Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4711/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2014-cü il tarixli, 2(004)-326/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 22 sentyabr 2010-cu il tarixli 49K saylı əmrin surətindən görünür ki, Cavabdeh 22 sentyabr 2010-cu il tarixdən İddiaçı -yə məişət və keramika əşyaları satışı şöbəsinə satıcı vəzifəsinə qəbul edilmişdir.
2. 22 sentyabr 2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı-yə məişət əşyaları və keramika satışı şöbəsinə satıcı vəzifəsinə təyin olunması barədə əmək müqaviləsi bağlanmışdır.
3. Maddi məsuliyyət barədə müqavilənin surətindən görünür ki, Cavabdeh ona şirkət tərəfindən etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün öz üzərinə tam maddi məsuliyyət götürür.
4. İddiaçı-nin ambarından alınan mal-materiala görə mövcud borcun etirafı haqqında 007 saylı müqavilənin surətindən görünür ki, Cavabdehmüqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə borcverənə sərəncamında olan ümumi dəyəri 613.028.0 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür.
5. İddiaçı-nin ambarından alınan mal-materiallara görə 007 saylı üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı-yə ambardan alınan mal-material görə borcu 613.028.00 manat məbləğində təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 613 028 manat əmlakın dəyərinin, 38 314 manat faiz borcunun, 30 651 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumu və bank xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində əmlaklarından məhrum olmuşlar. Cavabdeh üzərinə götürdüyü öhdəliyi 1 il 3 ay gecikdirdiyi üçün gecikdirilən 613.028.0 manatın illik 6.25 faizi məbləğində pul vəsaiti, yəni 38.314.0 manat faiz məbləği ödəməyə borcludur. Eləcə də 1 il 3 ay ərzində şirkət olaraq 613.028.0 manat məbləğində əldən çıxmış fayda qismində cavabdeh ziyan vurmuşdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 17 fevral 2014cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 613 028 manat əmlakın dəyəri, 38 314 manat faiz borcu, ümumilikdə 651 342 manat pul və 30 manat dövlət rüsumu tutulmuşdur.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyin icra olunmaması ilə əlaqədar iddia qismən təmin edilərək, 613.028.0 manat məbləğində əmlakın dəyəri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 38.314 manat məbləğində borca görə faiz məbləği, cəmi 651 342 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Lakin əldən çıxmış fayda və onun məbləği ilə bağlı məhkəməyə sübutlar təqdim olunmadığından iddia tələbi 30.651.0 manat məbləğində əldən çıxmış fayda hissəsində təmin olunmamalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 425.2, 441.2, 448.2, 445.7 eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1 və 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh həqiqətəndə "xxxx" QSC-də satıcı vəzifəsində çalışıb, lakin həmin şəxs hər-hansı məbləğdə məhsulu şirkətdən götürməmiş və hər-hansı borcu olmamışdır. Satıcı vəziəsində çalışan şəxs və müəssisə ilə maddi məsuliyyət müqaviləsi bağlamış şəxsin eyni müəssisə ilə borc müqaviləsi bağlaması absurtdur. Əgər borc müqaviləsi belə bağlanmışsa müqavilə üzrə məhsulun Cavabdeh verilməsi məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə öz qərarını təqdim olunan xx.xx.2012-ci il tarixli borc müqaviləsi və xx.xx.2012-ci il tarixli üzləşmə aktı ilə əsaslandırmışdır, halbuki, hər iki sənəd bir biri ilə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2012-ci il tarixli, 007 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, “Borclu” bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə “Borc verənə”sərəncamında olan ümumi dəyəri 613,028 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür. xx.xx.2012-ci il tarixli, 007 nömrəli üzləşmə aktında isə xx.xx.2012-ci il tarixə maddi məsul şəxs Cavabdeh İddiaçı-nə ambardan alınan mal-materiallara görə borcu 613,028 manat təşkil edir. Müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən 613,028 manat məbləğində mal-material götürüb və həmin mal-materialı və ya dəyərini 01 il müddətində qaytarmağı öhdəsinə götürüb. Lakin eyni tarixli üzləşmə aktında isə Cavabdeh 1 il müddətində qaytarmalı olduğu mal-material üzrə borcun eyni gündə İddiaçı-nə borcu olduğunu təsdiq edir. Təqdim edilən sənədlər Cavabdeh tərəfindən 613,028 manat dəyərində olan malmaterialın götürülməsini və həmin mal-materiallara görə müəssisəyə borclu olduğunu əks etdirə bilməz. Həmçinin iş materiallarından aydın görünür ki, iddiaçı tərəfindən məhkəməyə müqavilələrin surəti təqdim edilib, həmin sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Məhkəmə tərəfindən müqavilə üzrə malmaterialların Cavabdeh verilməsi aydınlaşdırılmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, İddiaçı-də satış təmsilçisi kimi fəaliyyət göstərmişdir. Lakin İddiaçı ilə hər hansı borcun etirafı müqaviləsini bağlamamışdır. Həmin müqavilədəki imzanı isə sürətçıxarma və ya başqa hansısa bir vasitə ilə etmiş ola bilərlər, lakin iş materiallarına həmin sənədin əsli əlavə edilməmişdir. Bu isə həmin müqavilənin onun tərəfindən imza edilməməsi anlamına gəlir. Hesab edir ki, iddia tələbinin əsasları öz təsdiqini tapmadığından qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iş üzrə sübutların əsilləri məhkəməyə təqdim edilmişdir, belə ki iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərkən, sənədlərin əsilləri qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən onlarda sənədlərin əsilləri qalmamışdır. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh iddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.
Tətbiq edilən hüquq 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 18.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğvini və iddianın rədd edilməsini xahiş etmişdir, iddianın təmin edilməyən hissəsi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırda iddia tələbi bölünməz olduğundan qətnamə tam bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
24. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
25. Belə ki, iddiaçı hazırki tələbində qeyd etmişdir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində əmlaklarından məhrum olmuşlar. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 26.İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, iddia ərizəsinə tam maddi məsuliyyət barədə müqavilə, borcun etirafı barədə müqavilə eləcə də üzləşmə aktının surətini əlavə etmişdir. 27.Cavabdeh də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər surət olmaqla onun tərəfindən imzalanmamışdır.
28. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin qoşmasında sənədlərin surətləri qeyd etməklə istinad etdiyi sənədlərin əsllərini deyil, surətlərini məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfə qeyd edilən sənədlərin əsllərinin təqdim edilməsi təklif edilsə də iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman sənədlərin əsilləri təqdim edilmiş, lakin sonradan digər orqanda olan mübahisə zamanı həmin sənədlərin əsilləri iş materiallarından götürülmüşdür. Bununla belə üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınmışdır. Növbəti iclasda iştirak edən cavabdehin nümayəndəsi isə izahatında bildirmişdir ki, işə əlavə edilmiş sənədlər hər hansı bir orqanla olan mübahisə üçün işdən götürülməmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilərkən, sənədlərin əsilləri qoşma olaraq məhkəməyə təqdim edilmişdir. 29.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (i.v 56-58) iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, qeyd edilən sənədlərin əsilləri qoşmaya əlavə edilmişdir. Lakin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədən sonra hər hansı bir sənəd olmamışdır. Məhkəmə iclasının protokulundan (i.v 60) isə görünür ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi Könül Əliyeva iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Lakin bu zaman da istinad edilən sənədlərin əsllərinin təqdim edilib-edilməməsi məhkəmə iclasının protokulunda öz əksini tapmamışdır. 30.Bununla yanaşı birinci instansiya məhkəməsi qətnaməsində təqdim edilmiş sənədlərin surətlərinə istinad etmişdir. 31.Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 32.Göründüyü kimi iddiaçı tərəf cavabdehlə aralarında olan borcun etirafı haqqında müqaviləyə, eləcə də üzləşmə aktına istinad etsə də, həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmişdir. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 35.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi sənədlərin əsilləri məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. 36.Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın qismən təmin edilməli olması qənaətinə gəlmişdir. 37.Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 38.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 40.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2014-cü il tarixli, 2(004)-326/2014 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı-nin Cavabdeh qarşı cavabdehdən 613 028 manat əmlakın dəyərinin, 38 314 manat faiz borcunun, 30 651 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumu və bank xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov