Məhkəmə qərarları › İş №2(103)-472/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-472/2022

11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-472/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2731/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi kimi 8000 (səkkiz min) manat, mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat, cəmi 13000 (on üç min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilin mülkiyyətçisidir. Həmin binanın 12-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 42 №-li mənzildən 3 dəfə - 23 avqust 2019-cu il tarixdə, 2 sentyabr 2019-cu il tarixindən 3 sentyabr 2019-cu il tarixinə keçən gecə və 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilə su axıdılmışdır. Bu barədə "xxxx" MTK sədrinin, komendantının və mühəndisinin iştirakı ilə 25.09.2019-cu il tarixli akt tərtib edilmiş, həmin aktda həmçinin təsdiq edilmişdir ki, İddiaçı mənzilinin yataq otaqlarının tavanı, mətbəx otağının tavanı və foyenin tavanı islanaraq saralmış, otaqlarda divar kağızları qopmuş, otaqların və mətbəxin döşəməsi (parketi) qopmuşdur. Cavabdeh hər dəfə su axıdıldıqdan sonra bu barədə dəfələrlə məlumat verilsə də, mənzildən su axması nəticəsində vurulmuş ziyanla bağlı heç bir tədbir görülməmiş, əksinə bu hal təkrarlanmışdır. Ziyanın dəyməsi faktı 25.09.2019-cu il tarixli Akt, ziyanın məbləği isə “Ekspert LTD” müəssisəsinin 19 oktyabr 2019-cu il tarixli, 35/E saylı Ekspert rəyi (qiymətləndirmə aktı) ilə təsdiq olunur. Həmin ekspert rəyinin (qiymətləndirmə aktı) “nəticə” hissəsi ilə İddiaçı mənzilinə dəymiş zərərin məbləği 6000 manat müəyyən edilmişdir. Bundan əlavə 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə su axıdılması ilə bağlı dəymiş ziyan isə 2000 manat qiymətləndirilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2731/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi kimi 6000 (altı min) manat, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat, cəmi 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün və yetərli araşdırma həyata keçirməmiş, tədqiqat tam və dolğun aparılmadan qətnamə qəbul orlunmuşdur. Belə ki, iddiaçıya məxsus mənzilin eyvan sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusu binanın ümumi yağış sularının axıdılması üçün nəzərdə tutulmuş boru ilə birləşməsində mövcud olan tıxacın suyun axın yolunu kəsərək, suyun səviyyəsini qaldırmış və ona məxsus mənzilin eyvanında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusundan geri qaytardığını, nəticədə suyun iddiaçıya məxsus mənzillə ona məxsus mənzil arasındakı beton panelə dolması səbəbindən mənzilə su sızması başlamışdır. Həmçinin “Ekspert LTD” müəssisəsinin 19.10.2019-cu il tarixli rəyi əsassız bir rəydir. Belə ki, mənzilə dəymiş ziyan hesablanarkən onun iştirakı olmadan mənzilə baxış keçirilmiş, əsassız və qərəzli olaraq rəy tərtib edilmişdir. İddiaçı MTK əməkdaşlarının mənzildə təmir işləri aparmasına qərəzli olaraq şərait yaratmamışdır. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə dəymiş zərər MTK-nın binaya vaxtında təmir və qulluq işlərini həyata keçirməməsi nəticəsində vurulmuş və bu səbəbdən də, MTK tərəfindən iddiaçının mənzili ilə bağlı yaranmış nasazlıq və su sızması MTK tərəfindən tam olaraq aradan qaldırılmışdır. Məhkəmə ekspertiza keçirmədən və mənzilə baxış olmadan, hansı əsasla iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi əsasında 6000 manat maddi zərəri təmin etməsi və 2000 manat mənəvi zərəri əsaslandırmadan və hansı meyar əsasında bu həcmdə mənəvi zərəri təmin etməsi, məhkəmə tərəfindən işin tam, hərtərəfli və düzgün araşdırılmamasının sübutudur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı, Cavabdeh və 3-cü şəxs ("xxxx" MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2731/2021 saylı qətnaməsi maddi və mənəvi zərərlərin məbləğləri ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07.12.2017-ci il tarixli, 72 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən koorperativ yaşayış binası "xxxx" MTK-ya məxsususdur. Bu binanın 1-ci giriş, 11-ci mərtəbə, ümumi səhəsi 160 kv.m olan 4 otaqlı, 38 saylı mənzilin payçısı İddiaçıdur. "xxxx" MTK-nın 12.04.2021-ci il tarixli məktubundan görünür ki, X1 08.09.2015-ci il tarixindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a (42) ünvanında "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbə, ümumi səhəsi 160 kv.m olan 4 otaqlı, 42 saylı mənzilin payçısıdır və hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mülki işin materiallarında olan koorperativ mənzil tikinti haqqında 09 iyul 2015-ci il tarixli 238 saylı müqavilədən görünür ki, koorperativ "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə həmin mənzili qəbul edib, mənzilin müəyyən edilmiş dəyərini koorperativ "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürür. "xxxx" MTK-nın üzvlərinin 07 dekabr 2017-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzilin payçısı olması və sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK sədri X6, komendant X9, mühəndis X3 iştirakı ilə tərtib edilmiş 25.09.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai prospekti, 40a ünvanında "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasında 1-ci dəfə 23 avqust 2019-cu il tarixində, İ giriş, 12 mərtəbə, 42 saylı mənzildən, həmin girişdə ondan aşağı mərtəbədə yerləşən, 38 saylı mənzilə su axıdılmışdır. Həmin vaxtı yataq otaqlarının tavanı, mətbəx otağının tavanı və foyenin tavanı islanmışdır. Bununla əlaqədar 42 saylı mənzildə yaşayan Cavabdeh onun mənzilindən 38 saylı mənzilə su axıdılması nəticəsində ziyan dəyməsi barədə bildirilsə də sonuncu buna əhəmiyyə verməmişdir. Eyni ilə bu hadisə 2-ci dəfə 2 sentyabr 2019-cu il tarixindən 3 sentyabr 2019-cu il tarixinə keçən gecə baş vermişdir. Həmin vaxtı mənzildə yaşayan Məlahət İbrahimqızı işlə əlaqədar bir neçə gün evdə olmadığından axan su bir neçə gün davam etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən. 42 saylı mənzilin sahibi Cavabdeh 2-ci dəfə suyun aşağıdakı mənzilə axıdılması barədə heç kimə xəbər verməmiş, nəticədə 38 saylı mənzilin yenidən yataq otaqlarının tavanı islanaraq saralmış, otaqlarda divar kağızları, mətbəxdə polun parketi islanaraq qopmuş və Məlahət İbrahimqızı ona məxsus mənzilə suyun axıdılması barədə komendant X5 məlumat vermiş,MTK sədri X6, komendant X9, mühəndis X7, binanın sakinləri Məlahət İbrahimqızı, İddiaçı, Cavabdeh tərəfindən baxış keçirilən zaman 42 saylı mənzildən suyun axıdılması nəticəsində 38 saylı mənzilə ziyan vurulması müəyyən edilmişdir. “Ekspert LTD” müəssisəsinin 19 oktyabr 2019-cu il tarixli, 35/E saylı Ekspert rəyindən (qiymətləndirmə aktı) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yeni tikilmiş yüksəkmərtəbəli yaşayış binasının 42 saylı mənzilinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından 38 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanla bağlı 38 saylı mənzilin konstruktiv elementlərini (divar, tavan, döşəmə və s.) bərpa etmək üçün lazım olan təmir bərpa işlərinin dəyəri 6000 manat məbləğində müəyyən edilir. “Ədalət” Vəkil Bürosu tərəfindən Cavabdeh ünvanlanmış 19.11.2019-cu il tarixli məktudan görünür ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 42 saylı mənzildən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında inşa ediləcək binanın 11-ci mərtəbəsində yerləşən 38 saylı mənzilə su axması nəticəsində vurulmuş ziyanın aradan qaldırılması barədə Cavabdeh xəbərdar edilmişdir. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi MM-nin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh pay haqqlarını ödəməklə qeyd edilən əmlaklar üzərində hüquqlar əldə etmişlər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı sahibi olduğu Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 38 №-li mənzilə həmin binanın 12-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 42 №-li mənzildən müxtəlif vaxtlarda su axıdılmış, nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı tərəfindən 6000 (altı min) manat dəymiş maddi zərərlə ekspert rəyi təqdim edilsə də, 22 fevral 2021-ci il tarixindən 23 fevral 2021-ci il tarixinə keçən gecə su axıdılması ilə bağlı 2000 (iki min) manat maddi zərərin dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlmişdir ki, Cavabdeh su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlili olmaqla birinci instansiya məhkəməsi tərəfindən dəymiş zərər müəyyən olunarkən, “Ekspert LTD” müəssisəsinin qiymətləndirmə aktına ekspert rəyi kimi istinad etməklə zərərin məbləğini müəyyən etməsi ilə razılaşmır. Belə ki, apellyasiya mərhələsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/7312 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 38 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus 42 saylı mənzilin isə binanın 12-ci mərtəbəsində yerləşdiyini, 38 saylı mənzilin dəhliz, yaşayış otaqları və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının 38 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 42 saylı mənzildən su axıdıldığı və nəticədə 38 saylı mənzilin dəhliz, yaşayış otaqları və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 42 saylı mənzilin təmirli olması və kanalizasiya xətlərinin gizli şəkildə olması səbəbindən 38 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Xətai prospektində yerləşən 40A saylı evin, 38 saylı mənzildən su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətinə uyğun dəyəri 4755,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Kollegiya ekspert rəyinə əsasən qətnamənin maddi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilərək, maddi zərərin 4755,0 manat məbləğində müəyyən olunması qənaətinə gəlir. Kollegiya cavabdehin etirazının “iddiaçıya məxsus mənzilin eyvan sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusu binanın ümumi yağış sularının axıdılması üçün nəzərdə tutulmuş boru ilə birləşməsində mövcud olan tıxacın suyun axın yolunu kəsərək, suyun səviyyəsini qaldırmış və ona məxsus mənzilin eyvanında yağış sularının axıdılması üçün nəzərdə tutulmuş trap borusundan geri qaytardığını, nəticədə suyun iddiaçıya məxsus mənzil ona məxsus mənzil arasındakı beton panelə dolması səbəbindən mənzilə su sızması başlaması” ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh bununla bağlı işdə olan sübutları təkzib edən mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması, bununla da iddiaçının mənzilində müəyyən vaxt sərf etməklə təmir işlərinin aparılması zərurətinin yaranması, nəticədə mənzilindən istədiyi kimi istifadə edə bilməməsi və ona maddi zərər vurulması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Buna görə də, qətnamə mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, mənəvi zərərin 1000 manat məbləğində müəyyən olunmalıdır. Kollegiya qeyd edir ki, maddi və mənəvi zərərin məbləğinin dəyişməsi cəmi məbləğə təsir göstərdiyindən, qətnamə 8000 manat cəmi məbləğ hissədə dəyişdirilməli, cəmi məbləğ 5755 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilərək, dövlət rüsumu 13 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 22 (iyirmi iki) manatı cavabdehdən, 28 (iyirmi səkkiz) manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)- 2731/2021 saylı qətnaməsi maddi zərər, mənəvi zərər, dövlət rüsumu və cəmi məbləğ hissələrində dəyişdirilsin, maddi zərər 4755 (dörd min yeddi yüz əlli beş) manat, mənəvi zərər 1000 (min) manat, cəmi məbləğ 5755 (beş min yeddi yüz əlli beş) manat, dövlət rüsumu 13 (on üç) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 22 (iyirmi iki) manatı Cavabdeh, 28 (iyirmi səkkiz) manatı İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar