Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4664/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1146/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehdən ona dəymiş maddi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi isə 20,000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Bakı şəhəri, Maştağa qəsəbəsi sakini X2 adlı bir şəxsə 38,000 ABŞ dolları borcu olub. Bu borcun qaytarılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinin 07.03.2016-cı il tarixli 2(008)- 874/2016 saylı qiyabi qətnaməsi mövcuddur. Həmin qətnamə əsasında məhkəmə icraçısının təqdimatı ilə 07.02.2018-ci il tarixli qərardadla X1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakına həbs qoyulmuşdur. Lakin sonradan Sabuncu Rayon Məhkəməsi tərəfindən 07.02.2018-ci il tarixli 8(008)-328/2018 saylı qərardadla əmlak üzərindən həbs götürülmüşdür. Həbs götürüləndən sonra əmlak sahibi göstərilən ünvandakı əmlakı ona Notariat qaydasında 15.03.2018-ci il tarixdə alqı-satqı müqaviləsi vasitəsi ilə satmışdır. Cavabdeh bu alqı-satqının qeyri-qanuni olduğu tələbi ilə heç bir hüquqi ixtiyarı olmadan onun maraqlarına toxunan və eləcə də birbaşa ona qarşı iddialarla məhkəmə çəkişmələrindən əl çəkmir. Məhkəmə araşdırmalarının ardıcıllığı aşağıdakı kimidir: 1) Bakı Apellyasiya Məhkəməsi iş 8(103)-712/2019 20.11.2019-cu il; 2) Sabunçu Rayon Məhkəməsi iş 8(008)-62/2020 11.02.2020-ci il; 3) Bakı Apellyasiya Məhkəməsi iş 8(103)- 215/2020 03.03.2020-ci il; 4) Nəsimi Rayon Məhkəməsi iş 2(006)-2623/2020 31.08.2020-ci il. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1146/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1146/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərəzli qətnaməsi ilə AR MPM-sinin 385-ci maddəsinin bütün bəndlərinin tələbi pozulmuşdur. Yəni, Prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən və mühüm əhəmiyyətli hallar aydınlaşdırılmadığından birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. İşdə olan məhkəmə çıxışının əlyazmasından, iddia ərizəsindən və beş məhkəmə qərardad və qətnamənin surətlərindən göründüyü kimi Cavabdeh iddiaçının və ailəsiin rahatlığını davamlı olaraq bir il ərzində pozmuş, bununla sağlamlığında psixoloji problemlər yaratmaqla bərabər həm də xeyli maddi ziyan vuraraq işgücündən etmişdir. Bu bir il ərzində 20-dən çox Məhkəmə “Bildirişi” almışdır. Qərəzli və ədalətsiz iddialardan özünü müdafiə etmək üçün hüquqi yardıma, nəqliyyata, telefon danışıqlarına və sairə xeyli pul xərcləmişdir. Həm də psixoloji durumum pozulduğundan fəaliyyət qabiliyyətini qismən itirməyi nəticəsində də maddi ziyana düşmüş, yəni bəzi gəlirlərindən məhrum olmuşdur. Belə ki, AR MM-nin 16.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə etməsinə yol verilmir. Əgər belə bir hal baş verərsə, o halda AR MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən vumlmuş maddi və mənəvi zərər kompensasiya edilməlidir. AR MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hüquqi hallara və tərəflərin razılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. AR Ali Məhkəməsinin Plenumun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü maddəsinə görə “Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks edilmiş olsun. Məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. Azərbaycan Respublikası Konstitusiyasının 25 maddəsinin 1 -ci hissəsinə əsasən hamı qanun və Məhkəmə qarşısında bərabərdir. Birinci İnstansiya Məhkəməsi Qətnamə qəbul edərkən qərəzli mövqe tutmuş və bu maddənin tələbini pozmuşdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 712/2019 saylı, 27.11.2019-cu il tarixli qəradadından görünür ki, cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-328/2016 saylı, 07.02.2018-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilərək həmin qərardad ləğv edilmiş və yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2623/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin iddiaçıya qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8565/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Habelə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi, İİ hissəsində hər kəsin onun işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması, İİİ hissəsində hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək kimi təməl hüquqlarının olması təsbit edilmişdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi də hər kəsin, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını müəyyən edir. İşin hallarına və sadalanan hüquq normalarının tələblərinə əsasən kollegiya qeyd edir ki, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan istifadə etməsi onun konstitusion (təməl) hüququ kimi qanunla qorunduğu halda, bu hüququn həyata keçirilməsinin hər hansı yolla qarşısının alınması qanunvericiliyə ziddir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdehin ona qarşı əvvəllər qaldırdığı əsassız iddialara görə məhkəmə iclaslarında iştirak etdiyini və ona 5000 manat maddi zərər dəydiyini iddia edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Lakin iddiaçı cavabdehin ona qarşı qaldırdığı iddialara görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsindən ibarət mövqeyi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, iddiaçının apllyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1146/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4664/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4664/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver