Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4648/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı (Cavabdeh2 Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (Cavabdeh2 Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1713/2023 saylı 19 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 16 aprel 2020-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı 16 aprel 2020-ci il tarixdə 46 nömrəli əmrlə "xxxx" Şirkətinə istehsal sahəsinə operator vəzifəsinə işə qəbul olunmuş, 18 may 2020-ci il tarixli 81 nömrəli əmrlə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(001)-3689/2021 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, 1267 nömrəli əmək müqaviləsinə görə işçi operator (qablaşdırıcı) vəzifəsinə işə qəbul edilir. Müqavilənin 4.10-cu bəndinə əsasən işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta ödənişi verilir. Müqavilənin 5.1-ci bəndinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarının qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Müqavilənin 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
3. "xxxx" Şirkətinin direktoru tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 1/2020 nömrəli aktın (İZ Forma) surətindən görünür ki, "xxxx" Şirkətinin operatoru (qablaşdırıcı) İddiaçı 07 may 2020-ci il tarixdə səhər saat 08:00-da işə gəlmiş, sex rəisi Oleksandr Pechorkin tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlamışdır. Nahar fasiləsinə kimi işini bitirmiş, nahar fasiləsindən sonra təqribən 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərmişdir. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açmış, bu zaman ayağı sürüşərək təqribən 3 metr məsafə hündürlükdən liftin şaxtasına yıxılmışdır. Yaxınlıqda olan iş yoldaşları X5, X8 və X3 tez ona yaxınlaşaraq liftin şaxtasından çıxarmışlar. Hadisə barədə sex rəisi O.Pechorkinə məlumat verildikdən sonra o, hadisə yerinə gələrək şirkətə məxsus avtomobil ilə M.X10 Mərkəzə aparmışlar. Bədbəxt hadisənin səbəbi – “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın 4.2.13- cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməməsidir. Əmək qanunvericiliyinin tələblərini pozan şəxs – Adil Məmmədovdur. Bədbəxt hadisənin şahidləri – Nahid Mehralıyev, Amil Babayev və Toğrul İsmayılzadədir. Bədbəxt hadisənin son nəticəsi – xəsarət. Təhqiqat aktı 11 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir.
4. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 may 2020-ci il tarixli, **********89/60 nömrəli Əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) "xxxx" Şirkəti (sığortalı) tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminatından çıxarılmışdır (təminat tarixi - 19 may 2020-ci il, dəyişikliyin tipi - təminatdan çıxarılma, bir illik əmək haqqı fondu - 3.600.0, peşə riskinin dərəcəsi - 4, sığorta məbləği - 0.00, sığorta tarifi - 0.80000 %, geri qaytarılacaq/ödəniş sığorta haqqı - 16.18).
5. 20 aprel 2020-ci il tarixli, **********89/19 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə Əlavə”yə görə İddiaçı nəzərdə tutulmuş sığorta məbləği 51422,77 manatdır.
6. Cavabdeh1 iddiaçının müalicəsinə çəkilən xərclərə dair çıxarışa görə 08 iyul 2020-ci il tarixdə iddiaçıya əmək haqqı qismində 420 manat pul ödənilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022ci il tarixli qərarına görə iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixli 10 yanvar 2027-ci il, əmək qabiliyyətinin itirilməsi faizi 40 faiz göstərilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 27 aprel 2022-ci il tarixli arayışına əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondundan istehsalat zədəsi səbəbindən 3-cü dərəcə əlilliyə görə 120 manat məbləğində sosial müavinət alır. Təyinayın bitmə tarixi 31 yanvar 2027-ci ildir.
9. Cavabdeh2 Sığorta Şirkəti tərəfindən İddiaçı ünvanlandırılmış 03 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Sığorta Şirkəti ilə Cavabdeh1 arasında **********89- 019 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və 23 iyul 2020-ci il tarixdə həmin sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı ödənilmiş və sığorta müqaviləsi 24 iyul 2020-ci il saat 00:01-dən qüvvəyə minmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və İddiaçı hadisə zamanı sığorta olunan olmamışdır.
10. 30 oktyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı istehsalatda xəsarət almasına görə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 direktoru X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) inzibati icraat başlanmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 3(001)- 5341/2020 saylı qərarına əsasən X7 həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində cavabdeh tərəfindən sağlamlığının pozulduğu və işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı nəzərə alınaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə ödəncin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə arasında əmək münasibətləri 2020-ci ilin mart ayının sonlarından başlasa da, əmək müqaviləsi rəsmi qaydada 16 aprel 2020-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə əsasında “operator” (qablaşdırıcı) vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə cavabdehə məxsus “İceland” dondurma istehsalat sexində 07 may 2020-ci il tarixdə işdə olarkən hazır məhsulları liftə yükləmək üçün liftin düyməsini basdıqdan sonra liftin qapısı açılsa da, kabinə gəlməmiş, həmin vaxt döşəmə sürüşkən olduğu üçün ayağı sürüşmüş və ikinci mərtəbədən liftin şaxtasına yıxılmışdır. Tibb müəssisəsində müayinə olunmuş, sağlamlığına ağır zərər vurulduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2020 nömrəli, xx.xx.2020-ci il tarixli İZ aktı tərtib olunarkən qəsdən yanlışlıqlara yol verilmiş, ziyanla bağlı, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almamışdır. Həmin aktda bədbəxt hadisənin səbəbləri kimi “Liftlərin quruluşu və təhlükəsiz istismarı” Qaydalarının müvafiq bəndlərinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. O baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğuna müraciət etmiş, araşdırma zamanı tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1277 nömrəli rəyinə əsasən, onun bədənində aşkar olunmuş xəsarətlər – 1ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi xx.xx.2020-ci il tarixdən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2412 nömrəli rəyində isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunmasının hadisəinin baş verməsini şərtləndirdiyi qeyd olunmuşdur. Daha bir xx.xx.2020-ci il tarixli ekspert rəyində isə 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az-ağır zərərvurmaya aid xəsarət aldığı qeyd olunmuşdur. Binəqədi Rayon Prokurorluğunda müraciəti əsasında qəbul olunmuş xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh1 direktoru X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanması... barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5341/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 direktoru X1 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. O ağır bədən xəsarəti almış, sağlamlığı uzun müddətə pozulmuşdur. Bununla əlaqədar müalicə olunmağına və ömür boyu hər altı aydan bir fizioterapiya keçməyinə ehtiyac yaranmışdır. Bədənində yaranmış fiziki məhdudliyyətlərlə əlaqədar əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunmuşdur. Artıq fiziki əməklə bağlı hər hansı iş görmək iqtidarında deyil. 10 yanvar 2022-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha əvvəl məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 tərəfindən işdən çıxarılmağının qanunsuz hesab edilməsi, cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 81/ƏMX nömrəli əmrinin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və sağlamlığına vurulmuş zərərin kompensasiyası olaraq 50000 manat məbləğin, 10000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, iddiası rədd edilsə də, iş üzrə məhkəmə proseslərində onun işçi kimi icbari qaydada guya vaxtında sığorta olmağı faktı ortaya atılmışdır. Halbuki, Cavabdeh2 Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda barəsində cavabdeh şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı ödənilmiş və sığorta müqaviləsi xx.xx.2020-ci il saat 00:01-dən qüvvəyə minmişdir. Həmin məktubda birbaşa olaraq göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış, o, sığorta olunan olmamışdır. Bu o deməkdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Halbuki, Bakı Apellyasiya Məkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 aprel 2020-ci il tarixli, **********89/19 nömrəli əlavədən görünür ki, qurğu operatoru (dondurucu/süd məhsulları) İddiaçı (sığorta olunan) 0,80000% sığorta tarifi ilə "xxxx" Şirkəti (sığortalı) tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-də (sığortaçı) sığorta olunmuşdur (təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik əmək haqqı fondu 3600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 51422,77, geri qaytarılacaq ödəniş/sığorta haqqı 22.58). Qeyd olunan bu məlumat yanlış və həqiqətdən uzaq olmuşdur. Əmək müqaviləsi bağlanan andan cavabdeh şirkət onu icbari qaydada sığorta etdirməmişdir. Sığorta müqaviləsi saxtalaşdırılmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2023-cü il tarixli 2(001)-1713/2023 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyun 2023-cü il tarixli 2(001)-1713/2023 saylı qətnaməyə düzəliş edilməsi barədə qərardadı ilə (hakim Etibar Mustafayev) qətnamənin “Məhkəmənin mövqeyi” hissəsinin: “Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulan zərərin əvəzi onun orqanizminin funksiyalarının 40 faiz pozulmasına görə sığorta məbləğinin 40 faizi nisbətində ödənilməlidir. İddiaçının əlilliyi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildiyindən, iddiaçı üçün nəzərdə tutulmuş sığorta məbləği kimi 51422,77 manatın 40 faiz nisbəti əlilliyin təyin olunduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla, növbəti müayinə tarixi kimi 10 yanvar 2027-ci ilədək cavabdeh tərəfindən ona aylıq ödənişlər şəklində ödənilməlidir.” cümləsinin aşağıdakı redaksiyada qeyd edilməsi: “Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulan zərərin əvəzi onun orqanizminin funksiyalarının 40 faiz pozulmasına nisbətində ödənilməlidir. İddiaçının əlilliyi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildiyindən, İddiaçı 07 may 2020-ci il tarixdən orta aylıq əmək haqqının 40 faizinin 10 yanvar 2027-ci il tarixədək olan müddət üzrə aylıq ödənclər kimi hesablanmaqla ona ödənilməsi vəzifəsi Cavabdeh1nə həvalə olunmalıdır.”. Qətnamənin “Qət etdi” hissəsinin ikinci sətirinin aşağıdakı redaksiyada verilməsi: “İddiaçı 07 may 2020-ci il tarixdək orta aylıq əmək haqqının 40 faizinin 07 may 2020-ci il tarixdən 10 yanvar 2027-ci il tarixədək olan müddət üzrə aylıq ödənclər kimi hesablanmaqla ona ödənilməsi vəzifəsi Cavabdeh1nə həvalə edilsin.” qərara alınmışdır.
16. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Sığorta şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bunu, sığortalı, yəni Cavabdeh1 LTD tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin qəza baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmış, bunu təkzib edən hər hansı sübut isə Cavabdeh1 LTD tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Halbuki, Cavabdeh1 LTD iddiaçıya münasibətdə işəgötürəndir və onun faktiki müəyyən olunan hərəkətsizliyi nəticəsində iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. İddiaçının istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır. Məhkəmənin qənaətinə görə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş Cavabdeh1 LTD bu vəzifəni yerinə yetirmədiyindən məlum hadisə ilə bağlı iddiaçının qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 16.1, 35.6, Mülki Məcəllənin 21.1, 389.1, 399.1, 405.1, 425.1, 430.1, 883.1, 884.1, 884.3, 884.4, 884.5, 884.6, 884.6-2, 885.1, 897.3, 903.1, 903.4, 903.6, 904.1, 907.1, 907.3, 922.1, 926.1, 926.2, 928, 935.1, 935.1.9, Əmək Məcəlləsinin 9, “Sığorta haqqında” Qanuna, “İcbari sığorta haqqında” Qanuna, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, ”Camal” LTD şirkəti ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış **********89 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin şərtlərinə əsasən Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli Seriya:EBAG olan 293923 nömrəli Cavabdeh1nə təqdim edilən “Elektron Qaimə” üzrə xx.xx.2020-ci il tarixdə Ödəniş tapşırığı №70722420 (168) ilə Cavabdeh1 tərəfindən “Atəşgah Həyat “Sığorta Şirkəti ASC-nin hesabına 2,063.16 sığorta haqqı ödənilməsi ilə sığorta hadisəsi baş verən zaman həmin müqavilənin qüvvədə olmasına baxmayaraq məhkəmə iddia ərizəsini rədd etmək və iddiaçıya əsl cavabdehə - Cavabdeh2Sığorta Şirkəti ASC-yə qarşı iddia qaldırmaq hüququnu izah etmək əvəzinə qanunsuz və əsassız olaraq iddia ərizəsini təmin etmişdir. Həmin müqavilənin qüvvədə olmasını üçüncü şəxs Cavabdeh2 Sığorta Şirkəti ASCnin nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin 17 və 19 may 2023-cü il tarixlərində keçirilən iclaslarında təsdiq etmiş və iddiaçıya sığorta ödənişinin aylıq ödənclər şəklində sığorta şirkəti tərəfindən ödəməyə hazır olduqlarını bildirmişdir. Sığorta haqqı ödənilməsinə dair sübutlar yaddan çıxdığına görə məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Üçüncü şəxs qeyd etdi ki, sığorta ödənişini etməyə razıdırlar.
23. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
25. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
28. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
34. İddiaçının xx.xx.2020-ci il tarixdə istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır.
35. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Sığorta şirkəti müvafiq sığorta ödənişini etməkdən imtina etmiş, bunu, sığortalı, yəni Cavabdeh1 LTD tərəfindən müvafiq sığorta haqqının ödənilməməsi nəticəsində sığorta müqaviləsinin qəza baş verdiyi anda qüvvədə olmaması ilə əsaslandırmış, bunu təkzib edən hər hansı sübut isə Cavabdeh1 LTD tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da müəyyən edilir ki, sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Halbuki, Cavabdeh1 LTD iddiaçıya münasibətdə işəgötürəndir və onun faktiki müəyyən olunan hərəkətsizliyi nəticəsində iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. İcbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş Cavabdeh1 LTD bu vəzifəni yerinə yetirmədiyindən məlum hadisə ilə bağlı iddiaçının qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
36. Göründüyü kimi Cavabdeh1 ilə üçüncü şəxs Cavabdeh2 Sığorta Şirkəti ASC arasında 01 fevral 2020-ci il tarixdə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır.
37. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 12 fevral 2020-ci il tarixli elektron qaimədən, 20 fevral 2020-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh1 tərəfindən 20 fevral 2020-ci il tarixdə 2063,16 manat sığorta haqqı Cavabdeh2 Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir.
38. 20 aprel 2020-ci il tarixli, **********89/19 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə Əlavə”yə əsasən İddiaçı həmin siyahıya əlavə edilmiş və sonuncu üçün sığorta məbləği 51422,77 manat nəzərdə tutulmuşdur.
39. Mülki Məcəllənin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
40. Məcəllənin 906.1-ci maddəsinə görə icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
42. Göründüyü kimi cavabdeh ilə Sığorta Şirkəti arasında icbari sığorta müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, 20 fevral 2020-ci il tarixdə isə sığorta ödənişi edilmişdir.
43. İddiaçının sağlamlığının pozulması ilə nəticələnin istehsalat qəzası 07 may 2020-ci il tarixdə baş vermişdir.
44. İstehsalat qəzası baş verən zaman sığorta müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda hazırki tələbə cavab verməli olan şəxs işəgötürən deyil, Sığorta Şirkətidir.
45. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
46. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh1 deyil, Cavabdeh2 Sığorta Şirkəti ASC olmalıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil.
48. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədu Rayon Məhkəməsinin 2(001)-1713/2023 nömrəli iş üzrə 19 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1nə qarşı (Cavabdeh2 Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istehsalat qəzası nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.