Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4621/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil3, cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/09 saylı mülki işində olan Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2009-cu il tarixdə təsdiq edilmiş etibarnamənin əslindən müəyyən olunur ki, həmin mülki iş üzrə cavabdeh X1 Altay Əhliman oğluna məhkəmə orqanlarında ona aid olan bütün hərəkətləri etməyi xx.xx.2009cu il tarixdən xx.xx.2009-cu il tarixədək etibar etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-8210/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək X3, X13 və X14 ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi, X3, X13 və X14 həmin mənzildən çıxarılması qət edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-1485/09 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı borc tələbinin ipoteka ilə yüklü edilmiş əşyaya yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əşyanın açıq hərracdan satılması dair iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən 19 m2 yaşayış sahəsi, 29,7 m2 ümumi sahəsi olan iki otaqlı evin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin cavabdeh X3 iddiaçı Cavabdeh olan 40000 manat borcunun ödənilməsinə yönəldilməsi və ünvan 1 ünvanında yerləşən evin satışından əldə olunan artıq məbləğin cavabdeh X4 qaytarılması qət edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 3692/2020 saylı qətnaməsi ilə iddiaçılar X3, X13, X12, X7 və X14 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və maraqlı şəxs Cavabdeh qarşı ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3137/2021 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.
4. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2018-ci ildən hesablanmaqla, Penitensiar xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilərək İmişli rayonu Bəhramtəpə qəsəbəsi ünvanına getmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixdə 7000 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X3 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci ildə əvvəllər Alik kimi tanıdığı Cavabdeh ilə bağladığı şifahi müqavilə əsasında ondan 15000 manat borc almış, bacısı X3 razılığı ilə sonuncunun ünvan 2 ünvanında yerləşən evini Cavabdeh girov qoymaq məqsədilə lazım olan sənədləri Cavabdeh adından Xuraman Quliyevaya və onun övladlarına imzalatdırıb Bakı şəhəri 9 saylı notariat ofisində həmin evin girov qoyulmasını sənədləşdirmiş, xx.xx.2008-ci ildə 15000 manat maliyyə vəsaitini borc aldığı barədə Cavabdehla bağladığı müqavilənin şərtinə əsasən əsas borcun hər ay 5% qədər, yəni 750 manatı ona 3 ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürsə də, lakin öhdəliyinə əməl edə bilməmiş, müqavilə ilə tanış olduqdan sonra borcun 40000 manat yazılmasını müəyyən etmiş, cavabdehdən soruşduqda cavabdeh ona həmişə müştəriyə pul verəndə özünü sığortalamaq məqsədi ilə borc verdiyi pulun üç mislini müqavilədə göstərməsini demiş, bir il ərzində o hər ay götürdüyü 15000 manat əsas borcdan 750 manat faiz ödəmiş, lakin işsiz olduğundan faizləri və əsas borcun qalığını ödəyə bilməmiş, cavabdeh ödənilən faizdən əlavə ondan 7700 manat ödəməli olmasını, lakin faizləri dayandırıb ona 12000 manat ödədiyi halda evini qaytaracağını bildirmiş, iddiaçı bu təkliflə razılaşmış, razılaşmaya qədər cavabdehdən borc aldığı 15000 manatı X8 və X9 vasitəsilə hissə-hissə, sonuncu dəfə isə poçt vasitəsilə Cavabdeh xx.xx.2012-ci ildə 7000 manatı göndərməklə cavabdehə cəmi 14700 manat ödəmişdir. Cavabdeh iddiaçının və X3 məlumatı olmadan, onlardan xəbərsiz xx.xx.2009-cu ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onların iştirakı olmadan işə baxaraq girov qoyulan evi hərraca çıxarmış, X2 Rayon Məhkəməsinin xx.xx.2009- cu il tarixli 2(004)-1485/09 saylı ilkin qətnaməsindən 9 il 9 ay ötdükdən sonra şikayət versə də, cəzaçəkmə müəssisəsində olan İddiaçı məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçı bacısı X3 mülkiyyətində olan mənzilə görə 60000 manatı bacısı Quliyeva Xuramana ödəmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli (hakim S.Səlimova, iş № 2(001)-381/2023) qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı borclu olan bacısının əvəzinə üçüncü şəxs qismində icranı həyata keçirməsini iddia etsə də, kreditor olan cavabdeh borcun həmin borc olmasını qəbul etmədiyindən, iddiaçı isə bunun əksini sübuta yetirə bilmədiyindən, qanuni qüvvəsini alan məhkəmə aktları ilə X3 Cavabdeh olan 40000 manat borcunu ödəmədiyi üçün ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edildiyindən və bu barədə məhkəmə aktı icra mərhələsində olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 431, 739, 740-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və vəkili, eləcə də üçüncü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
15. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
18. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
19. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Hazırkı iş üzrə İddiaçı bacısı olan X3 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinin müəyyən olunmasını tələb edir.
31. Cavabdeh isə X6 ilə bağlanmış müqavilənin iddiaçının borcu ilə heç bir əlaqəsi olmadığını əsas gətirərək iddiaya etiraz edir.
32. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların iddiaçı tərəfindən sübuta yetirilmədiyinə istinad edərək iddianı rədd etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
34. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınmaqla, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
35. İddiaçı qaytarılması etiraf olunan 15000 manatın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə X.Ə.Quliyevanın Cavabdeh olan borcu olaraq müəyyən edilmiş 40000 manat borcun bir hissəsi olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
36. Məhkəmə iclasında cavabdeh iddiaçıya 2006-cı ildə 15000 manat, 2008-ci ildə iddiaçının bacısı olan Xuranan Quliyevaya 40000 manat borc verməsini, Xuraman Quliyeva isə cavabdehdən borc almadığını bildirmişdir.
37. Bundan əlavə Kollegiya onu da qeyd edir ki, X6 qanuni qüvvəsini almış məhkəmə aktları ilə Cavabdeh olan 40000 manat borcunu ödəmədiyi üçün ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edilmiş və qətnamə hazırda icra mərhələsindədir.
38. Bu o deməkdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Xuraman Quliyevanın cavabdehə 40000 manat borcunun olduğu müəyyən edilmişdir və həmin qətnamə ilə müəyyən edilmiş faktlar hazırkı işdə preyudisiallıq keyfiyyəti daşımaqla yenidən araşdırıla bilməz. Xuraman Quliyevanın cavabdehə borcu olub-olmaması, həmin borcun məbləği, kim tərəfindən, nə qədər ödənilməsi və s. bu kimi məsələlərə yalnız həmin icraatda araşdırılmaqla qiymət verilə bilərdi və verilmişdir.
39. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı hazırkı iş üzrə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
40. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
41. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.