Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4724/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə qarşı müqaviləyə xitam verilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: təhsil xidməti göstərilməsi haqqında müqaviləyə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə qarşı müqaviləyə xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6239/2021 saylı qətnaməsindən Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S19/225 saylı “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən tələbə X5 xx.xx.2019-cu ildən Təhsil proqramı yekunlaşanadək Təhsil Müəssisəsinə İGCSE-1, 8-ci sinif, X6 (bundan sonra Tədris Proqramı adlanacaq) üzrə qəbul olunur. Təhsil Proqramının, və bu Müqavilənin qüvvədə olma müddəti Tələbənin Təhsil Müəssisəsinə qəbul olduğu vaxt təhsil səviyyəsi nəzərə alınmaqla müəyyən olunur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, təhsil müəssisəsinin vəzifəsi müasir təhsil texnologiyalarını tətbiq etməklə təhsil prosesini yüksək səviyyədə təşkil etməkdir.
2. Müqavilənin 4.1-cü bəndinə əsasən illik təhsil haqqı 8000 manat təşkil edir.
3. Müqavilənin 4.6-cı bəndinə görə, təhsil haqqı qabaqcadan ödənilməlidir.
4. Müqavilənin 4.9-cu bəndinə əsasən, bu müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılır.
5. İddiaçı tərəfindən 8000 manat illik təhsil haqqının 1000 manat hissəsini özünün "xxxx" ASC-də olan 01749234 hesabından Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-nin "xxxx" ASC-də olan AZ55A11B******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixdə, 3000 manatını isə xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Keçən tədris ilindəki təhsil haqqına edilən endirimlə bağlı keçən ildən iddiaçının hesabında 600 manat qalmışdır.
6. İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 429 saylı “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilməsi və X3 2021-ci ilin sentyabr ayının 15dən dekabr ayının 31-dək 10 A2 sinifində təhsil alması üçün ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə bu barədə müqavilədə müvafiq qeydin olduğunu, ödənilmiş təhsil haqqının qaytarılmasının müəssisənin hüququ olduğunu bildirmiş və təmin olunmasından imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 429 saylı “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilməsi və X3 2021-ci ilin sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinifində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə oğlu Kərimli Səid “X7 Təhsil Müəssisəsi” MMC-də 10 A2 sinifində təhsilinə “A level” proqramı üzrə başlamalıdır. Oğlu 2018-ci ildə cavabdehin Pre Landau kurslarında təhsil almış və 2019-cu ildən etibarən həmin məktəbdə təhsil alır. Hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətindədir. xx.xx.2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə online qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir. Təhsil haqqının ödənilməsi ilə əlaqədar cavabdehin əməkdaşı Cəmil müəllim ilə aralarında anlaşılmazlıq əmələ gəlmişdir. Bağladıqları 429 nömrəli xx.xx.2019-cu il tarixli “Təhsil xidməti göstərilməsi haqqında” müqavilənin 4.1-cü bəndinə əsasən illik təhsil haqqı 8000 manat təşkil edir. 4.6-cı bəndinə görə, təhsil haqqı qabaqcadan ödənilməlidir. Müqavilənin 4.9-cu bəndinə əsasən, bu müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılır. Beləliklə, ilin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verəcək. Belə hal müqavilədə nəzərdə tutulmamışdır. Lakin, bu vəziyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753-cü maddəsi ilə tənzimlənir. Sifarişçi olaraq sərəncam verir ki, oğluna bir il deyil, yarım il təhsil verilsin və bu barədə 6 ay öncədən məlumatlandırır. Belə olan halda, yuxanda qeyd edilən maddənin tələblərinə əsasən işin həcmi azaldığından yeni qiymət tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda artıq 4600 manat təhsil haqqı ödəmişdir. Bu məbləğ illik təhsil haqqının yarısından çoxdur. Lakin, Cəmil müəllim ona hədə-qorxu gəlir ki, əgər illik təhsil haqqının qalan hissəsini ödəməsə, oğlu dərsə buraxılmayacaq. Bu cür təzyiqi qanunsuz və ədalətsiz hesab edir. Ödədiyi vəsait oğlunun xx.xx.2022-ci il tarixə kimi təhsil alması üçün tamamilə ədalətlidir. Nəzərə almaq lazımdır ki, 8000 manat illik təhsil haqqının 1000 manat hissəsini özünün "xxxx" ASC-də olan 01749234 hesabından cavabdehin Kapital Bank ASC-də olan AZ55A11B******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixli ödəmə qəbzi ilə köçürmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixdə ödəmə qəbzi ilə eyni qaydada cavabdehə 3000 manat köçürmüşdür. Keçən tədris ilindəki təhsil haqqına edilən endirimlə bağlı keçən ildən hesabında 600 manat qalmışdır. Cavabdeh ona ünvanlanan xahişi rədd edərək iki əsas gətirmişdir. Birinci əsas ondan ibarətdir ki, guya tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi deyil. Bu dəlil yanlışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 429 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, tələbə X5 xx.xx.2019-cu ildən Təhsil Proqramı yekunlaşanadək Təhsil Müəssisəsinə İGCSE-1, 8ci sinif, X6 (bundan sonra Tədris Proqramı adlanacaq) üzrə qəbul olunur. Təhsil proqramının və bu müqavilənin qüvvədə olma müddəti tələbənin təhsil müəssisəsinə qəbul olduğu vaxt təhsil səviyyəsi nəzərə alınmaqla müəyyən olunur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, təhsil müəssisəsinin (cavabdehin) vəzifəsi müasir təhsil texnologiyalarını tətbiq etməklə təhsil prosesini yüksək səviyyədə təşkil etməkdir. Buradan görünür ki, cavabdeh həmin müqaviləyə əsasən onun tapşırığı ilə işləri icra etmək öhdəliyini üzərinə götürmüşdür. İş dedikdə, hazırki müqavilədə onun övladına təhsil verilməsi başa düşülür. Cavabdehin məktubda gətirdiyi ikinci dəlil faktiki olaraq onun ilkin dəlilini inkar edir, çünki bir tərəfdən cavabdeh deyir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi ona qarşı tətbiq edilə bilməz, digər tərəfdən isə deyir ki, həmin maddəyə əsasən işin həcmi azaldıldıqda muzdu azaltmaq onun öhdəliyi deyil, hüququdur. Bu dəlil də yanlışdır. Qanun tələb edir ki, işin həcmi azaldıldıqda tərəflər buna mütənasib olaraq muzdun azaldılmasını razılaşdırmalıdırlar. Qanunverici “razılaşdıra bilərlər” deyil, məhz “razılaşdırmalıdırlar” ifadəsini işlətmişdir. Bu o deməkdir ki, razılaşdırmaq tərəflərin vəzifəsidir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-6239/2021 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilmişdir. 10.Məhkəmə 2021-2022-ci tədris ilində şagird X3 Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-də təhsil almasını, təhsil haqqının 1 il üçün 8000 manat olmaqla, iddiaçı tərəfindən həmin məbləğdən 4600 manatının ödənilməsini, həmin məbləğin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yarım illik təhsil haqqından da artıq olmasını, cavabdeh tərəfindən təhsil haqqının qalan hissəsi ödənilmədiyi təqdirdə, müqavilə öhdəliklərinə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, habelə, şagird X3 dərsə buraxılmayacağı barədə mülahizələrinin hüquqdan sui-istifadə olmasını, həmçinin, iddiaçının ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətində olmasının müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsas olduğunu nəzərə alıb, hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.5, 390.1, 421.1, 421.2, 422.1, 423.2, 424.2, 752.2, 753.2, 16.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6239/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı Müqavilə münasibətlərinə hüquqi qiymət verərkən, “Təhsil xidməti göstərilməsi haqqında” Müqavilə üzrə tərəflər arasında yaranan münasibətləri podrat münasibətlərinə şamil etmiş, lakin bunu öz qətnaməsində düzgün əsaslandıra bilməmişdir. Hesab edirlər ki, həmin Müqavilə münasibətlərinin podrat münasibətlərinə şamil olunmasının qanuni əsasları mövcud deyil. Belə ki, podratı digər növ xidmət göstərilməsi üzrə münasibətlərdən fərqləndirən əsas xüsusiyyət, podrat müqaviləsi üzrə işlərin icrasının əsas məqsədinin müəyyən maddi (əşyavi) nəticəyə nail olmaqdır: yeni əşya yaratmaq və ya əşyanın keyfiyyətini dəyişməkdir. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, xidmət göstərənin maddi nəticə yaradılmasına gətirib çıxarmayan fəaliyyəti, xidmətin icrası prosesinin özü əhəmiyyət kəsb edir. Hesab edir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi bu münasibətlərə tətbiq oluna bilməz. Mübahisəyə Mülki Məcəlləsinin 777.1-ci maddəsi tətbiq edilməli idi. Təhsil verilməsi üzrə müqavilə tələbənin verilən təhsili mənimsəyib-mənimsəməməsindən asılı olmayaraq, xidmətlərin göstərilməsini nəzərdə tutur. Yəni burada tələbənin verilən təhsili tam və ya qismən mənimsədiyi, yaxud mənimsəmədiyi əsas deyil, tapşırıq üzrə tələbəyə (şagirdə) müqavilə üzrə keyfiyyətli təhsil xidməti göstərilməsi üzrə təhsil müəssisəsinin görməli olduğu işlərin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır. Müqavilədə təhsil haqqı ödənilməsi və ödəniş qaydası şərtləşdirilmişdir. Cavabdeh TK QSC təhsil xidmətləri göstərilməsi sahəsində ixtisaslaşmış özəl təhsil müəssisəsi olmaqla, təhsil xidmətlərini ödənişli əsaslar ilə təqdim edir. Təhsil haqqı əvvəlcədən ödəniş qaydasında hər növbəti tədris ili üçün iyul ayında ödənilməlidir. Təhsil haqqının əvvəlcədən ödənilməsi Müqavilənin icrası baxımından əhəmiyyətlidir. Belə ki, təhsil haqqının əvvəlcədən ödənilmədiyi halda, təhsil müəssisəsinin tələbəni (şagirdi) təhsilə buraxmamaq hüququ vardır. Digər tərəfdən, İddiaçı övladının təhsil haqqını gecikdirməsi və hazırkı iş üzrə məhkəmədə qaldırdığı iddia üzrə təhsil haqqının qalığını ödəməkdən boyun qaçırması nəticəsində Cavabdeh TK QSC 2021-2022-ci tədris ili üzrə tələbə (şagird) X5 üçün əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına, başqa sözlə, Cavabdeh TK QSC-nin maddi zərərə (itkiyə) məruz qalmasına gətirib çıxarır. Müqavilədə iddiaçının istinad etdiyi kimi, sifarişin dəyişdirilməsi şərtləşdirilməmişdir. Yəni, əgər Müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulursa, xitam anınadək tərəflər Müqavilə üzrə yarımçıq qalmış öhdəliklərini yerinə yetirməlidirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
15. Etiraz onunla əsaslandırılmışdır ki, o, ilin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqavilələrinə 1 yanvar 2022-ci il tarixdən xitam verəcək. Belə hal tərtib etdikləri müqavilədə nəzərdə tutulmamışdır. Lakin bu vəziyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753-cü maddəsi ilə tənzimlənir. Səid Kərimli X1 Dubay şəhərində yerləşən Sunmarke School orta məktəbinə qəbul olunmuşdur və xx.xx.2022-ci il tarixdən etibarən həmin məktəbdə təhsil alır. Səid Kərimliyə təhsil xidməti başqa hüquqi şəxs tərəfindən göstərilir və buna görə həmin hüquqi şəxsə muzd ödənilir. Cavabdeh isə tələb edir ki, onun göstərmədiyi xidmətə görə ona muzd ödənilsin. Cavabdehin bu hərəkətləri və niyyəti əsassız varlanmaya yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Köçürmə sertifikatı 2021 ilin dekabr ayında cavabdeh tərəfindən ona təqdim edilmişdir, BƏƏ-də viza və qeydiyyat vəsiqəsi 2022-ci ilin yanvar ayında alınmışdır. Bu səbəbdən həmin sənədləri birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edə bilməzdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 17.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 18.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 19.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 20.Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 21.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 22.Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 23.Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 24.Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 25.Maddə 752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 26.Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 27.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddianın rədd edilərək, qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32.Birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərə şamil etmiş, halbuki bunun üçün heç bir qanuni əsas olmamışdır. Tərəflər arasında münasibətlər birmənalı olaraq müqavilə münasibətləridir. 33.Mülki Məcəllə podrat üzrə işlərin icrasını məhz nəticəvi xüsusiyyətinə görə digər oxşar tipli münasibətlərdən fərqləndirmişdir. Belə ki, podrat müqaviləsi üzrə işlərin əsas məqsədi müəyyən maddi (əşyaya) nəticəyə nail olmaqdır. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, yerinə yetirilmiş olan qeyri-maddi nəticəli hərəkət, fəaliyyət, proses çıxış edir. 34.Hazırkı mübahisə üzrə tərəflər arasında münasibətlərin nəticəsi kimi qeyri-maddi nəticəli hərəkət, fəaliyyətin özü çıxış etdiyindən, burada podrat münasibətlərindən söhbət gedə bilməz. 35.Mübahisənin mahiyyətinə gəldikdə isə tərəflər arasında “təhsil xidməti göstərilməsi” haqqında müqavilə bağlanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş, hər iki tərəf müqaviləni imzalamışlar. 36.Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (maddə 405.1). Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (maddə 405.2). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). 37.Mülki qanunvericiliyin mənasından da göründüyü kimi müqavilənin bağlanması tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün əsasdır. Qanun müqavilə bağlandığı andan tərəflərin üzərinə müqavilə şərtlərinə əməl etməyi vəzifə olaraq tərəflərin üzərinə qoyur. 38.Baxılan iş üzrə Cavabdeh TK QSC ilə İddiaçı arasında bağlanmış 429 saylı, 08 may 2019-cu il tarixli Müqaviləyə əsasən 10 sentyabr 2019-cu ildən 25 iyun 2020-ci ilədək olan dövrü əhatə edən 2019-2020-ci tədris ili üçün təhsil haqqı 8000 AZN təşkil edir (maddə 4.1). Təhsil haqqı qabaqcadan tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək ödənilməlidir (maddə 4.6). Təhsil haqqı bu müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə illik ödənilməlidir (maddə 4.8). 39.Müqavilə şərtlərindən də məlum olur ki, tələbə təhsil haqqını hər bir halda birdəfəlik və ya hissə-hissə olmaqla ödəməlidir. 40.İşin mübahisəsiz halıdır ki, iddiaçı övladının illik təhsil haqqı üçün razılaşdırdıqları 8000 manat məbləğdən 4600 manat cavabdehə ödəmişdir. 41.Müqavilə şərtlərinə əsasən Təhsil müəssisəsi müqavilənin dəyəri tam ödənildiyi təqdirdə xidmət göstərməyi öhdəsinə götürür. 42.Tərəflər həmçinin qarşılıqlı razılıq əsasında müəyyən etmişlər ki, bu müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxmaqla, sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılır (maddə 4.9). Bu Müqavilənin şərtləri və Təhsil müəssisəsinin qaydaları Tələbə və ya Valideyn tərəfindən kobud şəkildə pozulduqda, Müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək təhsil müəssisəsinin hüququdur (maddə 3.1.2). 43.Göründüyü kimi, müqavilədə təhsil haqqını geri qaytarmamaq təhsil müəssisəsinin vəzifəsi deyil, hüququ olaraq müəyyən edilmiş, özü də bu zaman müqaviləyə xitam verilməsinin səbəbinin (üzrlü və ya üzrsüz) bu məsələyə təsir etmədiyi tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. 44.Qeyd edilənlərdən bu qənaətə gəlmək olur ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə mövqeyi onunla cavabdeh təhsil müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir. 45.Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının hazırkı iddiasının qanuni əsası və ya müqavilə əsası mövcud olmadığından əsassız olmuş, birinici instansiya məhkəməsi həmin iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozmuşdur. Ona görə də mübahisələndirilən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 47.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPMnin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 48.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6239/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə qarşı müqaviləyə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50.00 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.