Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4690/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)-280/21 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38.500 manat məbləğində pulun və 20.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını, habelə Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-280/21) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 7-8 il müddətində yaxın münasibətləri olmuş, cavabdeh ona həmin münasibətləri ictimailəşdirəcəyi, onu iş yerində və ailəsində rüsvay edəcəyi barədə hədə-qorxu gəlməklə ondan maddiyyət əldə etmiş, belə hədə qorxu nəticəsində məcbur qalaraq cavabdehə 38500 manat məbləğində ev almışdır. Cavabdeh onu qızının toyu ərəfəsində toy məclisini pozaraq münasibətlərini hamıya bildirəcəyi barədə şantaj etmiş, İddiaçı evlərin alqı-satqısı ilə məşğul olan şəxsə əvvəlcə 2.000 manat məbləğində beh vermiş, pulun qalan məbləğini isə qızının toyundan, yəni 07.09.2018-ci ildən sonra toydan yığılan pulun hesabına iki dəfəyə ödəmişdir. Cavabdehin təhdidlərindən onun ailə üzvləri, qohumları məlumatlı olmuşlar. O, ailəsində, qohunları və işlədiyi idarədə biabır olmamaq üçün cavabdehin şantaj və təhdidlərinə boyun əyməyə məcbur olmuşdur. Lakin cavabdeh bununla kifayətlənməyərək onun haqqında müxətlif orqanlara şikayətlər, teleqramlar vurmuş, nəticədə o, vəzifədən getmişdir. Cavabdehin bütün qanunsuz hərəkətləri nəticəsində onun çəkdiyi və çəkməkdə davam etdiyi mənəvi iztirablara görə 20000 manat məbləğ ona ödənilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı artıq ona qarşı bir dəfə iddia qaldırmış və hazırda pulunu tələb etdiyi evin alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmişdir. Lakin məhkəmə tərəfindən onun iddiası rədd olunmuşdur. Həmin qətnamədən verilən şikayətlər təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minimişdir. Bundan sonra iddiaçı hazırkı iddianı qaldırmaq fikrinə düşmüş və hazırda da evin pulunu tələb edir. İddiaçını xeyli vaxtdır ki, tanıyır. İddiaçı əvəllər iş yeri üzrə onun rəhbəri olmuş, həmçinin o, müəyyən fasilələrlə iddiaçı ilə 9 ilə yaxın müddət ərzində faktiki nikah münasibətlərində olmaqla birlikdə yaşamış, onların kəbinləri də olmuşdur. Onların arasında olan münasibətlər barəsində də həm onun, həm də iddiaçının ailə üzvləri məlumatlı olmuş, o cümlədən həmin dövrdə iddiaçı onu Şəkidə yaşayan anasının evinə də qonaq aparmış, orada iddiaçının Mütəllim adlı qardaşı və qardaşının Gülayə adlı arvadı ilə tanış olmuşdur. Ümumilikdə, o, öz ömrünün 9 ilinə yaxın müddətini iddiaçıya həsr etmişdir. Təbii ki, bunun müqabilində iddiaçı ona müəyyən vədlər vermiş və məhz verdiyi vədə uyğun olaraq hazırda mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən evi almışdır. Həmin evin pulunu da iddiaçı ödəmişdir. Lakin evin alınması, o cümlədən onun dəyərinin ödənilməsi üçün iddiaçıya təzyiq göstərməmiş, onu bu məqsədlə hər hansı formada hədələməmişdir. Sadəcə olaraq, bu evin alınması ilə iddiaçı ona verdiyi vədi yerinə yetirmişdir. İddiaçıdan əvvəllər rəsmi olaraq şikayətlər etmiş, iddiaçı tutduğu vəzifədən də onun şikayətləri nəticəsində getmişdir. Lakin bu şikayətlər evin alınması ilə bağlı olmamış, iddiaçının ona qarşı yol verdiyi hərəkətləri ilə bağlı olmuşdur. Hazırda o, iddiaçı ilə hər hansı münasibət saxlamır və aralarında olmuş münasibətlərin bərpa edilməsini istəmir. Lakin buna baxmayaraq, iddiaçı ona qarşı müəyyən hərəkətlərini hazırda da davam edir və onun şəxsi işlərinə müdaxilə etməklə və məhkəmədə ona qarşı iddialar qaldırmaqla onu narahat edir. İddiaçı bu hərəkətlərini dayandırmasa o, yenə də iddiaçıdan müxtəlif qurumlara şikayət etməkdə davam edəcək, hətta bu məsələlərə iddiaçının aidiyyəti ailə üzvünü də cəlb edəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 3 ildir ki, evlərin alqı-satqısı ilə məşğul olur. 2019-cu ildə Cavabdeh onun iş yerinə yaxınlaşaraq ev almaq niyyətində olduğunu bildirmiş və bu məsələdə ona köməklik etməyi xahiş etmişdir. Bununla bağlı, o, bir neçə ev göstərmiş və nəticədə cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən evi bəyənmişdir. Bir neçə gündən sonra cavabdeh yoldaşı kimi təqdim etdiyi iddiaçı ilə birlikdə gəlmiş və onlar evə baxan zaman aralarında mübahisə yaranmışdır. Mübahisənin səbəbi isə iddiaçının müxtəlif bəhanələr gətirərək evi almaqdan imtina etməsi olmuşdur. Evin ümumi dəyəri 38.500 manat təşkil etmiş və 04.09.2018-ci il tarixdə iddiaçı ilə onun arasında bağlanmış beh müqaviləsinə əsasən iddiaçı ona 2.000 manat məbləğində beh vermişdir. Beh müqaviləsi bağlanan zaman da tərəflər arasında mübahisənin yarandığını, o cümlədən cavabdehin iddiaçının ünvanına müxtəlif hədə xarakterli ifadələrin işlədildiyini görmüşdür (Şəkiyə, kəndinizə gedərəm, səni biyabır edərəm). Daha sonra isə qalan 36.500 manat məbləğində pulu iddiaçı iki dəfəyə ödəmişdir. Lakin alqı-satqı müqaviləsinə imzanı Cavabdeh etmişdir. Birinci instansiya məhkəməsində şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehin anasıdır. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşıdır. İddiaçı isə cavabdehin müdiri olmuşdur. İddiaçını şəxsən və yaxşı xasiyyətli, səxavətli insan kimi tanıyır. İddiaçı onların evində təşkil edilmiş bir sıra tədbirlərdə də (ad və bayram günlərində) qonaq kimi iştirak etmişdir. Cavabdehin mülkiyyətində olan evi də ona iddiaçı almışdır. Hazırda cavabdeh onunla əlaqə saxlamır və onun harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin uşağı bir müddət onunla yaşamış, lakin hazırda cavabdehlə yaşayır. Deyilənə görə cavabdeh hazırda başqa bir şəxslə birlikdə yaşayır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, hakim öz qətnaməsini yalnız Binəqədi Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qətnaməsi ilə əsaslandırmışdır. Hakimin bu əsasla araşdırma aparmaqdan imtina etməsi müdafiə hüququnun, ədalətli məhkəmə araşdıərılması hüququnun, çəkişmə prinsipinin və tərəflərin hüquq bərabərliyinin pozulması deməkdir. Həmin qətnamənin mövcud olması əsası ilə vəsatətin rədd edilməsi nəticə etibarı ilə hakimin qabaqcadan mövqe bildirməsi deməkdir. İstinad edilən mülki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş və mənzilin pulunun tələb edilməsi iddiaçıya izah edilmişdir. Belə olan halda, həmin müqavilənin etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq onun həmin pul vəsaitini tələb etmək hüququ vardır. Məhkəmənin isə həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi səbəbi ilə iddia tələbinin təmin edilməməsi qanunsuz və əsassızdır. Qanunvericiliyə əsasən hədiyyə prosedurunu bağışlama müqaviləsi tənzimləyir ki, elə bir müqavilə də mövcud deyildir. Onun cavabdehlə aralarında münasibət olsa da, lakin heç vaxt nikah münasibətləri olmamışdır, nə rəsmi, nə də faktiki nikah münasibətlərində olmamışlar. O, cavabdehlə nikah münasibətində olsaydı ailəsinin bilməsi ilə etdiyi şantajlara boyun əyməzdi. Şantajlar ən son ana, yəni, mahiyyətini itirənə qədər – onun tutduğu vəzifədən azad edilməsinə və ailə üzvləri və qohumlarının münasibətdən xəbər tutduğu ana qədər davam etmişdir. Cavabdeh öz hərəkətləri ilə onda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba da səbəb olmuşdur. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər eyni müəssisədə çalışmış, cavabdeh vəzifəcə iddiaçının bilavasitə tabeliyində olmuş, onlar təxminən 7-8 il faktiki nikah münasibətində yaşamış, 2018-ci ilin sentyabr ayında Abşeron rayonu, Masazır kəndində cavabdehin adına həyət evi alınmış, evin yerləşdiyi 0,0114 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Həyət evinin (torpaq sahəsinin) dəyərini təşkil edən 38 500 manat iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı tutduğu vəzifədən azad olunmuş, cavabdehlə münasibətləri korlanmış və məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cavabdehdən maddi ziyana görə 38.500 manat və mənəvi ziyana görə 20.000 manat məbləğində pulun tutulması barədədir. İddiaçı evin (torpaq sahəsinin) dəyərini təşkil edən 38.500 manatı cavabdehin onu təhdid etməsi, ona hədə-qorxu gəlməsi nəticəsində ödədiyini bildirmişdir. Cavabdeh iddianı qəbul etməmiş, evin (torpaq sahəsinin) dəyərinin iddiaçı tərəfindən könüllü ödənildiyini, iddiaçıya heç bir hədə-qorxu gəlinmədiyini, təhdid edilmədiyini, iddiaçı evin dəyərini 9 il birgə yaşadıqları dövrdə verdiyi vədləri yerinə yetirərək ödədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 666, 1096-cı, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuş, iddiaçının cavabdehə göstərdiyi maddi dəstəyi və xüsusi diqqəti məhz bu münasibətlərdən irəli gəlmiş və bu səbəbdən də iddiaçının cavabdehə etdiyi maddi yardımlar və aldığı əşyalar (avtomobil, ev, qızıl-zinət əşyalarının aldığını bildirir) hüquqi nəticə etibarı ilə hədiyyə kimi qiymətləndirilməlidir. Hər bir halda, həmin müəssisədə maddi dəstəyə ehtiyacı olan digər şəxslərin olması heç də istisna deyil. Lakin iddiaçı bir insan kimi onlara da dəstək olmasından danışmır. Bundan əlavə “Mən cavabdehlə müxtəlif fasilələrlə təxminən 7-8 il birlikdə olmuşam” və “Lakin bir müddət sonra cavabdeh bizim aramızda olan münasibətlərdən başqa məqsədlər üçün istifadə etməyə başladı” ifadələri də biri birinə zidd olan ifadələrdir. Hər bir halda, cavabdehin bir müddət sonra iddiaçıya qarşı qərəzi olsa idi, bu münasibətlər 7-8 il davam etməməli idi. Bu səbəbdən məhkəmə şahid Vəkil evin alınması zamanı tərəflər arasında mübahisələrin baş verməsi barədə ifadəsini də mötəbər sübut kimi qiymətləndirməmişdir. Məhkəmə hər iki şahidin evin iddiaçı tərəfindən alınması ilə bağlı qeyd etmişdir ki, bu halı cavabdeh özü də etiraf edir və bu hal işin mübahisəsiz halıdır. Bütün bu halların mövcudluğu da iddia tələbinin “pulun tutulması” hissəsində rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia üzrə “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə, cavabdehin əməlləri barədə xüsusi qərardad çıxarıb, bu barədə aidiyyəti üzrə prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi üzrə xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin hərəkətlərində nəinki cinayətin əlamətləri, həmçinin cavabdehin iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusuna yol verməsi halı aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq bir daha qeyd edir ki, iddiaçının mübahisələndirdiyi mənzili şantaj, hədə-qorxu, təhdid yolu ilə alması halı mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, iddiaçı bundan əvvəl Binəqədi Rayon Məhkəməsində cavabdehə qarşı 12.09.2018-ci il tarixli torpaq alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia qaldırmış, lakin həmin iddia əsassız olduğuna görə rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4690/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4690/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver