır. A tikilisinə dair torpaqda heç nə qalmamışdır. 2022-ci ildə ekspert rəy verərkən söküntünün ölçüsünü göstərmədiyindən, söküntünün şəkili olmadığından ekspert rəyi qanunsuzdur. Texniki pasport və qeydiyyat vəsiqəsində göstərilənərə əsasən 2022-ci ildə torpaq sahəsini ½ hissədə bağışlamışdır. A və B tikililərinin satılması saxta əlyazmalar əsasında aparılmışdır..
17. İddiaçının vəkili iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı tərəfindən Q hissəsi sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən torpaq sahəsi 3 hissədə müəyyən edilmişdir. İddaçının subyektiv hüquqlarının təmin olunması üçün kifayət qədər əsaslar olduğundan iddia ərizəsinin təmin edilməlidir.
18. Cavabdehin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mübahisə ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları vardır, cavabdehin iddiaçıya qarşı iddia tələbləri təmin olunmuşdur. Baxmayaraq ki, sərəncam var, lakin iddiaçının torpaq sahəsinə hüququ tanınmamışdır. Torpaq sahəsində A, B və Q tikililəri olmaqla 3 tikili var. A və B tikililərinin mülkiyyətçisi qeydiyyat vəsiqəsinə əsasən iddiaçıdır. Elnarə yalnız Q tikilisinin mülkiyyətçisidir. 2003-cü ildə A tikilisi Hüseynə, B tikilisi Məlik Orucova qeyri-notarial qaydada satılmışdır. Daha sonra A və B tikililərinin boşaldılması haqqında mütəmadi olaraq iddialar verilmişdir. A, B və Q tikililərinin müqəddəratı o vaxt həll olunmuş, bununla bağlı məhkəmə qərarları vardır.
19. Birinci instansiya məhkəməsinin 11 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 129-cu, Mülki Məcəllənin 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələrinə istinad edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, iddia ərizəsində istinad etdiyi halları, yəni sökülməsini iddia etdiyi tikililərin mövcud olmasını, nə vaxt, hansı tikililərin cavabdeh tərəfindən sökülməsini təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
21. Məhkəmə vurğulamışdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1 .törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2. əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
22. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, tətbiq edilməli maddi hüquq normasını tətbiq etmədiyi, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, səhv nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
24. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
25. İddiaçının nümayəndəsi (vəkili) izahatında həmçinin bildirmişdir ki, hazırda əmlakın mülkiyyətçiləri iddiaçının oğlu və həyat yoldaşı olsa da, iddiaçı əmlaka 2014-cü ildə vurulmuş ziyanın ödənilməsini tələb etdiyindən, müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
28. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
29. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
42. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
44. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
45. İddiaçının hazırda həmin əmlakın mülkiyyətçisi olmadığı işin mübahisələndirilməyən halıdır.
46. Onun irəli sürdüyü faktiki hal isə ondan ibarətdir ki, ünvan 6 ünvanında ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililər 2014-cü ildə cavabdeh tərəfindən sökülmüş, bunun nəticəsində ona zərər dəymişdir.
47. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
48. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1024/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə