Məhkəmə qərarları › İş №2(103)-4732/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4732/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4732/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizədə cavabdeh qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsi qeyd olunmuş və ərizə Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi ünvanı üzrə deyil, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olmayan əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun (VÖEN: **********) hüquqi ünvanı ünvan 1rinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması, işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, mülki-prosessual qanunvericikdə cavabdeh olan hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddiaların müəssisənin ünvanının olduğu yerə görə verildiyi nəzərdə tutulmuşdur. Bu baxımdan, nəzərə alaraq ki, həbsdən azad olunmasının xahiş edildiyi əmlak barəsində xüsusi müsadirə cinayət hüquqi tədbiri görülmüş və həmin tədbirin icra olunması məsələləri ilə bilavasitə, Azərbaycan Respublikası Baş Prokurorluğunun struktur qurumu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsi məşğuldur və həmin İdarə Bakı şəhəri, Binəqədi rayonununun ərazisində yerləşərək fəaliyyət göstərir, ona görə də iddia əriəzəsinə Binəqədi rayon məhkəməsində baxılmalıdır”

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4391/2023 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

10. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

11. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

12. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia tələbi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı yönəlmişdir.

15. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia hüquqi şəxsin hüquqi ünvanın olduğu yerin məhkəməsinə verilir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 7dir. (VÖEN: **********)

17. İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, iddia tələbi Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı deyil, onun törəmə müəssisəsinə - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə yönəldildiyi üçün, qanunvericliyin tələbinə əsasən müəssisənin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun törəmə müəssisəsi kimi qəbul edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

19. Belə ki, Mülki Məcəllənin 67.1-ci maddəsində qeyd edilir ki, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.

20. Hazırkı halda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsi Baş Prokurorluğunun törəmə müəssisəsi deyil, Baş Prokurorluğunun strukturuna daxil olan idarədir.

21. Mülki Məcəllənin 54.1-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.

22. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

23. Göründüyü kimi, hüquqi şəxsin idarəsi ayrıca hüquqi şəxs deyil, özünün Əsasnaməsi və s. yoxdur, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar