Məhkəmə qərarları › İş №2(103)-4737/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4737/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4737/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X15 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh nümayəndəsi( vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-1981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısını təşkil edən 40330 (qırx min üç yüz otuz) məbləğində pulun və 211 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda İ giriş 12ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m. olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair X2 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin, Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair X2 ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, X9 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi,ilkin iddia tələbinin qalan hissədə, həmçinin birləşdirilmiş iş üzrə iddiaçı X9 cavabdehlər X1, X4, X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh və Gülbahar Hakverdiyevanın kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aramızda olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, 94880 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh ödənilmişdir və həmin pul birgə nikah dövründə əldə edilmişdir. Məhz bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə 80661 manat məbləğində pulun 1/2 hissəsində İddiaçı payı müəyyən edilmiş və yuxarı instansiya məhkəmələrində qətnamənin həmin hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, həmçinin aşağıdakı hal müəyyən edilir: - Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğindən xəbərdar olmadığını bildirmişdir. (səhifə 14, abzas 5). Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 94880 manat məbləğində pulu Cavabdeh əldə etmişdir və həmin pulun yarısında İddiaçı payı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(011)- 1981/2023 saylı qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı - 40330 (qırx min üç yüz otuz manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 211 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti - qətnamənin əsassız olması, madi və prosessual hüquq normalarının pozulması, 40330 manat pul vəsaitinin ondan iddiaçınnı xeyrinə tutulmasının əsassız olması, qanuni qüvvədə olan məhkəmə qərarları ilə icra sənədi üzrə ona ödənilməli olan 142320 manat pul vəsaitinin 61659 manat hissəsinin birgə nikah dövründə əldə olunmaması, qalan 80661 manatı məbləğinə pul üzərində isə iddiaçının ½ hissədə payının müəyyən olunması, beləliklə, 142320 manat pul vəsaitinin 101990 manat hissəsinin ona aid olması, həmin pul vəsaitindən 94886 manat hissəsinin 14 dekabr 2018ci il taixdə ona ödənilməsi, həmin tarixdən sonra isə iddiaçı ilə 3 il birlikdə ər-arvad kimi yaşaması, pulu ailə ehtiyaclarına xərcləməsi, icra sənədi üzrə hazırki vaxtda 47434 manat borcun qalması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə qərarına əsasən iddiaçının ½ payı məhz icra sənədi üzrə cavabdehə ödənilməli olan 142320 manat pul vəsaitinin 80661 manatı üzərində müəyyən olunmuşdur. Belə olan halda cavabdehin icra sənədi üzrə özünə aid pul vəsaiti 101990 manat təşkil edir ki, onun da cəmi 94886 manat hissəsi ödənilmişdir. İddiaçıya payına düşən hissə, eləcə də cavabdehin payından qalıq qalmış 7000 manat pul hələ icra olunmamışdır. Əgər qətnamə cavabdehin xeyrinə tam icra olunarsa, o zaman iddiaçının pulunu ona qaytarar. Hazırki vəziyyətdə isə cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud deyildir. Həmçinin qeyd edir ki, qətnamə ilə müvafiq pul üzərində sadəcə iddiaçının ½ payı müəyyən olunmuş, həmin pulun cavabdehdən tutulmalı olması müəyyən olunmamışdır. Belə olan halda isə, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 40330 manat pul vəsaitini tutması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə qət olunmuşdur ki, “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilsin. Həmin qətnamənin icrası zamanı isə Cavabdeh 94886 manat pul ödənilmişdir. Əvvəlki qətnamələr ilə müəyyən olunub ki, Cavabdeh həmin pul vəsaitini ailə ehtiyacları üçün xərcləməsini sübut edə bilməmişdir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh olduğundan İddiaçı həmin icra icraatına qoşula bilmir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə həmçinin qət olunmuşdur ki, ... “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilsin.” Qeyd edilən qətnamə göstərilən hissədə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılımışdır (Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı). Bundan sonra, İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qətnamənin icrası zamanı icra məmuru 80661 manat pulun 1/2 hissəsinin borcludan alıb ona verməkdən imtina edir və bunu qətnamədə belə bir göstərişin olmaması kimi izah etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 8080/2021 nömrəli qərardadı ilə iddiaçı X6 qətnaməə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Xəzinə məxaric orderindən də görünür ki, Cavabdeh 94886 (doxsan dörd min səkkiz yüz səksən altı) manat pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, verilmiş xx.xx.2020-ci il tarixli 849/1 nömrəli sorğuya əsasən həmin ünvanda tikilmiş yarımçıq bina Dövlət orqanları tərəfindən sökülmüşdür. Nəticə etibarilə həmin binadan mənzil alan vətəndaşlara qaytarılmalı olan borclara görə və sair işlərə görə sənədlər Baş Prokurorluğun Korrupsiya idarəsinə verilmişdir. Əvvəlki sahibkarlar tərəfindən ödənilən məbləğdən müstəntiqin iştirakı ilə Cavabdeh məxaric orderi əsasında 94886 manat qaytarılmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx- 174157-18/43 nömrəli məktubundan müəyyən olunur ki, tələbkar Cavabdeh olan 142320 manat borcdan cəmi 94886 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmiş və 47434 manat qalıq borc hazıradək ödənilməmiş qalmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən məhkəmə aktlarına əsaslanaraq, hazırki iddiasında məhz cavabdehdən 80661 manat pulun 1/2 hissəsini, yəni 40330 manat məbləğində pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən – iddiaçının müvafiq pul vəsaiti üzərində qanuni qüvvədə olan məhkəmə aktı ilə payının müəyyən olunmasına, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin preyudisial əhəmiyyətinə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası zamanı cavabdehə (X3) borclu "xxxx" MMC tərəfindən 94886 manat pulun qaytarılmasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin qənaətini əsaslı saymır. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə aktına əsasən - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pulun 80661 manat hissəsi üzərində 1/2 hissədə tərəflərin payları müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə məhz üçüncü şəxs (borclu) tərəfindən cavabdehə ödənilməli olan 142320 manat pulun bir hissəsini (80661 manat) tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olaraq müəyyən etmiş və həmin pul vəsaitində bərabər pay müəyyən etmişdir. Yuxarıda göstərilən məhkəmə aktları ilə həmçinin müəyyən olunmuşdur ki, icra sənədi üzrə cavabdehə ödənilməli olan 142320 manat pul vəsaitinin 61659 manat hissəsi birgə nikah dövründə əldə olunmamaqla, cavabdehin şəxsi vəsaitidir. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarlarından açıq-aşkar müəyyən edilir ki, icra sənədi üzrə ödənilməli olan 142320 manat pul vəsaitinin - 101990 manat hissəsi cavabdehə, 40330 manat hissəsi isə iddiaçıya aiddir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə qərarlarında həmin pul vəsaitinin (80661 manat pulun iddiaçının payına düşən 1/2 hissəsi) iddiaçıya ödənilməsində bilavasitə cavabdehin öhdəliyinin (vəzifəsinin) olması halı müəyyən edilməmiş, qətnamənin nəticə hissəsində qət olunmamışdır. Belə olan halda, hazırki vəziyyətdə üçüncü şəxsin sərəncamında olan, iddiaçının payına düşən hələ ödənilməmiş müvafiq pul vəsaiti ilə bağlı cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti də mövcud deyildir. Birinci instansiya məhkəməsinin “icra zamanı cavabdehə 94886 manat pulun qaytarılması”na istinadı da vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, üçüncü şəxs tərəfindən ödənilməli olan 142320 manat pul vəsaitinin 101990 manat hissəsi cavabdehə məxsusdur ki, ondan da cəmi 94886 manat pul cavabdehə qaytarılmış, iddiaçının da payına düşən hissə daxil olmaqla hazırki vaxtadək 47434 manat pul borclu "xxxx" MMC tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdehin ona ödənilmiş özünə aid pul vəsaitindən iddiaçıya hər hansı pul ödəmək öhdəliyi və ya vəzifəsi mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının müvafiq pul vəsaiti üzərində payının müəyyən edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi 26 fevral 2021-ci il tarixdə qəbul edilmiş, həmin vaxtı isə cavabdehə digər məhkəmə qərarının icrası zamanı 94886 manat pulun qaytarılması halı istər tərəflərə, istərsə də məhkəməyə məlum olmuşdur (pul vəsaiiti xx.xx.2018-ci il tarixdə ödənilmişdir). Lakin, məhkəmə iddiaçının payının məhz cavabdehə qaytarılmış 94886 manat pul hissəsi üzərində deyil, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın 80661 manat hissəsində ½ payda müəyyən etmişdir. Yəni, məhkəmə iddiaçının payının məhz cavabdehə ödənilmiş 94886 manat pul vəsaiti hesabına ödənilməli olmasını, bu sahədə cavabdehin öhdəlik daşımasını və s. halları müəyyən etməmiş, belə bir nəticəyə gəlməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin vaxtı qətnamənin izah olunması barədə iddiaçının ərizəsi də təmin olunmamışdır. Məhkəmə kollegiyası qəbul edir ki, əgər məhkəmə qərarı tam olaraq cavabdehin xeyrinə icra olunarsa, o zaman cavabdeh iddiaçının payına düşən hissəni də qəbul etməklə sonuncunun hesabına varlanmış olur və həmin andan müvafq pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyni daşıyır. Hazırki vəziyyətdə isə cavabdehə iddiaçının payına düşən hissə üzrə ödəniş həyata keçirilməmiş, beləliklə də cavabdeh iddiaçının hesabına varlanmamışdır (qalıq qalan hissədə iddiaçı ilə yanaşı, cavabdehə də aid pul vəsaiti mövcuddur). Belə olan halda iddiaçı borclu "xxxx" MMC-dən özünün payına düşən hissəni tələb etməkdə də haqlıdır. Çünki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə əvvəl çıxarılmış və icraya yönəldilmiş digər məhkəmə aktı üzrə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi) cavabdehə ödənilməli olan pul vəsaitinin bir hissəsi üzərində iddiaçının payı müəyyən olunduğundan, iddiaçı əvvəlki məhkəmə aktının icra mərhələsinə qoşulmaqla qətnamənin icra üsulunun və qaydasının dəyişdirlməsi istiqamətində müvafiq müraciətlər etmək hüququna malikdir. Yaxud, yuxarıda da qeyd edildiyi kimi, icra sənədi cavabdehə aid pul hissədə tam icra olunduqdan sonra, iddiaçının payına keçən hissə üzrə də cavabdehin xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) o zamanı iddiaçının cavabdehdən müvafiq pul vəsaitlərini tələb etmək hüququ yaranmış olur. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının cavabdehdən müvafiq pulu tələb etməkdə subyektiv hüquqları mövcud deyildir. MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilməlidir ki, öhdəlik mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditorun və borclunun arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Beləliklə, öhdəlik hüquq münasibətlərinin məzmunu onun tərəflərinin hüquq və vəzifələrindən ibarətdir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin tam olaraq cavabdehin xeyrinə icra olunması ehtimalı mövcud olduğundan və belə olan halda gələcəkdə tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması və hüquqi müəyyənlik baxımından hazırki icraat çərçivəsində mübahisəli məsələnin tənzimlənməsi məqsədəmüvafiq olardı (belə tənzimləmə tələbdən kənara çıxma kimi də qiymətləndirilə bilməz). Yəni, məhkəmə kollegiyası yuxarıda sadalananları da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddia qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pul vəsaiti Cavabdeh aid pul hissədə (101990 manat) tam icra olunduqdan sonra İddiaçı payına (40330 manat) keçən hissə üzrə də Cavabdeh xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) həmin pul vəsaitləri Cavabdeh alınaraq İddiaçı verilməlidir. MPM-nin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göründüyü kimi, qətnamənin nəticə hissəsində, həmçinin onun icra qaydası və müddəti müəyyən edilə bilər. Bu səbəbdən də, Kollegiya hesab edir ki, hazırki qətnamənin icrası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə birlikdə bir icraatda birləşdirilməklə həyata keçirilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı həmçinin dövlət rüsumu kimi ödədiyi 211 manat məhkəmə xərcini də cavabdehdən tələb etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, həmin məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pul vəsaiti Cavabdeh aid pul hissədə (101990 manat) tam icra olunduqdan sonra İddiaçı payına (40330 manat) keçən hissə üzrə də Cavabdeh xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) həmin pul vəsaitləri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Hazırki qətnamənin icrası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə birlikdə bir icraatda birləşdirilməklə həyata keçirilsin. Məhkəmə xərci (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar