Məhkəmə qərarları › İş №2(103)-4714/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4714/2022

08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4714/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Abbaslı Şücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakl ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı cavabdeh Tovuz Rayon Məşğulluq Mərkəzinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “tərəfindən iddiaçıya müqavilə əsasında verilmiş 21 baş tələf olmuş xırda buynuzlu qoyunların yenisi ilə əvəz olunması və iddiaçıya dəymiş 1500 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 qeyd etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh tərəfindən xəstə qoyunlar vermişdir. Həmin qoyunlara o, yem almış, saxlamış, otarmışdır. Onların xəstə olmasından onun xəbəri olmayıb. Dövlətin ona ayırdığı bu qoyunları onlar iddiaçıya yarasız halda veriblər. 5 ay ərzində hamısı tələf olmuşdur. Ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçıya hazırda başqa sağlam qoyunlar verilməli və ona dəymiş ziyanı ödənilməlidir. Cavabdeh iddiaçı ilə bağladığı müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov).

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia edir ki, iddiaçı verilmiş heyvanların xəstə və qoca olması ilə bağlı cavabdehi vaxtında məlumatlandırmamışdır. Halbuki, həmin heyvanların xəstə və qoca olduqları üçün xx.xx.2020-ci il tarixində cavabdehə ərizə yazaraq həmin heyvanların qaytarmasını xahiş etmişdir. Tərəflərin izahatları:

7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 22 saylı Ərazi Məşğulluq Mərkəzi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020-ÖM/027 li Özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 2 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutlan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Mərkəz özünəməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

12. İş materiallarında olan xx.xx.2020-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, 20 baş qoyun, 1 baş qoç, 400 kq yem İddiaçı təhvil verilmişdir.

13. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvanlar ambulator müalicəyə götürülmuş və müalicə olunmuş, 5 baş heyvan tələf olmuşdur.

14. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 6 baş heyvan tələf olmuşdur.

15. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 4 baş heyvan tələf olmuşdur.

16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Tovuz Rayon Qovlar şəhər icra nümayəndəsinin müavini, Qovlar baytar sahəsinin müdiri, Qovlar baytar sahə texniki və sosial işçi tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı məxsus sosial yardıma verilmiş heyvandan 6 baş heyvan tələf olmuşdur.

17. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, özünüməşğulluq proqramı çərçivəsində Tovuz rayon Məşğulluq Mərkəzi tərəfindən İddiaçı bilə-bilə xəstə xırda buynuzlu heyvanların verilməsi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 Qaynar Xətt əlaqə mərkəzinə daxil olmuş müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılmış və göstərilən xüsusatlar təsdiqini tapmamışdır.

18. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının İddiaçı oğİuna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, müraciətin araşdırılması məqsədilə onunla əlaqə saxlanılmışdır. Bildirilmişdir ki, İddiaçı özünüməşğulluq proqramı çərçivəsində xırdabuynuzlu heyvandarlıq sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq üşün müraciət etmiş və xx.xx.2018-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Məşğulluq altsistemində işaxtaran kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin ğzünüməşğulluğunu təşkili Qaydası”na uyğun olaraq onun təsərrüfat şəraitinə baxış keçirilmiş və özünəməşğulluq proqramına cəlb edilmək üçün uyğun hesab edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə 2020/ÖM - 027 №-li müqaviləyə əsasən aktivlərlə təmin olunmuşdur. İddiaçı aktivlər verilən zaman müqavilənin 3.2.6-cı bəndində göstərildiyi kimi hər hanı qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) 30 gün müddətində filiala təqdim etdiyi halda aktivlərin dəyişdirilməsi aparıla bilər. Lakin, o müqavilənin 3.2.6-cı bəndində göstərilən şərtə əməl etmədiyi üçün aktivlərin dəyişdirilməsi prosesi aparılmamışdır. Hüquqi dəyərləndirmə:

19. Kollegiya iş materialları əsasında qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qoyunlar ona verildikdən sonra onların qoca və xəstə olması səbəbindən 5 ay ərzində tələf olmalarını bildirmişdir.

20. Kollegiya mülki iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanan 2020-ci il 29 avqust tarixli 2020-ÖM/027 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 3.2.6-cı bəndinə əsasən, özünüməşğulluğa cəlb edilmiş şəxs təhvil aldığı əmlakda hər hansısa bir qüsur aşkar edərsə, bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkillər və s.) əmlakı təhvil aldıqdan sonra ən geci 30 (otuz gün) ərzində mərkəzə təqdim etməlidir.

21. Göründüyü kimi özünüməşğulluğa cəlb edilmiş şəxs əgər əldə etmiş olduğu aktivlərdə hər hansısa bir qüsur müəyyən edərsə, bu halda onun tərəfindən edilməli olan konkret hərəkətlər müqavilə ilə müəyyən olunmuşdur.

22. Belə ki, tərəflər arasında olan müqavilədə özünüməşğulluğa cəlb edilmiş şəxsin təhvil aldığı əmlakda hər hansısa bir qüsur aşkar edərsə, bu barədə məlumatın, habelə qüsurları təsdiq edən sənədlərin (aktlar, mütəxəssis rəyi, foto şəkillər və s.) əmlakı təhvil aldıqdan sonra ən geci 30 (otuz gün) ərzində mərkəzə təqdim edilməsi nəzərdə tutulduğundan və iddiaçı tərəfindən bu şərtə əməl edilməli, heyvanların iddiaçıya təhvil verilən zaman xəstə olması üzündən tələf olması sübuta yetirilərdisə iddiaçıya dəymiş zərər ölənilə bilərdi.

23. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, 12 noyabr 2020-ci il tarixli müayinə aktına görə, aktivlərin tələf olması onların yararsız və ya qüsurlu olması ilə əlaqəli olmayıb, qeyd edilən aktivlərin baxımsız və saxlanılma şəraiti pis olan mühitdə saxlandığı üçün baş vermişdir. 2020-ci il 6 dekabr tarixli müayinə aktında qeyd edilmişdir ki, istifadəyə verilən aktivlər “baxımsız, xəstəhaldır”. Analoji olaraq 2021-ci il 8 fevral tarixli müayinə aktının mətnindən də müəyyən olunur ki, müayinə zamanı heyvanların baxımsız, xəstə və saxlanma şəraitinin yararsız olduğu təsbit edilib.

24. Göründüyü kimi istifadəyə verilən aktivlərə müqavilənin 2 nömrəli əlavəsi olan “Xırdabuynuzlu heyvanların (qoyunların) saxlanılması, yetişdirilməsi və yemləndirilməsinə dair” Təlimata uyğun olaraq baxılmamış, onların bu təlimatın, habelə qoyunçuluq təsərrüfatında və tərəflər arası münasibətlərin xarakterindən də müəyyən olunan saxlanılma şəraiti şərtləri təmin edilməyərək tələf olmaları üçün zəmin yaradılmışdır. Qeyd edilən bu faktlar iddiaçının iddia ərizəsinə əlavə etdiyi müayinə aktlarından da müəyyən edilməkdədir.

25. Habelə yuxarıda qeyd edildiyi kimi təhvil verilən aktivlərdə qüsurların aşkar olunması halı ilə bağlı tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30 (otuz) gün müddətində mərkəzə məlumat verilməli idi. Ancaq bu halda verilən aktivlərin dəyişdirilməsi və ya aktivlərdə ortaya çıxan qüsurların aradan qaldırılması halı mümkün ola bilərdi. İddiaçı tərəfindən isə iddia edilən qüsurlarla bağlı Mərkəzə məlumat verilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında olan müqavilə şərtlərinə əsasən, Mərkəzə aktivlərdə sonradan ortaya çıxan qüsurlarla bağlı məlumat verərkən bir sıra təsdiqedici sənədlərin təqdim olunması zərurəti vardır. Belə ki, məhz mübahisə üzrə qeyd edilən aktivlərdə əgər heyvanların xəstə və ya digər şəkildə qüsurlu olması halı ortaya çıxardısa, bu zaman iddiaçı tərəfindən buna dair müayinə aktı, foto şəkil Mərkəzə təqdim edilməli idi. Əgər iddia edilən qüsur aktivlərin tələf olmasına gətirib çıxarıbsa, bu zaman müayinə aktı və foto şəkillə bərabər heyvanın “Yarma protokolu” da Mərkəzə təqdim edilməli və qeyd edilən heyvanın hansısa səbəbdən tələf olması pataloji olaraq əsaslandırılmalı idi. Ancaq iddiaçı tərəfindən qeyd edilən formada 30 (otuz) günlük müddət ərzində Mərkəzə məlumat verilməmişdir.

26. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində heyvanlarda qüsur olması ilə bağlı cavabdehə məlumat verilməsinə dair ərizə ilə müraciət etməsi halına istinad edir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında İddiaçı ərizəsindən (i.v. 62) görünür ki, o, 21 baş xırda buynuzlu heyvanın qoca və xəstə olmasını bildirmiş və Tovuz Rayon Məşğulluq Mərkəzindən onların geri qaytarılmasını, dəyişdirilməsini, yerli qoyun cinsi ilə əvəz edilməsini istəmişdir. Lakin, həmin ərizənin Məşğulluq Mərkəzinə göndərilməsini, Məşğulluq Mərkəzi tərəfindən həmin ərizənin qəbul ediməsini və ya ərizəsinin qeydiyyatdan keçməsini göstərən hər hansı bir qeyd və ya sənəd iş materiallarında aşkar edilmir. Belə olan halda, kollegiya qeyd edilən ərizənin sonradan yalnız iş materiallarına əlavə edildiyi ehtimalını istisna etmir.

27. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Kollegiya iddia tələbinin 1500 manat məbləğində maddi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələf olmuş heyvanların yenisi ilə əvəz olunması hissəsində iddia tələbi əsassız hesab edilmişdir. İddiaçı heyvanların tələf olmasını iddiaçı tərəfindən ona xəstə heyvanların verilməsi ilə əlaqələndirmiş və buna görə ona dəymiş maddi ziyana görə cavabdehdən 1500 manat məbləğində pul vəsaiti tələb etmişdir. Kollegiya qeyd edir ki, heyvanların tələf olmasında cavabdehin təqsiri müəyyən edilmədiyindən, başqa sözlə cavabdeh tərəfindən iddiaçıya xəstə heyvanların verilməsi tələbi öz təsdiqini tapmadığından, heyvanların təlafatı nəticəsində iddiaçıya dəymiş maddi zərərin cavabdeh tərəfindən ödənilməsi tələbi ondan törəmə tələbdir. Belə olan halda, iddia tələbi heyvanların yenisi ilə əvəz olunması hissəsində rədd edildiyindən, həmin tələbdən doğan maddi zərər tələbinin də əsassız hesab edilərək rədd edilməsinə dair məhkəmənin gəldiyi nəticə doğru olmuşdur.

29. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

33. Kollegiya vurğulayır ki, cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya aktivlər özünüməşğulluq proqramı çərçivəsində verilmişdir ki, nə müqavilə bağlanan zaman, nə də heyvanların tələf olması nəticəsində iddiaçıdan dəymiş zərər görə hər hansı məbləğ alınması nəzərdə tutulmamışdır.

34. Sadalanan xüsusatlara əsasən kollegiya belə qənaətə gəlir ki, müayinə aktlarından heyvanların baxımsız qalması və saxlanma şəraitinin standartlara cavab verməməsi müəyyən olunduğu üçün, habelə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 30 gün ərzində heyvanların xəstə olmasına dair məlumatın cavabdehə verilməməsi və heyvanların iddiaçıya təhvil verilərkən xəstə olmasını təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilmədiyi üçün iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxılanılmalıdır.

35. Kollegiya həmçinin vurğulayırki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, iddiaçıya özünüməşğulluq proqramı çərçivəsində verilən qoyunçuluq təsərrüfatı zərfinə daxil olan aktivlərin iddiaçının istifadəsinə verildiyi dövr üçün ümumi dəyəri 5000 manatdan artıqdır. Bu səbəbdən də kollegiya qeyd edir ki, hazırki iddianın qiyməti 5000 manatdan yuxarı olduğundan qətnamədən Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi nəzərdə tutulur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-339/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar