Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4719/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1264/2024 nömrəli, 27 mart 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə AR İXM-nın 327.1-ci maddəsinə uyğun İXP ******* nömrəli tərtib edilmiş prookolun nəzərə alınması tapşırılmışdır.
2. 10 oktyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən X3 bədən səthində yaranmış xəsarətlər sağlamlığıa zərə vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-32277 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış materialda cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212- ci maddələrinə əsasən, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Hadisəni törədən təqsirkar sürücü Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə AR İXM-nin 327.1-ci maddəsinə uyğun İXP ******* nömrəli tərtib olunmuş protokol nəzərə alınmış, qəbul edilmiş qərarın surəti Sizə göndərərək qərarla razı olmadığınız halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə müvafiq olaraq, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmuşdur.
4. 1 saylı X12 09 iyun 2023-cü il tarixli 1045 nömrəli çıxarışından görünür ki, X4 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ dirsək nahiyyəsinin sıyrılması, sağ topuq nahiyyəsinin yumşaq toxumasının əzilməsi kimi xəsarətlər almışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2023-cii il tarixdə, saat 12:00- 12:30 radələrində törətdiyi hadisə ilə bağlı mənə vurulmuş maddi ziyana görə 1960 (min doqquz yüz altmış) manat və mənəvi ziyan ilə bağlı 5000 (beş min) manat olmaqla 6960 (altı min doqquz yüz altmış) manat məbləğində pulun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 may 2023-cü il tarixdə, saat 12:00-12:30 radələrində Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında işıqforun icazə verdiyi halda yolu keçmək istəyərkən Cavabdeh idarə etdiyi Mersedes markalı, 10- TX-016 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə onu vurmuş, o müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Daha sonra həyat yoldaşının köməyi ilə o 1 saylı X14 aparılmış, müayinə olunduqdan sonra məlum olmuşdur ki, o hadisə zamanı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ dirsək nahiyyəsinin sıyrılması, sağ topuq nahiyyəsinin yumşaq toxumasının əzilməsi kimi xəsarətlər almışdır. Baş vermiş hadisənin araşdırılması Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində aparılmış Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytinantı X8 baş vermiş hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək 09 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsəsin 6(006)-87/2023 saylı, 27 iyul 2023- cü il tarixli qərarı ilə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnikleytinantı X8 baş vermiş hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək 09 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ekspertiza hərəkətlərinin düzgün aparılmadığı əsas gətirilərək ləğv edilmişdir. Buna baxmayaraq ekspertiza hərəkətləri yenidən düzgün aparılmamış, hadisəni törədən Cavabdeh əməlində cinayət tərkibinin olmasına baxmayaraq sözügedən iş ilə bağlı yenidən 10 oktyabr 2023-cü il tarixdə cinayət işinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonra cavabdehin əməli inzibati xətanın olması kimi tövsif etmişlər. Xəsarət vaxtı o ağır xəsarət almışdır.
7. Cavabdeh etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı öz tələbində xx.xx.2023-ci il tarixində avto qəza keçirmiş və nəticəsində onun sağlamlığına zərər yetirilmişdir. Belə ki, bu hadisə ilə bağlı iş Nəsimi RPŞdə ətraflı araşdırılmış və iş üzrə xx.xx.2023-cü il tarixində məhkəmə-tibbi ekspertizanın 732 saylı rəyindən də görünür ki, X1 zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. Eyin zamanda bu işlə bağlı, əlavə məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixdə 17 saylı rəyindən də görünür ki, X1 zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. İddiaçı iddia ərizəsini tam əsaslandıra bilməmişdir. İş materiallarında onun xəsarətilə bağlı müalicə olunması və hansı xəstəxanada müalicə alması barədə rəsmi sənəd belə yoxdur. Bu kimi münasibətləri həll edilməsi il bağlı yəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı vardır. “03” noyabr 2008-ci il №7 Bakı şəhəri Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçməsi, Respublikamızın İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya qoşulması nəticəsində insanların şərəf və ləyaqətlərinin, şəxsi qeyri-əmlak hüquqlarının və mənəvi maraqlarının dövlət tərəfindən qorunmasına diqqət artmışdır. Təsadüfi deyildir ki, Respublikamızda son illər qəbul edilmiş bir sıra normativ aktlarda mənəvi zərərin ödənilməsi insan hüquqlarının və X6 vasitəsi kimi müəyyən edilmişdir. Məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, son illər mənəvi zərərin ödənilməsi ilə əlaqədar iddiaların sayı xeyli artmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərər anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının müəyyən edilməməsi bu növ iddialar üzrə qərarlar qəbul edilməsində müəyyən çətinliklər yaradır və vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyası, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“lnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1264/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097, 1118.1, 1118.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı X10 müayinə olunduqdan sonra məlum olmuşdur ki, o, hadisə zamanı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ dirsək nahiyyəsinin sıyrılması, sağ topuq nahiyyəsinin yumşaq toxumasının əzilməsi kimi xəsarətlər almışdır. Bu hallar məhkəməyə təqdim edilmiş sübutlarda öz əksini tapmışdır. Hadisənin baş verməsində cavabdehin təqsiri tam sübuta yetirilmişdir. Baş vermiş hadisə zamanı iddiaçının zərərə məruz qalmağı işin mübahisəsiz halıdır. Yalnız dəymiş zərərin həcmi mübahisə doğura biləcəyi halda məhkəmə bu halı digər sübuetmə vasitələrindən (ekspert, mütəxəsis rəyi və s.) istifadə etməklə iddiaçının pozulmuş hüquqlarını bərpa edə biləcəkdi. Lakin birinci instansiya məhkəməsi qanunvericinin ona verdiyi bu səlahiyyətlərindən istifadə etməməklə iş üzrə yetərincə araşdırma aparmamışdır. Yuxarıda qeyd olunan xəsarətlərdən sonra orqanizimin heç bir müalicə almadan əvvəlki vəziyyətinin bərpa olunması heç bir halda mümkün deyildir. Təbii ki, orqanizmin əvvəlki vəziyyətinin bərpa olunması iddiaçının çəkdiyi xərc hesabına olmuşdur. Bundan əlavə iddiaçı hadisə zamanı fiziki, mənəvi sarsıntı və iztirab keçirmişdir. Mənəvi sarsıntı və iztirablara səbəbin cavabdeh olması iş materiallarında öz təsdiqini tapır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmənin iclasına gəlməmiş və teleqram ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan kollegiyanın iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
19. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
21. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1264/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
32. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
33. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
34. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Vaqif qzının təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı sağlamlığına dərəcəsi təyin edilməyən zərər yetirilmişdir.
35. Kollegiya maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, iddiaçı ona 1960 manat maddi ziyanın dəydini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut (xəstəxana xidmətləri ilə bağlı ödənişləri və ya dərman vasitələrinin alınması ilə bağlı qəbz və s.) təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın dəyməsi ilə bağlı hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qeyd olunan hissədə qismən əsaslı olduğundan təmin edilməli, iddiaçıya dəymiş mənəvi ziyan 2000 manat məbləğində müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
40. Kollegiya vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının iddia tələbindən, apellyasiya şikayətindən və təqdim olunmuş sənədlərdən də aydın görünür ki, iddiaçı cavabdehin səbəb olduğu yol nəqliyyat hadisəsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 2.000 manat məbləğində təmin olunmasını kollegiya ədalətli və ağlabatan hesab edir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1264/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul alınaraq iddiaçıya ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.