Məhkəmə qərarları › İş №2(103)-4674/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4674/2022

22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4674/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1117/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi ev 23-ə sahiblik və istifadə hüququnun X5 tərəfindən pozulmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiada göstərir ki, o, uşaqları - X2 və X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 23-də pasport qeydiyyatındadırlar və orada yaşayırlar. O, Tarxanova Lumiyədən 2011-ci il tarixində 1 sot torpağı 3000 manata almış və orada ev tikib ailəsi və uşaqları ilə birlikdə yaşayır. xx.xx.2008-ci il tarixində həyat yoldaşı X3 ilə münasibətləri pozulmuş və nikahları ləğv edilmişdir. Nikahları ləğv edildikdən sonra qonşu X5 onlara təzyiq göstərməyə başlamışdır. Zorla köhnə daşlardan hördüyü, 20 ilə yaxın yaşadığı evin hasarını sökmüş və ona bildirmişdir ki, evini söküb onu küçəyə atacaq, torpağını götürəcək. Hal-hazırda o və övladları qorxu içində yaşayır, tez-tez onlara hücum edir, tərbiyəsiz küçə söyüşlərilə onu və uşaqlarını təhqir edir, hüquqlarını pozur Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1117/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, Cavabdehla İddiaçı həyəti 2 qat hasarla ayrılmışdır. Cavabdeh daş hasar çəkərək öz torpağını İddiaçı torpağından ayırmışdır. Həmin hasardan sonra köhnə daşlardan tikilmiş hasar vardır ki, həmin hasar 1 sot torpağını İddiaçı satmış Tarxanova Lumiyə tərəfindən çəkilmişdir. Yəni Cavabdeh torpağını İddiaçı torpağından iki hasar ayırır. İddiaçı istifadə etdiyi torpağın Cavabdeh heç bir aidiyyəti yoxdur. Sadəcə İddiaçı və uşaqlarına hədə-qorxu gəlməklə, onları tərbiyəsiz küçə söyüşləri ilə təhqir etməklə, öldürməklə hədələyərək İddiaçı istifadəsində olan torpağı öz torpağına birləşdirmək istəyir. İddiaçı və övladları qorxu içərisində yaşayırlar. Bu səbəbdən də iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Əslində istər Cavabdeh, istərsə də İddiaçı istifadəsində olan torpaq özbaşına zəbt olunmuş torpaqdır. Heç bir sənədi yoxdur. Cavabdeh İddiaçı istifadəsində olan torpağa dair heç bir hüququ yoxdur və ondan heç nə tələb edə bilməz. Cavabdeh gecə iddiaçının qapısını döyüb qorxudur, tərbiyəsiz küçə söyüşləri ilə təhqir edir, övladlarını öldürəcəyi ilə hədələyir və o, məhkəmədən kömək olaraq pozulmuş hüquqlarının bərpasını istəyir. Məhkəmə isə onun subyektiv hüququ olub-olmamasını yoxlayır, yəni torpağına mülkiyyət hüququnun olubolmamasını, bir daha qeyd edir ki, cavabdehin də öz torpağına mülkiyyət hüququ yoxdür, deməli cavabdehin də subyektiv hüququ yoxdür. Həm də İddiaçı 30 il istifadə etdiyi torpagın cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçı ilə cavabehin istifadə etdiyi torpaqlar 2 hasarla bir-birindən ayrılır. Sadəcə olaraq iddiaçının əri onunla boşandıqdan sonra qolu güclü və arxalı Cavabdeh İddiaçı qorxudaraq istifadə etdiyi torpaqdan çıxarıb həmin torpağı öz torpağına qatmaq istəyir. İstər iddiaçının, istərsə də cavabdehin torpaqları zəbt edilmiş torpaqlardır. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər... İddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli əmlaka dair iddiaçının məhdud əşya hüququnu yarada bilən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Konstitusiyanın 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu: 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə görə, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddia tələbinin qanuni əsası kimi yuxarıda qeyd olunan, o cümlədən Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. İşdən görünür ki, iddiaçının mübahisəli ünvandakı torpaq sahəsinə və üzərində yerləşən tikiliyə hər hansı bir hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Bu işin mübahisəsiz halıdır. Çünki, iddiaçı da bunu iddia etmir. Buna baxmayaraq, iddiaçı cavabdeh tərəfindən onun həmin evə olan sahiblik və istifadə hüququnun pozulmasının aradan qaldırılmasını tələb edir. Ancaq istər torpaq sahəsinə, istərsə də üzərindəki tikiliyə olan hüquqların hansısa şəxs tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək üçün ilk növbədə bu hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmalıdır. Çünki, daşınmaz əşya ilə bağlı qeydə alınmayan hüquqların müdafiəsinə Dövlət təminat vermir. Bu başqa cür də ola bilməz. Əks halda istənilən şəxs zəbt edilməsi qanunla qadağan edilən müxtəlif təyinatlı torpaq sahələrini zəbt edərək üzərində özbaşına tikinti apara bilər yaxud da bu cür torpaq sahəsi və tikililəri qanunsuz yollarla əldə edər, sonra da məhkəmə müdafiəsindən istifadə edib sahiblik və istifadə hüququnun pozuntusunun aradan qaldırılmasını tələb edər. Bu cür vəziyyət mülki dövriyyədə xaos yaradar və özbaşna tikililərin sayı və torpaq sahələrinin qanunsuz zəbt edilməsi hallarının sayı arta bilər. Bununla yanaşı, mübahisəli ünvandakı tikiliyə yaxud torpaq sahəsinə hər hansı bir hüququnun olub-olmamasından asılı olmayaraq iddiaçı həmçinin cavabdehin onun hüquqlarını pozmasına dair məhkəməyə sübut təqdim etməli idi, lakin belə bir sübut təqdim edilməmişdir. Ona görə də cavabdeh kimi göstərdiyi şəxsin onun konkret hansı mülki hüquqlarını pozması barədə tələb qeyri-müəyyən və ziddiyyətli olmuşdur. Belə ki, iddia tələbinin məzmunu daha çox cavabdehin cinayət yaxud inzibati xəta xarakterli əməllərə yol verməsinə dəlalət edir. Həqiqətən cavabdeh bu cür əməllərə yol verirsə iddiaçının cinayət təqibi qaydasında hüquq mühafizə orqanlarına müraciət edə bilər. Bunun üçün onun qarşısında hər hansı bir maneə yoxdur. İddaçının mübahisəli ünvanda qeydiyyatda olması, adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da hazırki iddianın əsaslı olduğuna dəlalət etmir və avtomatik olaraq təmin olunması üçün əsas ola bilməz. Çünki, iddiaçının o ünvanda qeydiyyatda olması və ona həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikili üzərində dövlət tərəfindən təminat verilən hansısa hüquq vermir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması, eləcə də özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına da zərurət və əsas olmazdı. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisəli torpaq sahəsinə və üzərindəki tikiliyə gələcəkdə iddiaçının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış hansısa hüquqları yarandığı halda bununla əlaqədar qeyd olunan tikili yaxud torpaq sahəsi ilə bağlı yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə olunması istisna olunmur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1117/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1117/2022 saylı, 01 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar