Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4679/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X5, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə Xanalıyeva Türkan Novruz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74 kv.m olan 18 saylı mənzil və ümumi sahəsi 76 kvm olan 14 saylı mənzil İddiaçı mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 255,80 kv.m olan fərdi yaşayış evinin 3/8 hissəsi üzərində İddiaçı, digər 5/24 hissəsi üzərində Ağa X3, digər 5/12 hissəsi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45 ünvanında yerləşən ümumi sahəsi 295 kv.m olan qeyri-yaşayış sahəsi isə Cavabdeh mülkiyyətindədir. İcarədar – X4 ilə icarəçi – X5 arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarədar ünvan 3 ünvanında yerləşən 295 kvm olan qapalı qeyri-yaşayış sahəsini icarəyə vermişdir və icarəçi icarəyə (kirayə) götürmüşdür.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 04/02-207 saylı məktubundan görünür ki, ünvan 5 yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş yolun zəbt edilərək tikinti aparılması barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli Ə-11 nömrəli elektron müraciəti əsasında keçirilmiş monitorinq nəticəsində müəyyən olunmuşdur ki, göstərilən ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyi-yaşayış sahələrinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahə "Uğur" marketin sahibi tərəfindən uzun müddət öncə binanın fasadı boyu 1,2 metr enində zəbt olunaraq şüşə konstruksiyalarla bağlanmışdır. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş 1,2 metr enində özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda yerləşən “Uğur” market adlı qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən küçə tərəfə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş yolun zəbt edilməsi və həmin özbaşına tikilinin sökülərək piyada yolun açılmasına dair müraciətə cavab olaraq maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixlielektron cavabı ilə ünvan 6 ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahə “Uğur” marketin sahibi tərəfindən binanın fasadı boyu 1,2 metr enində zəbt olunaraq şüşə konstruksiyalarla bağlanması, bununla əlaqədar olaraq, rayon icra hakmiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq aktın tərtib edildiyi bildirilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Baş Planın eksplikasiyasının 1-ci bəndində qeyd edilən "xxxx" MTK-ya aid olan yaşayış binasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş layihəsindən də görünür ki,zəbt edilən sahə piyadalar üçün nəzərdə tutulmuşdur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş foto şəkillərdən də açıq-aşkar məlum olur ki, piyadalar üçün nəzərdə tutulmuş sahə zəbt edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən piyadalar üçün nəzərdə tutulmuş sahə özbaşına olaraq zəbt edilmiş və bu hal iddia ərizəsinə əlavə edilmiş sənədlər ilə tam sübuta yetirilir. Həmin sahə yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 7 ünvan olduğundan onun sahəsi ilə bitişik yerləşir və birbaşa hüquqlarını pozur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-45/24 saylı iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi üst-üstə düşmür, yaranmış sahə fərqinin Texniki Pasport sənədində göstərilən 1, 6 və 10 saylı tikililərin qarşısında göstərilən və şüşə konstruksiyalardan bağlanaraq istifadə olunan faydalı sahəyə aid olduğu müəyyən edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırda cavabdehin faktiki istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsində inşa edilmiş şüşə konstruksiyalı tikilinin özbaşına tikili olması halı istisna olunmur. Lakin bu mübahisəli şüşə konstruksiyalı tikili binanın sakini kimi iddiaçının əsas piyada yolunu və gediş-gəlişini bağlamır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə rədd edilməlidir. Eyni zamanda məhkəmə izah edir ki, cavabdeh tərəfindən inşa edilmiş şüşə konstruksiyalı tikilinin özbaşına tikili olması müəyyən edildiyi halda onun sökülməsi barədə iddianı irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına və ya Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə biləcək şəxslərə məxsusdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
17. Məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/8617 saylı ekspert rəyi ilə şüşə konstruksiyalı tikilinin ünvan 8C, 14 və 18 saylı mənzillərin mülkiyyətçisi - İddiaçı, eləcə də digər şəxslərin piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidən və piyada keçidindən istifadəsinə maneə yaratmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli şüşə konstruksiyalı tikili binanın sakini kimi iddiaçının əsas piyada yolunu və gediş-gəlişini bağlamır.
18. Məhkəmə ekspert rəyini əsas götürərək qeyd etmişdir ki, hazırda cavabdehin faktiki istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsində inşa edilmiş şüşə konstruksiyalı tikilinin özbaşına tikili olması halı istisna olunmasa da, həmin şüşə konstruksiyalı tikili nə İddiaçı, nə də digər şəxslərin piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidən və piyada keçidindən istifadəsinə maneə yaratmır və bu baxımdan mübahisəli tikilinin mövcudluğu iddiaçının qanunla qorunan maraq və hüquqlarını pozmur.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, o, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə bilməz. Bu hüquq müvafiq icra hakimiyyəti orqanına məxsusdur.
20. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.