Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4656/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Garage Parking” MMC-nin Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4656/2023 (Açar sözlər: əldən çıxmış faydanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(009)- 348/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağının giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə qarajın giriş hissəsində baryerə vurulmuş ziyan nəticəsində baryerin bərpası məqsədi ilə qarajın fəaliyyətinin 3 saat müddətinə dayandırılması nəticəsində məruz qaldığı zərərlə bağlı əldən çıxmış faydaya görə hesablanmış 510 manat məbləğində zərərin və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 540 manat pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutularaq şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağının xx.xx.2022-ci il tarixdə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə dayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir. Həmin baryerin bərpası məqsədi ilə qarajın fəaliyyəti 3 (üç) saat müddətinə məcburən dayandırılması səbəbindən şirkət adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər əldə edə bilməmiş, nəticədə maddi zərərə məruz qalmışdır. Bu da özünü şirkətin zərərlə nəticələnən əldən fayda çıxarmasına səbəb olmuşdur. Hesab edirlər ki, İddiaçı MMC şirkətinin əmlakına Cavabdeh idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfindən qarajın giriş hissəsindəki baryerə zərər vurulması nəticəsində 3 saat müddətinə qarajın giriş hissəsinin dayandırılması və beləliklə də, qaraja avtomobillərin girişinə maneə olunması şirkətin həmin müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etdiyindən əldən çıxmış fayda qismində ziyana görə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, 3 (üç) saat ərzində vurulmuş zərərin məbləği 510 manat həcmində hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.1-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-348/2023 saylı, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1-ci maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olduğu qənaətinə gələrkən əsaslandığı hallardan biri olaraq əldən çıxmış faydanın yaranmasında iddiaçının, yəni qarajın özünün zərərin yaranmasına və artmasında guya göstərdiyi “hərəkətsizlik” əsas olaraq gətirilmişdir. Halbuki, işin halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsinin təsvir hissəsində qeyd etdiyi hallar qətnamənin əsaslandırma hissəsi ilə uyğunluq təşkil etmir. Belə ki, qətnamənin təsviri hissəsində işin həqiqi hallarına uyğun olaraq qeyd edilmişdir ki, 3 saat ərzində müvəqqəti təmir işləri aparılmış, qaraj işlək hala gətirilmiş, sonrakı təmir işləri isə daha az maşının gəldiyi vaxt olan gecə saatlarına təxirə salınmış və tam təmir edilmişdir. Göründüyü kimi məhkəmə özü də təsvir hissəsində və məhkəmə iclasında da dəfələrlə qeyd edildiyi kimi qarajın təmir işləri gün ərzində və maşınların hərəkətinin dayandırılmaması, yəni, şirkətin daha çox itkiyə məruz qalmasının qarşısının alınması üçün maşınların giriş-çıxışının daha az olduğu saatda 01:20-də əsaslı təmir olunması üçün saxlanmışdır. Bu öz əksini "xxxx" MMC servis mərkəzi tərəfindən verilmiş qüsur aktında da öz əksini tapmış ve birinci instansiya məhkəməsinə təqdim olunmuş, iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində servis xidmətinin gələrək baryeri işlək hala salmasını və 14:19-da qaraja daxil olmasını göstərərək qaraja daxil olmanın məhdudlaşmasını MMC-nin öz təşəbbüsündən irəli gəldiyini qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, nəinki İddiaçı MMC üçün, heç bidigər kommersiya şirkəti üçün bilərkdən öz gəlirindən məhrum olmaq onun maraqlarına uyğun deyil. Bu səbəbdən onların qarajın bilərəkdən aktiv olduğu halda fəaliyyətinə məhdudlaşdırmaq kimi bir məqsədləri olması hər şeydən öncə öz mənfəətlərinə zidd olardı. Digər tərəfdən, servisin qüsur aktı hələ özü 14:48-də tərtib olunmuş və test üçün 14:19-da servisin öz avtomobili qaraja daxil olaraq şlaqbaunun motoru yoxlanılmış və daha sonra texniki işlər yenidən davam etdirilmişdir. (Qeyd edildiyi kimi qüsusr aktı özü hələ saat 14:48-də tərtib olunmuşdur). Terminal müvəqqəti olaraq yerinə möhkəmləndirilmiş, sonra 16:16-da əraziyə, yəni qaraja avtomobillər daxil olmağa başlamışdır ki, bunu da təsdiq edən qarajın daxili mərkəzləşdirilmiş giriş sistemindən əldə edilmiş arayış birinci instansiya məhkəməsinə təqdim edilmişdir və sübutlara uyğun olaraq izahat verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
24. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin 21 dekabr 2022-ci il tarixli, 144 nömrəli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağı İddiaçı MMC şirkətinə məxsusdur. Qeyd edilən avtomobil dayanacağında xx.xx.2022-ci il tarixdə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə dayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 saatlıq fasilə yaranmış və həmin vaxt ərzində şirkətə dəyən zərər 510 manat məbləğində qiymətləndirilmişdir. Qəza həftənin cümə axşamı günü baş verdiyindən məbləğ də uyğun olaraq həftənin həmin günləri avtomobil dayanacağından gündüz vaxtı əldə edilən gəlirin ortalama məbləğinə əsasən hesablanmışdır
25. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 141 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, idarəetmədə olan “Toyota Yaris” markalı, **-HE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə torətdiyi hadisə nəticəsində şirkətin idarəetməsində olan və Azərbaycan prospekti 2 ünvanında yerləşən dayanacağın giriş hissəsində yerləşən baryerə ağır zədə yetirilmişdir. Həmin baryerin təmir edilməsi məqsədilə, qarajın fəaliyyəti 3 saat müddətinə dayandırılmış, bu isə öz növbəsində 510 manat məbləğində gəlirin əldən çıxmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu məktub rəsmi qaydada alındığı tarixdən etibarən 10 gün müddətində 510 AZN məbləğində əldən çıxmış faydanın İddiaçı MMC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. Əks təqdirdə, qeyd olunan məbləğin ödənilməsi məqsədilə məhkəməyə müraciət ediləcəkdir.
26. İddiaçı MMC-nin 152 nömrəli, 16 mart 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan pr., 2 ünvanında yerləşən avtomobil dayanacağı İddiaçı MMC şirkətinə məxsusdur. Qeyd edilən avtomobil dayanacağında xx.xx.2022-ci tarixdə Cavabdeh özünə məxsus “Toyota Yaris” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə avtodayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir. (Görüntülərin əks olunduğu “disk” qoşmada əlavə olunur). Törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 saatlıq fasilə yaranmış və həmin vaxt ərzində şirkətə dəyən zərər 510 manat məbləğində qiymətləndirilmişdir. Qəza həftənin cümə axşamı günü baş verdiyindən məbləğ də uyğun olaraq həftə içi və keçən həftənin həmin günü avtomobil dayanacağından əldə edilən gəlirin ədədi ortasından xx.xx.2022-ci il tarixində əldə olunan mədaxil gəliri çıxılaraq hesablanmışdır. Belə ki, hadisənin baş verməsindən yəni, həftənin cümə axşamı günü xx.xx.2022-ci il tarixdən hadisənin baş verməsindən öncəki gün, qeyd edilən qarajın gündəlik mədaxil gəlirlərini əks edərin sənədə əsasən: -xx.xx.2022-ci il tarixdə qarjın gündəlik gəliri 2.360 manat; xx.xx.2022-ci il tarix üçün 2.353 manat; hadisənin baş verdiyi gündən xx.xx.2022-ci il tarixdən, yəni həftənin cümə axşamı günündən bir həftə öncəki həftənin cümə axşamı günü xx.xx.2022-ci il tarix üçün isə mədaxil gəliri 2.412 manat təşkil edir. Beləliklə, hesablamanın düzgünlüyü və ədalətli olması məqsədi ilə hadisənin baş vermə günü “həftə içi” həftənin cümə axşamı olduğundan, hesablama üçün də hadisədən öncəki məhz “həftə içi” günləri üzrə mədaxil gəlirləri əsas götürülmüşdür. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri üzrə mədaxil gəlirlərinin ədədi ortası (2.360 AZN+2.353 AZN+2.412 AZN)/3=2.375 AZN (qarajın günlük ortalama mədaxil gəliri)-1.865 AZN (xx.xx.2022-ci il hadisə günü üzrə əldə edilmiş mədaxil gəliri)=510 manat.
27. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, çağırışın səbəbi Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtodayanacağın giriş baryerində qəza baş verməsi olmuşdur. Çağırış xx.xx.2022-ci ildə olmuş, təsbit və əməliyyatlar 13.102022-ci il tarixində saat 14:48 radələrində və xx.xx.2022-ci il tarixində saat 01:20 radələrində aparılmışdır. Təsbit edilmişdir ki, 1. Giriş baryeri qəza səbəbiylə ağır zədələnib. 2. Baryer qolu əzilib, qol yenisi ilə dəyişdirilməli, qırılma mexanizmi təmir olunmalıdır. 3. Beton kaidə və ankoraj tamamilə dağılıb. 4. Rabitə və enerji qoşulmaları ayrılmalı, düzəlişdən sonra yenidən qoşulmalıdır. 5. Motor, redüktor və gərgi yayı tərəzlənməlidir. 6. Baryer gövdəsindəki boya zədələri, çizilmələr var. Servis imkan daxilində bərpa etmək mümkün deyil. Aparılmış əməliyyatlar: 1. İşlək hala salınıb. Boya işləri, yeni baryer yolu qoyulmayıb. 2. Hazırda yeni baryer qolu olmadığı üçün yenisi ilə dəyişdirilmədi. 3. Beton kaidə yeniləndi. Ankorajlar yeniləndi. 4. Rabitə və elektrik qidalandırma qoşulmaları təmir öncəsi ayrıldı. Baryer kabinəti, beton və ankoraj təmiri bitəndən sonra yerinə qoyuldu. Qoşulmalar bağlandı. Test edilib işə salındı. 5. Motor, redüktor və gərgi yayı tərəzləndi. 6. Baryer kabinəti və qapağındaki boya defektləri düzəldilmədi.
28. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Hazırki iş üzə iddiaçı cavabdehin idarə etdiyi avtomobillə ona məxsus avtodayanacağın giriş hissəsindəki baryeri zədələdiyi üçün dayanacağın fəaliyyəti 3 saat dayandığından, həmin 3 saat ərzində əldə ediləcək gəliri cavabdehdən tələb edir.
30. Lakin kollegiya hesab edir ki, iddiaçı tərəf qeyd etdiyi 3 saat ərzində İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağına ödənişli əsaslarla avtomaşınlar daxil olmaq istəyərkən, baş vermiş qəza nəticəsində yaranmış fasilə ilə əlaqədar onların avtoparka daxil ola bilməməsinə və beləlikdə də şirkətin həmin müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir
31. Bundan başqa, iddiaçının törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 saatlıq fasilə yaranması və həmin vaxt ərzində şirkətə dəyən zərərin 510 manat məbləğində qiymətləndirilməsinin əsası kimi qəzanın həftənin cümə axşamı günü iddiaçının törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 saatlıq fasilə yaranması və həmin vaxt ərzində şirkətə dəyən zərərin 510 manat məbləğində qiymətləndirilməsinin əsası kimi qəzanın həftənin cümə axşamı günü baş verdiyindən məbləğin də uyğun olaraq həftə içi və keçən həftənin həmin günü avtomobil dayanacağından əldə edilən gəlirin ədədi ortasından xx.xx.2022-ci il tarixində əldə olunan mədaxil gəliri çıxılaraq hesablanmasına istinad etməsinə tənqidi yanaşılması və əsassız sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, kollegiya da vurğulayır ki, bu yanaşma yuxarıda göstərilən halın, yəni həqiqətən də 3 saat ərzində avtoparka ümumilikdə neçə avtomaşının gəlməsini, lakin baş vermiş qəza nəticəsində avtodayanacağın giriş hissəsində yerləşən (avtomobillərin girişi üçün nəzərdə tutulmuş) baryerin təmir işləri getdiyi üçün daxil ola bilməmələrini təsdiq edən sübutlar təqdim edildiyi halda inandırıcı və əsaslı olardı.
32. İddiaçı tərəf keçən müddət ərzində yalnız 13.30-dan 16.16-ya qədər olan vaxt kəsiyində əldə edəcəyi gəlirləri əldən çıxmış fayda kimi qiymətləndirir, lakin bunu təsdiq edən mötəbər sübutlar təqdim etməyərək öz mülahizəsinə uyğun hesablama apaqmaq yolu ilə cavabdehdən məruz qaldığı zərərlə bağlı əsassız olaraq əldən çıxmış faydaya görə hesablanmış 510 AZN tələb edir və tələbinin əsası kimi istinad etdiyi halları baş verə biləcək hadisələrin (baryerin üçüncü şəxslərin avtomobilinin üzərinə düşməklə zərər vura bilməsi kimi) ehtimalı üzərinə qurmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, saat 14.19-da servisin avtomaşını baryerdən təhlükəsiz qaydada keçdiyi və 14.48-də rəy tərtib edildiyi halda, saat 16.16-ya qədər olan vaxt ərzində avtoparka giriş məhz iddiaçı tərəfin öz təşəbbüsü ilə ehtimal etdiyi hallarla (baryerin 3-cü şəxslərin avtomaşınına zərər vura bilməsi ilə) əlaqədar məhdudlaşdırılmışdır. Belə olan halda baryerin təmirindən sonra fasilənin yaranması iddiaçının öz təşəbbüsü ilə baş verdiyindən cavabdehin onun qarşısında zərərlə bağlı məsuliyyətinin yaranması üçün hüquqi əsas yaranmamışdır.
34. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-348/2023 saylı iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova