Məhkəmə qərarları › İş №2(103)-476/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-476/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-476/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri X6 və İsmailova Leilinin, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)- 292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3024 manat maddi zərərin, dəymiş mənəvi zərərin kompensasiyası kimi 5000 manat pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manatın, mediasiya xərci kimi ödənilmiş 50 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 17,25 manatın, ümumilikdə 8191,25 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia təəbini onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də çilingər vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsinə işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewoo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X3 dispetçer X11 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırlmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirmiş, avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt qışqırdıqda, sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək təkrar xəsarət yetirmişdir. X20 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarının qapalı yerdəyişən sınığı və budun arxaya çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək, xx.xx.2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında”, 01/2019 saylı Akt tərtib edilmişdir. Qeyd olunan hadisə baş verdikdən sonra məcbur olub, müxtəlif tibb müəssisələrində müayinə və müalicə keçmiş, eləcə də bir neçə cərrahi əməliyyatına məruz qalmışdır. Tərəfindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3652/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat məbləğində pulun tutularaq ona verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin qismən, Cavabdeh2 Sığorta Şirkəti ASCnin apelyasiya şikayətinin tam təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-3652/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 3116 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icra sənədi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə həmin icra sənədi icra edilərək, Cavabdeh1 tərəfindən ona 3116 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxs yaradılmış və Publik hüquqi şəxs "xxxx"nin hüquqi varisidir. İstehsalatda qeyd etdiyi hadisə baş verdikdən sonra Stimul hospitalında 2-ci cərrahi əməliyyata məruz qalmış və yalnız əməliyyat üçün zəruri olan avadanlıqlara və müayinələrinə 3024 manat məbləğində xərc çəkmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə Cavabdeh1nə müraciət edilərək, 5 gün ərzində ona xəsarət yetirilməsi, eləcə də sağlamlığının korlanması nəticəsində dəymiş maddi zərərin məbləği olaraq 3024 manat məbləğində pulun ödənilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Cavabdehin təqsiri ucbatından sağlamlığına zərər vurulması, bunun nəticəsində sağlamlığını itirməyi, əməliyyata məruz qalmağı, məcburən uzun müddət ərzində başqalarının yardımı ilə hərəkət etməyi, əlil statusu almağı, eləcə də cavabdeh təşkilatın vurulmuş zərərin ödənilməsi istiqamətində könüllü olaraq demək olar ki, heç bir addım atmaması və sair hallar onu alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Göstərilənlərə əsasən həm də mənəvi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələblərinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişinin, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat, etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin və digər qurumların ləğv edilməsi nəticəsində yaradılmış Cavabdeh1nə qarşı iddianı təmin etməmiş, maddi hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Agentlik ləğv olunmuş qrumların hüquqi varisi olmaqla, onun əmlakları yeni yaranan orqana verilmişdir. Həmçinin, qanunvericliyə görə zərərin nəticəsi olaraq zərərçəkənə təyin olunmuş pensiya, müavinətlər və digər ödənişlər vurulmuş zərərin nəticəsinin aradan qaldırılmaması üçün əsas deyildir. Bundan başqa, məhkəmə iddiaçının sağlamlığına dəymiş zərər nəticəsində onun mənəvi sarsıntıya məruz qalmamasını əsaslandıra bilməmiş, bu hissədə də iddianı təmin etməməklə yanlışlığa yol vermişdir. Halbuki, iddiaçı bədbəxt hadisə nəticəsində faktiki olaraq fiziki əzab çəkmiş, mənəvi sarsıntı keçirmişdir. Cavabdeh "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, işin halları hərtərfli araşdırılmamış, tələbə cavab verməli olan şəxslərin dairəsi dəqiq müəyyən olunmamış, məhkəmə tələbdən kənara çıxmaqla qərar qəbul etmişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nda nəzərdə tutulan əlavə sığorta ödənişinin verilməsi üçün 3 halın mövcudluğu şərtləndirilsə də, həmin qaydalara əməl olunmamışdır. Birincisi, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar protezləşdirməyə ehtiyacı yaranmış olmalı, ikincisi pulsuz almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamalı, üçüncüsü isə protezləşmənin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (bundan sonra — TSEK) qərarı olmalıdır. Lakin, iddiaçı tərəfindən pulsuz müalicə üçün müraciət olunmamış, tibbisosial ekspert komissiyasının qərarı alınmamış, iddiaçı öz arzusuna əsasən Stimul hospitalında “Sol bud-çanaq oynağının endopotezləşməsi” əməliyyatına daxil olmuşdur. Həmçinin, alınmış ekspert rəyi nəzərə alınmamış, məhkəmə rəylə razı olmamasının səbəblərini ağlabatan formada izah etməmişdir. Qeyd olunanlara əsasən, şikayətin təmin olunması, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh1 apellyasiya şikayətlərinə etiraz edərək göstərmişdir ki, iddiaçının daha əvvəl məhkəməyə müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-059/2022 saylı qətnaməsi əsasında iddiaçıya AYNA tərəfindən müvafiq ödənişlər edilsə də, Agentliyin yaradılması barədə Fərmanda iddiaçının işlədiyi 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin hüquqi varisi olması göstərilməmişdir. Hazırkı halda isə, iddiaçının təkrar Agentyili cavabdeh kimi qoyması əsassızdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizalarla müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə İddiaçı üzərində aparılmış “Sol bud çanaq oynağının endoprotezləşməsi” əməliyyatı ilə daha əvvəl aparılmış “Sirkə Kasasının osteosintezi” əməliyyatı arasında səbəbli əlaqənin olması istisna edilir. Ekspert rəyini, iddiaçının yaşını və hadisənin üzərindən keçən zaman kəsiyini nəzərə aldıqda həmin əməliyyatla bədbəxt hadisə arasında səbəbli əlaqənin olması təsdiq edilmir. Eyni zamanda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən hazırda iddiaçının tələbi sığorta ödənişidir. Eləcə də, Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Bədbəxt hasidə baş verdiyi zaman Cavabdeh2 Sığorta Şirkəti ASC ilə 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC arasında icbari həyat sığortası müqaviləsi qüvvədə olmuşdur. Bundan başqa, sığorta şirkəti tərəfindən həmin bədbəxt hadisə ilə bağlı iddiaçıya sığorta ödənişinin bir hissəsi də ödənilmişdir. Hətta, apellyasiya baxışında üçüncü şəxs qismində cəlb olunmuş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi də iddiaçının bədbəxt hadisədən sonra iddiaçının ikinci dəfə əməliyyat olunsa belə, Tibbi Sosial Ekspertiza Komissiyasının qərarına əsasən sığorta ödənişi ala biləcəyini təsdiq etmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətlərinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq, istehsalatda bədbəxt hadisədən sonra cərrahiyyə əməliyyatına məruz qalmasını, lakin sonradan ayağında kəskin ağrıların yaranmasını (şiddətlənməsi), həkimə müraciət etmək məcburiyyətində qalmasını, həkimlərin isə istisnasız olaraq əməliyyat olunmalı olduğunu bildirməsini, hüquqi savadsızlığı, onu get-gələ salmaları, əməliyyat üçün pul lazım olmasını, lakin sığorta ilə bağlı müxtəlif yerlərə müraciət etsə də, bir nəticə əldə edə bilməməsini, sonra isə həkim məsləhəti əsasında məcbur olub əməliyyat olunmasını, əməliyya nəticəsində ayağına protezlərin qoyulmasını, həmin protezlərin alınması üçün 3024 manat xərcinin çıxmasını, hazırki əməliyyatının bilavasitə əvvəlki bədbəxt hadisənin nəticəsi olmasını, Cavabdeh1 məhz "xxxx" MMC-nin hüquqi varisi olmasını, əvvəlki məhkəmə qətnaməsinin məhz Cavabdeh1 tərəfindən icra olunmasını və s. bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq iddiaçıya əvvəllər bədbəxt hadisə ilə bağlı birdəfəlik 14886 manat sığorta ödənişinin həyata keçirilməsini, qanunvericiliklə sonradan əlavə sığorta haqqının da verilməsinin nəzərdə tutulmasını, lakin hazırkı mərhələdə hər hansı əlavə sığorta ödənişinin verilməli olmamasını, bunun üçün müvafiq prosedur qaydalarına (protezləşmə bədbəxt hadisənin birbaşa səbəbi olmalı, pulsuz almaq hüququ olmamalı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarı olmalı) əməl olunmamasını, ekspertiza rəyi ilə səbəbli əlaqənin müəyyən olunmamasını bildirmişdir. Həmçinin, iddiaçının üzərində endoprotezləşmə əməliyyatının aparılması, qaydalarda isə protezləşməyə görə əlavə sğorta ödnişinin verilməsi nəzərdə tutulduğunu, ekspert rəyində isə həmin anlayışların eyni olduğu qeyd olunmuşdur. Bununla belə, sığorta şirkəti tərəfindən müvafiq ödənişin edilməsi üçün TSEK-in qərarının və müvafiq hesab fakturanın olmasının vacibliyi və s. bildirmişlər. Bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahaş vermiş, əlavə olaraq Cavabdeh1 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin hüquqi varisinin olmasını, bu barədə məhkəmənin sorğusuna müsbət cavab verilməsini bildirmişdir. Həmçinin, iddiaçının hadisə baş verən zaman icbari tibbi sığorta olunduğunu, əmək qanunvericliyinə əsasən müvafiq ödənişlərin ödənilməsi zərurəti yaranarsa, həmin ödənişlərin işəgötürən tərəfindən deyil, sığorta şirkəti tərəfindən ödənilməli olmasını və s. göstərmiş, bu əsasa görə iddianın onlara qarşı təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda 3 dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, ən son müraciət isə 03 iyul 2020-ci ildə olmuşdur. Həmin müraciət əsasında Agentlik tərəfindən “istehsalat zədəsi” əsası ilə iddiaçıya müddətsiz olaraq, ömürlük 45% ilə (köhnə meyarlar üzrə 3-cü qrup) əlillik təyin edilmişdir. Bundan başqa, iddiaçının müraciəti olmamışdır. Nazirlər Kabinetinin 501 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda qeyd olunur ki, reabilitasiya vasitələrinə ehtiyacı olan vətəndaş qeydiyyatda olduğu ərazi üzrə TSEK-ə müraciət etdiyi təqdirdə yenidən həkim məsləhət komissiyasının müvafiq qərarı olduqda reabilitasiya vasitələri şəxsə təqdim olunur. Bu zaman isə, Agentliyin qərarı əsasında, reabilitasiya vasitələrinin dövlət hesabına təmin edilməsi mümkün olmadıqda həmin vasitələrin təmin edilməsinin xərclərini sığorta qarşılayır. Hazırda isə iddiaçının protezləşmə və ya digər əməliyyatları barədə Agentlikdə məlumat yoxdur. Bununla belə, şəxsin səhhətinin ağırlaşması və məcburiyyət qarşısında qalıb əməliyyat olunması halında, müvafiq əməliyyatdan sonra həkim məsləhət komissiyasının müvafiq qərarı əsasında qaydalara uyğun olaraq əlavə sığorta ödənişi ala biləcəyini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə digər əsaslarla təmin olunmamalı, qətnamə həmçinin cavabdeh "xxxx" ASC-yə aid hissədə qismən ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla, habelə qüvvələ olan məhkəmə aktları (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və s.) ilə müəyyən olunur ki; - “İstehsalatda bədbəxt hadisə haqqında” xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli Akta səsasən - İddiaçı xx.xx.2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10-TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X1 dispetçer X12 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradanqaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X20 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. - “X20”də tərtib edilmiş C4502 saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 14-də TTY maşını ilə Klinikanın Travmatologiya şöbəsinə gətirilib. Daxil olarkən şikayətləri sol bud-çanaqda, sağ biləkdə va ayaq pəncəsində ağrılardandır. Deməsinə görə, Lökbatan qəsəbəsində yıxılma nəticəsində travma alıb. xx.xx.2019-cu il tarixdə yenidən məlumat verdi ki, Lökbatanda 124 saylı Avtobusun axırıncı dayanacağında maşın üstündən keçib. Hüquq mühafizə orqanlarına məlumat verildi. Obyektiv müayinədə dəri və görünən selikli qişaların rəngi normaldır. AT- 120/70mm.c.st., nəbzi dolğun və ritmiki, dəqiqədə 84 vurğudur. Tənəffüsü spontan, təminedicidir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Qarnı palpasiyada yumşaqdır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu mənfidir. Yerli müayinədə sol aşağı ətraf içəri rotasiya vəziyyətindədir. Ətraflarda qısalıq var. Sağ mil bilək və ayaq pəncəsi ağrılıdır. xx.xx.2019-cu il tarixli USM-də: “Qarın boşluğunda maye, travmatik dəyişiklik yoxdur”. Sağ mil-bilək oynağının 2 proyeksiyalı Rqrammasında: “Mil sümüyünün tipik yerinin yerdəyişməyən sınığı”. Sağ pəncənin Rqramıtmasında “Sol budçanaq oynağının R-qramımasında: “Budun cıxığı va sirka kasarmın arxa kansrının yerdəyişən sınığı”. Daxili anesteziya altında Koser üsulu ila çıxıq yerina salındı. Qama qabarından mil keçmakla atraf skelet dartmasına qoyuldu. xx.xx.2019-cu il tarixli EKQ-da: “Hiss dastasinin sağ ayaqcığının natamam blokadası, Miokardın mülayim dəyişikliyi” 20xx.xx.2019-cu il tarixlərda xəstənin ümumi vəziyyəti kafidir. Şikayəti sol bud-çanaq oynağında olan ağrıdandır. xx.xx.2019-cu il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Şikayati eynidir. Sol aşağı ətrafda olan skelet dartması çıxarıldı. Xəstənin özü və yaxınları cərrahi əməliyyatdan imtina etdilar. Xəstənin oğlunun və özünün deməsinə görə, xəstəni başqa klinikaya aparırlar. Saat 09-da xəstə evə yazıldı. Son kliniki diaqnoz: “Müştərək travma; Sağ sirkə kasasının arsa kanarının qapalı yerdəyişən sınığı və budun arxaya çıxığı, Sağ mil sümüyünün tipik yerinin və V ayaqdarağı sümüyünün ətrafının qapalı yerdəyişməyən sınığı: Döş qəfəsinin küt travması”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarından elektron çıxarışa əsasən, İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmiş, səbəbi kimi istehsalat zədəsi göstərilmişdir. Həmçinin müəyyən edilir ki, 45% əmək qabiliyyətini itirmişdir. - Cavabdeh2 Sığorta Şirkəti ASC ilə 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, QAL-00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyaya əsasən, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16 avqust 2018-ci il tarixindən 16 avqust 2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı adlı xəstəyə 3000 manat məbləğində 5 adda tibbi məhsul (mal) verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı cərrahi əməliyyatda istifadə olunan protezlər Türkiyə Respublikasının "xxxx" endropez şirkətinə məxsusdur. MMC qanunvericiliyə uyğun həmin şirkətin mallarının idxalını həyata keçirir. İddiaçı cərrahi əməliyyatı zamanı istifadə olunan protezlərin ümumi dəyəri 3000 manat təşkil etmişdir. İşdə olan Stimul Hospitalın 31 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı hospitala müraciət etmişdir. Ona “Sol bud-çanaq oynağının endoprotezləşməsi” əməliyyatı icra edilmişdir. Beləliklə, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının xəsarət alması işin mübahisəsiz halıdır. İddiaçıya istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş və əmək qabiliyyəti 45%-i itirilmişdir. Daha əvvəl Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının hazırki tələbi isə əlavə sığorta öədnişinin verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh1 Nizamnaməsində də əvvəlcə mövcud olmuş qurumların hüquqi varisi olması müəyyən olunmadığından Cavabdeh1nə münasibətdə iddia rədd edilməlidir. Məhkəmə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 16.4-cü maddəsinə əsasən iddiaçının əlavə sığorta ödənişi tələb etmək hüququ yarandığı qənaətinə gəlir. Bu səbəbdən də, cavabdeh "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Mənəvi zərər hissəsində isə tələb əsassız olduğundan təmin olunmamışdır. Məhkəmə kollegiyası ilkin olaraq iddianın Cavabdeh1nə münasibətlə sonuncunun "xxxx" MMC-nin hüquqi varisi olmaması əsası ilə rədd olunmasını qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 ləğv olunmuş "xxxx" MMC-nin hüquqi varisi olmamasını qeyd etsə də, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrindən Cavabdeh1nə verilmiş çıxarışına əsasən, Agentlik Fərmanda sadalanan təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan hüquqi şəxslərin, o cümlədən "xxxx" MMC-nin hüquqi varisidir. Eyni zamanda, Cavabdeh1 nümayəndəsi də apellyasiya baxışı zamanı, onların "xxxx" MMC-nin hüquqi varisi olmasını qəbul etdiklərini bildirmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1nə münasibətdə aşağıda göstərilən əsaslarla təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM) 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. ƏM-nin 239.3 və 239.5-ci maddələrinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla). Həmin Qanunun 11.8-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, QAL-00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyaya əsasən, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16 avqust 2018-ci il tarixindən 16 avqust 2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. Həmiçnin, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, QAL-00011106 saylı icbari həyat sığorta müqaviləsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, İA-009/22 saylı sığorta ödənişi barədə aktdan görünür ki, 14886,83 manat sığorta ödənişi sığorta olunanın təqdim edilmiş hesabına köçürmə yolu ilə ödənilir (ödəniş tapşırığı xx.xx.2022, № 603 Xalq Bank ASC). Göründüyü kimi, qanunvericliyə əsasən işəgötürən (hazırkı halda onun hüquqi varisi Cavabdeh1) işçini (iddiaçını) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirdiyindən əlavə xərclərin əvəzinin ödənilməsi öhdəliyini daşımır (Əmək Məcəlləsi, maddə 239.5). Belə olan halda isə, birinci instansiya məhkəməsi Cavabdeh1 ləğv olunmuş hüquqi şəxsin varisi olmaması barədə gəldiyi nəticə yanlış olmuş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1nə qarşı məhz yuxarıda göstərilən əsaslarla təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının hazırki tələb əlavə sığorta ödənişinin verilməsinə yönəlmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC iddiaçıya əlavə sığorta ödənişinin verilməsinin qanunla mümkün olmasını bildirsə də, hazırki iddia tələbi üzrə müvafiq əsasların yaranmamasını etirazının əsası kimi göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş məhkəmə tibbi ekspertizasının rəyinə (Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 KEŞ162 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi) əsasən - “İstehsalda bədbəxt hadisə” haqqında 01/2019 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xəsarət almışdır. Bununla əlaqədar ilkin olaraq “X20”də, daha sonra “ATU-nun X7”nda və “Stimul Hospital”da stasionar müayinə və müalicələrdə olmuşdur. Tibbi sənədlərə əsasən İddiaçı üzərində xx.xx.2021- ci il tarixdə “Stimul Hospital”da “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat İddiaçı almış olduğu travmanın xarakterindən asılı olaraq zaman keçdikcə oynaqda yaranmış artrozla bağlı ola bilərdi. Bununla yanaşı rəydə qeyd olunmuşdur ki, İddiaçı üzərində ilkin mərhələdə “Sol dudun çıxığının yerinə salınması” (“X20”), daha sonra “Sirkə kəsasının osteosintezi” (“ATU-nun X7”) və sonda “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” (“Stimul Hospital”) kimi tibbi müdaxilələrin aparılması qeyd edilmişdir. Tibbi praktikada yuxarıda sadalanan müdaxilələrin hər biri ayrı-ayrılıqda aparı bilər və “Osteosintez” əməliyyatı nəticəsində olduqda “Endoprotez” əməliyyatı icra olunur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2021-ci il tarixə İddiaçı üzərində aparılmış “Sol budçanaq oynağının endoprotezləşməsi” əməliyyatı ilə daha əvvəl aparılmış “Sirkə kasasının osteosintezi” əməliyyatı arasında səbəbli əlaqənin olması istisna edilir. Göründüyü kimi, rəydə ilkin olaraq, əməliyyatın İddiaçı almış olduğu travmanın xarakterindən asılı olaraq zaman keçdikcə oynaqda yaranmış artrozla bağlı ola biləcəyi qeyd olunsa da, daha sonra xx.xx.2021-ci il tarixə İddiaçı üzərində aparılmış “Sol budçanaq oynağının endoprotezləşməsi” əməliyyatı ilə daha əvvəl aparılmış “Sirkə kasasının osteosintezi” əməliyyatı arasında səbəbli əlaqənin olmasının istisna olduğu qeyd olumuşdur. Halbuki, iddiaçının üzərində xx.xx.2021-ci il tarixdə “Stimul Hospital”da “Sol budçanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatının məhz xx.xx.2019-cu il tarixdə istehvalatba baş vermiş bədbəxt hadisə ilə bağlı alınmış xəsarətlərlə bağlılığı dəqiq müəyyən olunmalı idi. Bununla bağlı apellyasiya baxışı zaman əlavə məhkəmə tibbi ekspertizası təyin olunmuş və əldə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 T237/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən - “İstehsalda bədbəxt hadisə” haqqında 01/2019 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xəsarət almışdır. Bununla əlaqədar ilkin olaraq “X20”də, daha sonra “ATU-nun X7”nda və “Stimul Hospital”da stasionar müayinə və müalicələrdə olmuşdur. Tibbi sənədlərə əsasən İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə “Stimul Hospital”da “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat İddiaçı almış olduğu travmanın xarakterindən asılı olaraq zaman keçdikcə oynaqda yaranmış artrozla bağlı ola bilərdi. Rəydə həmçinin qeyd edilmişdir ki, İddiaçı aparılmış “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatının aparılmasına istehsalatda almış olduğu xəsarət səbəb olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı üzərində aparılmış “sol bud-çanaq oynağının total endoprotezləşməsi” anlayışı tibbi baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.1-ci və 2.1.3-cü bəndlərində nəzərdə tutulmuş “protezləşdirmə” anlayışı ilə eynilik təşkil edir. Göründüyü kimi, aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq, 2-ci cərrahi əməliyyat xx.xx.2021-ci il tarixli iddiaçının üzərində aparılmış “Stimul Hospital”da “Sol budçanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatının məhz onun xx.xx.2019-cu il tarixdə almış olduğu xəsarətlə səbəbli əlaqədə olduğu müəyyən olunmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.1 və 2.1.3cü bəndlərinə əsasən, əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (bundan sonra — TSEK) qərarı əsasında, sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlilliyi olan şəxs üçün kreslo-veloarabalara və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq təyin edilir. Göründüyü kimi, qanunverici sonradan əlavə sığorta ödənişinin verilməsi imkanlarını müəyyən etmiş, bunu zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar həmçinin protezləşdirmə zərurəti ilə də əlaqələndirmişdir. Cavabdeh sığorta şirkətinin digər dəlili “endopotezləşmə” və “protezləşdirmə” fərqli anlayışlar olması olmuşdur. Lakin, apellyasiya baxışı zamanı əldə olunmuş rəyə əsasən isə həmin anlayışlarının eynilik təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının Stimul hospitalında “Sol bud-çanaq oynağının endopotezləşməsi” əməliyyatı onun almış olduğu bədbəxt hadisə ilə səbəbli əlaqədə olmaqla, iddiaçının əməliyyata görə əlavə sığorta ödənişi almaq hüququnu ehtiva edir. Həmçinin, iddiaçı tələbində 3024 manat tələb etsə də, məhkəməyə təqdim etdiyi sənədlərə əsasən cərrahi əməliyyatı zamanı istifadə olunan protezlərin ümumi dəyəri 3000 manat təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-dən tutulmalı olan pul vəsaitinin miqdarını düzgün müəyyən etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə (cavabdeh "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişinin tutulması hissəsində) ləğv olunmalı, iddia qismən təmin olunaraq, cavabdeh "xxxx" ASC-dən 3000 manat əlavə sığorta ödənilişi alınaraq iddiaçıya verilməlidir. Cavabdeh "xxxx" ASC həmin məbləğin əsassız olması istiqamətində də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddianın mənəvi zərərun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində (cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmaması və s.) iddiaçının cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, eləcə də onlar arasında səbəbli əlaqə və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan və qanuni qüvvəsini almış məhkəmə aktına əsasən iddiaçının əvvəlki tələbində də ona mənəvi zərər dəyməsini iddia etmiş, lakin həmin hissədə iddia təmin olunmamışdır. Hazırkı halda isə, iddiaçı bu keçən zaman kəsiyində hansı mənəvi sarsıntı və iztirablar keçirməsini əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 17,25 manat məbləğində pul vəsaitlərini cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutmaqda da haqlı olmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə digər əsaslarla təmin olunmamalı, qətnamə həmçinin cavabdeh "xxxx" ASC-yə aid hissədə qismən (iddianın təmin olunan hissəsində) ləğv olunmalı, cavabdeh "xxxx" ASCdən 3000 manat əlavə sığorta ödənilişi alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (iddiaçının maddi tələbi cəmi 3024 manat olmuş, onun 3000 manat hissəsi təmin olunmuşdur), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)- 292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın Cavabdeh1 qarşı rədd olunması hissədə ləğv edilsin, iddia həmin hissədə qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmasın. Qətnamə həmçinin cavabdeh "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişinin tutulması hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 3000 (üç min manat) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar