Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4683/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-2262/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC – yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin qiymətləndirilməsi barədə tərtib etdiyi 28.10.2020-ci il tarixli 193/1 nömrəli ekspert rəyinin etibarsız hesab edilməsi və həmin rəyin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)- 2262/2021 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə onu ekspertin rəyinin mübahisələndirməsi hüququndan iştifadə etmə imkanından məhrum etmiş, bununla da onun hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(004)- 2262/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-2262/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli 2(002)-138/2021 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş sübut növü hesab olunan Cavabdeh MMC–nin 28.10.2020-ci il tarixli 193/1 nömrəli ekspert rəyinin etibarsız hesab edilməsinə və həmin rəyin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bu tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi MPM-in 76.2-ci maddəsinə əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.3-cü maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan, onun müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, qanunvericilik sübutların yuxarıda istinad edildiyi şəkildə məhkəmə baxışı çərçivəsində həyata keçirilən xüsusi qiymətləndirilməsi prosedurunu müəyyən etmişdir. İş üzrə tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmiş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)- 2262/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4683/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4683/2021
04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver