Məhkəmə qərarları › İş №2(103)-475/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-475/2023

24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-475/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Kontoru, X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində)qarşı və iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə (Açar sözlər: “dövlət qeydiyyatının ləğv edilməsinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin müikiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” və “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2022 saylı, 03 avqust 2022ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707» saylı bağ sahəsi X4, 03 aprel 2005-ci il tarixli, 34190 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707 A» saylı bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir. Keçmiş X2 və İstismarı Birliyi (bundan sonra BTİ və İB) ilə X13 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) dövlət qeydiyyatının ləğv edilməsinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin müikiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,2484 ha torpaq sahəsi olan keçmiş BTİ və İB ilə X13 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsinə dair X6 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsinə, 624/707 saylı bağ sahəsinə dair X13 ilə Cavabdeh4 arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeyd olunan alqı-satqı müqaviləsi əsasında 624/707 saylı bağ sahəsinə dair Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddiada göstərilir ki, onunla, yəni - X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707» saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsi şəhid ailəsinin üzvü kimi ona verilmişdir. Həmçinin onunla, yəni - İddiaçı1 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707 A» saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsi müharibə veteranı olduğu üçün ona verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusuna verilmiş xx.xx.2019-cu il tarixli məktublarda qeyd olunmuşdur ki, «707» və «707 A» saylı bağ sahələrinə dair bağlanmış müqavilələr İdarənin arxivində mövcuddur və həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan sonra, həmin bağ sahələrinin özəlləşdirilməsi məqsədilə bağ sahələrinin koordinatlarının müəyyənləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi və həmin müraciətə qeyd olunan İdarə tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, qeyd olunan bağ sahələri elektron kadastr məlumat bazasına əsasən digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra həmin bağ sahələrinin hansı əsasla və kimin adına qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusuna verilmiş xx.xx.2020-cu il tarixli məktublarda qeyd olunmuşdur ki, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624/707 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş BTİ və İB ilə X13 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətindədir. xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə sonradan tərtib edilmiş müqavilə olduğundan, ona məxsus «707» və «707 A» saylı bağ sahələrinin xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi kimi özəlləşdirilməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, Ləhiş ərazisində bağ sahələrinin 1991-ci ildə nömrələnməsi «624/707» kimi aparılmamışdır. Həmçinin Ləhiş ərazisində 624 saylı bağ sahəsi ilə 707 saylı bağ sahələri bir-birindən aralı yerləşməklə müxtəlif məsafələrdə yerləşirlər. Eləcədə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№-li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha. artıq olmamalıdır. Keçmiş BTİ və İB ilə X13 arasında bağlanmış xx.xx.1991 -ci il tarixli, 17407 saylı müqavilədə isə torpaq sahəsinin ölçüsü 0,25 ha göstərilmişdir. Sadalanan bu hallar bir daha onu təsdiq edir ki, xx.xx.1991- ci il tarxli, 17407 saylı müqavilə sonradan tərtib edilmiş və əsl müqavilə deyildir. Həmin əsl olmayan müqavilə əsasında da onlara məxsus «707» və «707 A» saylı bağ sahələri özəlləşdirilmiş və xx.xx.2015-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X13 29 oktyabr 2012-ci ildə vəfat etmiş və 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 X6 hüquqi varisləridir. Göründüyü kimi qeyd olunan bağ sahəsi X6 ölümündən üç il sonra onun adına özəlləşdirilmiş və X6 adından Cavabdeh4 satılmışdır. Qeyd olunan bağ sahəsi X6 ölümündən bir ay əvvəl X7 verilmiş 29 oktyabr 2012-ci il tarixli etibarnamə əsasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmışdır. Bununla bağlı, 29 oktyabr 2012-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, mərhum X13 tərəfindən X7 verilmiş səlahiyyətlərdə xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624 saylı bağdan təyinatı üzrə istifadə etməyə dair səlahiyyət verilmişdir. Göründüyü kimi xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən X8 verilmiş bağın nömrəsi 624/707 deyil, 624 olmuşdur. Bu hal bir daha onu təsdiq edir ki, 624/707 saylı bağ sahəsi mövcud olmamış və 624/707 saylı bağ sahəsinə dair xx.xx.1991ci il tarixli, 17407 saylı müqaviləyə sonradan düşəlişlər edilmişdir. Qeyd olunan bağ sahəsi X6 adından X7 verilmiş 29 oktyabr 2012-ci il tarixli etibarnamə əsasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılan zaman həmin etibarnamə artıq hüquqi qüvvəsini itirmiş və X9 həmin bağ sahəsini X6 adından satmağa səlahiyyəti olmamışdır. Belə ki, X13 29 oktyabr 2012-ci ildə vəfat etmişdir. Belə olan halda, X6 adından X7 verilmiş 29 oktyabr 2012-ci il tarixli etibarnaməyə Mülki Məcəllənin 365.1.7-ci maddəsinə əsasən xitam verilmişdir.

4. Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsində ibarət olan 707 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı2 ilə X2 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34185 saylı müqavilənin və Bakı şəhəri, Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 707 A saylı bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı1 ilə X2 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34190 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddiada göstərilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və qeyrilərinə qarşı bağ sahəsinə verilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və sair tələbi ilə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. İddia tələbini qəbul etmir, iddia ərizəsinə qarşı etiraz edir. İddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi lə məhkəməyə müraciət edir. İddiaçılara məxsus bağ sahələrinin onun mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməyini ekspertizanın rəyi ilə tanış olduqda ona məlum olmuşdur. Ona görə də qarşılıqlı iddia tələbinin verilməsi üçün əsaslar ekspertizanın rəyinin aldıqdan sonrakı dövrdə əmələ gəlmişdir. Belə ki, Ləhiş ərazisində yerləşən X2 və İstismarı Birliyi ilə X13 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsini o, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində alqısatqı müqaviləsi ilə almış və xx.xx.2015-ci il tarixdə adına dövlət reyetsrindən çıxarış almışdır. Hal-hazırda həmin bağ sahəsi onun mülkiyyətindədir. İddiaçıların iddia tələbərini qəbul etmir. Əksinə onlara verilən müqavilələr etibarsız hesab olunmalıdır. Ona görə ki, həmin bağ sahəsinə ilkin olaraq müqavilə xx.xx.1991-ci il tarixdə BTİ və İB tərəfindən X8 verilmişdir. Həmin bağ sahəsi ona məxsus olmuşdur. Sonradan BTİ və İB tərəfindən həmin bağ sahəsinə iddiaçılara qanunsuz olaraq verilən müqavilələr qanuni ola bilməz və onlar məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs Kadastr və yerquluşu Layihə-Təhqiqat mərkəzi MMC-nin müxtəxəssis rəyindən və Məhkəmə Ekspentiza Mərkəzinin rəyindən görünür ki, iddiaçıların iddia etdikləri sahə artıq onun adına qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri olmaqla üst-üstə düşür. Bu rəylərdən belə bir nəticə çıxarmaq olur ki, bağ sahələri üst-üstə düşsə də belə həmin mübahisəli bağ sahəsinin yeri ona məxsusdur. İddiaçılar iddia ərizəsində qeyd edir ki, guya ki, mərhum X1 bağ sahəsini etibarnamə ilə X11 istifadəyə vermişdir. Guya ki, 624/707 saylı bağ sahəsi mövcud olmamış, müqaviləyə sonradan düzəliş edilmiş, bağın alqı-satqısı zamanı etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, X1 bağ sahəsinə dair etibarnaməni istifadədən başqa həmin bağ sahəsinə çıxarış aldıqdan sonra satmağı, bağışlamağı və digər tapşırıqları da X11 həvalə etmişdir. Bundan başqa, nə Oqtay Rəhimov, nədəki o, bağ sahəsinin alqı-satıqısı zamanı Muxtar Babazadənin vəfat etməsi barədə məlumatlı olmamışdır, onlara bu barədə heç kim heç nə deməmişdir. Nə mərhumun hüquqi varisləri, nədəki notarius onlara Muxtar Babazadənin vəfatı ilə bağlı heç bir məlumat verməmişlər. Mərhumun hüquqi varisləri etibarnamənin xitamı ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Heç notariusun M.Babazədənin vəfatından xəbəri belə olmamışdır. O, qanuni əsaslarla alqı-satqı yolu ilə həmin bağ sahəsini almış, alqı-satqı zamanı ona notariat kontorunda M.Babazadənin ölməsi barədə heç bir məlumat verilməmişdir. O, vicdanlı alıcıdır və həmin bağ sahəsini qanuni əsaslarla pul verib almışdır. İddiaçıların mübahisəli bağ sahəsinin alqı-satqı müqaviləsinin və onun adına verilmiş çıxarışın ləğv olunmasını tələb etməkdə heç bir subyektiv hüquqları yoxdur. Çünki, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması barədə iddia tələbini yalnız mübahisəli bağ sahəsi ilə bağlı mərhumun hüquqi varisləri tələb edə bilərlər.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2022 saylı, 03 avqust 2022- ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia təmin edilərək Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,2484 ha torpaq sahəsi olan keçmiş BTİ və İB ilə X13 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsinə dair X6 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş; 624/707 saylı bağ sahəsinə dair X13 ilə Cavabdeh4 arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qeyd olunan alqı-satqı müqaviləsi əsasında 624/707 saylı bağ sahəsinə dair Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş; iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, məhkəmə ilk növbədə mübahisəli bağ sahələrinin yerinin eyni olub-olmamasına araşdırma aparmış və əldə edilmiş mütəxəssis rəyi, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2416 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə hər iki bağ sahəsinin yerləşdiyi ərazinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, eskpert rəyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahənin qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü öz təsdiqini tapmışdır. Həmçinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahənin qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü göstərilmişdir. Göründüyü kimi mülki işin araşdırılmış halları ilə 707a saylı bağ sahəsi ilə 624/707 saylı bağ sahəsinin yerinin üst-üstə düşdüyü təsdiqini tapdığından məhkəmə həmin bağ sahəsi üzrə bağlanmış iki fərqli müqavilənin (xx.xx.2005-ci il tarixli, 34190 saylı və xx.xx.1991-ci il tarixli, 17407 saylı) etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iş üzrə hər iki tərəf qarşı tərəflə bağlanmış müqavilənin etibarsızlığını iddia edir. X15 oğlu, X7 X2 və istismarı birliyi verdiyi xx.xx.1991-ci il tarixli 17407 №-li müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624 saylı bağdan təyinatı üzrə istifadə etməyi, satmağı və s. hərəkətləri onun adından icra etməyi həvalə etmişdir. Göründüyü kimi qeyd edilən etibarnamədə xx.xx.1991-ci il tarixli 17407 №-li müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624 saylı bağ qeyd edilsə də, xx.xx.1991-ci il tarixli 17407 №-li müqavilədə bağ sahəsinin nömrəsi 624/707 kimi qeyd edilmişdir. Göründüyü kimi etibarnamə və müqavilədə torpaq sahəsinin nömrələrində uyğunsuzluq vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən hüquqi qüvvədən düşmüş hesab olunur. Belə ki, müavilə bağlanarkən etibarnamə üzrə X7 hüquqları ötürən Baba-X14 xx.xx.2012-ci il tarixdən vəfat etdiyi müəyyən edilmişdir. (iş vər.16) Azərbaycan Respublikası Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması zamanı etibarnamənin qüvvəsinə xitam verilir. Bundan əlavə, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha artıq olmamalıdır. Lakin keçmiş BTİ və İB ilə X13 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilədə isə torpaq sahəsinin ölçüsü 0,25 ha göstərilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, keçmiş BTİ və İB ilə X13 arasında müqavilə həqiqətən xx.xx.1991-ci il tarixdə bağlanmış olsaydı, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№-li Qərarına uyğun olaraq bağ sahəsi 0,12 ha-dan artıq olmazdı. Məhkəmə yuxarıda sadalanan uyğunsuzluqları nəzərə alaraq hesab etmişdir ki, xx.xx.1991-ci il tarixli müqavilə sonradan bağlanmış müqavilədir və qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmışdır. Bu səbəbdən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidi. Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilk iddia tələbinin tam təmin olunmasının aradan qaldırmasına yönəldiyindən, ilk iddia təmin olunduğu halda, qarşılıqlı tələbi araşdırmağı məhkəmə zəruri hesab etmir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də qarşılıqlı iddianın təmin olunması mümkün deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi əsassız olaraq onun mülkiyyət hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətnə etiraz edərək rədd olunmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə işdə iştirak etməli olan digər cavabdehlər və nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Maddə 365.1.7. Etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər ilkin iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia təmin edildiyi və qarşılıqlı iddia rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmamış, qarşılıqlı iddiaya münasibətdə isə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddia tələbinin qanuni əsası kimi yuxarıda qeyd olunan Mülki və Torpaq Məcəllələrinin normaları nəzərdən keçirilə bilər. Lakin nə likin, nədə qarşılıqlı iddianın faktiki halları həmin maddələrin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddialar haqlı sayıla bilməz.

23. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

24. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, ilkin iddiaçıların iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçıların tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əslində iddiaçıların niyyəti mübahisəli bağ sahəsinin Cavabdeh4 mülkiyyətində qanunsuz olduğunu və bağ sahəsinin qanuni əsaslarla onlara aid olduğunu düşündüyü üçün geri qaytarılmasına nail olmaq olmuşdur.

25. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən bəzi məsələlərlə bağlı mütəxəssis(ekspert) rəyi alınmalıdır. Bununla əlaqədar, məhkəmə qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-6322/2023 saylı, 27 fevral 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, 624/707 saylı bağ sahəsinə dair Baba-X14 adına xx.xx.1991-ci il tarixli 17407 nömrəli müqavilənin vətəndaşa məxsus, vətəndaş tərəfindən təqdim edilən nüsxəsi arxiv qovluğunda mövcuddur...Vahid elektron kadastr baza məlumatlarına əsasən **********60 reyestr nömrəli 624/707 saylı bağ sahəsi 17407 nömrəli "bağın icarəyə verilməsi haqqında" müqavilə əsasında qeydiyyata alınıb. 26.Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 vəsatət verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7131/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadında X2 və İstismarı Birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqavilənin (bağ sahəsinin nömrəsinin 624/707 olduğu) əslinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi tələb olunsa da, qeyd olunan müqavilənin əslinin məhkəməyə təqdim olunması təmin edilməmişdir. Həmin müqavilədə olan rəqəmlər və hərflərin eyni deyil, fərqli şəxslər tərəfindən, müxtəlif zamanlarda icra edilməsinə dair ciddi şübhələr yaranmışdır. Bu halların tam və hərtərəfli araşdırılması baxımından xx.xx.1991-ci il tarixli 17407 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqavilənin (bağ sahəsinin nömrəsinin 624/707 olduğu) əslinin məhkəməyə təqdim edilməsinin təmin olunmasını və müqavilə üzrə müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir.

27. Bununla əlaqədar, apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Məhkəmə xətşünaslıq ekspertizasının 4/706-5/593 nömrəli, 22 iyun 2023-cü il tarixli rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş, X2 və İstismarı birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsində "MYГАВИЛƏ" sözünün qarşısında olan "бaғ No = 624" rəqəmli əlyazmaları ilə müqavilədə " Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфинден верилиб" qrafasınadək olan digər rəqəmli əlyazmalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X2 ve istismarı birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsində "MYГАВИЛƏ" sözünün qarşısında "бaғ No = 624" rəqəmli əlyazmalarından sonra olan "707" rəqəmləri ilə müqavilədə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб” qrafasınadək olan digər rəqəmlər müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X2 və istismarı birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasınadək olan rəqəmli əlyazmalar (“707" rəqəmlərindən başqa) ilə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasında olan rəqəmli əlyazmalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X2 və istismarı birliyi llə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsində "MYГАВИЛƏ” sözünün qarşısında "бaғ No 624" rəqəmli əlyazmalarından sonra olan "707" rəqəmləri ilə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasında olan digər rəqəmlər-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur; Sənədlərin materiallarının tədqiqi: Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli (gelll) qələmlə icra olunmuş yazıların və imzaların-icra-vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən "1.X2 və istismarı birliyi ilə X13 arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsinde MÜQAVİLƏ sözün qarşısında qələmlə yazılmış "bag №-624/707" söz, İşarə və rəqəmlərlə müqavilənin mətnində qələmlə icra olunmuş digər söz, işarə və rəqəmlər eyni vaxtda icra olunmuşdurmu?; 2. X2 və istismarı birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsində MÜQAVİLƏ sözünün qarşısında qələmlə yazılmış "bağ№2-624/707" söz, işarə və rəqəmlərlə müqavilənin mətnində qələmlə icra olunmuş digər söz, işarə və rəqəmlər eyni vaxtda icra olunmamışdırsa, onda konkret müddətləri göstərməklə hansılar əvvəl yaxud sonra (qələmin rəngi və.s nəzərə alınmaqla) icra olunmuşdur?; 3. X2 ve istismarı birliyi ilə X15 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin yuxarı hissəsində MÜQAVİLƏ sözünün qarşısında qələmlə yazılmış "bağN-624/707" söz, işarə və rəqəmlərlə müqavilənin mətnində qələmlə icra olunmuş digər söz, işarə va rəqəmlər eyni vaxtda icra edilib-edilməməsi müəyyən edilsin" sualları üzrə tədqiqat aparılmadı.

28. Göründüyü kimi, ekspert rəyində rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli (gelll) qələmlə icra olunmuş yazıların və imzaların-icra-vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə müqavilənin yuxarı hissəsində MÜQAVİLƏ sözün qarşısında qələmlə yazılmış "bag №- 624/707" söz, İşarə və rəqəmlərlə müqavilənin mətnində qələmlə icra olunmuş digər söz, işarə və rəqəmlərin eyni vaxtda icra olunması, eyni vaxtda icra olunmamışdırsa, onda konkret müddətləri göstərməklə hansılar əvvəl yaxud sonra (qələmin rəngi və.s nəzərə alınmaqla) icra olunmasını müəyyən etmək mümkün olmamışdır. Düzdü, rəydə eyni zamanda "MYГАВИЛƏ" sözünün qarşısında olan "бaғ No = 624" rəqəmli əlyazmaları ilə müqavilədə " Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasınadək olan digər rəqəmli əlyazmaların-eyni şəxs, "MYГАВИЛƏ" sözünün qarşısında "бaғ No = 624" rəqəmli əlyazmalarından sonra olan "707" rəqəmləri ilə müqavilədə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб” qrafasınadək olan digər rəqəmlər müxtəlif şəxslər, "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasınadək olan rəqəmli əlyazmalar (“707" rəqəmlərindən başqa) ilə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasında olan rəqəmli əlyazmalar - müxtəlif şəxslər, "707" rəqəmləri ilə "Иҹарəдарын паспортунун серијасы нə вахт вə ким тəрəфиндəн верилиб" qrafasında olan digər rəqəmlər-müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilir. Ancaq müqavilədəki əlyazmaların müxtəlif şəxslər, konkret olaraq üç ayrı şəxs tərəfindən icra olunması onun sonradan tərtib edildiyinə yaxud 707 rəqəminin sonradan əlavə edildiyi və saxta olduğu qənaətinə gəlməyə əsas vermir. Ən azından bu hallar digər sübutlarla təsdiq olunmur. Əksinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 04 iyul 2022-ci il tarixli məktubundada(bax.cild1. s.165) Bağlar təsərrüfatı ilə X13 arasında bağlanmış xx.xx.1991ci il tarixli, 17407 saylı “bağın icarəyə verilməsi haqqında (xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) müqavilədə bağ sahəsinin nömrəsinin 624/707 kimi göstərildiyi qeyd olunmuşdur.

29. Göstərilənlərlə əlaqədar, birinci instansiya məhkəməsinin gəldiyi qənaətin hər bir hissəsi üzrə bağlı hüquqi dəyərləndirmə aparılmaqla qeyd olunur ki, X15 oğlu tərəfindən X7 verilən etibarnamədə bağın nömrəsinin 624 kimi qeyd olunması nə Cavabdeh4, nədə təmsil edənin təqsiri olmadığından ilkin iddianın əsaslılığına da heç bir təsiri ola bilməzdi. Çünki, etibarnamədə bağın nömrəsinin 624 kimi qeyd olunması notariat orqanının yanlışlığı yaxud texniki səhvi kimi qiymətləndirilə bilər. Bu fakt heç bir halda bağın nömrəsinin etibarnamə və müqavilədə göstərilən uyğunsuzluğu kimi qiymətləndirilməməlidir.

30. Bundan əlavə, xx.xx.2012-ci il tarixli etibarnamənin xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi bağlanarkən hüquqi qüvvədən düşmüş hesab olunması, etibarnamə üzrə X7 hüquqları ötürən Baba-X14 xx.xx.2012-ci il tarixdən vəfat etməsi də ilkin iddianın təmin olunması üçün əsas ola bilməzdi. Düzdü, Mülki Məcəllənin 365.1.7-ci maddəsində etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnaməyə xitam verilməsinə səbəb olur. Lakin həmin Məcəllənin 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnamyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Nə Cavabdeh4, nədə təmsil edənin təmsil olunanın ölümündən məlumatlı olmasına, yaxud bilməli olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Çünki, bu halı sübut etmək yükü iddiaçıların üzərinə düşürdü, ancaq onlar bu halları sübut edə bilmir. Birdəki, bu halı səlahiyyətli orqanlar, yəni notariat orqanı yoxlaya bilərdi. Göründüyü kimi, etibarnaməyə xitam verilməsi onu vermiş şəxs yaxud onun hüquq varisləri üçün nəticələr yaradır. Etibarnaməni vermiş şəxsin hüquq varisləri isə nə etibarnaməni, nədə alqı-satqı müqaviləsini mübahisələndirmirlər. Deməli, həm də vərəsə olaraq təmsil edənin bağ sahəsinə dair hərəkətlərini(əqdi) bəyəniblərsə bu hərəkətlər etibarlı sayılır(MM.m.358.2).Əqdin bəyənilməsi üçün hər hansı bir forma şərti tələb edilmir. Yetər ki, vərəsələrdən biri olan Cavabdeh3 məhkəmənin 15 aprel 2021-ci il tarixli iclasında iştirak edib və bu məsələlərdən xəbərdar olduğu üçün əqdi bəyənmədiyini büruzə verməyib, əksinə bəyəndiyi üçün sonrakı proseslər marağında olmamışdır. Bu cür vəziyyətdə iddiaçıların məhz bu hala istinad edib mübahisəli bağ sahəsinin əvvəlcə mərhum Muxtar Baba-zadənin adına qeydə alınmasını və alqı-satqı müqaviləsini mübahisələndirmələrinin iddialarının əsaslılığına heç bir təsiri ola bilməzdi. Lakin birinci instansiya məhkəməsi bu əsasla iddianın subyektiv hüquq baxımından yalnız ölmüş təmsil olunanın vərəsələri tərəfindən irəli sürülə biləcəyinin mümkünlüyünü nəzərə almamışdır. Əksinə, gəldiyi qənatəində bu hala da xüsusi istinad etmişdir.

31. Bundan əlavə, birinci instansiya məhkəməsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№- li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha artıq olmamalı olduğuna istinad etsə də bu halın da iddianın əsaslılığına ümumiyyətlə heç bir təsiri ola bilməzdi. Çünki, Keçmiş BTİ və İB ilə X13 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilədə torpaq sahəsinin ölçüsü 0,25 ha göstərilmişdir. İddianı təmin edərkən bu əsası “xx.xx.1991-ci il tarixdə bağlanmış olsaydı” göstərməklə, əslində məhkəmə müqavilənin ümumiyyətlə etibarsızlığını təsbit etmiş olur. Yəni, məhkəmənin mövqeyindən belə məna hasil olur ki, qeyd olunan qərara görə 1988-ci ildən sonra verilən bağ sahələrində torpaq sahəsinin 0,12 ha.dan artıq olması yaxud göstərilməsi mütləq ki, həmin müqavilələrin etibarlı olmadığının göstəricisi olur. Bu yanaşma isə əsassız olduğundan ilkin iddianın təmin olunması üçün əsas ola bilməzdi.

32. Göstərilənlərlə yanaşı, Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bağ sahələrinin ərazilərinin üs-üstə düşdüyünü göstərsə də bu hal qarşılıqlı iddianın əsaslılığı baxımından inandırıcı və ağlabatan sayılmır. Çünki, bağ sahələrinə dair müqavilələrin və bağın nömrələri fərqli olduğundan, demək onların yerləşdiyi ərazisi də fərqli olmalıdır. Ona görə də ilkin iddiaçıların müqavilə əsasında onlara verilmiş bağ sahələrinin həqiqi yerinin müəyyən edilməsi, onlara təhvil verilməsi və.s ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mümkün iddiaları ola bilər.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2022 saylı, 03 avqust 2022- ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2022 saylı, 03 avqust 2022- ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilən hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı dövlət qeydiyyatının ləğv edilməsinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 127 (yüz iyirmi yeddi) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar