Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4691/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlaka mülkiyyət hüququnun tanınması və naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(003)-1449/2023 nömrəli qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlaka mülkiyyət hüququnun tanınması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evinin 160.9 kv.m olan hissəsinə və evin yerləşdiyi 0,0582 hektar torpaq sahsinin 1/2 hisssinə mülkiyyət hüququnun tanınması və payının naturada ayrılaraq istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(003)-1449/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlaka mülkiyyət hüququnun tanınması və naturada bölünməsi tələbinə dair 2(003)-1449/2023 saylı mülki iş üzrə icraat, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair 2(003)- 48/2023 saylı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Hazırda iddiaçı verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelllyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ipoteka ilə alınan ev birgə nikah dövründə əldə edilib və evin ipoteka ilə yüklü edilməsinə o, razılıq verməmişdir. Ev birgə nikah dövründə alındığından həmin əmlakın yarısının ona məxsus olması mübahisə predmeti ola bilməz. İddiası təmin olunacağı təqdirdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin "xxxx" ASC-nin cavabdeh X1 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair 2(003)-48/2023 nömrəli mülki iş üzrə iddiaçı olan bank qarşısında ipoteka ilə yüklü edildiyindən və həmin mülki iş üzrə Cavabdeh tutulmalı olan borcun həmin əmlaka yönəldilməsi, açıq hərracdan satılması və əmlakın boşaldılması barədə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğvinə səbəb olacaqdır, yəni iddiasının təmin olunacağına dair qətnamə çıxarılacağı halda "xxxx" ASC-nin xeyrinə çıxarılmış qətnamənin ləğvinə səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, bankın iddiası üzrə o, işə cəlb edilməmiş və onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Onun iddiası üzrə işə baxılıb qurtaranadək bankın iddiası üzrə işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarı). Göründüyü kimi, işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Birinci instansiya məhkəməsi isə icraatın dayandırılması barədə qərardadda bu halı ümumiyyətlə əsaslandırmamış və hazırki işə baxılmasının mümkün olmamasının nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçının hazırki tələbi əmlaka mülkiyyət hüququnun tanınması və naturada bölünməsi ilə bağlı olmaqla, mülki işə baxılmasının mümkün olmaması müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları pozulduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(003)-1449/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4691/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4691/2023
25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver