Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4683/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (əri) X4, Cavabdeh özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ilk iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, əvvəllər ona məxsus, hazırda isə cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsində yerləşən 94 saylı evin 14 “A” saylı mənzilin sahəsinə daxil olmayan sahədə yerləşdirilmiş, iddia ərizəsində göstərilən 135 adda olan ev əşyalarının, habelə ümumi dəyəri 2.400 ABŞ dolları məbləğində olan 5 ədəd pəncərənin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla “Azərnəqliyyatbank” Kommersiya Bankı arasında bağlanmış “Kredit müqaviləsi” əsasında Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə, Banka olan kredit borcunu ödəyə bilməmişdir. Nəticədə Bank hazırkı iş üzrə iddiaçıya qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi həmin iddiaya dair 2-2135/2003 saylı iş üzrə qəbul etdiyi xx.xx.2003-cü il tarixli qətnamə ilə Bankın iddiasının təmin edilməsini, kredit borcunun ödənilməsi məqsədi ilə hazırkı iş üzrə iddiaçıdan 12.834 ABŞ dolları məbləğində pulun Bankın xeyrinə tutulmasını, tutmanın iddiaçıya məxsus və ipoteka ilə Bankın xeyrinə yüklü edilmiş yuxarıda qeyd edilən mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını və sair məsələləri qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, satılması üçün hərraca çıxarılmış və son nəticədə Bank tərəfindən əldə olunmuşdur. Bundan sonra iddiaçı və iddiaçının ailə üzvləri məcburi qaydada mənzildən çıxarılmışlar. Lakin həmin vaxt ona məxsus adları iddia ərizəsində qeyd olunan 135 adda əşyalar sözügedən mənzildə qalmış, iddiaçı həmin əşyaları çıxarda bilməmişdir. Əşyaların bir hissəsi isə 33 kv.metrlik 14 “A” saylı mənzil sahəsinə daxil olmayan sahəyə köçürülmüşdür. İddiaçı və cavabdeh öz aralarında razılaşmışlar ki, əmlakları saxlanmasına görə iddiaçı cavabdehə hörmət edəcəkdir. Mənzildən çıxarılma ilə bağlı icra məmurları qanunsuz hərəkətlərə yol verdikləri üçün iddiaçı icra aktını imzalamamış, daha sonra isə həmin hərəkətləri məhkəmədə mübahisələndirmişdir. Əmlakların təhvil-təslim ilə bağlı akt iddiaçıda yoxdur. Hətta icra işi də İcra Şöbəsinin arxivindən yoxa çıxmışdır. Cavabdeh son ilə qədər iddiaçıya məxsus əmlakların mənzildə olmasını iddiaçıya bildirsə də, bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ona məxsus əmlaklar həmin sahədə yoxdur. Hər bir halda cavabdeh bildirir ki, iddiaçıya məxsus əmlaklar onda yoxdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) qarşılıqlı iddia barədə məlumat
3. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün almalı olduğu hüquqi yardıma görə vəkillə ödədiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 300 manat, vəkilə etibarnamənin verilməsi üçün notariusa ödədiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 21 manat, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu əvəzi olaraq 30 manat, cəmi isə 851 manat məbləğində pulun iddiaçıdan onun (cavabdehin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, ilk iddiada qeyd edilən mənzili Bankdan alğı-satqı yolu ilə almışdır. Mənzil hal-hazırda da cavabdehin mülkiyyətindədir. “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra mənzil boşaldılaraq cavabdehə təhvil verilmiş, iddiaçıya aid əşyalar isə icra məmurlarının və tələbkar “Azərnəqliyyatbank” Kommersiya Bankının nümayəndələrinin iştirakı ilə saxlanc yerinə göndərilmiş, bununla əlaqədar tərtib edilmiş akt, hətta şahid kimi cavabdeh də imzalamışdır. İcra məmurlarının həyata keçirdiyi bu icra tədbirlərində iddiaçı özü, iddiaçının əri və kürəkəni də iştirak etmişlər. İddiaçı və onun ailə üzvləri sözügedən mənzildən 2006-cı ilin may ayının sonlarında çıxarılmış, cavabdeh isə həmin mənzili 2007-ci ilin fevral ayında almışdır. Bu baxımdan iddiaçıya aid əşyaların cavabdehə təhvil verilməsi nəzəri cəhətdən mümkün deyil. İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırması qərəzli xarakter daşıyır. İddiaçının özünün və iddiaçının qohumlarının cavabdehə qarşı qərəzli hərəkətləri artıq 18 ildir ki, davam edir. Bunun nəticəsində cavabdeh iztirab və sarsıntı keçirmişdir. Cavabdeh hesab edir ki, iddiaçının bu hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir və həmin zərər 500 manat təşkil edir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün qarşılıqlı iddiada sadalanmış xərcləri də ödəmək məcburiyyətdə qalmışdır. Buna görə də cavabdeh hesab edir ki, çəkdiyi xərclər də iddiaçı tərəfindən ona ödənilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqla iddianın qismən təmin edilməsini, hüquqi xidmət üçün ödənilmiş 300 manat, etibarnamənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,25 manat, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 347,25 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə ödənilməsini, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza xərcinin iddiaçıya aid edilməsi, bu məqsədlə 50 manat məbləğində pulun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsini qət edilmişdir.
6. Rayon Məhkəməsi ilk iddiaya münasibətdə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə 15 ildən artıq müddətdə mübahisəli mənzildən çıxarılmışdır. Bu müddət ərzində iddiaçı ona məxsus və iddia ərizəsində sadalanan əmlakın geri qaytarılması barədə tələb irəli sürməmiş, mənzildən çıxarıldıqdan sonra əmlakların həmin mənzildə qalması, hərracdan sonra əmlak üzərində mülkiyyət hüququ əldə etmiş tələbkarın (Bankın) həmin mənzili cavabdehə satarkən iddiaçıya aid əmlakların bu mənzildə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehdən qaytarılması tələb olunan plastik pəncərələr ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, həmin pəncərələr mənzilin divarında quraşdırılmış vəziyyətdədir. Bunun əksini, yəni mənzil alınarkən pəncərələrin asılmamamış vəziyyətdə olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Yəni iddiaçı tərəfindən onun mənzildən çıxarılması zamanı ona məxsus olan əmlakların akt əsasında cavabdehə saxlanc üçün təhvil verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir.
7. Rayon Məhkəməsi qarşılıqlı iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia yalnız sübuta yetirildiyi hissələrdə, yəni məhkəmə xərclərinin tutulması hissəsində qismən təmin edilməli, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində isə iddia rədd edilməlidir. Çünki, cavabdeh iddiaçının ona qarşı hazırki ilk iddianı sürməsi nəticəsində onun iztirab və sarsıntı keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
9. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianı isə qismən təmin edilməsini qət etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat
10. İddiaçının nümayəndəsi (əri) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə ilk iddianın məzmununa uyğun izahat verdi.
11. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat
12. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən qismən təmin olunsa da, ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
13. Qətnamədən apellyasiya şikayəti vermiş ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, o, qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
14. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işdə olan sənədlərə, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı, onunla “Azərnəqliyyatbank” Kommersiya Bankı arasında bağlanmış “Kredit müqaviləsi” əsasında Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə, Banka olan kredit borcunu ödəyə bilməmişdir. Nəticədə Bank hazırkı iş üzrə iddiaçıya qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsi həmin iddiaya dair 2-2135/2003 saylı iş üzrə qəbul etdiyi xx.xx.2003-cü il tarixli qətnamə ilə Bankın iddiasının təmin edilməsini, kredit borcunun ödənilməsi məqsədi ilə hazırkı iş üzrə iddiaçıdan 12.834 ABŞ dolları məbləğində pulun Bankın xeyrinə tutulmasını, tutmanın iddiaçıya məxsus və ipoteka ilə Bankın xeyrinə yüklü edilmiş yuxarıda qeyd edilən mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını və sair məsələləri qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, satılması üçün hərraca çıxarılmış və son nəticədə Bank tərəfindən əldə olunmuşdur. Bundan sonra iddiaçı və iddiaçının ailə üzvləri məcburi qaydada mənzildən çıxarılmışlar. Mənzil Bank tərəfindən hazırki iş üzrə cavabdehə satılmış, bununla bağlı onların arasında xx.xx.2007-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır.
18. İddiaçı cavabdehə qarşı irəli sürdüyü ilk iddiada bildirir ki, Bank mənzili əldə etdikdən sonra o və onun ailə üzvləri icra məmurları tərəfindən məcburi qaydada mənzildən çıxarılmışlar. Lakin həmin vaxt ona məxsus adları iddia ərizəsində qeyd olunan 135 adda əşyalar sözügedən mənzildə qalmış, iddiaçı həmin əşyaları çıxarda bilməmişdir. Əşyaların bir hissəsi isə 14 “A” saylı mənzil sahəsinə daxil olmayan sahəyə köçürülmüşdür. O və cavabdeh öz aralarında razılaşmışlar ki, əmlakları saxlanmasına görə o, cavabdehə hörmət edəcəkdir. Cavabdeh son ilə qədər ona məxsus əmlakların mənzildə olmasını bildirsə də, bir müddət əvvəl ona məlum olmuşdur ki, ona məxsus əmlaklar həmin sahədə yoxdur. Hər bir halda cavabdeh bildirir ki, ona məxsus əmlaklar onda yoxdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, iddia ərizəsində göstərilən 135 adda olan ev əşyaları, habelə ümumi dəyəri 2.400 ABŞ dolları məbləğində olan 5 ədəd pəncərə cavabdehdən alınaraq ona verilməlidir.
19. İşə baxmış Rayon Məhkəməsi ilk iddianı yuxarıda qeyd edilən səbəblərdən (bax: hazırkı qətnamənin 6-cı bəndinə) əsassız hesab etmiş, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə apellyasıya şikayətində göstərilən səbəblərdən (bax: hazırkı qətnamənin 9-cu bəndinə) Rayon Məhkəməsinin bu kimi nəticəsini səhv hesab edir.
20. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (maddə 135.2). Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır (maddə 135.5). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
22. MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
23. Məhkəmə əvvəllər iddiaçıya, sonra “Azərnəqliyyatbank” Kommersiya Bankına məxsus olmuş, 2007-ci ildən isə cavabdehə məxsus olan mənzildən iddiaçının və iddiaçının ailə üzvlərinin təxminən 15 il bundan əvvəl çıxarılmasını nəzərə alaraq qeyd edir ki, ötən illər ərzində iddiaçı ona məxsus və iddia ərizəsində sadalanan əmlakın geri qaytarılması barədə tələb irəli sürməmiş, mənzildən çıxarıldıqdan sonra əmlakların həmin mənzildə qalması, hərracdan sonra əmlak üzərində mülkiyyət hüququ əldə etmiş tələbkarın (Bankın) həmin mənzili cavabdehə satarkən iddiaçıya aid əmlakların bu mənzildə olmasını, habelə cavabdehdən alınaraq ona qaytarılması tələb olunan plastik pəncərələrin mənzilin divara quraşdırılmış (yəni texniki cəhətdən mənzilin tərkib hissəsi olan) halda deyil, demontaj olunmuş halda olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
24. Məhkəmə, şahid qismində Rayon Məhkəməsinə ifadə vermiş şəxslərin –X3, X5 və X1 iddiaçının mövqeyinə uyğun verdikləri ifadələrə tənqidi yanaşır və həmin ifadələri etibarlı sübut kimi qəbul etmir. Çünki şahidlər Qəhrəman Ağazadə və Əli Sadıxov iddiaçının ərinin qohumları, şahid Ağasəf Mustafayev isə iddiaçının ərinin dostudur. Bundan başqa nəzərə alınmalıdır ki, həmin şahidlərin ifadələri də öz aralarında ziddiyyət təşkil edir.
25. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilk iddianı iddianın sübuta yetməməsi əsası ilə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
26. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsi cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Çünki qismən təmin edilmiş hissəsə cavabdehin mövqeyi, sübutlar – rəsmi sənədlər ilə təsdiq edilir və cavabdeh həmin xərcləri ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş və sonda əsassız hesab edilmiş ilk iddiadan müdafiə olunmaq üçün ödəmişdir.
27. MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.).
28. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən bu hissəsi də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti vermədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
34. İddiaçının verdiyi apellyasiya şikayəti işə təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən, yalnız ilk iddianın həll edilməsi hissəsindən kassasiya şikayəti vermək hüququna malikdir. Çünki qarşılıqlı iddia ilə bağlı qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. MPM-in 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamənin ilk iddianın həll edilməsi hissəsindən qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən bütövlükdə, İddiaçı isə qətnamənin qarşılıqlı iddianın həll edilməsi hissəsindən kassasiya şikayəti verə bilməzlər.