Məhkəmə qərarları › İş №2(103)-4751/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4751/2021

05.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4751/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-45/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən 1200 kv.m. torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan evdən çıxarılaraq ev və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-45/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Uzun illərdir ki, "xxxx" QSC-də, o cümlədən 02.09.2004-cü il tarixdən "xxxx" QSC-nin X3 Donanmasının “Şimal-1” gəmisində matros işləyir. Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 13.09.1993-cü il tarixli 629/459 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamına əsasən ona Zirə qəsəbəsinin şimal-qərb hissəsində 155 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan Zirə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. 2009-2010-cu illərdə həmin torpaq sahəsində 2 otaq, 1 mətbəx və şüşəbənddən ibarət birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Oğlu Cavabdeh1 09 iyul 2010-cu ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurduqdan sonra köçüb həmin evdə yaşamağa başlayıblar. Onların 3 azyaşlı uşaqlar vardır. Son vaxtlar Cavabdeh1 ilə Cavabdeh2 arasında ciddi ailə daxili problemlər yaranmışdır. Onlar böyük kimi onun sözünə qulaq asmırlar. Cavabdehlərin qeyri-etik hərəkətləri onu əsəbləşdirir və səhhəti tez-tez pisləşir. Hal-hazırda onun həmin evə ehtiyacı vardır. Yaşadığı evdə oğlu Zeynalov Şahin həyat yoldaşı və 2 uşağı, o cümlədən onun qızı ilə birlikdə yaşayırlar. Mübahisəli ev boşaldıqdan sonra oğlu Şahinin köçüb ailəsi ilə həmin evdə yaşamasını istəyir. O, cavabdehlərə ona məxsus olan torpaq sahəsinin və evin boşaldılması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Lakin cavabdehlər onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən və evdən çıxmırlar. Cavabdehlərin ona məxsus torpaq sahəsindən və evdən qanunsuz olaraq istifadə etmələri mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Ona görə də məcburiyyət qarşısında qalıb ona məxsus Zirə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən 1200 kv.metr sahəsindən və həmin torpaq sahəsinin üzərində olan evdən cavabdehlərin çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Xəzər rayon Məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirmək əvəzinə, qərəzli, qeyri-obyektiv mövqe tutmuş, qətnamə çıxaran zaman cavabdehin heç bir həqiqətə uyğun olmayan izahatlarını əsas götürmüşdür. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, Firuzə oğluna xəyanət edib. Ona görə barışmaları mümkün deyildir. Qorxduğu həmin evdə cavabdehlər arasında davanın düşməsidir. Evi 0,12 ha. Torpaq sahəsinin ərazisində özü tikib və ev 3 sotun içində tikilib. Cavabdehə yaşamaq üçün başqa torpaq ala bilər. Hələlik uşaqların xatirinə cavadeh uşaqları ilə orada yaşasın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 da apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpağın ayrılmasına dair sərəncam var, bu mübahisələndirilən hal deyil. Xəzər Rayon İcra hakimiyyətinin nümayəndəsi ona görə məhkəmə iclasına gəlməyib ki, suallara cavab verə bilməyəcəkdir. Çünki, torpağın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında maraqlı deyil. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, işdən məlumatlıdır, amma bu barədə danışmaq istəmir. Atasının fikri ciddidir. Əsas rolda atası iştirak edir. Çünki, evi atası tikib. Firuzənin atasının tikintidə iştirakı az olub. Özü uşaqlara baş çəkir və çox vaxt bir yerdə qalırlar. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Məmmədlə bir ildir ki, bir yerdə üç uşağı ilə birgə yaşayırlar və barışıblar. Mübahisəli evi onun atası tikib. Bütün materialları atası alıb, otuz minə yaxın xərc çəkib. Həmin torpağı atası onun üçün almaq istəyir, amma satmırlar. Atasının çəkdiyi xərci versələr başqa ev alıb ora da köçə bilər. İddiaçının digər oğlunun və özünün iki ayrı evləri də vardır. Digər oğlunun evi hazırki iddia etdiyi evə yaxındır və qonşudurlar. Özü isə qızı və arvadı ilə başqa evdə yaşayır. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxsə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli 629/459 saylı sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyindən görünür ki, Əzizbəyov(indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Bakı şəhəri Əzizbəyov(indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tikinti texniki ekspertizasının 10/2072 nömrəli, 27 yanvar 2021-ci il tarixli rəyinə əsasən Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Xəzər rayon İcra hakimiyyətinin 02 avqust 2021-ci il tarixli məktubunda qeyd edilir ki, Zirə qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.m. torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə sxemi və ya mülkiyyət hüququna dair çıxarış təqdim edilmədiyindən 629/459 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamın həmin əraziyə aid olub-olmadığını dəqiqləşdirmək mümkün olmamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsində mövcud olan fərdi yaşayış evi 1200 kv.m. torpaq sahəsinin hüdudları daxilindədir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddia edən iddia etdiyi halları sübut etməlidir. Çünki, istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin hazırki işdə iddiaçı məhz mübahisə edilən ərazidəki torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasına yaxud ona qanunla müəyyən edilmiş qaydada ayrılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdikləri halları məhkəmə tədqiqi zamanı sübut edə bilməmişdir. Düzdür, iddiaçı iddiasının əsası kimi Bakı şəhəri Əzizbəyov(indiki Xəzər) rayon icra hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli 629/459 saylı sərəncamına istinad edir və həmin sərəncamla İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Bunun həqiqiliyini və qanuniliyini tərəflər yaxud başqa şəxslər hazırki işdə mübahisələndirmir. Mübahisələndirilən hal həmin sərəncamla ayrılan torpaq sahəsinin məhz mübahisə predmeti olan torpaq sahəsi ilə eyni ərazi olması və üst-üstə düşüb düşməməsi ilə bağlıdır. Bununla bağlı birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə bu sahədə yeganə dövlət qurumu olan Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumundan mütəxəssis rəyi almış, həmçinin ekspertiza təyin edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyi almışdır. Hər iki rəydə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı evin Bakı şəhəri Əzizbəyov(indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının 13.09.1993-cü il tarixli sərəncamı ilə İddiaçı Zirə qəsəbəsinin şimal-qərb hissəsində 188 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları daxilində olubolmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Apellyasiya baxışı zamanı da qeyd olunan sərəncamı vermiş orqandan mütəxəssis rəyi tələb edilmiş, yenədə Xəzər rayon İcra hakimiyyəti 02 avqust 2021-ci il tarixli məktubu ilə İddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə sxemi və ya mülkiyyət hüququna dair çıxarış təqdim edilmədiyindən 629/459 nömrəli, 13.09.1993cü il tarixli sərəncamın həmin əraziyə aid olub-olmadığını dəqiqləşdirməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, torpaq sahəsi ayrılarkən yaxud sonradan planı və ölçüsü və digər kordinatları tərtib edilmədiyindən, hazırki vəziyyətdə həmin sərəncamla ayrılan torpaq sahəsinin məhz iddiaçının iddia etdiyi sahə olmasını başqa hansısa yolla dəqiqləşdirmək mümkünsüz bir vəziyyətə gəlmişdir. Demək, iddia tələbinin birinci hissəsi üzrə iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etməzdən əvvəl ilk növbədə məhz mübahisəli torpaq sahəsinin qeyd olunan sərəncamla ona verildiyini sübut etməli idi ki, bunu da sübut edə bilmir. Ona görə də bu hissədə iddianın rədd edilməsi düzgün olmuşdur. İkincisi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının yaxud cavabdehlərin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin inşa olunmasında yalnız özünün iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdehlərdən olan oğlu Cavabdeh1 da da bu özbaşına tikilinin inşa olunmasında digər cavabdeh Firuzə Zeynalovanın atasının da iştirakının olduğunu təsdiqlədi. Göründüyü kimi, mübahisəli özbaşına tikilinin yalınz iddiaçının vəsaiti ilə inşa olunması təsdiq edilməmişdir. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi və yaşaması təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə də cavabdehlərin üç azyaşlı uşaqları ilə birlikdə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının mübahisə predmeti olan evdə yaşamaması isə onun həmin evə ehtiyacının olmaması ilə əlaqədar olmuşdur. Çünki, mübahisəli evdən istifadəyə ehtiyacı olsaydı bu müddət ərzində həmin evə köçüb yaşamaq üçün hansısa formada bir tədbirlər görə bilərdi. Lakin qeyd olunan müddətdə hərəkətsiz qalması da onun mübahisə predmeti olan evə dair hansısa marağının olmadığını bilavasitə təsdiq edir. Eyni zamanda apellyasiya baxışı zamanı iddiaçı hələlik cavabdehin uşaqların xatirinə mübahisəli özbaşına tikilidə yaşamasına etiraz etmədi. Buna görə cavabdehlərin həmin tikilidən çıxarılması barədə tələb də təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-45/2021 saylı, 04 mart 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar