Məhkəmə qərarları › İş №2(103)-4757/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4757/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4757/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, rayon məhkəməsi tərəfindən şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, MPM-ə əsasən, apellyasiya şikayətinin məzmununda şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə: 361.1.5.), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə: 361.1.6.) göstərilməlidir. Hazırkı iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətindən müəyyən olunur ki, şikayətdə prosessual qanunun yuxarıda istinad olunan normalarının tələblərinə əməl olunmamış, şikayətdə mülki işə bilavasitə aidiyyatı olmayan lüzumsuz məsələlər qeyd edilmiş, eləcə də mübahisələndirilən qətnamə ilə əlaqəsi olmayan başqa şəxslər barəsində qeyri-etik və yolverilməz hesab olunan ifadələr işlədilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə apelyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hazırkı mülki iş üzrə apellyasiya şikayəti MPM-in 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar