Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4642/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, Cavabdehlər İddiaçınə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, Cavabdehlər İddiaçınə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestr qeydinin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(004)-2324/2025 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 112C saylı evin 51 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin mülkiyyətçisi İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış 14 sentyabr 2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi, mübahisəli mənzildən istifadə və ona sahiblik hüququnun tanınması, onunla İddiaçı MMC arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və maliyyə arayışının ona təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2025 saylı, 03 iyul 2025ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbi uzrə icraata “Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsi” tələbi hissəsində xitam verilməsi qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2016cı il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668514 saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51 (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbinin bir hissəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsindən ibarətdir. Belə ki, qeyd olunan çıxarışın verilməsi üçün əsas xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına verilmiş çıxarış olmuşdur. Məhkəmə hesab edir ki, belə kateqoriya işlərə Bakı İnzibati Məhkəməsində baxılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 01 saylı Bakı Ərazi İdarəsi hüquqi şəxsdir və dövlət orqanıdır. Qarşılıqlı iddia üzrə iddiaçı inzibati orqanın hərəkətlərindən, hazırki halda daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** saylı reyestr qeydinin etibarsız hesab edilməsindən şikayət ərizəsi ilə İnzibati məhkəməyə müraciət etməli idi. Bələ ki, hazırki qarşılıqlı iddia tələbinin birinci hissəsini inzibati orqan tərəfindən aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 01 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir.
5. İddiaçı Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi barədə iddialara ümumi yurisdiksiyalı məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi barədə iddialara ümumi yurisdiksiyalı məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2(004)- 2324/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan hesab olunur.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.2 və 2.2.3cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarı: 17-ci bənd. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, etibarsız hesab olunması tələb edilən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 51-ə (yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) dair İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində aparılmış 14 sentyabr 2022-ci il tarixli, ********** saylı reyestr qeydin aparılması üçün əsas ümumilikdə çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun cavabdehin adına qeydiyyata alınması barədə çıxarışdır. Yəni, İddiaçı MMC ilkin olaraq bütün bina üzərində mülkiyyət hüququnu, sonradan məhz həmin qeyd əsasında mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququnu qeydə aldırmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərilən mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair İddiaçı MMC-nin hüquqlarının qeydiyyatı mülki-hüquqi əqdlərin əsasında aparılmamışdır və bu baxımdan tələbə mülki məhkəmə icraatı qaydasında baxılması istisna olunur.
14. Hazırkı mübahisə üzrə qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olduğundan inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(004)- 2324/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2(004)- 2324/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.