Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4648/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qeyri-yaşayış sahəsindən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1 otaqlı yaşayış sahəsi 10,0 kv.m olan xidməti mənzilində yaşayan Cavabdeh1 mənzilinə bitişik olan sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt etmiş və oratadan istifadə edir. Həmin əraziyə xidmət göstərən MKİS tərəfindən cavabdehə həmin qeyri-yaşayış sahəsinin boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina edir. Bununla da Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi AR MM-nin 152-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Qeyd olunanlara nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Bununla yanaşı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən ümçüncü şəxs qismində cəlb edilmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdehlərdən Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər.
6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 2 olan qeyri-yaşayış sahəsinin guya ona aid olmasını iddia etsə də, onu təsdiq edən hər hansı bir sənəd, sübut Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə məhkəmə tərəfindən müəyyən edilən hallar bəndində qanunsuz olaraq göstərmişdir ki, guya ünvan 3 saylı bina Bakı şəhəri Nəsimi rayon Kommunal Təsərrüfat Birliyinin balansındadır. Məhkəmə isə bu faktı təsdiq edən hər hansı bir mötəbər sənədə istinad etməyərək qanunsuz qətnamə çıxarmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, qeyd etdilər ki, digər cavabdehlər ailə üzvləridi, hazırda işdədirlər, məhkəmə iclasından məlumatlıdırlar. Cavabdehlər əlavə olaraq bildirdilər ki, hazırda yaşadıqları sahənin ətrafında olan sahədən də istifadə edirlər. Onların başqa yaşayış yeri yoxdur. Birinci instansiya məhkəməsi isə mübahisəli sahənin iddiaçıya aid olub-olmamasını araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, cavabdehə həmin ünvanda 10.kv.m. xidməti sahə ayrılmış, buna baxmayaraq cavabdeh onların balansında olan sahəni də özbaşına zəbt etmiş, dəfələrlə təklif edilməsinə əhəmiyyət verməmiş və zəbt etdiyi sahəni boşaltmaqdan imtina etmişdir, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X.İbrahimov izahatında bildirdi ki, ünvan 3 ünvanında yerləşən bina iddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, şikayət əsassızdır.
10. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 41 saylı MKİSdən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 , Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1-ci mərtəbəsində yerləşən mənzilində yaşayırlar.
13. 25.07.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehlər heç bir müvafiq sənəd olmadan zəbt edib istifadə edirlər. Qeyri-yaşayış sahəsinin boşaldılması barədə rəzmi xəbərdarlığı qəbul etməkdən imtina etmişdirlər.
14. AR iqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 mart 2024-cü il tarixli, 2-21-3/2-3885/2024 nömrəli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
15. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Hazırkı işin hallarına görə ünvan 3 ünvanında yerləşən bina Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evə bitişik sahəsi 85.0 kv.m olan qeyri-yaşayış sahəsində faktiki olaraq yaşayaraq istifadə edirlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdirlər.
37. İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
38. Cavabdeh tərəf həm şikayətində, həm də izahatında iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasına istinad etmişdir.
39. Halbuki mülki iş materiallarında olan AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 mart 2024-cü il tarixli, 2-21-3/2-3885/2024 nömrəli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı ev Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında qeydiyyata alınmışdır. Belə olan halda məlum olur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.
40. Beləliklə, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini hər hansı qanunu əsas olmadan, özbaşına zəbt etdiyindən, birinci instansiya məhkəməsi ona aid hissədə düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Bununla da, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:
43. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.