Məhkəmə qərarları › İş №2(103)-4685/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4685/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4685/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsinin qanunsuz sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi, maddi və mənəvi ziyan, məhkəmə xərclərinin bölüşdürülməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.

3. Nərimanov rayon İHB-nın xx.xx.2017-ci il tarixli 393 saylı sərəncamında Cavabdeh MMC-nə tapşırılmışdır ki, Bakuvi 20, 22, 24, 26, 28, 30, 32, Balaəmi Dadaşov 5, 7, 9, 11, 13, 15, 17, 19, K. Rəhimov 10, 12/18 və Qafur Rəşad 13, 15 nömrəli yaşayış binasının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər.

4. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 327 saylı sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli razılaşma məktubu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli sərəncamları, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli ekspertiza rəyi nəzərə alınaraq Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində yaşayış binalarının tikintisinin aparılması üçün Cavabdeh MMC-nə icazə verilmişdir.

5. Bakı şəhəri, 11 Zavokzalnaya/Ə.Nəvai küçəsində yerləşən, 50 otaqdan ibarət, 660,08 m2 yaşayış sahəsindən, 1136,42 m2 ümumi sahədən ibarət olan 12/18 nömrəli fərdi yaşayış evinin 1/42 hissəsi xx.xx.2001-ci il tarixində İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, evin ikinci mərtəbəsində texniki pasportda göstərilən 6 və 13 saylı tikililər İddiaçı istifadəsindədir.

6. Həmin yaşayış evinin birinci mərtəbəsi "xxxx" Dini İcmasına məxsusdur və evin qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş layihə-Konstruktor və Texnoloji institutu tərəfindən xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş, aktda göstərilmişdir ki, sakinlər evdən köçürülməli, evin ətrafı çəpərlənməli, evə giriş qadağan olunmalıdr.

7. Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, 11 Zavokzalnaya/Ə.Nəvai küçəsindəki evin yerləşdiyi ərazi Cavabdeh MMC-nə sərəncamla ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

8. Həmin rəylə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən çoxmənzilli yaşayış binası inşa edilərkən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 393 saylı sərəncamının 1.1-ci və 2.2-ci bəndinin tələblərinə riayət edilməmişdir. Rəydə göstərilmişdir ki, İddiaçı mənzilinin pəncərələri sınmış, elektrik xətti kəsilmiş, mənzilin divarlarına və tavanlarında çatlar var, suvaq qatı tökülüb, mənzilə ziyan dəyib və mənzil yaşayış üçün yararsızdır.

9. Cavabdeh MTK, xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin hüquqi varisidir, MTK xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçirilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “...Sözügedən evin yerləşdiyi ərazidə tikinti işləri aparan Cavabdeh MMC-dən əldə olunan rəsmi məlumatdan müəyyən edilmişdir ki, yeni yüksəkmərtəbəli binaların tikintisi üçün həmin MMC-nə ayrılmış torpaq sahəsində yerləşən, qəzalı vəziyyətdə olan iki mərtəbəli binanın birinci mərtəbəsində "xxxx" Dini İcmasının mülkiyyətindəki ibadət evi mövcuddur. İddiaçı qzının mənzili isə həmin binanın ikinci mərtəbəsində mövcud olan dörd mənzildən biridir. Həmin icmanın rəhbərliyi tərəfindən onlara təklif olunmuş yeni, müasir qeyri-yaşayış sahəsinə köçməkdən imtina edilmiş, bu səbəbdən sifarişçi tikinti təşkilatı tərəfindən həmin binanın əsaslı təmir olunaraq saxlanılması qərara alınmışdır. Bunu əsas gətirərək şirkət həmin binada yerləşən mənzillərin, həmçinin İddiaçı məxsus evin əvəzləndirilməsini məqsədəuyğun hesab etməmişdir. Bütün bunlar tikinti şirkəti tərəfindən İddiaçı izah edilmiş, binada yüksək zövqlə və sürətlə aparılan təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılmasına zəmanət verilmişdir”.

11. İddiaçı Cavabdeh MMC-nə və Nərimanov rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən mənzilinin sökülməsi ilə əlaqədar 2020-ci ilin iyun ayından 2021-ci ilin iyul ayınadək ödənilməli olan aylıq 350 manat kirayə haqqı olmaqla 4550 manatın, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 350 manatın, yəni cəmi 4900 manatın, 2021-ci ilin avqust ayından mənzil ona təhvil verilənədək hər ay 350 manat kirayə haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

12. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi ilə dəyişldirilmədən saxlanılmışdır.

13. Məhkəmələr qeyd olunan mübahisə üzrə müəyyən etmişlər ki, İddiaçı mənzilinin yerləşdiyi bina sökülmədiyindən, ona kirayə haqqı ödənilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmələr həmçinin vurğulamışlar ki, İddiaçı mənzildən kənarda qaldığı dövrdə kirayədə qalıb-qalmaması, eyni zamanda buna nə qədər məbləğ sərf etməsi ilə bağlı sübut təqdim etməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı:

14. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilinə vurulmuş 88 100 manat məbləğində real, 11 900 manat məbləğində kirayə haqqı şəklində ziyan olmaqla cəmi 100 000 manat maddi ziyanın və 150 000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Seriya FM № 010264 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, buna dair 154 saylı reyestr kitabında qeydiyyat aparılmışdır. Tək yaşayış yeri olan mənzili Cavabdeh tərəfindən aparılmış çox mərtəbəli yeni hündürmərtəbəli binanın tikinti işi ilə əlaqədar yararsız vəziyyətə düşmüşdür. Hazırda mənzilin yerləşdiyi ərazi sökülərək tikinti işlərinə başlanılmış və nəticədə mənzili təhlükəli vəziyyətə düşmüşdür. Eyni zamanda, tikinti altı sahə evinə bitişik olduğundan evinin pəncərəsi tamamilə bağlanmışdır. Aparılan qazıntılar zamanı evinə külli miqdarda ziyan vurulmuş, evinin pilləkənləri dağıdılmış, mülkiyyət hüququndan istifadə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qaz, işıq, su sayğacları istifadəyə yararsız vəziyyətə düşmüşdür, heç bir kommunal xidmət olmadan yaşamaq mümkün deyil. Tək övladı hərbi xidmətdə vətən üçün savaş meydanındadır, tək ana olaraq hər gün bir qohumun evində gecələyir. Bütün bu müddət ərzində fikirdən və keçirdiyi stresdən ağır xəstəliklər tapmışdır. Evi söküntüyə məruz qalandan müalicədədir. Bir sözlə, mənzili yararsız vəziyyətə düşmüş, hər an uçma təhlükəsi ola bilər. Cavabdeh isə hələ də ziyan vurmaqda davam edir, evinə və səhhətinə vurulmuş ziyan onu narahat etmir. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tutulmalı və ona ödənilməlidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdeh tərəfindən bütün bu qanunvericilik normaları, həm tikintiyə dair qanunvericilik normaları, həm də vətəndaşın hüquqlarına dair qanunvericilik normaları pozulmuşdur.

16. Sonradan iddiaçının ərizəsi əsasında cavabdeh, Cavabdeh MTK ilə əvəz olunmuşdur.

17. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, şirkət tərəfindən hər zaman vətəndaşlara qarşı ədalətli yanaşılmışdır. İddiaçının evinin yerləşdiyi binanın sökülməsi əvvəlcə planda olduğundan tikinti işləri başlamazdan əvvəl İddiaçı dəfələrlə axtarmalarına baxmayaraq onu tapa bilməmişlər, daha sonra qərar verilmişdir ki, evin yerləşdiyi iki mərtəbəli binanın birinci mərtəbəsində dini icmaya məxsus kilsə yerləşdiyindən həmin yer sökülməsin. Bu səbəblə də bina şirkət tərəfindən əsaslı təmir edilmişdir.

18. Məhkəmə tərəfindən mübahisəsi gedən mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzil 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqdan ibarətdir, bir tərəfdən cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış evləri, digər tərəflərdən isə qonşu mənzillərlə əhatə olunmuşdur. Mənzilin daxilində divarların suvaq və boya qatı bir çox yerlərdə tökülmüşdür, mənzil yaşayış üçün yararsız vəziyyətdədir. Mənzilin otaqlarından birinin pəncərəsinin önündə cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası inşa edilir.

19. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1415 nömrəli xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/42 pay hissəsindəki mənzilin yaxınlığında (bitişik ərazidə) Cavabdeh MMC tərəfindən hündür mərtəbəli yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı müəyyən olunmuşdur ki, bunun da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Tədqiq olunan mənzilin bərpa olunması üçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər”.

20. Məhkəmənin təyinatı əsasında "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/42 hissəsindəki ünvana (daxilindəki əşyalarla) dəymiş maddi ziyanın həcmi və dəyəri binanın köhnəlmə əmsalı nəzərə alınmaqla 8433,7 (təmir-bərpa xərci) manat + 450 (mebel və avadanlıq) manat = 8883,7 manat təşkil edir..

21. Həmin mütəxəssis rəyi məhkəmə iclasında rəy vermiş mütəxəssisin iştirakı ilə tədqiq olunarkən mütəxəssis bildirmişdir ki, rəydə təmir-bərpa üçün müəyyən edilmiş məbləğ yaşayış sahəsinin orta səviyyəli təmiri üçün nəzərdə tutulmuş məbləğdir. Mebellərin dəyəri isə ikinci əl əşyaların satışı mərkəzlərindəki qiymətlərə uyğun müəyyən edilmişdir. Qiymətləndirmə həyata keçirilərkən orta bazar qiyməti nəzərə alınır.

22. İddiaçının sifarişi əsasında qiymətləndirmə həyata keçirən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılmasının (əmlakda olan və yararsız vəziyyətə gətirilmiş əşyaların dəyəri müəyyən olunmaqla) və yenidən orta təmir vəziyyətinə gətirilməsi üçün istifadə olunmuş materialların və görülmüş işlərin ümumi həcmi 12 224 manat və aylıq kirayə haqqının dəyəri 250 manat müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan 8883,7 (səkkiz min səkkiz yüz səksən üç manat 70 qəpik) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 8,88 manatının Cavabdeh MTK-dan, 91,12 manatının İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 26,64 manatının Cavabdeh MTK-dan, 273,36 manatının İddiaçı "xxxx" MMC-nin hesabına tutulması qət olunmuşdur.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 152.1-ci, 152.2ci, 152.3-cü, 152.4-cü, 158.4-cü, 1096.1-ci. 1096.2-ci, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

24.1. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanındakı yaşayış sahəsi (Bakı şəhəri 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki 50 otaqdan ibarət 660.08 kv.m yaşayış sahəsindən, 1136.42 kv.m ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci il tarixli sərəncamı və ayrıc aktı ilə hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün "Cavid-2016” MTK-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür, həmin yaşayış binaları iddiaçıya məxsus yaşayış evinə bitişik ərazidə yerləşir. Cavabdeh tərəfindən ona ayrılmış torpaq sahəsində söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılan zaman iddiaçıya məxsus yaşayış sahəsinin pəncərələri sınmış, elektrik xətti kəsilmiş, divarlarında və tavanlarında çatlar yaranmış, suvaq qatı tökülmüşdür. Göründüyü kimi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. 24.2. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilinə vurulmuş 88 100 manat məbləğində real zərər, 11 900 manat məbləğində kirayə haqqı olmaqla, ona cəmi 100 000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etsə də, bununla bağlı, yəni mənzilə vurulmuş real zərərin 88 100 manat olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı mənzilinin yararsız vəziyyətə düşməsi nəticəsində kirayədə yaşamaq məcburiyyətində qaldığını, nəticədə 11 900 manat kirayə haqqı ödədəyini və həmin məbləğin də maddi ziyan kimi cavabdehdən tutulub ona ödənilməsini tələb etsə də, mübahisə predmeti olan mənzilin onun yeganə yaşayış yeri olmasına, mübahisəli mənzildə yaşamadığı müddətdə kirayə qalıb-qalmamasına, qalmışdırsa nə qədər kirayə haqqı ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də, maddi ziyanın ödənilməsinə dair hissədə iddia qismən əsaslıdır və "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi əsas götürülməklə, Cavabdeh MTK-dən 8883,7 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. 24.3. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir.

25. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh şirkət tərəfindən iddiaçının qonşularına kompensasiya ödənildiyini, iddiaçının mənzilinin yaşayış üçün faktiki yararsız hala düşdüyünü, cavabdehin tikinti norma və qaydalarını ciddi şəkildə pozduğunu, inşa olunan hündürmərtəbəli binanın iddiaçının mənzilinin pəncərələrindən birinin qarşısını bağladığını, mənzilin digər pəncərəsinin önündə isə qanunsuz olaraq beton dirək tikildiyini, iddiaçının 3 il ərzində mənzilini tərk etmək məcburiyyətində buraxıldığını, cavabdeh şirkətin Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli sərəncamının 1.1-ci və 2.2-ci bəndlərinin tələblərini pozmuş olmasının ekspert rəyi ilə müəyyən edildiyini nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, işin hallarına uyğun olmayan qərar çıxarmışdır.

26. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, iddiaçının mənzilinin hündürmərtəbəli binaların inşasına başlanılmamışdan daha əvvəl yaşayış üçün yararsız olduğunun müəyyən edildiyini, MTK tərəfindən onun mənzilinə heç bir müdaxilə olunmadığını, iddiaçı ilə onun mənzilinin alınmasına dair müqavilə bağlanmamasının səbəbinin mənzilin yerləşdiyi evin birinci mərtəbəsində fəaliyyət göstərən dini icmanın oradan çıxmaq isməməsi olduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətlərinə etiraz

27. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

28. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), eləcə də cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

29. Cavabdehin nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli evin 1-ci mərtəbəsi "xxxx" Dini İcmasına məxsus ibadət evidir, 2-ci mərtəbəsində isə biri İddiaçı mülkiyyətində olan 5 mənzil vardır. Evin söküntüsü məqsədilə oradakı sakinlərlə və "xxxx" Dini İcması ilə danışıqlar aparılmış, 2-ci mərtəbədəki mülkiyyətçilərin 4 nəfəri mənzillərini MTK-ya təqdim etmiş və əvəzində onlardan üçünə inşa edilən hündürmərtəəli binada yeni mənzillər, birinə öz istəyinə uyğun olaraq pul kompensasiyası verilmiş, "xxxx" Dini İcması və İddiaçı ilə isə razılaşma əldə olunmamışdır. Dini icmanın xahişi nəzərə alınaraq həmin ev bütövlükdə əsaslı təmir olunmuş və yaşayış-istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda evin birinci mərtəbəsində "xxxx" Dini İcması fəaliyyət göstərir, ikinci mərtəbəsindəki 4 mənzil MTKnın, bir mənzil isə Lamiyə Şahbazonın mülkiyyətindədir. Dini icma özünün istifadəsində olan mənzili MTK-ya satmaq və ya yeni mənzillə əvəzləşdirmək istəmədiyi üçün sözügedən evi sökmək mümkün olmamış, ev əsaslı təmir olunaraq qorunub saxlanılmıışdır. İddiaçı mənzilini MTK-ya satmaq təklifi edilsə də, o, bununla razılaşmır, mənzilinin əvəzində ağılasığmaz pul məbləği tələb edir. MTK hazırda da İddiaçı mənzilinin müqabilində 50 000 manat təklif edir, əgər razılaşarsa mübahisəni məhkəmədənkənar qaydada həll etmək istəyir.

30. İddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, əgər MTK onun təmsil etdiyi şəxsə həmin ərazidə 1 otaqlı mənzil alıb verərsə, mübahisəni məhkəmədənkənar qaydada həll etmək olar, lakin MTK-nın təklif etdiyi 50 000 manatla belə mənzilin alınması mümkün deyildir.

31. Məhkəmə kollegiyası tərəfindən mübahisəsi gedən əraziyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, iddiaçının mənzili 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşməklə 2 otaqdan ibarətdir, bir tərəfdən cavabdeh tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binası, digər tərəfdən qonşu mənzillərlə əhatə olunmuşdur. Evin birinci mərtəbəsində "xxxx" Dini İcması fəaliyyət göstərir, ev MTK tərəfindən əsaslı təmir olunmuş, dam örtüyü dəyişdirilmişdir. Evin ikinci mərtəbəsindəki 4 mənzil MTK tərəfindən alınmışdır və hazırda orada MTK-nın işçiləri yaşayırlar. İddiaçının mənzilinin daxilində divarların suvaq və boya qatı bir çox yerlərdə tökülmüşdür, mənzil yaşayış üçün yararlı deyildir, mənzilin otaqlarından birinin pəncərəsinin önündə hündürmərtəbəli yaşayış binası inşa olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

32. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

35. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

40. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

42. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

43. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

46. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

47. Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

48. Maddə 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.

49. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

50. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı

51. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

62. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuş mənzil hüququ hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.

63. İddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə əmlaka dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.

64. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar).

66. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (§ 35) üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).

67. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

68. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus əmlakın yerləşdiyi ərazidə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin (MTK-nın) istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə (MTK-ya) həvalə olunmuşdur.

69. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsizdir və əslində iddiaçı da mülkiyyətinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən əmlakına dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür.

70. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı cavablandıracaq: iddiaçının mülkiyyət hüququna müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.

71. Kollegiyanın qənaətinə görə, iddiaçının əmlakının yerləşdiyi ərazidə yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakına ziyan vurulması nəticəsində onun hüquqları və cəmiyyətin maraqları arasındakı tarazlıq pozulmuşdir.

72. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilsin.

73. Bununla belə kollegiya, əmlaka dəymiş ziyan kimi iddiaçının tələb etdiyi məbləği əsaslı hesab etmir – çünkü müəyyən olunmuşdur ki, iddiaçının əmlakı sökülməmişdir və onun mənzili ilə qonşu olan digər mənzillərdə hazırda da insanlar yaşayırlar. MTK tərəfindən iddiaçının mənzilinin satın alınmaması evin birinci mərtəbəsində fəaliyyət göstərən "xxxx" Dini İcmasının oradan çıxmaq istəməməsi nəticəsində evin sökülməsinin mümkün olmaması, həm də iddiaçının özünün əmlakının dəyəri ilə bağlı MTK ilə razılaşmaması olmuş, əvvəldən də qəzalı vəziyyətdə olan ev MTK tərəfindən əsaslı təmir edilmişdir.

74. Buna görə də kollegiya, iddiaçının əmlakına dəymiş ziyanın məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır – hansı ki, həmin məbləğ MTK tərəfindən aparılan inşaat işləri nəticəsində iddiaçının mənzilinin daxilində yaranan qüsurların aradan qaldırılması üçün lazım olan məbləğ kimi hesablanmışdır.

75. Kollegiya, iddiaçının mənəvi ziyan tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.

76. Digər tərəfdən kollegiya nəzərə alır ki, cavabdeh tərəfindən pozuntuya yol verildiyinin təsbit olunması və cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzinin tutulması, ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası kimi nəzərdən keçirilə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

77. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi zamanı səhvə yol vermişdir.

78. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

79. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərini yoxlamaq üçün tikinti ekspertizası təyin etmiş, həmin təyinat əsasında Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydə “...iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, Cavabdeh MMC tərəfindən işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğunun müəyyən edildiyi” vurğulanmış, məhkəmənin təyin etdiyi qiymətləndirmə tədqiqatını həyata keçirən "xxxx" MMC iddiaçının əmlakına dəymiş ziyanı 8883,7 manat məbləğində qiymətləndirmiş, məhkəmə də bu rəyləri əsas götürməklə müvafiq nəticəyə gəlmişdir.

80. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçının ödədiyi dövlət rüsumunun onun özünə aid olunması, eləcə də ekspertiza (qiymətləndirmə) xərclərinin çox hissəsinin iddiaçıdan tutulması qanunun mənasına uyğun deyildir.

81. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

82. Birinci instansiya məhkəməsindəki icraat dövründə iddiaçının özünün təşəbbüsü ilə əldə edilmiş qiymətləndirmə rəyinə müvafiq hesabat əlavə edilmədiyindən, kollegiya həmin rəylə bağlı xərcə münasibət bildirmir.

83. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2023 saylı iş üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsi “ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində ləğv olunsun. İddia ərizəsi verilərkən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh MTK-dan alınıb İddiaçı ödənilsin. Qətnamə “aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 8,88 manatının Cavabdeh MTK-dan, 91,12 manatının İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 26,64 manatının Cavabdeh MTK-dan, 273,36 manatının İddiaçı "xxxx" MMC-nin hesabına tutulması” hissələrində dəyişdirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 90 (doxsan) manatı Cavabdeh MTK-dan, 10 (on) manatı İddiaçı alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirilmə tədqiqatının dəyəri olan 300 manatın 270 manatı Cavabdeh MTK-dan, 30 manatı İddiaçı alınıb "xxxx" MMC-nin hesabına köçürülsün. Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın (müvafiq qərardadla qətnamənin “11 900 manat məbləğində kirayə haqqı şəklində ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edildiyi və həmin iddia tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla). Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar