Məhkəmə qərarları › İş №2(103)-4692/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4692/2025

02.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4692/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən evin elektrik təchizatının təmin edilməsi ilə bağlı müraciətinin icraata qəbul olunub təmin edilməsi vəzifəsinin cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus həmin ev 2000-ci ildə inşa edilmişdir. Ev özbaşına tikilidir. Buna baxmayaraq ev, "xxxx" ASC tərəfindən içməli su ilə, “Azəriqaz” İB tərəfindən isə təbii qazla təchiz edilir. Lakin cavabdeh "xxxx" ASC isə evi elektrik enerjisi ilə təchiz etməkdən imtina edir. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, evin sənələri ASC-yə təqdim edilmədiyi üçün evin elektrik enerjisi ilə təchiz edilməsi mümkün deyil. İddiaçı bildirir ki, həmin ev özbaşına tikili olsa da, onun özünün və ailə üzvlərinin yaşayış yeridir. Evin su və təbii qazla təchiz edilməsi ilə bağlı iddiaçı ilə "xxxx" ASC və “Azəriqaz” İB arasında müvafiq müqavilələr bağlanmışdır. Buna görə də, cavabdeh "xxxx" ASC-nin evi elektrik enerjisi ilə təchiz etməkdən imtinası başadüşülən edir. Bundan başqa nəzərə alınmalıdır ki, qonşuluqda yerləşən evlərin də heç bir sənədi, o cümlədən tikintiyə icazə verilmiş haqqında sənədləri yoxdur. Lakin cavabdeh ASC həmin evləri elektrik enerjisi ilə təmin edir. Cavabdehin bu kimi hərəkəti (hərəkətsizliyi) iddiaçının konstitusion hüququnu pozur. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən ünvanında yerləşən evin elektrik təchizatı ilə təmin edilməsi vəzifəsinin cavabdeh ASC-nin üzərinə qoyulmasını qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus ev özbaşına tikili olsa da, iddiaçı və iddiaçının ailə üzvləri həmin tikilidə yaşayırlar. Həmin tikili "xxxx" ASC tərəfindən içməli su ilə, “Azəriqaz” İB tərəfindən isə təbii qazla təchiz edilir və bununla bağlı həmin təşkilatlar ilə iddiaçı arasında müvafiq müqavilələr də bağlanmışdır. Bu fakt həmin ərazidə müvafiq icazələrin mövcudluğu və minimum texniki şərtlərin yerinə yetirilməsi üçün praktiki imkanların olduğunu göstərir. Belə olan halda, yalnız elektrik təchizatı ilə bağlı əlavə sənədlərin təqdim edilməməsi səbəbi ilə həmin evin elektrik enerjisi ilə təchiz edilməsindən cavabdeh ASC-nin imtinası əsaslı hesab edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli dəyişikliklə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa 20.4-cü maddə əlavə edilmişdir. Həmin maddənin də tələbi ondan ibarətdir ki, artıq özbaşına tikililərin elektrik şəbəkəsinə qoşulması qadağandır. Buradan da aydın olur ki, cavabdeh ASC hərhansı bir qanun pozuntusuna yol verməmişdir; iddia əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verilmiş izahatlar barədə məlumat

7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və iddianın məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işdə olan sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev özbaşına tikilidir və iddiaçıya məxsusdur. Həmin ev 2000-ci ildə inşa edilmişdir. İddiaçı və onun ailə üzvləri həmin evdə yaşayırlar. Ev, "xxxx" ASC tərəfindən içməli su ilə, “Azəriqaz” İB tərəfindən isə təbii qazla təchiz edilir və bununla bağlı həmin təşkilatlar ilə iddiaçı arasında müvafiq müqavilələr bağlanmışdır. Qonşuluqda yerləşən bəzi evlər də özbaşına tikili olsalar da, cavabdeh ASC həmin evləri elektrik enerjisi ilə təmin edir, amma iddiaçıya məxsus həmin tikilini elektrik enerjisi ilə təchiz etməkdən imtina edir.

11. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-13/2- 2/18-Z-10826/2-5/2024 nömrəli məktubundan görünür ki, yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə dəyişikliklərlə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 399 və 400 nömrəli qərarları ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”na əsasən həyata keçirilir. Sözügedən qaydaların tələblərinə uyğun olaraq, vətəndaş tərəfindən mülkiyyəti təsdiq edən sənədi, tikinti obyektinin (yaşayış və qeyriyaşayış) tikintisinə icazə verilmiş müvafiq sənədini və obyektin elektrik gücünü özündə əks etdirən yük hesabatını daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət edilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşın təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin tələb olunan gücə uyğun elektrik təchizatı "xxxx" ASC tərəfindən təmin edilir. Tikinti obyektləri üçün tələb olunan elektrik enerjisinin gücü təqdim edilmiş yük hesabatına uyğun müəyyən edilir. Yük hesabatı vətəndaşın müraciəti əsasında “ASAN Kommunal” mərkəzində “Yük hesabatının hazırlanması (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd)” xidmətində və yaxud bu işlərin həyata keçirilməsi üçün lisenziyası olan təşkilat tərəfindən tərtib edilir. Lisenziyalı təşkilat tərəfindən tərtib edilmiş yük hesabatı həmin təşkilatın lisenziyasının surəti ilə birlikdə vətəndaş tərəfindən müraciət zamanı təqdim edilməlidir. Sözügedən yaşayış sahəsinin elektrik təchizatı üçün müvafiq sənədləri təqdim etməklə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

12. Göstərilənləri nəzərə alan Məhkəmə cavabdeh ASC-nin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

13. İddiaçının yaşadığı həmin tikili 2000-ci ildə inşa edilmişdir. Cavabdeh ASC-nin istinad etdiyi qanuna edilmiş dəyişiklik isə 23 il sonra edilmişdir.

14. Göründüyü kimi, cavabdeh ASC-nin mövqeyi Konstitusiyanın yuxarıda qeyd edilən normasına uyğun deyil.

15. Bundan başqa qeyd edilməlidir ki, Konstitusiyanın 25-ci maddəsinə görə, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir.

16. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçının evinin ətrafında yerləşən başqa evlər də özbaşına tikili olsalar da, cavabdeh ASC həmin evləri elektrik enerjisi ilə təmin edir, amma iddiaçıya məxsus həmin tikilini elektrik enerjisi ilə təchiz etməkdən imtina edir.

17. Göründüyü kimi, cavabdeh ASC-nin mövqeyi Konstitusiyanın qeyd edilən bu normasına da uyğun deyil. f) apellyasiya baxışının nəticəsi

18. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddianın təmin etməklə, qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

19. Bu baxımdan şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

20. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar