Məhkəmə qərarları › İş №2(103)-4660/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4660/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4660/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyeva Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh QSC ilə arasında bağlanmış 06.12.2013-ci il tarixli və 09.07.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən törədilən qanun pozuntuları səbəbi ilə ona dəymiş mənəvi zərərə görə 20.000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, X5 arasında 06.12.2013-cü ildə bağlanmış uzun müddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyasının verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma formasında bağlanan razılaşmalar üzrə borclu Samir Ağayev öhdəliklərinin Bank qarşısında icrasının təmin etmək üçün ona məxsus daşınmaz əşya ipoteka qoyulmuşdur. 06.12.2013-cü ildə bağlanmış uzun müddətli kredit müqaviləsində kredit müqaviləsinin mühüm şərti olan faiz dərəcəsi barədə razılıq əldə edilməmiş və borc həmin ipoteka müqaviləsində iddiaçının konkret olaraq Samir Ağayevin hansı öhdəliyinin icrasını təmin etmək üçün hansı faiz dərəcəsi ilə hansı müddətdə mülkiyyətində olan əmlakı ipoteka qoyduğu göstərilməmişdir. Bu durum iddiaçının hüquqlarını pozduğu kimi, Azərbaycan Respublikasının ipoteka qanunvericiliyinin imperativ normalarına da ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, 06.12.2013-cü il tarixli 03L00009842 saylı Samir Ağayevlə Cavabdeh QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən, S.Ağayevə 36 ay müddətinə aylıq 1,5 faiz dərəcəsilə 70.000 ABŞ dolları kredit verilmişdir. 09.07.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, S.Ağayevlə Bank arasında 06.12.2013-cü ildə bağlanmış uzun müddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyasının verilməsi” haqqında müqavilə, “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan razılaşmalar üzrə S.Ağayevin Bank qarşısında öhdəliklərinin icrasının təmin etmək üçün tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində icarədə olan 0,005 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 39,9 kv.metrdən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra da 3 il müddətinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31.08.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Samir Ağayev, Malik Ağayev və İddiaçı müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə 62.421,50 ABŞ dolları kredit borcu, 3.130,95 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 65.602,45 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulmuş, tutma İddiaçı məxsus Sumqayıt şəhəri 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri-yaşayış binasına və ünvan 1 mənzil 47-ə yönəldilmiş, Sumqayıt şəhəri 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 24.000 ABŞ dolları (hərracın keçirildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla); ünvan 1 mənzil 47-nin ilkin satış qiyməti isə 52.155,95 manat müəyyən edilmiş, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının və mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 65.602,45 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla Cavabdeh QSCyə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Samir Ağayevin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.08.2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 47 saylı mənzilin ilkin satış qiyməti 69.596 manat və Sumqayıt şəhəri 14-ci məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 40.096 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.01.2019-cu il tarixli qərarı ilə cavabdeh Samir Ağayevin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi 31.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Samir Ağayevin Cavabdeh QSC-yə qarşı “06.12.2013-cu il tarixli 03L000009842 nömrəli kredit razılaşmasının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Baxılan işdə qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 06.12.2013cü il və 09.07.2015-ci il tarixli ipoteka müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Çünki, müqavilənin tərəfləri ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqaviləni bağlayaraq imzalamışlar. Həmçinin mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. O cümlədən Zülfıyyə Həşimova 06.12.2013-cü il və 09.07.2015-ci il tarixli ipoteka müqavilələrinin bağlanmasından 7 il və 5 il keçdikdən sonra 14.09.2020-ci il tarixli əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-449/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar