Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4752/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçı, nümayəndəsi X2-m qızının, Cavabdeh qızının iştirakı ilə, İddiaçı cavabdeh v qızına qarşı "əqdin etibarsız sayılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(003)-236/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Yaşar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 02 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərtilə 11.000 manat məbləğində kredit verilmişdir. Hesab edir ki, 03 iyul 2019cu il tarixli kredit müqaviləsi uydurma əqd olduğuna görə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Belə ki, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsində göstərildiyi kimi Cavabdeh tərəfindən ona 11.000 manat pul verilməmişdir. Onlar öz aralarında razılığa gəlmişlər ki, onun qeydiyyatda olduğu evin satılmağına razılıq verməsindən ötrü Cavabdeh ilə kredit müqaviləsi bağlasınlar, ona görə də, guya ondan 11000 manat pul almağı barədə müqaviləni imzalamışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(003)-236/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X2-Ahmed-Navid Muhammad qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Cəfərova Nı̇ gar İlham qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Gəncə şəhər 3 saylı Notariat ofisinin 3M-634 nömrəli 03.07.2019-cu il tarixli notariat işindən görünür ki, Cavabdeh Yaşar qızı ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 11000 manat məbləğində borc pul verilmişdir. Borc alan krediti 02.09.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Kapital Bank ASC-nin Kəpəz filialının 03.07.2019-cu il tarixli, 116 nömrəli məktubundan görünür ki, 11.000 manat pul İddiaçı verilməsi üçün bankın (AZ10AİİB********************) depozit hesabına köçürülmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçı 03.07.2019-cu il tarixli kredit müqaviləsində göstərildiyi kimi cavabdeh tərəfindən ona 11.000 manat pul verilmədiyini, müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğunu qeyd etsə də, yanaşı yoxlanılmış Kapital Bank ASC-nin Kəpəz filialının 03.07.2019-cu il tarixli, 116 saylı məktubu ilə 11.000 manat pulun iddiaçıya verilməsi üçün bankın depozit hesabına köçürüldüyü, bununla da borc müqaviləsinin cavabdehin 11.000 manat pula mülkiyyət hüququnu iddiaçıya (borc alana) keçirməyi öhdəsinə götürməsi, iddiaçının isə aldıqlarını müvafiq olaraq pul şəklində cavabdehə qaytarmağı öhdəsinə götürməsi niyyəti ilə bağlandığı, cavabdehin müqavilə öhdəliyini icra etdiyi təsdiq edilmişdir. Yanaşı yoxlanılmış sübutlarla 03.07.2019-cu il tarixli kredit müqaviləsinin uydurma əqd olması təsdiq edilməmiş, onun etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin on dördüncü fəslində nəzərdə tutulmuş digər əsaslar müəyyən edilməmişdir. İddiaçı əqdin uydurma olması ilə yanaşı, onunla cavabdeh arasında müqavilənin sonuncunun ona hədə-qorxu gəlməsi nəticəsində bağlanması ilə izah etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(003)-236/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4752/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4752/2021
03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver