Məhkəmə qərarları › İş №2(103)-467/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-467/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-467/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X7, Üçüncü şəxs Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1897/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi Kəlbəcər rayonunun işğal edilməsi ilə əlaqədar olaraq 1993-cü ildən müvəqqəti olaraq Gəncə, Şamaxı, sonra isə Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilində məskunlaşmışlar. Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən (İddiaçı adına) 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010cu il tarixli, 180 saylı qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11-ci mənzili (himayəsində İ dərəcəli əlil bacısı X5 olmaqla) İddiaçı verilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzili onlara təqdim olunarkən qarşı tərəfdən “mənzillə bağlı narazılığınız varmı, yoxmu” sualı verilmədən onlara müqaviləni imzalatdırmışlar. May ayının əvvəlində mənzillərin təmirinin yararsızlığı ilə bağlı Ehtiqad adlı nümayəndəyə narazılığını şifahi şəkildə bir neçə dəfə bildirmiş, Ehtiqad telefonla zəng edərək ona demişdir ki, “həmin binanın təmiri ilə məşğul olan şirkət rəhbərliyindən sizinlə əlaqə saxlanılacaqdır”. Nəhayət ki, İlqar adlı bir şəxs (prorab) mobil nömrəyə zəng edərək görüş vaxtı müəyyənləşdirmişdir. Mənzildə divarların əyriliyini, döşəmə ayaq qoyan kimi altındakı taxtalarının hədsiz şəkildə boşluqdan möhkəm səs çıxarması və aralı vurulmasını, döşəmə üzərindəki düyünlərin yaratdığı problemi, elektrik yuvalarının çox təhlükəli və yararsız vəziyyətdə olduğunu, çanağın (unitazın) sınıq olduğunu, qaz turbasının yerindən çəkilmədiyini, tavandan başlarına dəfələrlə su axdığını, eyvanın səkisinin kənarının uçuqsökük yararsız vəziyyətdə olduğunu, divar kağızlarının və divara vurulan emulsiyanın qabarıb tökülməsini, hamam-tualetin kafellərinin uçub tökülmə vəziyyətində olduğunu, metlaxın arasında hədsiz şəkildə olan geniş məsafələrin olduğunu, vannaya duşdan axan suyun vannanın trapından deyil, vannanın dəliyindən axdığını, bu səbəbdən də aşağıda yaşayan qonşunun başına su və kanalizasiya suyunun dayanmadan töküldüyünü, istilik sistemi üçün çəkilmiş borulara balaca toxunan kimi alt qonşunun mənzilinə qum-torpaq tökülməsini, həmçinin metlaxın altından beton vurmaq əvəzinə kağız sement kisələri ilə doldurulmasını, oradan alt mərtəbədəki qonşunun hamam tualetinin görsəndiyini, kanalizasiya borularının lazımi qaydada yapışdırılmadığını, bu səbəbdən dəfələrlə həmin qonşunun və anasının onlara xəbərdarlıqlar etdiyini bildirmişdir. Bir neçə gün sonra həmin İlqar adlı şəxs bildirmişdir ki, “döşəməyə nəinki maşın saldırmaq, ümumiyyətlə əl vurdurmaq lazım deyil, sadəcə bir qab lak verəcəm kifayət edəcək ki, döşəmə yaxşı vəziyyətə düşsün”. Məcbur qalıb onunla razılaşmış, lakin bunun heç bir xeyri olmamışdır. Şəhərciyin MİS-in rəhbəri Ziyad müəllimə də əvvəlcədən bu barədə bildirmiş, o özü gəlib baş verənləri öz gözü ilə görsə də, nədənsə akt verməkdən imtina etmişdir. Sonra şirkətin prorabı İlqarın (070) ***-**-** saylı mobil nömrəsinin “whatsapp”ına mənzilin vəziyyəti ilə bağlı videogörüntünü və səsi Ziyad müəllimin “whatsapp” nömrəsinə göndərmişdir. O, cavab olaraq “Şirkətə deyərəm, gəlib kömək edərlər” demişdir. Lakin bu günə kimi də heç bir reaksiya verilməyibdir. Cavabdehlərin bu cür laqeydlikləri onları əsəb xəstəliyinə salıbdır. 16 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasından verilmiş arayışda da bu öz təsdiqini tapır. Bacısı etibarnamə üzrə onu bir çox yerdə təmsil etdiyindən ən çox əsəbi, stressi də məhz elə bacısı yaşayıb. Əsəb psixoloji sarsıntılardan artıq onda beyin işemiyasının əlamətlərinə gətirib çıxarmışdır və bu üzdən davamlı şəkildə ambulator müalicələr alaraq bu şirkət tərəfindən mənəvi-psixoloji-emosional zorakılığa məruz qalmışlar. Göründüyü kimi, cavabdeh "xxxx" MMC mənzillərini təmir etməmiş, mənzildə yaşamaq mümkün olmamışdır. Məcburiyyət qarşısında qalıb mənzili qohumlardan borc alaraq özləri təmir etdirmişlər. Həmin mənzilin təmirinə ümumilikdə 26.000 manat məbləğində pul xərcləmişlər. Mənzilin yararsız vəziyyətdə olması barədə Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə və "xxxx" MMC-yə dəfələrlə (012) ***-**-** saylı və digər şəhər nömrələrinə zəng edib vəziyyəti demiş, müraciətlərini sadə məktublar şəklində, sonra isə əlində olan qəbzlərə əsasən xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin şirkət ilkin müraciət məktublarını alıb, heç bir cavab verməmiş, 21 fevral 2020-ci il tarixdə təkrar müraciət məktubuna bu dəfə də ünvanın dəqiq göstərilmədiyini qeyd edib geri qaytarmışlar. Nəhayət ki, iddia ərizəsini məhkəməyə təqdim etdikdən 2 ay sonra cavab gəlmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun onun ünvanına göndərdiyi 11 iyun 2020-ci il tarixli, 801 saylı məktubunda qeyd edilmişdir ki, “yaşadığınız mənzilin təmir edilməsi barədə Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, mənzilinizin təmiri cari təmir hesab edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı müvafiq müqavilənin 2-ci bölməsinin 2.4.6-cı bəndinə əsasən mənzilin cari təmiri mənzil sahibinin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən müraciətinizin müsbət həlli imkan xaricindədir”. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzilinin təmirinə çəkilmiş 26.000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dən və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsindən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(007)-1897/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki halları araşdırılmamış, ona obyektiv hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarılmaqla Qanunun aliliyi prinsipi pozulmuşdur. Məhkəmə qətnaməsi ciddi prossesual pozuntularla qəbul edilmişdir. Belə ki, mülki iş üzrə hazırlıq iclasında sadəcə bacısı olan nümayəndəsi iştirak etmiş, daha sonralar məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmamışdır. Nümayəndəsi olan bacısı COVİD-19 virusuna yoluxduğu üçün (bu barədə məhkəməyə məlumat verilmişdir) məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarının daha sonrakı vaxtlara təyin edilməsinə dair xahişləri isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işin hərtərəfli, obyektiv və çəkişmə prinsipi əsasında aparılmasında maraqlı olmamışdır. Göründüyü kimi, məhkəmə ciddi prosessual pozuntuya yol verməklə onu hüquqlarının müdafiəsindən məhrum etmişdir. Tərtib edilmiş məhkəmə qətnaməsi əsaslı deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, tərəf iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Görəsən, tərəf istinad etdiyi halları harada sübut etməli idi? Üzürlü səbəblərdən iştirak etmədiyi məhkəmə iclaslarındamı? Məhkəmə qətnaməsinin 3-cü səhifəsində qeyd edilir ki, "məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir". Məhkəmənin bu nəticəyə gəlməsi, hansı sübutları tədqiq etməsi çox maraqlıdır. Mülki iş üzrə iddia ərizəsi tərəfindən verilmiş, iddia tələbinə dair bütün sübutlar isə onda olmuş, tərəfindən məhkəməyə təqdim etməyə imkanı olmamışdır. Belə olduğu halda, məhkəmə hansı sübutları tədqiq etmişdir? Kimlər məhkəməyə hansı sübutları təqdim etmişdir? Bu barədə məhkəmə qətnaməsində heç bir qeyd yoxdur. Qətnamədə tələbin rəddi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2,4, 2.4.1, 2.4.2, 2.4.4 və 2.4.6-cı bəndlərinə əsasən, yaşayış sahəsini təhvil aktına əsasən kirayəyə verəndər təhvil almaq, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subicarəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək və yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin vəzifəsidir". Göründüyü kimi, məhkəmə müqavilənin bəndlərinə yanlış istinad edərək yanlış nəticəyə gəlmişdir. İstinad edilən müqavilənin bəndləri mənzilin təhvilini deyil, yaşayış üçün qəbul etdikdən sonrakı münasibətləri aydınlaşdırır. Əslində məhkəmə bilərəkdən müqavilənin kirayəçiyə aid bəndlərinə istinad etmişdir. "Xüsusi Təyinatlı Yaşayış X12"nin 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərinə istinad etməli idi. Müqavilənin həmin bəndlərində cavabdehin etməli olduğu və ya edəcəyi öhdəliklər konkret olaraq göstərilmişdir. Məhkəmə həmin bəndlərə istinad edərək iddia tələbini təmin etməli idi. Təəssüflər olsun ki, iştirak etmədiyi bir məhkəmənin gəldiyi nəticə də təəssüf doğurucudur. Həmin müqavilənin 4.1-ci maddəsində qeyd edilir ki, "Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar". Mənzil tərəfindən məcburiyyət qarşısırda qalaraq qəbul edilərkən etmiş olduğu etirazlar yazılı şəkildə cavabdehlərə və digər dövlət qurumlarına rəsmi qaydada göndərilmişdir. Onlara mənzil ayrılana qədər Nəsimi rayonu ərazisində yerləşən 1 otaqlı mənzildə qalmışlar. Nəsimi RİH onları həmin mənzildən məhkəmə qaydasında çıxardaraq tələsik bu mənzildə yerləşdirmişdir. Hazırda yaşadıqları mənzil yeni tikili olmasına baxmayaraq, yaşayışa hazır olmadığı halda onları tələsik həmin mənzillərə köçürmüşlər. Məcbur qalıb həmin mənzildə yaxşılaşdırma və təmir işləri aparmışdır. Məcburi köçkün olaraq təmir aparmağa artıq vəsaiti olmayıb. Sadəcə yaşadığı mənzildə zəruri təmir işlərini aparmasaydı, həmin mənzildə yaşamaq mümkün olmazdı. Məhkəmə bu xüsusatları nəzərə almalı idi. Lakin təəssüflər olsun ki, məhkəmə bu kimi vacib halları görməzdən gələrək səthi bir qətnamə qəbul etmişdir. Məhkəmənin daha bir hal diqqətindən yayınmışdır ki, bu hal da ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlərdən biri "sifarişçi", digəri isə "Podratçı" dır. "Sifarişçi" ilə "Podratçı" arasında binanın tikilməsinə dair PODRAT müqaviləsi mövcuddur. Məhkəmə bu müqaviləyə də hüquqi qiymət verməyib. Axı binanın tikintisinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılıb. Bu vəsait hesabına "podratçı" mənzilləri yüksək keyfiyyətlə tikib, təmir edib təhvil verməli idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndəsi X15 izahat verərək bildirdi ki, iddiaçının yaşadığı binanın tikintisinin sifarişçisi kimi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi deyil, onlar çıxış etmişlər və tikintiyə texniki nəzarəti onlar həyata keçirmişlər. Qaydalara görə, həmin binanın texniki şərtlərə uyğun inşa edilməsi onlar tərəfindən müəyyən edildikdən sonra, bina Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin balansına verilir. Tikinti işləri həyata keçirilərkən müqavilə şərtlərinin podratçı təşkilat tərəfindən pozulması müşahidə olunmamışdır. Binanın tikintisi zamanı görülən işlərə görə ödənişlər bir neçə mərhələdə həyata keçirilir. Belə ki, onlar görülmüş işlərin keyfiyyət zəmanəti kimi podratçı təşkilata ödənilməli pul vəsaitinin 5% hissəsini həmişə saxlayırlar, tikinti işləri qurtardıqdan və bina təhvil verildirkdən sonra ortaya çıxan bütün nöqsanlar podratçı tərəfindən aradan qaldırıldıqdan sonra həmin 5% məbləğ podratçıya ödənilir. Lakin iddiaçının yaşadığı binanın tikintisi zamanı işlərin keyfiyyətsiz aparılması müəyyən edilməmiş, həmin 5% məbləğ podratçıya ödənilmişdir. Əgər "xxxx" MMC tərəfindən təmir və tikinti işləri keyfiyyətsiz aparılmış olsaydı, şikayətçi tək iddiaçı olmazdı. Odur ki, iddia tələbini əsassız hesab edir. Üçüncü şəxsin nümayəndəsi göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün müvəqqəti məskunlaşdığı evdən cavabdehin sifarişi əsasında tikilmiş kirayə evlərə köçürülmüşdür, həmin şəxslərin həmin mənzillərə köçməmək kimi bir şansları olmamış, məcburi şəkildə yerləşdirimişlər, çünkü məcburi icra qaydasında məhkəmə qətnaməsi ilə həmin evlərdən çıxarılmışlar, onlar həmin evlərə tələm-tələsik köçürüldükləri üçün istismara verilsə də yaşamaq üçün yararlı olmamışdır, mətbəx, hamam və tualet hissəsində tamamilə yararsız olmuşdur, onlar həmin mənzillərə köçən gündən aşağı mərtəbələrə su axmağa başlamış, kranı açarkən su istiqaməti üzrə axmaq əvəzinə tıxac yaranaraq geri axmağa başlamışdır, komendanta dəfələrlə rəsmi müraciətlər etmişlər. Pretenziya qaydasında həmin binaları tikən “T.T.Ş-inşaat MMC” yə müraciət etmişlər. Lakin nə komendant, nə də iş üzrə cavabdeh heç bir reaksiya verməmişdirlər. Sonda iddiaçı məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Yalnız hazırlıq iclasında iddiaçının nümayəndəsi iştirak edə bilmişdir. Covid- 19 virusuna yoluxduğu üçün sona kimi iclaslarda iştirak edə bilməmişdir. Məhkəmədə çəkişmə prinsipinə əməl edilməmiş, sübutlar araşdırılmamışdır. Maddi hüquq normaları çox rahatlıqla pozmuşdur. Belə ki, kirayə müqaviləsi ilə bağlı maddi hüquq normalarına istinad edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, əgər bina istismara verilibsə onda qüsur ola bilməz. Foto və video çəkilişlə həmin qüsurlar və sonra ustaların həmin qüsurları aradan qaldırdığı qeydə alınmışdır. Həmin foto və videolardan kimin həmin qüsurları ardan qaldırdığı görünür. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X10 izahatında bildirmişdir ki, istismara hazırlıq aktında hansı dövlət orqanlarının bu işə cəlb olunması açıq göstərilir. 6 mart 2020-ci il tarixli akt istismara icazə aktıdır. Həmin aktda tək iddiaçıların binasından söhbət getmir. Həmin kompleksdə 14 bina tikilib. Sözügüdən bina 54 mənzildən ibarətdir. İddiaçının yaşadığı mənzil həmin 54 mənzildən biridir. İnşa edilmilş həmin yaşayış kompleksində məhkəmə mübahisəsi yalnız iddiaçı ilə bağlıdır. İddiaçı bildirir ki, mənzilin təmiri onun istədiyi kimi aparılmayıb. Onlar isə hesab edir ki, təmir kifayət qədər normal aparılıb. Əgər iddiaçının bildirdiyi kimi su axması baş versəydi, aşağıda yaşayan qonşular iddiaçıya və ya bu iş üzrə cavabdehlərə qarşı iddialar qaldırardılar. İddiaçı 2 otaqlı mənzilin təmirinə görə 26.000 manat iddia tələbi qoyulub. İddiaçı yaşadığı mənzili öz istəyinə uyğun şəkildə təmir edib. Hesab edir ki, mənzilin cari təmir öhdəliyi iddiaçının öz üzərinə düşdüyündən, onlar həmin təmirə çəkilmiş xərclərə görə məsuliyyət daşımır. Həmçinin qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilədə tərəf Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının 16 mart 2020-ci il tarixli, 385 saylı arayışından görünür ki, xəstə Qanuni nümayəndə halsızlıq, baş gicəllənmə, ürək bulanma, qulaqlarda küy şikayətləri ilə dəfələrlə poliklinikaya müraciət etmişdir və MRT müayinəsinə göndərilmişdir. Müayinə nəticəsində xroniki beyin qan dövranı çatmamazlığı diaqnozu təsdiqlənmişdir. Xəstədə əlavə olaraq yanaşı gedən xəstəliklər: hər iki aşağı ətrafların augiopatiyası, hipertoniya tip

2. Bu diaqnozlara əsasən xəstə ambulator müalicə almışdır, lakin heç bir dəyişiklik olmamışdır. Yaxşılaşma qeyd edilmir. Səbəbi isə xəstənin həddən artıq çox əsəbi olması ilə əlaqələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 974541 saylı arayışının surətindən görünür ki, 1974-cü il təvəllüdlü X3 ümumi xəstəlik səbəbindən birinci qrup əlillik dərəcəsi verilmişdir, onun kənar şəxslərin daimi qulluğuna və köməyinə ehtiyacı vardır. İş materiallarında olan VTG seriyalı, 092285 saylı arayışın surətindən görünür ki, 1976-cı il təvəllüdlü X2 birinci qrup əlillik dərəcəsi verilmişdir, onun kənar şəxslərin daimi qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 30 aprel 2009-cu il tarixli, 126 saylı sərəncamının surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsi 14 noyabr 2008-ci il tarixdə (İş № 2(006)-1794/2008) X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlər nəzərə alınaraq, Qanuni nümayəndə X2 qəyyum təyin edilməklə, Səməndər İsbəndiyarovun mənzil və əmlak hüquqları saxlanılmışdır. İş materiallarında olan AA seriyalı, 148562 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1979-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş İddiaçı 11 oktyabr 2006-cı il tarixdə Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin qərarına əsasən məcburi köçkün vəsiqəsi verilmişdir, 17 oktyabr 2006-cı il tarixdə məcburi köçkün kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı “Xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “kirayə verən” Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə, “kirayəçi” İddiaçı arasında xüsusi təyinatlı yaşayış X12 ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilinin (himayəsində İ dərəcəli əlil bacısı X5 olmaqla) İddiaçı verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.4, 2.4.1, 2.4.2, 2.4.4 və 2.4.6-cı bəndlərinə əsasən, yaşayış sahəsini təhvil aktına əsasən kirayəyə verəndən təhvil almaq, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək və yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin vəzifələridir. Apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş: AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli 10/7049 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus tikintiyə müəllif nəzarəti kitabındakı layihəsinin və FHN TTNDA Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə Dövlət Nəzarəti Jurnalındakı qeydlərə əsasən, Bakı ş., Sabunçu ray., Kürdəxanı qəsəbəsinin ərazisində 800 məcburi köçkün ailəsi üçün 2 girişli, 54 saylı mənzilin ərazidə aparılan qazıntı və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirildiyi, Bakı ş., Sabunçu ray., Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 21494,5 manat məbləğində olduğu müəyyən edilmişdir; Keyfiyyət zəmanət müddəti başa çatmış obyektlərə son baxış komissiyasının 05 mart 2022-ci il tarixli aktının surətindən görünür ki, AR Prezidentinin 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq, AR Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə TTŞ İnşaat MMC arasında bağlanmış MKSİF/AZ/1346/Kürdəxanı/800/Bina/4 saylı müqavilə əsasında, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 800 ailəlik yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 nömrəli yeni yaşayış binasının tikintisi başa çatdırılaraq təhvil verildikdən sonra, keyfiyyət zəmanəti müddətinin başa çatması ilə əlaqədar olaraq, MKSİF-in nümayəndələri Vüqar İmranov, İmran Süleymanov, Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov, Kürdəxanı MKİS-nin nümayəndəsi Əkbər Məmmədov və TTŞ İnşaat MMC-nin direktoru Xalıqverdi Məmmədovun iştirakı ilə obyektə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 800 ailəlik yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 4 nömrəli yeni yaşayış binasının tikintisi başa çatdırılaraq 06 mart 2020-ci il tarixli akt ilə istismara icazə üçün təhvil verilmişdir. Təhvil verildikdən sonra müqavilə şərtlərinə uyğun olaraq, ötən müddət ərzində obyektdə yaranmış bəzi qüsur və çatışmazlıqlar podratçı təşkilat tərəfindən aradan qaldırılmışdır və heç bir irad yoxdur; AR Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən “Faiq Nağıyev və partnyorları” vəkil bürosunun vəkili Murtuzəli Abbasova ünvanladığı məktubundan və həmin məktuba əlavə edilmiş vahid məlumat bazasından çıxarışlardan görünür ki, İddiaçı bacısı X5 ilə birlikdə Bakı ş., Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlərin müvvəqqəti məskunlaşması məqsədilə salınmış 810 ailəlik yaşayış kompleksində bina 4 ünvanında 10 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı bacısı X5 ilə birlikdə Bakı ş., Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlərin müvvəqqəti məskunlaşması məqsədilə salınmış 810 ailəlik yaşayış kompleksində bina 4 ünvanında 11 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, AR Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən yuxarıda adları qeyd edilən məcburi köçkünlərə verilən mənzillər layihə əsasında tikilmiş və yaşayış üçün yararlı, təmirli vəziyyətdə istifadəyə verilmişdir; AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 22912 nömrəli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır; Tikinti obyektinin istismarına 06 mart 2020-ci il tarixli, 005 nömrəli icazədən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq AR Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 06 mart 2020-ci il tarixindən istismarına icazə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, bu barədə iddiaçıya Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı “Xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsi”nə əsasən, “kirayə verən” Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə “kirayəçi” İddiaçı arasında xüsusi təyinatlı yaşayış X12 ilə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilinin iddiaçıya verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı, iddia qaldıraraq onun xeyrinə maddi və mənəvi zərər tutulmasını xahiş etmişdir. İddiaçı iddiasını iki tələb üzrə, yəni maddi ziyan tələbi və mənəvi ziyan tələbi üzrə irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni iddianın əsaslılığını təsdiq edən sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğru olmuşdur. Belə ki, iddiaçı maddi ziyan tələbini əsaslandırarkən o hallara istinad etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzili ona təqdim olunarkən qarşı tərəf onun və ailə üzvlərinin mənzillə bağlı hər hansısa narazılığının olub-olmamasını aydınlaşdırmadan və bu barədə ona suallar vermədən müqaviləni ona imzalatmışlar. Sonradan isə mənzilin təmirinin yararsız olduğunu müəyyən etmiş, bununla bağlı aidiyyəti qurumlara şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən o, mənzilini özü təmir etdirmiş, mənzilin təmirinə 26.000 manat məbləğində xərc çəkmişdir. Hesab edir ki, qeyd olunan mənzilin təmirinə çəkilmiş xərcin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 64.2. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin aşağıdakı vəzifələri vardır: 64.2.2. yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək; 64.2.3. yaşayış sahəsinin əsaslı təmirini aparmaq. 99.1. Xüsusi təyinatlı yaşayış X12nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq. 66.4. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi bu Məcəllənin 66.3cü maddəsində göstərilənlərdən başqa bu Məcəllə ilə, digər qanunlarla və sosial kirayə müqaviləsi ilə nəzərdə tutulan digər vəzifələri daşıyır. 99.3. Xüsusi təyinatlı yaşayış X12ndə müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mənzil qanunvericiliyinin qeyd edilən normaları xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi qaydalarını, yaşayış sahəsi kirayəyə verildikdən sonra kirayəyə verən və kirayəçinin hüquq və vəzifələrini müəyyən edir. Həmin normaların tələblərinə görə, kirayəyə verən digər vəzifələrlə yanaşı, kirayəyə verilmiş yaşayış sahəsinin əsaslı təmirini aparmaq vəzifəsini daşıyır. Bununla yanaşı, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsinin yararlı vəziyyətdə saxlanması və onun cari təmirinin aparılması vəzifəsini kirayəçi daşıyır. Hazırkı işin hallarından görünür ki, iddiaçı kirayə müqaviləsi ilə onun müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinin keyfiyyətsiz təmir olunduğunu, bu səbəbdən də həmin yaşayış sahəsini öz hesabına yenidən təmir etdiyini, bu işlərə 26.000 manat xərc çəkdiyini və həmin xərcin cavabdehlər tərəfindən ona verildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hazırkı iddianın əsaslı olması iddiaçının müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsində əsaslı təmirin aparılmasına ehtiyacın olması, bu təmirin kirayəyə verən tərəfindən aparılmasından imtina edilməsi, yalnız bundan sonra iddiaçının həmin təmiri öz hesabına aparıması və çəkilmiş xərci maddi ziyan olaraq cavabdehdən (kirayəyə verəndən) tələb etməsi kimi halların müəyyən edilməsi ilə bağlıdır. İddiaçı ona təhvil verilmiş mənzilin istifadəyə yararsız olmasını, bu səbəbdən mənzildə əsaslı təmir aparmasına istinad etmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti ekspertizasının rəyi ilə, habelə iddiaçının istifadəsində olan yaşayış sahəsinin yerləşdiyi binanın yararlı hesab edilərək istismara qəbul edilməsi ilə bağlı müxtəlif səlahiyyətli dövlət orqanlarının sənədlərinə əsasən həmin tikinti işlərinin layihəyə uyğun şəkildə aparılması müəyyən edilmişdir. Tikintinin sifarişçisi olmuş və hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndəsi də izahatında iddiaçıya təhvil verilmiş mənzilin yerləşdiyi binada görülmüş işlərin kefiyyətli aparıldığını bildirmişdir. Qeyd edilən hallarla iddiaçının istifadəsində olan mübahisəli yaşayış sahəsinin ona yararsız vəziyyətdə təhvil verilməsi və əsaslı təmirə ehtiyacın olması müəyyən edilməmişdir. Deməli, həmin mənzildə aparılmış təmir işləri iddiaçının özü tərəfindən həyata keçirilmiş cari təmir işləri olmuşdur. Həm Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının dispozisiya şərtlərinə, həm də tərəflər arasında bağlanmış kirayə müqaviləsinin müddəalarına əsasən (müqavilənin 2.4.6-cı bəndi) yaşayış sahəsində cari təmir işlərinin aparılması kirayəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mənzilin təmirinə çəkilmiş xərcə görə ona dəymiş maddi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsi hissəsində iddia tələbinin hüquqi əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin digər cavabdeh olan "xxxx" MMC-yə aid hissəsi ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı mübahisəli yaşayış sahəsinə hüquqları onunla cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi arasında bağlanmış yaşayış X12 əsasında yarandığından, "xxxx" MMC isə həmin kirayə müqaviləsi üzrə tərəf olmadığından, habelə tikinti işlərinin keyfiyyətli aparılması ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik götürmədiyindən, iddiaçının çəkmiş olduğu xərcin tikinti işlərini aparmış MMC-dən tələb etməsinin hüquqi əsası olmamışdır. İddia tələbinin mənəvə zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı mənəvi ziyan tələbini əsaslandırarkən o hallara istinad etmişdir ki, “...cavabdehlərin bu cür laqeydlikləri onları əsəb xəstəliyinə salmışdır. 16 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasından verilmiş arayışda da bu öz təsdiqini tapır. Bacısı etibarnamə üzrə onu bir çox yerdə təmsil etdiyindən ən çox əsəbi, stressi də məhz elə bacısı yaşayıb. Əsəb psixoloji sarsıntılardan artıq sonuncuda beyin işemiyasının əlamətlərinə gətirib çıxarmışdır və bu üzdən davamlı şəkildə ambulator müalicələr alaraq bu şirkət tərəfindən mənəvipsixoloji-emosional zorakılığa məruz qalmışlar...”. Kollegiya qeyd edir ki, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Lakin hazırkı işdə cavabdehlərin iddiaçıya qarşı hər hansı hüquq pozuntusu törətməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, belə sarsıntılar keçirmiş olsa belə, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir. İddiaçı maddi ziyan tələbində olduğu kimi, mənəvi ziyan vurulmasına dair də məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin “vurulmuş mənəvi zərərə görə 20.000 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb maddi ziyan tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələb öz təsdiqini tapmadığı və sübut olunmadığı halda törəmə tələbin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı işin hallarının mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələbləri əsasında yoxlanılması ilə müəyyən edilir ki, İddiaçı iddia tələbində göstərdiklərinin hər hansı bir əsası olmamışdır, sübutetmə yükü qanunla iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə mötəbər və əsaslı sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(007)-1897/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar