Məhkəmə qərarları › İş №2(103)-4703/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4703/2025

14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4703/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsinin rədd edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28.468 manat məbləğində vəsaitin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 həmin prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş prosessual müddətinin bərpasına dair vəsatətini və ona əlavə edilmiş sənədləri geri qaytarılmış və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izah edilmişdir ki, o, vəsatəti gücləndirilmiş elektron imza ilə imzalamaqla, həmçinin apellyasiya şikayətini mülki prosessual qanunvericiliyə uyğun tərtib etməklə yenidən məhkəməyə müraciət edə bilər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı maraqlarını təmsil etdiyi Cavabdeh2 və qeyrilərinə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə başlanılmış mülki işə 14 aprel 2025-ci il tarixində baxılmış və məhkəmənin 2(001)- 295/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Maddi vəziyyəti ağır olduğundan Cavabdeh2 məhkəmə qətnaməsindən apellyasiya şikayətini təkbaşına vermək qərarına gəlmiş, bunun üçün qətnamənin onun ünvanına göndərilməsini gözləmişdir. Qətnamənin göndərilmədiyini görən Cavabdeh2 19 may 2025-ci il tarixində qətnaməni əldə etmək üçün Binəqədi Rayon Məhkəməsinin inzibati binasına gəlmiş, lakin orada ona bildirmişlər ki, qətnamə “elektron məhkəmə” sistemində yerləşdirildiyindən, ona əlbəəl verilə bilməz. Cavabdeh2 qətnamə barədə tam məlumatı may ayının 19-dan sonra Binəqədi rayon İcra şöbəsindən əldə etmişdir. Bundan sonra, maddi vəziyyəti pis olsa da, şikayətin öhdəsindən təkbaşına gələ bilməyəciyinə əmin olduqdan sonra, Cavabdeh2 məcbur olub, ona hüquqi yardım göstərməsi üçün simvolik, kiçik bir məbləğə onunla müqavilə bağlamışdır. İşlə maraqlanan zaman məlum olmuşdur ki, şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. Hesab edir ki, məhkəmə qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin Cavabdeh2 tərəfindən buraxılması üzrlü hesab edilməli, buraxılmış müddət bərpa edilməklə, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmiş, istifadəsində olan telefona isə məhkəmə aktı barədə məlumat gəlməmiş, belə olan halda məhkəmə qərtnaməsindən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən buraxılması üzrlü hesab edilməlidir. Odur ki, işin yuxarıda göstərilmiş hallarını nəzərə alaraq məhkəmə qətnaməsindən apellyasiya qaydasında şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qətnaməsi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 müddətin bərpası barədə ərizədə onunla Cavabdeh2 arasında şikayətin verilməsi üçün müqavilənin qətnamə çıxdıqdan sonra bağandığını bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, o, Cavabdeh2 vəkili qismində hazırkı mülki iş üzrə məhkəmə iclaslarında iştirak etmiş, həmçinin, iş materiallarında olan vəkil orderindən (i.v. 57) görünür ki, Cavabdeh2 ilə Vəkil1 arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Belə olan halda da, qətnamə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən onların qətnamədən məlumatları olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-295/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verilərək, həmin qərardadın ləğv edilməsi, buraxılmış müddət üzrlü səbəblərdən ötürüldüyündən bərpa edilməsi və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı qismində çıxış etmiş İddiaçı adlı şəxs Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 51.820 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ona verilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 keçmiş ər-arvaddırlar. Məhkəmə iddia tələbini qismən təmin edərək, hətta iddiaçının etiraf etdiyi, təmir işləri üçün birgə nikah dövründə ödənilmiş 7.000 manat məbləğində vəsaiti nəzərə almadan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.468 manat məbləğində pulun tutularaq, İddiaçı verilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə xx.xx.2025-ci il tarixində qəbul edilsə də, həmin qətnamə cavabdehlərdən biri Cavabdeh2 təqdim edilməmiş, Cavabdeh2 qətnamənin qüvvəyə minməsindən 19 may 2025-ci il tarixində icra şöbəsindən xəbər tutmuş və Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamənin ona verilməsini xahiş etsə də, qətnaməni ona verməkdən imtina etmişlər ki, qətnamə elektrton məhkəmə sistemində yerləşdirilmişdir. Bundan sonra, Cavabdeh2 özü sərbəst surətdə işin öhdəsindən gələ bilməcəyini, lakin həmin qətnamədən narazı qaldığını bildirərək apellyasiya şikayəti vermək arzusunda olduğunu bildirirək ona bu işdə yenidən hüquqi yardım göstərməyi xahiş etmişdir. Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixində aralarında simvolik məbləğə (belə ki, maddi imkanı çox aşağıdır) müqavilə imzalanmış, bundan sonra, buraxılmış müddətin üzrlü hesab edilməsinə dair (belə ki, Cavabdeh2 qətnamə təqdim olunmamışdır) ərizə, apellyasiya şikayəti və digər zəruri sənədlərlə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə, müddətin bərpasına dair ərizəyə 12 iyun 2025-ci il tarixində baxaraq, üzrlü səbəbdən ötürülmüş prosessual müddətin bərbasını təmin etmədi. Məhkəmə öz qərardadını onunla əsaslandırdı ki, qətnamə Cavabdeh2 vəkili kimi vaxtında onun elektron məhkəmə sistemindəki şəxsi kabinetində yerləşdirilmişdir. Hesab edir ki, məhkəmə mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ hissəsinə görə, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosessində ağlabatan müddətdə baxılsın. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ hər bir vətəndaşın Konstitiusiya ilə təminat altına alınmış əsas hüquqlarından biridir. Məhkəmə üzrlü səbəblərdən baş vermiş hər hansı texniki məsələləri əsas gətirərək, bu hüquqları məhdudlaşdırmaqda haqlı ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi də “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək” kimi vəzifəni məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoymuşdur. O səbəbdən, hesab edir ki, məhkəmə Konstitusiyanın yuxarıda göstərdiyi insan hüquq və əsas azadlıqlarının təminatına dair üstün hüquqları nəzərə almamaqda səhvə yol vermişdir. Məhkəməyə müraciət imkanının qarşısını alan və onu məhdudlaşdıran prosessual maneələrin mövcudluğuna dair Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarlarına görə, prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi (həddən artıq formalizm), ərizəçiləri məhkəməyə çatım hüququndan məhrum edə bilər AİHM-in qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, qaydalar və bu qaydaların tətbiq olunması mövcud hüquqi müdafiə vasitəsindən istifadəyə mane olmamalıdır. Bu işdə şikayətin verilməsi ilə bağlı hüquqi və yaxud formal cəhətlərlə bağlı qaydalara əməl olunsa da apellyasiya şikayətinin qaytarılması ilə bağlı əsas götürülən subyektivizm məhkəməyə müraciət etmə hüququnun məhdudlaşdırılması ilə bağlı “maneələrin” yaradılmasına xidmət etmişdir. MPM-nin 135.6cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.7.-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh2 MPM-nin 46-cı maddəsində nəzərdə tutulmuş “işdə iştirak edən” şəxslər kateqoriyasına aiddir. Həmin Məcəllənin 61-ci maddəsinə görə, şahidlər, ekspertlər, mütəxəssislər tərcüməçilər, nümayəndələr və vəkillər prosessin digər iştirakçıları hesab olunurlar və MPM-nin 135-ci maddəsinə görə, məhkəmə sənədlərinin onlara təqdim edilməsi tələb edilmir. Yəni, prosesin digər iştirakçısına məhkəmə sənədinin təqdim edilməsi, məhkəməni proses iştirakçısına həmin sənədləri təqdim etmək vəzifəsindən azad etmir. Nəzərə alınsa ki, Cavabdeh2 işdə iştirak edən şəxsdir, lakin elektron məhkəmə sistemində qeydiyyatdan keçməmişdir, belə olan halda, məhkəmə qətnamə barədə məlumatı onun telefon nömrəsinə göndərməli idi ki, bunu da etməmişdir. Qətnamənin vəkil kimi onun şəxsi kabinetində yerləşdirilməsi onun üçün Cavabdeh2 bu barədə məlumat vermək öhdəliyi yaratmır və qətnamə barədə məlumatın Cavabdeh2 təqdim edilməsi anlamına gələ bilməz. Məhkəmə buraxdığı səhvdə səmimi olmadığından, qərardadında göstərir ki, guya o, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixində müqavilə imzalayıb. Baxmayaraq ki, Binəqədi Rayon Məhkəməsində ona hüquqi yardım göstərməsi qətnamənin çıxarıldığı xx.xx.2025-ci il tarixində başa çatmış, yeni müqavilə münasibətləri isə 20 may 2025-ci ildən başlamışdır. Beləliklə, məhkəmə özünün buraxdığı prosessual pozuntuları aradan qaldırmaq əvəzinə, həmin pozuntuları vəkil kimi onun fəaliyyəti ilə əlaqələndirməkdə növbəti səhvə yol vermişdir. Məhkəmə ümumiyyətlə işin hallarına qanuni baxımdan qərəzli və qeyri-obyektiv yanaşmış, müddətin bərpasına dair verdiyi ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Qərardadda göstərilmiş dəlillər qanunun tələblərinə uyğun olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verilərək, həmin qərardadın ləğv edilməsi və şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı qismində çıxış etmiş İddiaçı adlı şəxs Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 51.820 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərək, hətta iddiaçının etiraf etdiyi, təmir işləri üçün birgə nikah dövründə ödənilmiş 7.000 manat məbləğində vəsaiti nəzərə almadan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.468 manat məbləğində pulun tutularaq, İddiaçı verilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, həmin qətnamə cavabdehlərdən biri Cavabdeh2 təqdim edilməmiş, Cavabdeh2 qətnamənin qüvvəyə minməsindən 19 may 2025-ci il tarixində icra şöbəsindən xəbər tutmuş və Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamənin ona verilməsini xahiş etsə də, qətnaməni ona verməkdən imtina etmişlər ki, qətnamə elektron məhkəmə sistemində yerləşdirilmişdir. Bundan sonra, Cavabdeh2 özü sərbəst surətdə işin öhdəsindən gələ bilməcəyini, lakin həmin qətnamədən narazı qaldığını bildirərək apellyasiya şikayəti vermək arzusunda olduğunu bildirirək, ona bu işdə yenidən hüquqi yardım göstərilməsini xahiş etmişdir. Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə aralarında simvolik məbləğə (belə ki, maddi imkanı çox aşağıdır) müqavilə imzalanmış, bundan sonra, buraxılmış müddətin üzrlü hesab edilməsinə dair (belə ki, Cavabdeh2 qətnamə təqdim olunmamışdır) ərizə, apellyasiya şikayəti və digər zəruri sənədlərlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə, müddətin bərpasına dair ərizəyə 12 iyun 2025-ci il tarixdə baxaraq, üzrlü səbəbdən ötürülmüş prosessual müddətin bərpasını təmin etməmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, qətnamə Cavabdeh2 vəkili kimi vaxtında onun elektron məhkəmə sistemindəki şəxsi kabinetində yerləşdirilmişdir. Həmin qərardaddan verdiyi şikayətə isə, məhkəmə xx.xx.2025-ci il tarixdə baxaraq, şikayətin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. O, hesab edir ki, şikayəti geri qaytarmaqla məhkəmə mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlı öz qərardadında qaytarılmış şikayətə münasibətini belə izah edir: 1. Hakim R.Qoşqarlı xx.xx.2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadında Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin bəndlərini sadaladıqdan sonra, 361.1.2-ci maddəsini xüsusilə, qara şriftlərlə və altını cızmaqla qeyd edir ki, “şikayəti verən şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti” şikayətdə göstərilməlidir. Yəni göstərilməmişdir. Hansı məlumatlar göstərilməmişdir? qərardaddan bilmək olmur. 2. Şikayətin qaytarılmasına ikinci səbəb isə “Mülki Prosessual Məcəlləyə “Əlavə 2”- də apellyasiya şikayətinin forması müəyyən edilmişdir”, yəni həmin formaya əməl edilməməsi bəhanə edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 61. İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdehin nümayəndəsinin (vəkilinin) elektron kabinetinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 295/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Beləliklədə cavabdehə keyfiyyətli hüquqi yardım göstərmək vəzifəsi olan vəkil (nümayəndə) bilməli idi ki, MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (MPM-in 10-1.5.-ci mad.) Kollegiya vəkilin (nümayəndənin) birinci instaniya məhkəməsində cavabdehə hüquqi yardım göstərməsi müddətinin qətnamənin çıxarıldığı xx.xx.2025-ci il tarixdə başa çatmasına, onun elektron kabinetinə yerləşdirilən məhkəmə aktının nümayəndəsi (vəkili) olduğu cavabdehə təqdim etmək öhdəliyinin olmamasına dair şikayətin dəlillərini əsassız hesab edib qeyd edir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilən, xx.xx.2028-ci il tarxədək qüvvədə olan etibarnaməyə əsasən, vəkil cavabdehi nümayəndə olaraq təmsil etdiyindən onun birinci insatsiya məhkəməsinin aktını cavabdehə təqdim etmək, apellyasiya şikayətini isə vaxtında birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmuşdur. Belə ki, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət vermək hüququna malikdir, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti həmin məhkəməyə təqdim edilməli olduğundan bu hərəkət birinci instansiya məhkəməsində göstərilməli olan hüquqi yardımın dairəsinə daxildir. İstinad olunanlara əsasən kollegiya cavabdehin nümayəndəsinin (vəkilinin) şikayətində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-295/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar