Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4738/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qanunsuz qurğuların yerinin dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)- 288/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi İşin halları 1.İddia ərizəsində tələb olunub ki, cavabdeh "xxxx" MMC-yə məxsus restoranın havalandırma sisteminin İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən 5 №-li evin 16 №-li mənzilin eyvanının qarşısından götürülərək yerinin dəyişdirilməsi barədə qətnamə qəbul olunsun. 2.Tələb onunla əsaslandırılıb ki, havalandırma sistemindən gələn səs-küy, müxtəlif iylər və qazlar iddiaçının və ailə üzvlərinin rahatlığını pozur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddədə qeyd olunub ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 3.Nizami Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi icraata qəbul edilib. Birinci instansiya məhkəməsində icraat 4.Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, həmin iddiaya ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, binadakı qurğuların yerləşdirilməsi, ümumilikdə, binanın tikintisi ilə bağlı layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilib və binanın inşasına qanunla müəyyən edilmiş qaydada icazə verilib. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 5.İddiaçı bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, mübahisə edilən tikili "xxxx" MMC-nin yaşayış binası deyil, onun yanında olan restoran-pub kimi fəaliyyət göstərən tikilidir. Həmin tikilinin təsdiq olunmuş layihəsi məhkəməyə təqdim edilməyib və ya belə layihənin olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməyib. Bununla yanaşı, cavabdeh həmin yerdə “restoran-pub”ın fəliyyətinin qanuniliyini təsdiq edən sənədləri məhkəməyə təqdim etməyib. Bundan başqa, iddiaçı həmin tikilinin sökülməsini deyil, havalandırma sisteminin yerinin dəyişdirilməsini tələb edin. 6.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Şikayət təmin olunmalı, qərardad ləğv olunmalı və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 8.Belə ki, iddiaçı inzibati orqana (FHN və s.) qarşı iddia verməyə məcbur edilə bilməz. MPM-in 50.3 və 149.2.2-ci maddələrinə görə, iş üzrə cavabdehi müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir. İddiaçı həmin səlahiyyətindən istifadə edərək iddia ərizəsində cavabdeh kimi kommersiya hüquqi şəxsi - "xxxx" MMC-ni göstərib və iddianı ona qarşı yönəldib. Kommersiya hüquqi şəxsə qarşı verilmiş iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Əgər ümumi məhkəmə hesab edirsə ki, "xxxx" MMC iddiaya cavab verməli olan şəxs deyil, belə halda bunu əsaslandırmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edə bilər. 9.Beləliklə, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır, iş üzrə icraata xitam verilməsi üçün MPM-in 261.0.1-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-288/2025 nömrəli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4738/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4738/2025
15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver