Məhkəmə qərarları › İş №2(103)-4700/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4700/2020

28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4700/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-576/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə “Range Rover” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 2.100 manat maddi zərərin, 110 manat vəkilə ödənilmiş xərcin, 3.000 manat mənəvi zərərin, eləcə də hazırki iddia tələbinin qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Range Rover” markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə saat 16:30 radələrində o, iş yeri olan ünvan 1 ünvanının qarşısına gəlmiş, sürücü avtomobilini həmin binanın qarşısında saxlamış və onlar avtomobildən enib, ofisə getmişlər. Avtomobil sürücü tərəfindən idarə edilir. Bir neçə dəqiqə sonra sürücü ona bildirmişdir ki, o, avtomobilin yanında dayanan zaman Qarabağ küçəsi, ev 30, mənzil 9 ünvandan avtomobilin üzərinə daş parçası atıldığını görmüşdür. Sürücü 4-cü mərtəbədə yerləşən həmin mənzilə baxanda eyvanda olan şəxs onu görüb içəri keçmişdir. Sonra sürücü avtomobilə yaxınlaşmış və aşkar etmişdir ki, avtomobilin qabaq alın şüşəsi çatlamış və kapotun sol hissəsi əzilmişdir. Buna görə də o, dəymiş ziyanın ödənilməsi üçün şikayət ərizəsi ilə ərazi üzrə Polis Bölməsinə müraciət etmişdir. Bir neçə gün sonra avtomobilin alın şüşəsini dəyişdirmiş və yeni şüşəyə 1.700 manat, ustaya isə 100 manat məbləğində pul vermişdir. Bundan başqa kapotun təmirinə görə təxminən 300 manat pul xərcləmişdir. 18-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 2, mənzil 9 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Cavabdehdur. O, həmin mənzilin sahibi olan Cavabdeh müraciət edərək, dəymiş ziyanın ödənilməsini tələb etsə də, o ziyanın ödənilməsindən imtina etmişdir. Hesab edir ki, avtomobilinə ziyanın vurulmasında birbaşa təqsirli olan şəxs həmin mənzilin mülkiyyət hüququ əsasında sahibi Cavabdehdur. Buna görə, o dəymiş ziyanı ödəməlidir. Həmçinin, tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə, 110 manat isə vəkil xidməti olaraq 20 saylı vəkil bürosunun hesabına ödənilmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3.000 (üç min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, o, cavabdehlə danışıqlar aparmış, vaxt itirmiş və əsəb, gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stres yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuşdur, bunlar da iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Onun yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməyinin birbaşa səbəbkarı heç bir qanuni və hüquqi əsas olmadan onu aldadan cavabdeh olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-576/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X9 Rover” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan “X6” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “X9 Rover” minik markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1.800 manat təşkil edir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən X3 ünvanlanmış pretenziya məktubundan görünür ki, ondan 2 gün müddətində vətəndaş İddiaçı məxsus “Range Rover” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 2.100 manat maddi zərərin ödənilməsini təmin edilməsi xahiş olunur. İş materiallarında olan Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət təqibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi, X1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Emin Quliyev tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil onun anası X4 adınadır. Son bir neçə gündə ona məlumat verilmişdir ki, xx.xx.2019-cu il tarixdə onlara məxsus mənzilin eyvanından həyətdə saxlanılmış “Armoni” şirkətinə məxsus “Range Rover” markalı avtomobilin üzərinə daş parçası atılmışdır. O, qeyd etmişdir ki, həmin ərəfədə mənzilin otaqlarında yalnız kosmetik işlər görülmüşdür. Eyvanda isə heç bir təmir işləri aparılmamışdır. Lakin qeyd olunan tarixdə o, evdə olmamışdır. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil cavabdehin anasına məxsus olsa da, həmin evdə təmir işləri İsa Hüseynov tərəfindən aparılmış, həmin evə ustaları o gətirmişdir. Buna görə kollegiya hesab edir ki, iddiaçının avtomobilinə ziyan dəyməsi məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdehdən maddi ziyana görə iddiaçının xeyrinə 1800 manat tutulmalıdır. Belə ki, iş materiallarında olan “X6” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “X9 Rover” minik markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1.800 manat təşkil edir. Belə ki, Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin maddi hüquq norması mülki hüquq pozuntularına görə məsuliyyət baxımından xüsusi normadır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsi ümumi qaydaları əks etdirdiyi halda, 1099-cu maddə yüksək dərəcəli məsuliyyəti nəzərdə tutmaqla, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntularına münasibətdə məsuliyyətini tənzimləyir. Başqa sözlə qanunverici, işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə həmin işçinin əmək müqaviləsi münasibətində olduğu, yaxud mülki hüquq müqaviləsi əsasında iş gördüyü hüquqi və ya fiziki şəxsin üzərinə zərəri ödəmək vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə, əmək müqaviləsi üzrə işləyən işçinin vurduğu zərəri işəgötürən yalnız zərəri işçinin əmək (qulluq, mənsəb) vəzifəsinin icrası zamanı vurduğu hallarda ödəyir, əmək vəzifələrinin icrası deyildikdə isə, həm əmək müqaviləsi ilə müəyyənləşdirilmiş fəaliyyət, həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin iş və istehsal zərurəti ilə bağlı işəgötürənin verdiyi tapşırığın yerinə yetirilməsi üzrə fəaliyyət başa düşülməlidir. İşin halları ilə müəyyən olunur ki, İsa Hüseynov ilə onun ünvan 2 ünvanında yerləşən 9 saylı mənzildə işlədtiyi ustalar arasında əmək münasibətləri yaranmış, onların arasındakı münasibətlər Mülki Məcəllənin “Mülki hüquq pozuntuları” fəslində nəzərdə tutulan qaydalara tətbiqən işçi-işəgötürən münasibətləri kimi qiymətləndirilən münasibətlər olmuş, iddiaçının avtomobilinə dəyən ziyan ustaların sözügedən mənzildə əmək funksiyalarıını icra etməsi səbəbindən baş vermişdir. Kollegiya iddiaçının avtomobilinə dəymiş ziyanın onun xeyrinə tutulmasını əsaslı hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməli olması qənaətinə gəlir. Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbi üzrə qeyd edir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. İddiaçının “hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manatın cavabdehlərdən tutulması” tələbini də kollegiya əsaslı hesab edir; belə ki, Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 12879 nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 110 manat məbləğində ödəniş etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-576/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 1800 (min səkkiz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (yüz on) manat və iddia tələbinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar