Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4734/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əsassız varlanma, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 250 manat Cavabdeh hesabına köçürülmüşdür.
2. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində verdiyi izahatda göstərmişdir ki, “... o, ticarət obyektini icarəyə vermək üçün mağazaya elan vurmuşdur. Naibə xanım nömrəsini reklamdan götürüb ona zəng edib. Mağazada görüşərkən ona bildirdilər ki, onlar buranı təmir edib təhsil müəssisəsi yaratmaq istəyirlər. O da razılaşdı. 1 və 2-ci aylar 600 manata razılaşdılar. Aralarında mədəni münasibətlər yarandı və ondan xahiş etdi ki, o, qadın xəylağıdır, ona bir yaxşı usta tapsın, pulu keçirsin material alsın. O, bazara getməsin. O da xanıma köməklik etdi. Usta üçün onun kartına pul göndərdi, o da ustaya verdi. Usta material alıb təmir etmişdir. Naibə xanım ustanın zəhmət haqqını da onun kartına göndərmişdir. O, da ustaya vermişdir. Ona da 850 manat göndərdi ki, fəaliyyətə başlayanda arenda pulundan silər. Onun yeganə təqsiri mağazanın giriş qapısının dəyişməyi barədə söz verməsidir. Biraz müəyyən səbəblərdən gecikdirdi. Əslində ona zərər dəyib, xeyli vaxtdır yeri zanitdir, amma icarə haqqı hesablamır. O, Naibə xanımı aldatmamışdır. Yenə təklif edir ki, xərc çəkib gəlsin işləsin. O isə narazılıq yaradır, işi pozur. Ustaya materiala xərclədiyi pulu haqqsız olaraq artıqlaması ilə ondan tələb edir. O, icarə haqqı kimi aldığı 850 manat pulu qaytarmağa hazırdır. Ona görə ki, işlətməyiblər. Ustaya verdiyi pulu gedib ustadan alsın. Əksinə o, zərər çəkir”.
3. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı müraciəti əsasında toplanmış material işə tikilsin və mülki qaydada məhkəməyə müraciət etməsi barədə ərizəçiyə məlumat verilsin.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 3298 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh obyektini icarəyə vermək vədi ilə müxtəlif vaxtlarda ondan ümumilikdə 2090 manat vəsait almışdır. Belə ki, xx.xx.2022-ci il tarixində icarəyə götürmək məqsədi ilə M.Davudoğlu küçəsi 16 ünvanda yerləşən elan qoyulmuş obyektə yaxınlaşmış, özünü obyekt sahibi kimi qələmə verən Cavabdehlə tanış olmuş, cavabdeh Dövlət Unversitetlərindən birində müəllim işlədiyini, bəzi çətinlikləri, daha doğrusu “Binə” ticarət mərkəzi olan yerdə 100 hektar yerinin olduğunu və onun sənədləşdirilməsi üçün pula ehtiyacı olduğu üçün icarə haqqını əvvəlcədən istədiyini bildirmişdir. Bəy-əfəndi görkəmində olduğu üçün onun saxtakar olduğunu anlamamış, inanaraq əvvəlcədən istədiyi vəsaiti ona müxtəlif tarixlərdə, yəni onun istədiyi vaxtlarda kart vasitəsilə ödəmişdir. Lakin icarə müqaviləsi bağlamaq üçün sənəd təqdim etməsini istədikdə o, sahə müvəkkilinin tanışı olduğunu və heç kəsin onun obyektinə girməyə cürət etməyəcəyini bildirərək sənədsiz fəaliyyət göstərməyini təklif etmişdir. Buna etiraz edərək qanunsuz fəaliyyət göstərmək istəmədiyini bildirmiş, cavabdeh bu dəfə sənədlərinin icrada olduğunu və tezliklə hazır olacağını söyləmişdir. Bu səbəblə icarə müqaviləsini bağlamaq mümkün olmamış, cavabdeh hər dəfə sənədin bugün-sabah hazır olacağını bildirərək, onu artıq 3 aydır gözlətmişdir. Son bir ayda isə onunla görüşmək istədikdə ya telefonları cavablandırmır və ya hər dəfə şəhərdə olmadığını bildirir. Bu üç ay ərzində açarları istədikdə qapını dəyişəcəyi bəhanəsi ilə açarları ona verməmiş, bir neçə dəfə qapını açıb içərini göstərib bağlamışdır. Bundan başqa bir dəfə guya onlara görə təmir etdirdiyini görsətmək üçün obyekt açanda işlətmək üçün nəzərdə tutulan stol və stulları həmin yerə yığmalarını təklif etmış (yığmağa yeri olmadığı üçün), qapını açmış, stolları gətirən şəxslər stolları oraya yığmışlar, bundan sonra dərhal qapını bağlamış, qapını dəyişəcəyi bəhanəsi ilə yenə açarı onlara verməmişdir. Həmin obyektə öz vəsaiti ilə plastik qapı qoyanda da Zahirin nömrəsini vermiş, o da gəlib qapını açmış, ustalar qapını qoyduqdan sonra qapını bağlayıb getmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq zənglərinə cavab verməməyə başlamışdır. Hər dəfə obyektə gedərək pəncərənin çölündən baxıb onun gəlibgəlmədiyini gözləməli olmuşdur. Axır ki, bir dəfə telefonu açanda, cavabdehin onu aldatdığını anladığını və ödədiyi vəsaiti geri almaq istədiyini bildirmiş, o isə yerini guya “zanit" etdiyini bildirərək vəsaiti geri qaytarmaqdan boyun qaçırmışdır. Halbuki, aralarında kirayə müqaviləsi olmadığı və bu müddət ərzində obyektin açarları həmin şəxsdə olduğu üçün həmin yeri nəinki işlətmək, hətta adı çəkilən şəxsin üç dörd dəfə qapını açıb onlara göstərməsi istisna olmaqla, özü olmadan obyektə ayaq belə basmamışlar. Kart vasitəsi ilə ödədiyi vəsaitdən əlavə eyni zamanda həmin obyektə ümumi dəyəri 1290 manat olan qapılar, oturacaqlar, stollar və lövhələr alınsa da, bu əşyalar da cavabdeh tərəfindən mənimsənilmiş və hələ də geri qaytarılmamışdır. Sonuncu dəfə (xx.xx.2023) ona zəng edib əşyalarını və pulunu qaytarmasını tələb edəndə Ağsu rayonunda olduğunu bildirmişdir. Obyekti gözətləyib onun obyektdə olduğunu, yenə onu aldatdığını görmüşdür. Bu məsələ ilə bağlı elə həmin vaxt - xx.xx.2023-cü ildə polis bölməsinə müraciət etmiş, tədqiqatçı cavabdehə zəng edib məsələ ilə əlaqədar polis idarəsinə gəlməsini bildirdikdə isə, onların özlərinin həmin obyekdən könüllü imtina etdiklərini bildirmişdir. Bu adam o qədər usta saxtakardır ki, hətta tədqiqatçı cinayət tərkibi görmədiyini və onlara polisə deyil məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Halbuki, araşdırılarsa bu şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinə uyğun gələ biləcək dələduzluqla məşğul olduğu ortaya çıxar. Vətəndaşı aldatma, vəsaitini mənimsəmə, polisə yalan ifadə, rəsmi qurumların adından istifadə edərək aldatma, dövlətin (sahə müvəkkilinin) məmurunun adından istifadə edərək aldatma, qanunun tələblərindən kənara çıxmağa təşviq etmə kimi müxtəlif əməlləri törətdiyi təsdiqlənər. Ödənilən vəsaitlər xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 250 manat. Bundan əlavə öz vəsaiti ilə aldığı, lakin həmin şəxs tərəfindən mənimsənilmiş əşyalar (ümumi dəyəri 1208 manat) plastik qapılar - 530 manat, oturacaqlar - 168 manat, stollar - 450 manat, lövhələr - 60 manat. Bütün yuxarıda qeyd olunanlar onu göstərir ki, adı qeyd edilən şəxs əlində heç bir rəsmi sənəd olmadığı halda obyekti icarəyə vermək vədi ilə ona xeyli miqdarda zərər vurmuşdur, saxtakarlıqla məşğuldur və fırıldaqçıdır.
6. Cavabdeh məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı ona 850 manat məbləğində kirayə haqqı vermişdir. Ona göndərilən 900 manat materiala, 340 manat isə ustaya zəhmət haqqı kimi ödənilmişdir. Əşyalar isə hələ də mağazadadır, iddiaçı əşyaları gəlib götürə bilər. İddia tələbinin pul hissəsinin yalnız 850 manat məbləğini qəbul edir.
7. Sonradan iddiaçı, ümumilikdə 1208 manat dəyəri olan əşyalarını - plastik qapıları, lövhələr, oturacaqları və stolları götürdüyünü bildirməklə iddia tələbinin həcmini azaltmış, cavabdehdən 2090 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini, ondan 850 manat məbləğində pulun tutulmasına etiraz etmədiyini bildirmişdir.
9. Birinci instansiya məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 2090 (iki min doxsan) manatın və 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət olunmuşdur.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 2090 manat məbləğində pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Cavabdeh həmin pul məbləğinin yalnız 850 manat məbləğinin ona ödənildiyini, qalan məbləğin isə təmir xərcinə və ustalara verildiyini bildirsə də, qeyd etdiyi dəlillər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin bildirdiyi hallar düzgün olsa belə, yenə də cavabdeh iddiaçının hesabına əsassız varlanmış hesab olunur. Çünki, iddiaçının vəsaiti hesabına təmir olunmuş obyekt hazırda cavabdehin öz sərəncamında və istifadəsindədir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ondan 850 manat tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən ədalətsiz və qeyri-obyektiv qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
15. İşin halları, cavabdehin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
31. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin, iddiaçının tələb etdiyi məbləğin 850 manatdan artıq olan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamənin tam ləğvini istəsə də, onun xahişi faktiki olaraq qətnamənin iddia tələbinin 850 manatdan artıq hissədə təmin olunan hissədə ləğv edilməsinə yönəlmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü hallar qətnamənin ləğvinə (mübahisələndirilən hissədə) əsas vermir.
38. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçı tərəfindən ona yalnız 850 manat ödənildiyini, qalan məbləğin isə təmir xərcinə və ustalara verildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əgər cavabdehə məxsus obyekt iddiaçının vəsaiti hesabına təmir olunmuşdursa, həmin obyektin hazırda cavabdehin öz sərəncamında və istifadəsində olması da onun əsassız varlanması mənasına gəlir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2159/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissədə) saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə