Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4718/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-243/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixdə X3 idarə etdiyi “Paz 32054 R Avtobus” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X3 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. X3 tərəfindən idarə olunan “Paz 32054 R Avtobus” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 500 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2544 manat maddi zərərin, hüquqi yardımın əvəzi olaraq 110 manat məbləğin və 45,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-243/2023 saylı qətnaməsi (hakim Şahin Abdullayev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Mitsubishi Pajero-İO» markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi kimi 2086 manat, hüquqi xidmət üçün ödədiyi 110 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,86 manat, cəmi 2236,86 manat məbləğində pulun, ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat pulun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzənin rəyi ilə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləği 2086 manat həddində müəyyən edilmiş, belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin iddiaçıya məxsus avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət deyildir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 2086 manat pul tutulmalıdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, “İcbari sığortalan haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 4.1, 15.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:
6. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
7. Apellyasiya şikayətində qeyd edilmişdir ki, hadisə barədə məlumat verildikdən sonra cavabdehin əməkdaşı qəza komissarı hadisə yerinə getmiş, hadisənin baş vermə səbəblərini araşdırmış, o cümlədən hadisəyə səbəb olmuş avtomobilə və zərərçəkmiş avtomobilə baxış keçirmiş, hadisə yerinin fotoşəkillərini çəkmiş, hadisə iştirakçılarından izahatlar almışdır. Sığorta hadisələrinin araşdırılması üzrə mütəxəssislərin rəylərinə əsasən sözügedən hadisənin əslində sürücülərin iddia etdiyi kimi baş vermədiyi, hər iki hadisə iştirakçısının qabaqcadan razılaşaraq sığorta hadisəsinin baş verməsini imitasiya etməsi, yəni avtomobilləri bilərəkdən biri-biri ilə yüngülvarı toqquşdurması müəyyən edildiyindən, hadisədən bir müddət sonra cəmiyyətə təqdim edilmiş Yevlax RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı”, Yevlax RPŞ-nin xx.xx.2022-ci il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol cəmiyyətə təqdim edildiyindən, lakin qüvvədə olan sığorta qanunvericiliyinə əsasən bu kimi hallarda sığortaçıların inzibati qərardan şikayət etmək hüququ olmadığından məcburiyyət qarşısında qalaraq sözügedən imitasiya olunmuş hadisə üzrə dəyə biləcək zərərin miqdarını 500 (beş yüz) manat müəyyənləşdirilmiş və iddiaçıya bu məbləği ödəməyə hazır olduqları bildirilmişdir. İddiaçı sığorta qanunvericiliyinə əsasən qiymətləndirmə səlahiyyətlərinə malik olmayan "xxxx" MMC-ə müraciət edib həmin servis müəssisəsindən onun maraqlarına uyğun gələn təhrif olunmuş məlumatları özündə ehtiva edən qüsur aktı əldə edərək “Mitsubishi Pajero” markalı, 90XK623 dövlət qeydiyyat nişanlı avtomobildə imitasiya olunmuş hadisədən əvvəl mövcud olmuş zədələri də siyahıya əlavə etməklə, əsassız olaraq sığorta ödənişi almaq üçün zərərin miqdarını şişirtmişdir. Sözügedən hadisə ilə bağlı yuxarıda qeyd olunan işin halları nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh avtomobilə dəymiş zərəri qiymətləndirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktı sığorta qanunvericiliyinə uyğun olaraq müvafiq reyestrdə qeydiyyatdan keçmiş qiymətləndirmə səlahiyyətinə malik olan ekspertlər tərəfindən verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspert rəyinin təsviri hissəsindən aydın olur ki, ekspert qiymətləndirməni həyata keçirərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş, sığorta qanunvericiliyinə müvafiq olaraq qiymətləndirmə səlahiyyətlərinə malik olmayan ekspert tərəfindən tərtib edilmiş qüsur aktına istinad etmiş, cavabdeh tərəfindən tərtib edilmiş “Qüsur aktı”na ümumiyyətlə istinad etməmişdir. Lakin əslində cəmiyyətin təqdim etdiyi rəydə zərər məbləği əsl real zərərdir.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni iddianı təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
“İcbari sığortalan haqqında” AR Qanunu
16. Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
17. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
18. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
23. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2544 manat maddi zərərin ona ödənilməsini tələb edir, tələbin faktiki əsası kimi məhkəməyə "xxxx" MMC-nin qüsur aktını təqdim etmişdir.
24. Cavabdeh isə dəymiş ziyanın məbləğini mübahisələndirərək iddiaya etiraz etmiş, etirazın əsası kimi Şirkət tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qüsur Aktı”nı təqdim etmişdir.
25. Birinci instansiya məhkəməsi isə ekspert rəyi ilə müəyyən edilmiş dəymiş ziyanın məbləğinə istinad edərək iddianı həmin həcmdə təmin etmişdir.
26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
27. Cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktı sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən hissələrə vurulmuş ziyanı müəyyən etmişdir (yalnız dəmirçi və rəngsaz işləri ilə bağlı xərc həmin aktda qeyd olunmuşdur). Lakin iddiaçı tərəfindən təqdim edilən rəydən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktında göstərilməyən hissələr zədələnmişdir. Həmin hissələrin zədələnməsi təqdim olunan fotoşəkillərlə də müəyyən edilir. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər qəbul edir.
28. Birinci instansiya məhkəməsində işə baxılarkın dəymiş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/860 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, 90XK623 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2086,0 manat (dəyişilməli hissələrin qiyməti – 1686,0 manat, təmir-bərpa işlərinin qiyməti – 400,0 manat) müəyyən edilmişdir.
29. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, rəyin məlumatlarını şübhə altına alacaq ilkin sübutlar məhkəməyə təqdim edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.
31. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
"xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(009)-243/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.