Məhkəmə qərarları › İş №2(103)-4687/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4687/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4687/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4687/2025 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1635/2025 nömrəli 29 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları Zaur Əlizadə və İmran Cəfərquliyevin hərəkətləri qanunsuz hesab edilməsi və 268790/2024-15-23/1 saylı, xx.xx.2024-cü il tarixli, 186340/2021- 15-28/1 saylı, xx.xx.2024-cü il tarixli, 56208/2019-15-28/1 saylı, xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarının ləğv edilməsi qərara alınmışdır.

2. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı İstehlakçılarla iş departamentinin direktoru cənab Murad Məmmədova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müştərinin ******************** saylı hesabından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 06 dekabr 2024-cü il tarixli № e268790/2024-15-23/1 saylı, 02 dekabr 2024-cü il tarixli № e56208/2019-15-28/1 saylı, 02 dekabr 2024-cü il tarixli № e186340/2021-15-28/1 saylı İnkasso Sərəncamlarına əsasən tutulmalar icra edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən 06 yanvar 2025-ci il tarixli № e268790/2024-15-23/1 saylı, 07 yanvar 2025-ci il tarixli № e186340/2021-15-28/1 saylı və 07 yanvar 2025-ci il tarixli № e56208/2019-15-28/1 saylı 3 sərəncam daxil olmuşdur. Banka daxil olan sərəncamlardan ikisi ləğv olunmuş və 06 yanvar 2025-ci il tarixli № e268790/2024- 15-23/1 saylı sərəncam icra olunacaqdır.

3. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müştəri müraciətlərinin idarə olunması departamentinin direktoru Səbuhi Əkbərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onun ******************** saylı hesabından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 4 noyabr 2024-cü il tarixli, № e268790/2024-15-23/1 saylı İnkasso Sərəncamına əsasən tutulma icra edilmişdir.

4. Mülki iş materiallarına "xxxx" ASC-nin İddiaçı məxsus hesabdan çıxarışlar, İddiaçı müharibə veteranı vəsiqəsi, İddiaçı məxsus sahə həkimi xəbərdarlıq vərəqələri və transtorakal exokardioqrafiya analiz nəticələri əlavə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş maddi, mənəvi və fiziki ziyanın ödənilməsi üçün 9.000.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbi belə əsaslandırmışdır ki, o, 2000-ci ildən ABB-nin müştərisidir. 24 ildir ki, ondan ABB faydalanır, lakin onun insan və konstitusion hüquqlarını çox kobud şəkildə pozmuşdur, baxmayaraq ki, dəfələrlə ərizə və pretenziya formasında müraciət etmişdir. ABB ASC-nin sədri Abbas İbrahimov çox təəssüflər olsun ki, onun 4 ay acsusuz, dərmansız və xəstə halında olmağına heç diqqət yetirməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, AR müharibə veteranlarına dövlət və kommersiya idarələrində dərin hörmətlə qəbul olunmalıdırlar və onların xahişləri böyük diqqətlə araşdırılmalıdır. Ölkə prezidentinin göstərişi ABB-nin rəhbərliyi tərəfindən icra olunmayıb. ABB ASC tərəfindən nəzərə alınmamışdır ki, o, 1-ci Qarabağ müharibəsində ərazi bütövlüyü uğrunda aparılan şiddətli döyüşlərdə (könüllü) və əməliyyatlarda iştirak etmişdir, veteran kimi 80 manat təqaüd alır, İİ qrup əlildir, ayrı qazanc yeri yoxdur, ABB tərəfindən qanunsuz hərəkətlər nəticəsində o, 4 aydır çörəksiz, susuz və dərmansız qalmışdır. Bu da onun sağlamlığına çox ciddi ziyan vurub və davam edir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 may 2025-ci il tarixli 2(006)-1635/2025 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinə münasibətdə qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 9.000.000 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı maddi zərər kimi yeganə gəlir mənbəyinin 80 manat pensiyası olduğunu, 4 aydır ki həmin pulun 100% həcminə cavabdeh tərəfindən mənimsəndiyini əsas gətirsə də, bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. İddiaçının tək gəliri olan 80 manat məbləğində pensiyasına tam şəkildə tutmanın yönəldilməsi ilə bağlı hərəkətlərın qanunsuz olması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə də təsdiq edilsə də, iddiaçıya “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən hər hansı maddi ziyan vurulmamışdır və tələb qanunvericilik normalarının tələblərinə zidd olan inkasso sərəncamlarını verən orqana yönəlməlidir.

9. Məhkəmə mənəvi ziyana münasibətdə qeyd etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi və fiziki zərəri iş materiallarına əlavə etdiyi sahə həkiminin xəbərdarlıq vərəqələri ilə əsaslandırsa da, keçirdiyi mənəvi sarsıntının qeyd elədiyi kimi 4 ay ondan qanunsuz şəkildə yeganə gəlirinin tutulması ilə bağlı olduğuna dair hər hansı sübut tqədim etmədiyindən, həmçinin iddia maddi ziyan hissəsində təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi və fiziki ziyan hissəsində də təmin edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 386.1, 1097.1-ci “İcra haqqında” Azərbaycan Respublikası 65-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 80 manat təqaüd aldığı halda, Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən qanunsuz olaraq hər üç icra sənədi üzrə ayrı-ayrılıqda ondan tutulması tələb olunan məbləğlər – yeganə gəlir mənbəyi (yəni 80 manat) dəfələrlə çoxdur. Belə olan təqdirdə aparılan tutulmalar onun zəruri yaşayış minimumundan belə məhrum olmuşdur. Borclunun gəlirlərindən tutulmaların məbləğin 50%-dən çox ola bilməməsi barədə qanunvericilik norması ABB tərəfindən kobudcasına pozulmuşdur. Bu isə onun insan və konstitusion hüquqlarımın ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 21.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 22.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 24.Maddə 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 25.Maddə 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

36. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

37. Hazırki halda iddiaçı və cavabdeh arasında yaranan mübahisələrə dair artıq icra icratına yönəlmiş tələblər mövcuddur. Belə olduqda isə iddiaçının gəlirlərindən 100% tutulmalarla bağlı hərəkətləri icra məmuru həyata keçirir.

38. İddiaçı icra məmurlarının hərəktlərini mübahisələndirmiş və buna dair məhkəmə qərarı mövcuddur.

39. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-628/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları Zaur Əlizadə və İmran Cəfərquliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və 268790/2024-15-23/1 saylı, xx.xx.2024cü il tarixli, 186340/2021-15-28/1 saylı, xx.xx.2024-cü il tarixli, 56208/2019-15-28/1 saylı, xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarının ləğv edilməsi qərara alınmışdır.

40. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə məhz iddiaçının şikayəti ilə icra məmurlarının hərəkətləri qanunsuz hesab edilmişdir.

41. İddiaçıya maddi ziyan vurulmasında cavabdehin hər hansı təqsiri müəyyən olunmur. Cavabdehin ümumiyyətlə iddiaçıya bu mərhələdə hər hansı maddi ziyan vura biləcək səlahiyyəti yoxdur.

42. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, İddiaçı tək gəliri olan 80 manat məbləğində pensiyasına tam şəkildə tutmanın yönəldilməsi ilə bağlı hərəkətlərin qanunsuz olması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 628/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərardadı ilə təsdiq edilsə də, iddiaçıya “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən hər hansı maddi ziyan vurulmamışdır və tələb qanunvericilik normalarının tələblərinə zidd olan inkasso sərəncamlarını verən orqana yönəlməlidir.

43. İddiaçıya cavabdeh tərəfindən hər hansı maddi ziyan vurulması halını təsdiq edən sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında təqdim edilməmişdir.

44. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

46. İddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə də haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

47. Mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir.

48. Kollegiya qeyd edir ki, zərərin mövcud olduğu təqdirdə, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi müəyyən edilmir.

49. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1635/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar