Məhkəmə qərarları › İş №2(103)-4628/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4628/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4628/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-288/2021 saylı iş üzrə qəbul etdiyi 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış müqavilənin ləğv edilməsi və Cavabdeh MMC tərəfindən yararsız vəziyyətə düşmüş əmlaka görə ödədiyi 604 manat pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(006)-2513/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan Cavabdeh MMC-nin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi vaxtı və yeri müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 07 sentyabr 2019-cu il tarixdə «28 Mall» TM-də yerləşən Cavabdeh MMC-yə məxsus mağazadan daxili kreditlə 849 manat dəyərində «Samsung A705» Black markalı mobil telefon almışdır. Bundan başqa həmin telefon üçün 45 manata qoruyucu üzlük almışdır. Cəmi kreditin məbləği 906 manat təşkil edirdi və həmin məbləğə görə hər ay həmin mağazaya 151 manat pul ödəmişdir. 07.02.2020-ci il tarixədək cəmi ödədiyi məbləğ 604 manat təşkil edir. 21 oktyabr 2019-cu il tarixdə telefonun ekranının qaralması səbəbindən telefonu aldığı mağazaya aparmış və onlara bu barədə müraciət etmişdir. Həmin mağazada ona Xocalı prospektində yerləşən servis mərkəzinə müraciət etmək lazım olduğunu bildirmişlər. Həmin ünvana gedəndən sonra servisin işçisi telefonunu yoxlayaraq, telefonun üzərində sınıq, ya zərbə olmadığı haqda arayış verib və telefonunun servisdə saxlanılması zərurətinin yarandığını ona bildirmişdir. Bir müddət keçəndən sonra servisin işçiləri ona zəng edərək telefonunda ekran üzərində sınıqların olduğunu bildirmişlər. Halbuki, telefonunu təhvil verərkən telefonun üzərində heç bir çat və yaxud sınıq yox idi. Bu səbəbdən, 22 oktyabr 2019-cu il tarixdə servis mərkəzinə gəlmiş və vəziyyəti aydınlaşdırmışdır. Servisin əməkdaşı ona bildirmişdir ki, onlar öz hesablarına telefonun qüsurunu düzəldə bilərlər, lakin zəmanət ləğv olunub. O, razılıq vermədiyini bildirmiş və qanuni zəmanət hüququnun bərpasını tələb edəcəyini bildirmişdir. Bir həftə ərzində SMS-lə cavab verəcəklərini bildirmişlər. Həftə tamam olmuş, cavab olmadığını görüb, yenidən Cavabdehin qaynar xəttinə müraciət etmişlər. Onu mərkəzi ofisə yönləndirmişlər. Orada bildirmişlər ki, rəhbərliyə çatdırdıqdan sonra, 3 gün ərzində ona telefon vasitəsi ilə SMS göndəriləcək. Qaynar xəttin ofis işçiləri vəd etdiyi vaxtdan 5 gün keçməsinə baxmayaraq, ona sms gəlməyib və bu səbəbdən, yenidən cavabdehin qaynar xəttinə müraciət etmiş və iradını bildirmişdir. Bu barədə danışdıqdan sonra ona bildirmişlər ki, servis mərkəzi 2 həftə ərzində öz hesabına telefonun ekranını dəyişəcək və zəmanəti bərpa edəcək. İki həftədən çox keçməsinə baxmayaraq, ona heç bir məlumat verilməyib. Yenidən servis mərkəzinə getmişdir. Servis mərkəzinin rəhbərliyində Vüqar adlı şəxsə bildirmişdir ki, artıq iki həftədən çox vaxt keçib, lakin bir cavab yoxdur və telefonun vəziyyəti ilə maraqlanmışdır. Orada ona bildirmişlər ki, telefonu öz vəsaiti hesabına təmir etməlidir və zəmanət də ləğv olunub. Müştəriyə belə münasibəti heç cür qəbul edə bilmir. Bir aydan artıq get-gəldən sonra mənəviyyatına təsir edən, olduqca ağır bir vəziyyətə düşmüşdür. Sonunculara lazımi instansiyalara müraciət edəcəyini bildirmişdir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişdir. Adı çəkilən qurum məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bundan başqa, cavabdeh ona telefonun özü tərəfindən zədələnməsi barədə heç bir sübut təqdim etməyib, halbuki cavabdehin dediyinə görə servisdə telefonunu qəbul edən zaman servisdə olan müşahidə kamerasına çəkilib. Cavabdehdən aldığı telefonu bu günə qədər almamışdır və həmin telefon servisdədir. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-288/2021 saylı iş üzrə qəbul etdiyi 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 21 oktyabr 2019-cu il tarixində, yəni müqavilənin bağlandığı 7 sentyabr 2019-cu il tarixindən 45 gün keçdikdən sonra mobil cihazda qüsur olması barədə müraciət etmişdir. Zəmanət talonunda qeyd edilmişdir ki, “təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədilə texniki servis mərkəzində 2 gündən-14 iş gününə qədər saxlanıla bilər. Həmçinin İddiaçı iddia etdiyi qüsür, istehsalat qüsuru olduğu təqdirdə həmin mobil cihzda qüsur 45 gün ərzində deyil, daha əvvəl ilk aldığı günlərdə aşkar edə bilərdi. Texniki servisdə aparılan müayinə zamanı da müəyyən edilmişdir ki, mobil cihazda mövcud olan qüsurlar istehsalat qüsuru deyil və alıcın məhsulu təyinatına uyğun istifadə etməməsi və ya saxlama qaydalarını pozması səbəbindən zədə almış və həmin nasazlıq da o səbəbdən yaranmışdır. Lakin cavabdeh öz fikrini təkidlə qəbul etdirməyə çalışmışdır, müqavilə üzrə öhdəliklərini pczaraq, dəfələrlə Cavabdeh MMC- nin problemli kreditlər üzrə əməkdaşlan tərəfindən məlumat verilməsinə baxmayaraq, ödəniş etməkdən boyun qaçırmış və aldığı məhsuldan əsassız olaraq imtina etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən 16 fevral 2021 -ci il tarixli, 2(006)-288/2021 saylı qətnamədə 07 sentyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi müəyyən edilmişdir, lakin İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsində belə bir iddia tələbi mövcud olmamış, həmçinin ********* saylı, 07.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün həmin müqavilədə hər hansısa bir hüquq pozuntusunun mövcud olmamasına baxmayaraq məhkəmə qərəzli qərar qəbul edərək müqavilənin ləğvinə dair qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 07.09.2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh tərəfindən iddiaçıya zəmanət verilməklə, «Samsung» markalı A705 Black modelli smartfon satılmışdır. İddiaçı həmin əşyanın dəyəri olan 906 manat pul vəsaitini 6 ay müddətində cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Smartfona 12 ay zəmanət verilmişdir (zəmanət talonu, ödəniş cədvəli və s. sənədlərdə olan məlumatlara əsasən). İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 604 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı qeyd olunan əşyadan təxminən 1 ay 15 gün ərzində istifadə etmiş, smartfonda qüsur aşkar edildiyindən (ekranı səbəbsiz yerə, zərbə və sınıq almadan qaraldığından), iddiaçı smartfonu cavabdehə, sonradan isə cavabdehin servis mərkəzinə aparmışdır. Uzun müddət ərzində həmin smartfon servisdə olmuş, iddiaçıya smartfonda olan qüsurun yaranma səbəbi, həmçinin qüsurun yaranmasında iddiaçının hansı təqsirli hərəkətinin olduğu bildirilməmişdir. İddiaçıya zəmanətin ləğv olunduğu, smartfonun öz hesabına təmir edilməli olduğu bildirilmişdir. İddiaçı istehlakçı kimi hüququndan istifadə edərək, cavabdehə müraciət etməklə, zəmanət verilən müddət ərzində ondan asılı olmayan səbəbdən smartfonda qüsur yarandığını və həmin qüsurun aradan qaldırılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci, 581.2-ci, 582.1-ci, 582.2-ci və 583.1-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1. alış qiymətinin mütənasib azaldılması; 2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1. alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məcəllənin 587.5-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması, bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Adı çəkilən Məcəllənin 588.1-ci və 588.2-ci maddələrinə görə isə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq smartfonda olan qüsurlar istehlakçının istismar qaydalarını pozması nəticəsində baş verməsi, qüsur istehsalçının istehsal xətası ilə bağlı olması nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 21.10.2019-cu il tarixli telefonun servisə verilməsi barədə Akt-dan görünür ki, cavabdeh tərəfindən təhvil alınarkən telefonda olan defekt kimi yalnız ekran qaralması qeyd edilmiş, həmçinin məhsulun vəziyyəti qrafasında yalnız cihazın karkasında cızıqların və ləkələri olması qeyd olunmuşdur. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, smartfonun ekranının zərbə və sınıq almadan qaralması istehsal qüsuru ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, «İstehlak hüquqularının müdafiəsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-288/2021 saylı iş üzrə qəbul etdiyi 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar