Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4634/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X1-Park” QSC-yə (Bakı Medical Plaza Klinikası) və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 Cavabdeh “X1-Park” QSC-nin (Bakı Medical Plaza Klinikası) nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “X1-Park” QSC-yə (Bakı Medical Plaza Klinikası) və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı anadangəlmə hemafiliya xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. İddiaçı xx.xx.2022-ci il tarixdə “X10” adlı klinikada lobarator müayinədən, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 tərəfindən tam abdominal USM müayinədən keçmişdir.
2. xx.xx.2023-cü il tarixdə aparılmış müayinədən sonra iddiaçının qarın nahiyəsində dəri altı qanaxmalar baş vermişdir.
3. Cavabdeh2 digər cavabdeh “X1-Park” QSC-nin işçisidir və orada şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərdən 500 manat ödənilmiş maddi zərərin və 3000 manat vurulmuş mənəvi, ümumilikdə 3500 manat manat vəsaitin ona qaytarılması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onu anası idarə edir. Özünü pis hiss elədiyi üçün anası onu X4 aparıb müayinə etdirmişdir. Orda həkim Bəxtiyar Hüseynov (uroloq) onu analiz verməyə və UZM-dən kəçməyini bildirib. Həkimə bildirib ki, qan xastəliyindən hemofiliyadan əziyyət çəkir. O da bildirib ki heç nə olmaz analizdən və UZM-dən keçsin. O, analiz verib uziyə getmişdir. Orada UZM hakimi Cavabdeh2 ona baxan vaxt 2 dəfə bildirib ki, qan xəstəyili-hemofiliyadan əziyyət çəkir, ehtiyyatlı olsun. Cavabdeh2 aparatla baxanda bərk basmış və ona ağrı vermişdir. Həmin vaxt ağrısının olmasını bildirib. Cavabdeh2 bildirib ki, “heçnə olmaz çıx get evə”. Həmin günü evə gəldikdən sonra ağrıları başlamışdır. Bu xəstəliyin dərmanı «faktor 9 octanine»dir. Bu dərmanı onun kimi qan xəstəyiklərinə X6 Mehriban Əliyeva pulsuz verib. Ona 10 gün yüksək dozalı bu dərman damarına yeridildi. Anası şəkər xəstəsidir. Onun şəkəri 350-yə yüksəldi. O, çox həyacan keçirdi. 10 gündən sonra anası ilə birlikdə Bəxtiyar Hüseynovun yanına gedərək vəziyyəti ona bildirdi. O iddiaçıya baxandan sonra Cavabdeh2 yanına çağırdı. Onlar bildirib ki, iddiaçıda qanaxma var. Cavabdeh2 isə onlara “olub olub da” demişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mənəvi zərərə görə 1000 manat pul “X1-Park” QSC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hemofiliya xəstəliyinin ağır formasından əziyyət çəkir, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən tam abdominal USM müayinədən keçirilmiş, müayinə ultrasəs müayinə cihazının aparat başlığının (USM cihazı) iddiaçının bədəninin qasıq nahiyəsinə və qarın boşluğuna təmas etdirilməsi vasitəsilə həyata keçirilmişdir. Həmin müayinədən sonra iddiaçının qarın boşluğunda dərialtı qanaxmalar baş vermişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh2 iddiaçıda baş vermiş dərialtı qanaxmaların meydana gəlməsində birbaşa təqsirli olmasa da, onun əməlində obyektiv məsuliyyətin əlamətləri mövcuddur. Cavabdeh2 əməlində niyə və hansı səbəbdən obyektiv məsuliyyətin mövcudluğunu qeyd etməzdən əvvəl məhkəmə hesab edir ki, ilk öncə obyektiv məsuliyyətin anlayışı verilərək mahiyyəti aydınlaşdırılmalıdır. Obyektiv məsuliyyət dedikdə məsuliyyətin elə bir növü nəzərdə tutulur ki, şəxsin hüquq pozuntusu hesab olunan əməlin törədilməsində təqsiri olmasa da, onun tərəfindən törədilmiş əməl başqa şəxsin sağlamlığına, əmlakına və ya qanunla qorunan mənafelərinə ziyan vurur. Şəxsin təqsirinin olmaması dedikdə, o nəzərdə tutulur ki, şəxs əməlinin hüquqa zidd nəticəyə səbəb olacağını əvvəlcədən diqqət göstərərək görə biləcəyi halda bunu etmir və ya həmin əməlin ətrafa mühitə və cəmiyyətə ziyan vurmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür, nəticədə hüquq pozuntusu ilə nəticələnən hərəkət və ya hərəkətsizlik etmiş olur. Ziyan vurulmuş şəxsin pozulmuş hüquqlarının kompensasiya edilməsi, cəmiyyətdə ədalətin bərqarar edilməsi məqsədilə və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi prinsipi rəhbər tutularaq hüquqda obyektiv məsuliyyət (obyektiv təqsir) anlayışına yer verilmişdir. İddiaçının əziyyət çəkdiyi hemofiliya xəstəliyi – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəliyin səbəbi qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. Bu cür xəstəlikdən əziyyət çəkən şəxslərə orqanizmdə əskik olan faktorlar iynə vasitəsilə bədənə vurulur. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemotologiya şöbəsində həkim-hematoloq Vüqar Şirzadov bildirmişdir ki, hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələrdə hətta adi müdaxilə nəticəsində və ya asqırma, öskürmə nəticəsində də qanaxmalar başlayır. Bu cür xəstələr müayinə edilməzdən əvvəl onlara faktor köçürülməsi həyata keçirilir və yalnız bundan sonra müayinə olunur. Cavabdeh2 məhkəməyə verdiyi izahatlarında müayinədən əvvəl iddiaçının hemofiliya xəstəliyindən əziyyət çəkməsi barədə məlumatlı olduğunu bildirmişdir. Lakin müayinədən əvvəl baş verə biləcək əks təsirlərin qarşısını almaq üçün əvvəlcədən zəruri tədbirlər görməyərək iddiaçıya faktor köçürülməsini tələb etməmişdir. Cavabdeh2 həkim-mütəxəssisdir, o bu tip xəstəlikdən əziyyət çəkən şəxslərə xüsusi diqqət göstərilməli olduğunu, onlarla müayinəmüalicə zamanı digər xəstələrdən fərqli olaraq daha ehtiyyatlı rəftar etməli olduğunu biləcək səviyyədə tibbi biliyə malikdir. Cavabdeh iddiaçını müayinə etməzdən əvvəl ondan lazimi dozada faktor qəbul edib-etmədiyini, edibsə, neçə müddət əvvəl qəbul etdiyini soruşmaq, əgər lazimi dozada faktor qəbul edilməyibsə, həmin iynənin vurulmasını tələb etmək və yalnız bundan sonra müayinənin aparılmasının mümkün olduğunu pasientə bildirmək iqtidarında olub. Lakin kifayət qədər diqqət göstərməyərək iddiaçını qeyd edilənlərə əməl etmədən müayinə etmişdir. Həm iş üzrə fikri dinlənilmiş Vüqar Şirzadovun izahatı ilə, həm də iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertiza üzrə AR Səhiyyə Nazirliyi Məkhəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 62/KEŞ saylı ekspert rəyi ilə müəyyən olunur ki, müayinədən əvvəl müvafiq xüsusi tibbi tədbirlərin görülməsi iddiaçıda baş verə biləcək əks təsirlərin qarşısını ala bilərdi. Belə ki, Vüqar Şirzadov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əgər müayinə olunmazdan yarım saat əvvəl lazimi miqdarda faktor köçürülsəydi, iddiaçının səhhəti bu qədər pisləşmiyə bilərdi. 62/KEŞ saylı ekspert rəyində isə qeyd edilmişdir ki, iddiaçının xəsarəti nəzərə alınmaqla onun həkim müayinəsi zamanı baş verə biləcək dərialtı qanaxmaların qarşısının alınması məqsədilə müvafiq tibbi tədbirlər görülə bilərdi. Məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığında yaranmış qanaxmada cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər müəyyən edildiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, MM-nin 1112-ci maddəsində tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin zərərvuranın təqsiri üzündən baş vermədiyini sübuta yetirmək vəzifəsi zərərvuranın öz üzərinə qoyulmuşdur. Lakin cavabdehlər iddiaçının sağlamlığının pozulmasını onların təqsirindən baş vermədiyini iddia etsələr də, bu dəlillərini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Cavabdeh2 təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, iddiaçının bədənində gözlə görülə bilən dəyişiklik, zahiri görünüşündə yaranmış deformasiya onda xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə, bundan sonrakı keçməli olduğu müayinələrində yenə eyni hadisənin baş verməsinə dair qorxu hissini yaşamasına səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı ağır xəstəlik olan hemofiliya xəstəsidir. Adi sağlam insanlardan fərqli olaraq o, həmin xəstəliyin daimi qorxusu altında yaşayır, xəstəliyin törədə biləcəyi fəsadların baş verməməsi üçün ən sadə davranışlarına diqqət yetirmək (çünki bədənin küt bir şeyə toxunduğu halda dərialtı qanaxmaların baş verməsi qaçılmazdır) məcburiyyətində qalır. İddiaçının xəstəliyi də nəzərə alındığı halda, onun sağlamlığının pozulması nəticəsində iztirab, qorxu, həyacan keçirməsi mübahisəsizdir. Məhkəmənin qənaətinə görə mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, təsəlli ala bilər. Cavabdeh2 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi tibbi yardım göstərən subyekt kimi çıxış edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, tibb müəssisəsi o zaman məsuliyyətdən azad olunardı ki, məhz xəstə ilə Cavabdeh2 arasında tibbi xidmətin göstərilməsinə dair müqavilə olsun və ya Cavabdeh2 Klinikada yalnız müvafiq tibbi xidmət göstərdiyi otağı icarəyə götürərək, oradakı texniki avadanlıqlardan istifadə etmiş olsun. Qeyd edilən halları təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyil.İddiaçı analizlərin verilməsinə görə ödənilmiş 500 manat məbləğində maddi zərərin əvəzinin də tutulmasını tələb etsə də, həmin ödənişlərin edilməsi barədə məhkəməyə heç bir mötərəbər sübut təqdim etməmiş, edilmiş ödənişləri təsdiq edən qəbzlərin isə halhazırda harda olduğunu bilmədiyini qeyd etmişdir
8. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1112, 1119.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsinə və ona vurulmuş 500 manat maddi zərərin və 3000 manat mənəvi zərərin ümumilikdə 3500 manat pulun “X1-park” QSC-dən (Bakı Medical Plaza Klinikasından) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddianın qismən təmin etməməsi nəticəsinə gəlsə də qətnamədə heç bir əsaslandırıcı sübut göstərməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi məhkəmə ekspertizasının eksperti onu müayinədən keçirmədən rəy yazaraq məhkəməyə qaytarmışdır, “Qiymətləndirmə Fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli 510 İQ saylı Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən qiymətləndirici sifarışçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barədə lazımi məlumat vermədikdə, habelə qiymətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək hüququ vardır. Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 62KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə məhkəmənin göndərdiyi mülki işi düzgün araşdırmamış onun ekspertizaya çağırmadan qanunsuz və ədalətsiz rəyi məhkəmə göndərmişdir. Ədliyyə Nazirliyinin Ekspert Mərkəzinin eksperti tərəfindən qanunsuzluğa yol verilərək onun sübutlarına düzgün qiymət verməmişdir. Ekspert onu müainəyə çağırmamışdır. İddiası üzrə onu yoxlatdırmaq üçün “X1-park”QSC-yə həkim müayinəsinə aparmışdır. Orada həkim onun uzi aparatından keçməyinin vacib olduğunu bildirmişdir. Həmin uzi aparatından keçirirərkən qarın nahiyəmi yoxlamaq adı ilə qarın nahiyəsini 5-6 yerdən zədələmişdir. Bunun səbəbini həkimdən cavab isdədikdə onun və yaşlı anasının üstünə qışqıraraq onları müəsissədən qovmuşdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, izahatında bildirir ki, oğlu anadangəlmə 3 yaş yarımından hemofiliya xəstəsidir. Atası da vətən üçün vuruşub, şəhid olub. O özü oğluna deyir ki, atası onun üçün vuruşub. Oğlu keçən il ona deyib ki, ağrıyır. Xoşqədəm xanımın da verilişində Bəxtiyar Hüseynovu göstərirdilər. O gedib görüb ki, orada yaxşı cihazlar var, qoy baxsınlar. Qəbul etdiyi dərmanlar çox ağırdır, qaraciyəri sıradan çıxarır. O uşağı üçün 2 il Sankt-Peterburqda oxuyub, özü də universitet müəlliməsidir. İndi təqaüdə çıxıb. O oğluna görə gedib, uzi fikirləşmirdi. X2rı qəbul edib və müxtəlif analizlərə göndərib. Bütün pulunu paylayıb. Uziyə 40 manat lazım idi, o, B.Hüseynovdan xahiş edib ki, olar uzini öz hematologiyasında etsin. Ona deyib ki, yox burada olunmalıdır. Onu uziyə girməyə qoymadılar, oradakı qız onunla kobud rəftar elədi dedi ki, çıx. O da dinməyib, uşağının xətirinə susub. O oğluna deyib ki, birdən bassalar, ayağa dursun. Uzidən sonra oğlu ona deyib ki, bərk basıblar, ağrıyır. O buna görə oğlunu danlayıb ki, niyə oradan durmayıb. Hemofiliya elə xəstəlikdir ki, xəstələrinə əl vuran kimi qanaxma olur. Mehriban xanım bu cür xəstələrini öz himayəsinə alıb. Dərman onlara pulsuz verilir. Əlində nə var idi hamısını həkimə verib. Həkim deyir ki, bunu yalnız qanaxma olanda vura bilərlər çünki, bu çox ağır dərmandır, qaraciyəri sıradan çıxarır. Oğlu əməliyyata normal girdi, qanaxma ilə çıxdı. Əməliyyatdan 3 gün sonra qanaxma azaldı və onlar həkimə gediblər. İndi şəkilləri də var. Qarnı qapqara olmuşdu. Onun həkimi özüdür, o bu barədə oxuyub. O oğlunu qoruyur. Axı bu həkim niyə hemofiliya xəstəsinə bu dərmanı vurmalıdır? İçəri girəndə o deyib ki, oğlu hemofiliya xəstəsidir. Əgər bu xəstələriə baxmırdısa bunu deməliydi. B.Hüseynova oğlunu göstərəndə qorxdu. Ona dedi ki, qanaxma dayanır deyəsən. O qanaxma olanda 4 milyon yeridir, adi vəziyyətdə 2 milyon. Hər dəfə elə bilir ki, uşağını itirir. Sonra gedib Namiq həkimi çağırdılar. Namiq həkim ona dedi ki, o etməyib, hakimlər hamısı onun pasiyentləridir. B.Hüseynov da bunlara şahiddir.Həmin zaman şəkəri qalxdı. O insultdan təzə çıxıb. Hemofiliyanın 2 faktı var, oğlu da 9-cu faktıdır. Bəxtiyar həkim ondan üzr istədi. Halbuki, onu o göndərmişdi. O B.Hüseynova deyib ki, oğlunu öz yerində yoxlayıb. Amma, o buna icazə vermədi. Əməliyyat keçən yay olmuşdu. Qanda olan hematomo bədənə sovrulandan sonra hərarəti 41-ə qalxdı, 2 ay onun oğlu elə oturdu. O Xətai Rayon Məhkəməsinə verib, ona may ayının 17-də cavab gəldi. İclasları uzatdılar. Namiq həkim onun uşağını incidir. O analizlərə nə qədər pul verib, hamısını qaytarsınlar. İmkan olsa o uşağının qarnını yoxlatdıracaq. Bu hadisədən sonra uşağı davamlı şikayət edir. O oğlunu aldadır ki, psixoloji olaraq onda qalıb. Amma özü qorxur. Mosvkada oğlu müalicə alan zaman həkim ona demişdi ki, travma alandan sonra yenidən həmin yerdə qanaxma ola bilər. Uşağını Namiq həkim pis günə qoyub. O ekspertizaya gedib, ona deyiblər ki, onlar çağrılacaqlar. Amma onları daha sonra çağırmadılar, rəy verdilər. Ondan üzr istəməlidilər, amma onu da etmədilər. Onun şəkəri qalxıb, bütün bunların hamısı ona maddi və mənəvi ziyanlar vurdu. 1000 manat azdır, o çox xərc töküb. Dərmana nə qədər pullar verib. Ona 100 manata dərmanlar yazdılar, hamısını alıb oğluna içdirdi. Analizlər və ona nə qədər dərmanlar verdiyi hamısı komputerində var.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o bütün məhkəmədə iştirak edib. Bəxtiyar həkim xəstəni göndərmişdi.Oğlunu müayinə edib. O araşdırıb ki, hemofiliya xəstələrində hetaoma yarana bilər. Amma heç bir yerdə belə bir məlumat yox idi. Bu işlə bağlı hemofiliya xəstəxanasından ekspert dəvət edildi, ekspertə sual verildi ki, işlədiyi müddətdə belə bir halla rastlaşıb, dedi ki, yox. Bu barədə internetdə də heç nə yoxdur. Xəstəxanada video çəkilişlər var, xanımın oğlu 1-ci mərtəbədə qan analizi verib, heç nə olmayıb. 1-ci və 4-cü mərtəbədə xanımın oğlu həkimlərin qəbulunda olub. Əgər nəsə etmişdisə, elə həmin vaxt gedib ya ekspertizaya, ya da ki, təcili tibbi yardıma müraciət edərdi. Xanım ona 50 manat ödəniş edib, hazırda ondan daha çox pul istəyir. Hazırda iddiaçı bayırdadır. Heç xəstəxanada da deyil. O özünü hazırda günahkar hesab eləmir. İddiaçı hemofiliya xəstəsi olduğu üçün ona diqqətlə yanaşıb. O işinin peşəkarıdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1-Park” QSC-nin (Bakı Medical Plaza Klinikası) nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsində hakim öz təşəbbüsü ilə mütəxəssis cəlb etdi və ekpertiza keçirdi. Mütəxəssisə sual verib ki, belə bir hal ola bilər? O deyib ki, xeyr, ola bilməz, bu elə bir xəstəlikdir ki, asqırsa da qanaxma ola bilər. Getdiyi yerdə ayağına daş dəysə də ola bilər. Bu xəstələrin vəzifəsidir ki,o dərmanı atsınlar. Daha sonra ekspertiza təyin edildi. Ekspert rəyində də, yenə sübut olunmadı. Xanıma sual verildi ki, belə bir hal görəndə təcili tibbi yardıma müraciət edibmi, deyib ki, yox, elə həmişəki tibb bacısına zəng eləyib gəlib baxıb. Xanım növbəti gün xəstəxanaya gəlib. Belə bir şey olsa idi orada deyərdi. Mütəxəssis rəyi də deyir ki, o adi bir şeydən də qanaxma baş verə bilər. Birinci instansiya məhkəməsində də xanım çəkdiyi əzab-əziyyətlərdən danışdı, Pərviz müəllimin və onun ürəyi ağrıdı. Onlar barışmağa cəhd etsələr də, xanım razılaşmadı. Onların günahı yoxdur, həkimin bir az günahı var, amma buna baxmayaraq onlar da pul ödəməlidirlər. O xəstəxana rəhbərliyi ilə danışıb ki, şikayət verməsinlər və xanımın nə xərci varsa ödəsinlər. Xəstəxana rəhbərliyi də sağ olsun, razılaşıb. O bir peşəkar hüquqşünas olaraq qətnaməni əsaslandırıb, ləğv etdirə bilərdi, şikayət verə bilərdi. Xanım hər dəfə öz əziyyətindən danışırdı, onların da ürəyi ağrıyırdı. Xanım apellyasiya şikayətini verəndə təəssüf hissi keçirdi.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edildiyindən mhkəmə kollegiyası iddianın təmin edilmədiyi hissədə iddiaçıya münasibətdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları odur ki, iddiaçı anadangəlmə hemafiliya xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. İddiaçı xx.xx.2022-ci il tarixdə “X10” adlı klinikada lobarator müayinədən, xx.xx.2022-ci il tarixdə isə həkim Cavabdeh2 tərəfindən tam abdominal USM müayinədən keçmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış müayinədən sonra iddiaçının qarın nahiyəsində dəri altı qanaxmalar baş vermişdir. Nəticədə iddiaçı cavabdehlərdən 500 manat ödənilmiş maddi zərərin və 3000 manat vurulmuş mənəvi, ümumilikdə 3500 manat vəsaitin ona qaytarılmasını tələb etmişdir.
23. İşə baxan məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmənin qənaətinə görə müayinədən əvvəl baş verə biləcək əks təsirlərin qarşısını almaq üçün həkim Cavabdeh2 iddiaçıya faktor köçürülməsini tələb etməməklə əvvəlcədən zəruri tədbirlər görməmişdir. Nəticədə Cavabdeh2 əməlində obyektiv məsuliyyətin əlamətləri mövcud olmuşdur.
24. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək yalnız mənəvi zərərə görə 1000 manat pulun tutulması qətnaitinə gəlmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin halları baxımından mənəvi zərərə görə 1000 manat məbləğində kompensasiyanın tutulması ədalətlidir. Daha artıq məbləğin tutulması üçün heç bir əsas yoxdur.
26. Maddi zərərə görə pulun tutulması isə yalnız onu təsdiq edəcək sübutların təqdim edildiyi halda mümkündür. İddiaçı tərəfindən isə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev