Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4704/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Fərhad Tahirovun, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 1.825 ABŞ dolları məbləğində pul ödəniş anında valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellysiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının verdiyi 10.02.2017-ci il tarixli hesab çıxarışından görünür ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən cavabdeh üçün 15.01.2017-ci il tarixdə Riqa-Moskva istiqaməti üzrə qiyməti 480 ABŞ dolları olan 1 ədəd; 19.01.2017-ci il taridə Moskva-Riqa istiqaməti üzrə qiyməti 445 ABŞ dolları olan 1 ədəd; 23.01.2017-ci il tarixdə Riqa-Moskva istiqaməti üzrə qiyməti 430 ABŞ dolları olan 1 ədəd və 30.01.2017-ci il tarixdə Moskva-Riqa istiqaməti üzrə qiyməti 470 ABŞ dolları olan 1 ədəd aviabilet alınmış, göstərilən xidmətlərin ümumi dəyəri 1.825 ABŞ dolları təşkil etmişdir (iş v. 4-8). Aviaşirkətlərin verdiyi arayışlardan müəyyən olunur ki, həmin aviareyslər üzrə uçuşlar həyata keçirilmişdir (iş v. 58-61). Tərəflərin arasındakı münasibət tapşırıq müqaviləsində əmələ gələn öhdəlik münasibətidir. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsində qeyd olunub ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı cavabdehin tapşırığı əsasında yuxarıda göstərilən aviabiletləri cavabdeh üçün öz vəsaitini hesabına almış, cavabdeh isə həmin aviabiletlərdən istifadə etmişdir. Tapşırığın icrasına görə cavabdeh iddiaçıya 1.825 ABŞ dolları muzd ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Cavabdeh tərəf həmin məbləği ödədiyini bildirsə də bunu təqsdiq edən sübut təqdim etməyib. Cavabdeh tərəf iddia müddətinin keçdiyini bildirir. Lakin hazırkı öhdəlikdə icra müddəti tələbetmə məqamı ilə müəyyənləşdirılir. Cavabdeh tərəf tələbetmə məqamından 3 il keçdiyini təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 377.3-cü maddəsinin göstərişi baxımından hesab edir ki, iddia müddəti keçməyib. Bundan başqa, cavabdeh tərəf məhkəmə aidiyyətinin pozulduğunu bildirir. Lakin müəyyən olunur ki, cavabdeh Binəqədi rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Ona görə də ərazi aidiyyəti qaydalarına görə Binəqədi Rayon Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli olub. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Lakin qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməyib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə belə halda şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. 1.825 (min səkkiz yüz iyirmi beş) ABŞ dolları məbləğində pul ödəniş anında valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMCyə verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4704/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4704/2021
11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver