Məhkəmə qərarları › İş №2(103)-4647/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4647/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4647/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı сavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(001)-605/2023 saylı qərardadından Cavabdeh2 MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı сavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 MTK tərəfindən vəsatətlə məhkəməyə müraciət edilərək, tərəflər arasında yaranmış mübahisə ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, mənzil inşaatı müqaviləsi hüquqi ünvanı ünvan 1anov rayonunun inzibati ərazisinə aid olan Cavabdeh2 MMC ilə bağlanmış, maliyyə arayışına görə, mənzilin dəyəri iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilmiş, mənzil sertifikatı iddiaçıya Cavabdeh2 MMC tərəfindən verilmişdir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi bina Cavabdeh2 MMC tərəfindən inşa edilmişdir. Pretenziya məktubu da iddiaçı tərəfindən məhz Cavabdeh2 MMC-yə ünvanlanmışdır. Hətta iddia ərizəsinə əlavə edilmiş vəkil orderində də tapşırığın yerinə yetiriləcəyi təşkilat kimi məhz Nərimanov Rayon Məhkəməsi göstərilmişdir. İddia ərizəsində ikinci cavabdeh kimi göstərilmiş Cavabdeh1 MMC ilə isə iddiaçı arasında heç bir əlaqə, hüquqi münasibətlər mövcud olmamışdır. Onların arasında hər hansı əqd bağlanmamış, müqavilə imzalanmamış, qarşılıqlı öhdəliklər yaranmamışdır. Digər Cavabdeh2 MMC ilə də Cavabdeh1 MMC-nin heç bir əlaqəsi, bağlılığı, hüquqi münasibətləri yoxdur. Belə olan halda Cavabdeh1 MMC-nin hazırkı iddiaya cavab verməli olan şəxs olmadığına görə ümumiyyətlə onun cavabdeh qismində cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Lakin iddiaçı hazırkı iddiaya cavab verməli olmadığı açıq-aşkar olan şəxsi cavabdeh qismində işə cəlb etməklə və iddia ərizəsini məhz həmin şəxsin hüquqi ünvanı üzrə verməklə, mübahisənin ərazi aidiyyətinin əsassız olaraq dəyişdirilməsinə nail olmuşdur. İddiaya cavab verməli olan hüquqi şəxs Cavabdeh2 MMC -nin hüquqi və olduğu ünvanı, eləcə də mübahisə predmeti olan mənzilin yerləşdiyi və iddiaçının özünün də rəsmi qeydə alındığı ünvanlar Nərimanov rayonunun inzibati ərazisinə aid olduğu halda nədənsə iddia məhz Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Cavabdeh2 MTK-nın hüquqi və olduğu ünvanı, eləcə də mübahisə predmeti olan mənzilin yerləşdiyi və iddiaçının özünün də rəsmi qeydə alındığı ünvanlar Nərimanov rayonunun inzibati ərazisinə aid olduğuna görə mübahisənin həlli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin deyil, Nərimanov Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(001)-605/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qeyd olunan qərardaddan Cavabdeh2 MTK tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və mülki işin aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət vəsatətin dəlilləri ilə əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(001)-605/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, 2(001)-605/2023 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi vəsatətin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MTK -dan pul vəsaitini tələb edən İddiaçı öz seçim hüququndan istifadə edərək hüquqi ünvanı Binəqədi rayonu olan cavabdehin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə aidiyyət qaydalarına əməl etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, vəsatətdə qeyd olunanlar hazırkı mülki işin ünvan 1anov Rayon Məhkəməsinə göndərilməsi üçün əsas olmadığından vəsatət təmin edilə bilməz. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyrimüəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Мəhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayon ərazidir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərdən - Cavabdeh1 MMCnin hüquqi ünvanının Bakı şəhəri, Binəqədi rayonunda olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırki iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmadığından, iddianın daşınmaz əmlakın olduğu yer üzrə verilməsi üçün əsas olmamışdır. Hazırki iş üzrə də iddia tələbi rəsmi qeydiyyat ünvanı müxtəlif olan bir neçə cavabdehə yönəldiyindən, prosessual qanunvericiliyin tələbləri baxımından da iddiaçının seçiminə görə aidiyyat qaydaları müəyyən edildiyindən və iddiaçının da Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etdiyindən, hazırki mülki işin ərazi aidiyyatı üzrə ünvan 1anov rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(001)-605/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar