Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4706/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-527/2022 saylı işi üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə İddiaçı vurulmuş maddi və mənəvi zərərə görə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 15552 manatın tutulması və barəsində Bakı Ağır Cinayətləri Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə bəraət verilmiş İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: -həkim X2 tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.2017-ci ildən Şəmkir rayon Konsultativ Poliklinika şöbəsində Endokrinologiya kabinetdə dispanser müşahidədir. Diaqnoz: Şəkərli diabet tip İİ, orta ağır forma insulinə ehtiyacı var; - 5 saylı Bakı "ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən vernilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2019-cu ildə ölmüşdür. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli nikah haqqında şəhadətnaməyə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli TSEK-də müayinə aktından çıxarışa əsasən iddiaçının arvadı X5 3-cü qrup əlildir; - Bakı şəhəri 15 saylı vəkil bürosu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən iddiaçının ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə hüquqlarının Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə olunması üçün qardaşı X6 ilə xx.xx.2020-ci il tarixdə 267 saylı müqavilə bağlanılmaqla hüquqlarının müdafiəsi üçün Vəkil Bürosunun hesabına cəmi 720 manat pul ödənilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(103)-605/2021 saylı hökmü ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-527/2022 saylı işi üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 5000 manat, maddi ziyanın əvəz kimi 720 manat, cəmi 5720 manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 28, 68; Cinayət Prosessual Məcəllənin 56.0.1, 57.1, 58.1, 58.2, Mülki Məcəllənin 21.1, 21.2, 1100, 1101.1, 1101.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixlit qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində; İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işinə; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7, 12 -ci maddələrinə; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2, 9-cu bəndlərinə istinadən qeyd edilmişdir ki, İddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən bəraət verildiyindən, bununla da onun əsassız olaraq 2 il 8 gün müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur. ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, onun barəsində ittiham hökmü çıxarıldığından, iddiaçı 2 il 8 gün əsassız həbsdə olduğundan və bu hal qanuni qüvvəyə minmiş bəraət hökmü ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır. iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması və barəsində ittiham hökmü çıxarılaraq əsassız olaraq məhkum olunması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. Mənəvi ziyana görə tutulacaq pul məbləği dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməli, iddia tələbinin "maddi və mənəvi zərərin əvəzinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğundan tutulması” hissəsində əsassızdır. Cavabdeh, Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-527/2022 saylı işi üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1096, 1114.3; Mülki Prosessual Məcəllənin 77.1, 217, 387.2.8-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 N°-li Qərarına; Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15ci və 17-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.”Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsində vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Səbail Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qətnamə ilə tutulan məbləğin onun üçün çox az olduğunu, qeyri-qanuni şəkildə 1 otaqda havasız şəraitdə saxlanılaraq çətinliyə dözdüyünü, tutulduğu dövrdə anasının rəhmətə getdiyini, onu son mənzilə yola sala bilmədiyini, yoldaşının hər iki ayağının protez olduğunu, təkbaşına kirayələrdə qaldığını, ailə başçısı olaraq onun tutulub içəri salındığını bildirmiş, şikayətin rədd edilməsini xahiş etmişdir Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56- 63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9 - c u maddəsinə görə Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir.Fəhlələrin və dövlət qulluqçularının, eləcə də üzvlük əsasında (kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət işlərinə görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının) müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət illərinə görə faiz artırmalarının ödənilməsi zamanı nəzərə alınmalıdır.Bu maddənin birinci hissəsində göstərilmiş müddəalar, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Deməli maddi zərərin tutulması hissəsinin sübuta yetirilmədiyi təqdirdə minimum əmək haqqı məbləğinin şəxsin hüquqlarının məhdudlaşdırıldığı dövrə mütənasib ağlabatan məbləğdə tutulmalıdır. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. İddiaçı tərəf qətnamədən şikayət vermədiyi dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası ziyanın tutulmasının əsasları və məbləğin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində dayanıqlı dəlillər müəyyən etmir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-527/2022 saylı işi üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4706/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4706/2022
04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver