Məhkəmə qərarları › İş №2(103)-4655/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4655/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4655/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(006)-492/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumun apellyasiya və kassasiya şikayətlərinə əsasən cinayət işinə apellyasiya və kassasiya instansiyası məhkəmələrində bir neçə dəfə baxılmış, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir.

2. Həmin cinayət işi üzrə 22 may 2019-cu ildən 10 avqust 2021-ci ilədək 2 il 2 ay 19 gün müddətində İddiaçı qanunsuz olaraq həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə 80000 manat, mənəvi və fiziki zərərə görə 50000 manat, cəmi 130000 manat pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunsuz olaraq azadlqıdan məhrum olunması nəticəsində ona maddi, mənəvi və fiziki zərər dəymişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-492/2022 saylı iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 26000 manat pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X2)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı 22 may 2019-cu ildən 10 avqust 2021-ci ilədək olan dövrdə qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona mənəvi zərər dəymişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1101.1-ci maddələrinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq delikt törətmiş şəxs kimi dəyərləndirilmiş, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin vəsaitin sonradan dövlət büdcəsinə qaytarılması barədə heç bir izah verilməmiş, qət olunan pul vəsaiti dövlət büdcəsindən tutularkən onun icrasının qeyri-mümkün olacağı nəzərə alınmamışdır. Bundan əlavə, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı mənəvi zərər vurulmadığı halda, nazirlik cavabdeh şəxs kimi cəlb olunmuş, işdə hər hansı sübut olmadığı halda, iddia qismən təmin olunmuşdur. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, məhkəmə qərarında göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nüşabə Ağayeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”

Maddə 1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına əsas yoxdur.

15. İş materiallarından görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumun apellyasiya və kassasiya şikayətlərinə əsasən cinayət işinə apellyasiya və kassasiya instansiyası məhkəmələrində bir neçə dəfə baxılmış, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində həmin cinayət işi üzrə 22 may 2019cu ildən 10 avqust 2021-ci ilədək 2 il 2 ay 19 gün müddətində İddiaçı qanunsuz olaraq həbsdə saxlanılmış və azadlıqdan məhrum edilmişdir. Qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum olunma nəticəsində İddiaçı mənəvi əzab və sarsıntı keçirməsi şəksizdir. Buna görə də birinci instansiya məhkəməsi işin faktiki hallarını və İddiaçı keçirdiyi mənəvi əzab və sarsıntının dərəcəsini, habelə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi 26000 manat pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

17. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Apelyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir.

19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-492/2022 saylı mülki iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar