Məhkəmə qərarları › İş №2(103)-464/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-464/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-464/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı1 vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və s.” haqqında ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin və qarşılıqlı iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər naziri Mikayıl Cabbarova ünvanlan xx.xx.2018-ci il ci il tarixli müraciətdə Azərbaycan Respublikası Konstitusiyasmm 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onlar barəsində həqiqətə uyğun olmayan, şərəflərini, ləyaqətilərini və işgüzar nüfuzlarını ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh üzərinə Azərbaycan Respublikası Vergilər nazirinə ünvanladığı həmin tarixli müraciətdə göstərilən xüsusatların həmin orqana müraciət yazaraq təkzib edilməsi, həmçinin onun üzərinə vergi orqanına yazdığı müraciətdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, təqsirsizlik prezumsiyasına müdaxilə edərək onların şərəfilərinə, ləyaqətilərinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50.000 manat maddi, 50.000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100.030 manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh, qarşılıqlı iddia verərək, onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gərabəyliyə ünvanlanmış həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli ərizə yazaraq şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə, ona mənəvi və maddi ziyan vurduqlarına görə İddiaçı1 və İddiaçı2 üzərinə onun barəsində ərizədə göstərilən xüsusatları həmin orqanlara yazaraq təkzib etmələri və yazdıqları ərizədə ondan üzr istəmək vəzifəsinin qoyulması, bundan başqa onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə görə 50.000 manat maddi ziyanın, 50.000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100.030 manat pul vəsaitinin İddiaçı1 və İddiaçı2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. İlkin iddiaçılar, apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, Cavabdeh tərəfindən bir çox məhkəmə proseslərində, kütləvi informasiya vasitələrində, o cümlədən dövlət qurumlarına ünvanladığı şikayət əizələrində ilkin iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi toxunulmazlığı pozan və birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına zidd olan, həmçinin həqiqətə uyğun olmayan məlumatlar yayılması davam etdirilir. Onun növbəti əsassız müraciəti məzmunu ilkin iddia ərizəsində əks olunmuş xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarova ünvanlanmışdır. Həmin müraciətdə məhkəmənin qanuni qüvvəyə minmiş höükmü olmadan onlar CM-nin müxtəlif maddələri ilə ittam edilmiş və bununla da ilkin iddiaçıların təqsirlsizlik prezumpsiyası hüququna müdaxilə edilmişdir. Halbuki, Cavabdeh özünün saxta əməlləri barədə bir çox vətəndaşların haqlı şikayətləri olmuş, eyni zamanda dövlət büdcəsinə ödəməli olduğu külli miqdarda vergi, məcburi dövlət sosial sığorta haqqı məbləğlərini, eləcə də investisiyanı, təsisçilərin paylarına düşən və müxtəlif şəxsləri aldadaraq əldə etdiyi külli miqdarda gəliri mənimsədiyinə görə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciətlər edimişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzininxx.xx.2019-cu il tarixli rəyində Cavabdeh tərəfindən Vergilər nazirliyinə ünvanlanan müraciətdə “yəqin ki, bu saxta audit və ekspertiza rəylərini Məmmədovdan aldığı rüşvət qarşılığında edir” cümləsindəki İddiaçı1 rüşvət verərək, saxta sənəd hazırlaması fikri böhtan olaraq söylənildiyi və həmin müraciət həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı1 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Eyni zmaanda, rəydə qeyd olunub ki, “Onlar bu hazırladıqları saxta ekspertiza rəylətini...” cümləsindəki saxta sənəd hazırlama fikri böhtan olaraq söylənildiyi və həmin müraciət həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı2 şərəf və ləyaqətini ləkləyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Göründüyü kimi, qeyd olunan müraciətdə ilkin iddiaçılar barəsində şər və böhtan xarakterli fikirlər həqiqətən yayılmışdır. Qarşılıqlı iddiaçı da, apelyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı1 və İddiaçı2, onun barəsində təhqir və böhtan xaraketrli, heç bir əsası olmayan ərizələrlə Azərbaycan Respublikası Tibb Universitetinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edərək, onun şərəf və ləyaqətinə və işgüzar nüfuzuna zərbə vurmuşdur. Nəticədə, Cavabdeh iş yerində əvvəlki mövqeyini itirmiş, keçirdiyi dərin psixoloji gərginlik nəticəsində onun səhhətində problemlər yaranmağa başlamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən də görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində istifadə edilən “...etibar və etimadından vicdansızcasına sui-istifadə edərək özbaşınalıqlar etmiş...”, “əsassız formada mənimsəyərək varlanmışdır”, “...uzun müddət göstərilmiş etimad və etibardan sui-istifadə edərək...”, “müxtəlif instansiyalara şər və böhtan xarakterli şikayət ərizələri təqdim edir”, “...külli miqdarda mənfəəti mənimsədiyinə görə...” cümlələrində Cavabdeh insanların etibarından sui-istifadə etməsi, külli miqdarda pul mənimsəməsi, insanlara şər və böhtan atması kimi fikirlər böhtan olaraq söylənildiyi və həmin şikayət ərizəsi həqiqətən yayılmış hesab edildiyi təqdirdə onun şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, qarşılıqlı iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili isə, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, ilkin iddiaçıların şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, hər iki iddia (ilkin və qarşılıqlı) şərəf və ləyaqətin müdafiəsi, vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğuna görə, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələri nəzərdən keçirilmişdir. Həmin maddələrə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, tələbin hüquqi əsası kimi qeyd olunan normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bundan əlavə, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Baxılan işdə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər naziri Mikayıl Cabbarova ünvanlan xx.xx.2018-ci il ci il tarixli müraciətə onların şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına toxunan (rüşvət verərək saxta audit və ekspert rəylərinin alınması barədə) məlumatlar daxil etdiyini bildirirlər. Qarşılıqlı iddiaçı Cavabdeh da öz növbəsində bildirir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gərabəyliyə ünvanlanmış şikayətə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına toxunan (müxtəlif hüquqazidd əməllər tərətməsi barəsəində) məlumatlar daxil edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hər iki iddianın düzgün həlli üçün və bu halların müəyyən edilməsi xüsusi bitlik tələb etdiyindən məhkəmə-linqvistik eskpertizası təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 12906 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 47-ci vərəqəsində Cavabdeh tərəfindən Vergilər Nazirliyinə ünvanlanan müraciətdə istifacə edilən “Yəqin ki bu saxta audit və ekspertiza rəylərini Məmmədovdan aldığı rüşvət qarşılığında edir” cümləsindəki İddiaçı1 rüşvət verərək saxta sənəd hazırlaması fikri böhtan olaraq söylənildiyi və həmin müraciət həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı1 şərəf və ləyaqəti ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarının 47-ci vərəqəsindəki Cavabdeh tərəfindən Vergilər Nazirliyinə ünvanlanan müraciətdə istifadə edilən “Onlar bu hazırladıqları saxta ekspertiza rəylərini...” cümləsindəki İddiaçı2 saxta sənəd hazırlaması fikri böhtan olaraq söylənildiyi və həmin müraciət həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı2 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində istifadə edilən “...etibar və etimadından vicdansızcasına sui-istifadə edərək özbaşınalıqlar etmiş,..”, “...əsassız formada mənimsəyərək varlanmışdır”, “...uzun müddət göstərilmiş etimad və etibardan sui- istifadə edərək...”, “müxtəlif instansiyalara şər və böhtan xarakterli şikayət ərizələri təqdim edir”, “...külli miqdarda mənfəəti mənimsədiyinə görə..." cümlələrində Cavabdeh insanların etibarından sui-istifadə etməsi, külü-miqdarda pul mənimsəməsi, insanlara şər və böhtan atması kimi fikirlər böhtan olaraq söylənildiyi və həmin şikayət ərizəsi həqiqətən yayılmış hesab edildiyi təqdirdə Cavabdeh şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılır. Göründüyü kimi, ekspert tərəfindən mübahisə predmeti olan Cavabdeh tərəfindən Vergilər Nazirliyinə ünvanlanan müraciətdə və İddiaçı1 və İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna ünvanlanmış şikayət ərizəsində qeyd olunmuş yazıların böhtan xarakterli olduğu və yayılması faktı müəyyən edildiyi halda müvafiq olaraq ilkin və qarşılıqlı iddiaçıların şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan məlumatlar sayılacağı bildirilmişdir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna baxmayaraq, işdə olan sənədlərdən görünür ki, nə ilkin iddiaçılar nə də qarşılqılı iddiaçı, sözügedən məlumatların böthan olmasını və yayılmasını, iddia etdiyi zərəri və zərərlə cavabdehin hərəkəti arasındakı uyğun səbəbli əlaqəni təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, sübutetmə yükü baxımından həmin halları sübut etmək iddiaçının üzərinə düşür. Belə ki, Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən Kollegiya bu nəticəyə gəlir ki, nə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2, nə də qarşılıqlı iddiaçı Cavabdeh, MM-in 1096-cı maddəsinin dispozisiya şərtini sübuta yetirə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkməsinin hər iki iddianın rədd etməsi barədə gəldiyi nəticə əsaslıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin İddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1191/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar