Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4756/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlarına toxunan şəxslər X1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı və Cavabdeh Yasamal Rayon icra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 333/2006 saylı, 13 yanvar 2006-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər X1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və Cavabdeh Yasamal Rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 9 saylı evin 4 saylı mənzilinə və Cavabdeh Bakı şəhəri, Yeni Yasamal-1, 9 saylı evin 35 saylı mənzilinə yaşayış hüquqlarının tanınması və həmin mənzillər üzrə müvafiq olaraq onlarla mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsi Yasamal Rayon icra Hakimiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, 13 yanvar 2006-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxslər X1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən birlikdə apellyasiya şikayəti verilərək, qətnamənin İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 9 saylı evin 4 saylı mənzilinə yaşayış hüquqlarının tanınması və həmin mənzillər üzrə müvafiq olaraq onlarla mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsi Yasamal Rayon icra Hakimiyyətinə həavlə edilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 154 nömrəli sərəncamın və xx.xx.2008-ci il tarixli, 000134 nömrəli orderin etibarsız hesab edilməsi və qeyd olunan sərəncam eləcə də order order əsasında xx.xx.2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə İddiaçı adına qeydiyyatdan keçən çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxslər X1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Yeni Yasamal-1, 9 saylı evin 4 saylı mənzilinə dair X2 və onun ailə üzvlərinə order verilmişdir. Hal-hazırda da həmin order ləğv edilməmiş və qüvvəsindədir. Lakin iddiaçı həqiqətə uyğun olmayan yalan məlumatlar təqdim edərək, maraqlarına toxunan şəxslərin adlarına verilmiş order olduğu halda hüquqlarını pozmuş və işə baxan birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normaları pozaraq onlara verilmiş orderin olub-olmamasını və iddia ərizəsində digər tələblər üzrə də işin faktiki hallarını araşdırıb yoxlamadan onların mülkiyyət hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, iddiaçılar, cavabdeh və iş üzrə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının İddiaçı münasibətdə iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki, maraqlarına toxunan şəxslər qətnaməni qeyd olunan hissədə mübahisələndirmişlər. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsi İddiaçı münasibətdə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Yasamal Rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal-1, 9 saylı evin 4 saylı mənzilinə yaşayış hüquqlarının tanınması və həmin mənzil üzrə onunla mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsi Yasamal Rayon icra Hakimiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırda İddiaçı tələbindən də göründüyü kimi iddiaçı, cavabdeh Yasamal Rayon icra Hakimiyyətinin üzərinə müəyyən hərəkətlərin edilməsi, daha dəqiq icarə müqaviləsi bağlamaq və order verilməsinə dair öhdəliyin icrasının qoyulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla belə məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin 13 yanvar 2006-cı il tarixdə qəbul edilməsini nəzərə alaraq qeyd edir ki, qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğundan və həmin qətnamə hazırda mübahisələndirildiyindən qüvvədə olan prosessual qanunvericiliyə əsasən də hazırki tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə İddiaçı münasibətdə ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxslərin apellyasiya şikayətində – Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 154 nömrəli sərəncamın və xx.xx.2008-ci il tarixli, 000134 nömrəli orderin etibarsız hesab edilməsi və qeyd olunan sərəncam, eləcə də order order əsasında xx.xx.2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə İddiaçı adına qeydiyyatdan keçən çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi barədə xahişlərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Göründüyü kimi apellyasiya şikayəti qeyd olunan hissədə əsassız olmuşdur, çünki həmin tələb birinci instansiyada işə baxılmanın predmeti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, 13 yanvar 2006-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı münasibətdə ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (387.1). Azərbaycan Respublikasg Mğlki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyasg məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Yasamal rayon İcra Hakimiyyətinə müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, 13 yanvar 2006-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı cavabdeh Yasamal Rayon icra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə hüququn tanınması” barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Yasamal Rayon icra Hakimiyyətinə müraciət etmək, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4756/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4756/2022
07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver