Məhkəmə qərarları › İş №2(103)-4741/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4741/2021

21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4741/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-107/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, təmir üçün xərclədiyi və bundan sonra lazım olan 20.000 (iyirmi min) manat məbləğin Cavabdeh alını ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2005-ci ildən Cavabdehla qonşudur. Onlar əvvəl də Cavabdeh bu binanın sakini idi. Hal-hazırda Cavabdeh 19-cu, o isə 18-ci mərtəbədə qalırlar. Artıq 13 ildir ki, bilmədiyi səbəbdən, tavanlarından evə su damır. Bu mənzilə köçdükdə, belə bir problemlə qarşılaşmamışdılar. Əvvəl bu bir otaqda idi. Lakin indi 01 otaqdan başqa hər yerdə belədir. Oğlunun otağı isə tamamilə yararsız hala düşdüyündən və 2-3 dəfə təmir etsələr belə düzəldiyindən o otaq tamamilə istifadəyə yararsızdır. Mətbəxi də təmir etməyiniz fayda verməmişdir. Su qonşunun mənzilindən axır. Ancaq, qonşu onlara təmir etməkləri fayda vermədi. Su qonşunun mənzilindən axır. Ancaq, qonşu onlara təmir edəcəyini vəd etsə də, bu vəziyyət illərlə davam edir.Həmin evi 2005-ci ildən bəri iki dəfə təmin etdirmişdir. Hər dəfə yeddi və səkkiz min manat pul xərcləmişdir. Hal-hazırda ustanın dediyinə görə yenə də altı-yeddi min manat pul lazımdır ki, evi normal vəziyyətə salmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-107/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təmir-bərpa işləri üçün xərclənmiş 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və Dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-107/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilindən qonşusu İddiaçı mənzilinə su axması mümkün deyil. Cavabdeh evini yüksək səviyyədə təmir etmişdir. Dəfələrlə santexnik gətirib su xətlərini də yoxlatmışdır. Nəticədə müəyyən olunub ki, mənzilindən aşağı mərtəbəyə suyun axması mümkün deyil. Mənzil axır mərtəbədə olduğu və layihəyə görə evin son mərtəbəsinin ətrafı 4 tərəfdən eyvan olduğu və həmin eyvanın bağlanmasına icazə verilməməmsi üçün su ancaq yağış yağanda divarları isladıb axa bilər. Bu da evin layihəsi və konstruksiyası ilə bağlıdır ki, cavabdeh buna görə cavab verə bilməz. Məhkəmə tərəfindən təyin ounmuş mühəndistexniki evspertizasının rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus 65 saylı mənzilin binanın 18-ci mərtəbəsində, cavabdehə məxsus 69 saylı mənzilin isə 65 saylı mənzilin üstündə 19-cu mərtəbədə yerləşdiyini nəzərə alaraq, həmin qüsurların su sızmaya aid olduğu və 65 saylı mənzilə 69 saylı mənzildən suyun axması müəyyən edilmişdir. Qeyd olunur ki, mülki iş materiallarında susızmanın başvermə səbəbinə dair hansı bir məlumat olmadığından, o cümlədən cavabdehin iştirak etməməsi səbəbindən 69 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, susızmanın texniki səbəbini konkret olaraq dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin mənzilinə baxış keçirilmədən, eksperitzanın aparılmasında cavabdehin iştirakı təmin edilmədən, su sızmasının təxniki səbəbi müəyyən olunmadan məhkəmə tam əsassız və qanunsuz iddianın qismən təmin edilməsinə dair qərar qəbul etmişdir. İddia ümumiyyətlə cavabdehə qarşı verilə bilməzdi, bu iddiada cavabdeh mənzilin mülkiyyətçisi olmalıdır. Lakin, 69 saylı mənzilin mülkiyyətçisi cavabdeh deyil, X1r. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İ.İbadov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 58 saylı binanın 65 saylı mənzilinə su sızması nəticəsində dəymiş ziyanın 11 mart 2019-cu il tarixinə olan dəyəri 5000.00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2020-ci il tarixli, 5002 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 65 saylı mənzilinin tikililərinin konstruktiv elementlərinin üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 65 saylı mənzilin binanın 18-ci mərtəbəsində, cavabdehə məxsus 69 saylı mənzilin isə 65 saylı mənzilin üstündə 19-cu mərtəbədə yerləşdiyini nəzərə alaraq, həmin qüsurların su sızmaya aid olduğu və 65 saylı mənzilə 69 saylı mənzildən suyun axıdıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, mülki iş materiallarında susızmanın başvermə səbəbinə dair hansı bir məlumat olmadığından, o cümlədən cavabdehin iştirak etməməsi səbəbindən 69 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, susızmanın texniki səbəbini konkret olaraq dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən, ev 58, 65 saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 5800,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya işin hallaraına, apellyasiya şikayətinin dəlillərinə və sadalanan hüquq normalarının tələblərinə əsasın hesab edir ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 saylı evin, 69 saylı mənzilindən su sızması nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 saylı evin, 65 saylı mənzilinə ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspert rəyinə əsasən mənzildə yaranan qüsurların aradan qaldırılması üçün görülməli təmin-bərpa işlərinin dəyərinin 5.800 manat olduğu müəyyən edilmişdir. Kollegiya ekspert rəyinə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbinin qismən təmin edilərək dəymiş maddi zərərə görə 5800 (beş min səkkiz yüz) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, ekspert rəyinin mötəbərliyini sübhə altına alan hər hansı hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sözügedən ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-107/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar